Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:39

Hər şeydən heç nə


Tənqidçi Tehran Əlişanoğlu bu məqaləsi ilə yazıçı Elçin Hüseynbəylinin "Yolayrıcında qaçış" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


Azadlıq radiosunun, ən nəhayət, diqqətini gənc romançılardan səriştəlilərə çevirməsi təqdirəlayiqdir.

Amma niyə məhz bu əsər? – mənə çox da aydın deyil.

Desəm ki: “Yol ayrıcında qaçış”ı “ədəbi xaltura” hesab edirəm, güman edirəm ki, oxucu məni qınamağa tələsməz; sözün lüğətlərdən götürdüyüm: “başdansovma iş”, “asan qazanc” mənasında.

Yəni əsər yazıçı potensialından aşağı həddə qələmə alınıb.

Yəni məsələn, gənc romançılar – S.Pərvanənin, Aqşinin, hətta N.Kamalın “xəta”ları bilməzlikdən, “bildikləri”ni axıracan (bədii) deyə bilməzlikdən gəlirdisə, “Yol ayrıcında”nın müəllifi “bilə-bilə”, “bildikləri” hesabına oxucunu çaşdırmaq, ucuz yolla böyük qazanc (mətləblər) əldə etmək eşqinə düşür...


"Əsər yazıçı potensialından aşağı həddə qələmə alınıb. Yəni məsələn, gənc romançılar – S.Pərvanənin, Aqşinin, hətta N.Kamalın “xəta”ları bilməzlikdən, “bildikləri”ni axıracan (bədii) deyə bilməzlikdən gəlirdisə, “Yol ayrıcında”nın müəllifi “bilə-bilə”, “bildikləri” hesabına oxucunu çaşdırmaq, ucuz yolla böyük qazanc (mətləblər) əldə etmək eşqinə düşür..."
Hər şey də apaşkar, açıqcasına ordan başlanır ki: müəllif romanına belə bir janr vermiş: “Çaşmış insanlar haqqında çaşqın bir roman”.

Amma əsərdə cidd-cəhdlə, gözgörəti müəllif “çaşdırıcılığ”ına göz yumsaq, “çaşası”- “çaşqın” nəsə yox; və son halda ümumən də “çaşmışlığ”ın elə bir ideya-bədii yükü, metafizikası (nədəni-niyəsi-nəsi-nəyəsi) yox burda.

Hər nə varsa, oxucunun da, romançının da yaxşıca “bildikləri”dir: qəzetdən-həyatdan-ekrandan-efirdən-ədəbiyyatdan...

Neçə illər öncə Elçin Hüseynbəylinin bir yazar kimi yüksək imitasion başarısına diqqət çəkmişdim; amma o zaman bizim milli postmodernistlər (konkret olaraq, Həmid Herisçi) bunda bir qəbahət olmadığını dedilər: təki təqlidin aktuallığı-aktuallanması-aktualizəsi yerində ola, bizi bir təzəliyə (rakursa-kontekstə-nəyəsə) dəvət edə...

Bu sıradan “Yol ayrıcında”da yazıçı texnikası (oxu: təqlidi!) aşıb-daşır; o qədər ki, rakurs hansıdır, kontekst hansı, mətləb nədir... – ümumən bədii priyom-üsul-təqlid-stilizə altında itib-batır.

Yusif və Züleyxa süjetinin dekonstruksiya cəhdimi, bir qətlin tarixçəsi barədə XIX əsr detektivimi, antiqlobalizə və antiterror haqqında maarifçi didaktikamı, 60-cılar ekzistensializminə parodiya, ya karikaturmu, Qərb və İslam mövzusunda psevdo-gəzişmələrmi... – ya bəlkə cəmisinin sadəcə imitasiyası, roman “çaşqın”lığına gömülməsi?!

Hər halda romançı başlıca problem kimi: “çaşmış insanlar” ətrafında diqqətimizi cəmləməyə çağırır.

Bu kimlərdir: spekulyativ-illüstrativ planda yanaşsaq, az qala bütün personajlar; guya bu və ya digər məqsədi güdməklə bütünlükdə insanlıq çaşqınlıq içrəymiş! – sanki müəllifin belə bir genişliyə də iştahı var; çox yerdə ikibaşlı eyhamlar, axıracan yeriməyən, yarımçıq yozumlar (əxlaqmı-istəkmi, şeytanmı-mələkmi, cismmi-xəyalmı, föhşmü-faciəmi, xilasmı-ölümmü...) elə bunu da ştrixləyir.

Amma məhz romanın hədəf götürdüyü, qəhrəman seçdiyi, aktuallıq qazandırmağa çalışdığı “yol ayrıcında” olanlar da var: Züleyxa kimi, Məhəmməd kimi, qismən Fatimə kimi... – hər biri həyatda və ədəbiyyatda nə vaxtdır “qaçış xətti”ndə olanlar; müəyyən mənada təhkiyəçi-yazar obrazını da bura artırmaq olar, binəva ayaqlanmış yollar çoxluğundan yerində sayır, bilməyir hayana çəksə daha effektli olar...

1. Yusif-Züleyxa dastanı. Züleyxa-Həvva motivinin az qala insanlıq qədər yaşı var; həyat dedikləri bir həqiqətdir, insanlıq lap başlanğıcda o almadan dadmalıydı ki, həzzi qədər həqiqətlərini də duysun bu həyatın.

Müasir romançı indi buna bir az aktuallıq donu geyindirməlidir, məsələn, Yusif mütləq Qarabağ şəhidi olmalıdır ki, Züleyxa Həvvalığına haqq qazandırsın: “Deməli, mən düz eləmişəm, cavan bir şəhidin dünyadan nakam getməsinə imkan verməmişəm...”

Yaxud: Dubay reallıqları bugün oradanca “Beşiktaşda, öz malikanəsində qətlə yetirilən azəri gözəli, 34 yaşlı Züleyxa Göyçəy”in həyat tarixçəsinə açılan yollar qədər gündəmdən xəbər vermədə; intəhası hünər istəyir indi bu uzun sevdanı kəsə bir “həyat fəlsəfəsi”nə biçimləsin:

“Düzü, mən bu cür ləkələrdən qorxmurdum, dünya vecimə deyildi, onsuz da yaxınlarımdan yarımamışdım. Amma mən şəhərimizdə varlı bir insan olmaq, özümə gözəllik salonları açdırmaq, bununla da həyatda tutduğum yolun düzgünlüyünü sübut etmək istəyirdim...”

Əslində, Züleyxanın antipodu kimi düşünülmüş, ekiz bacısı Fatimə də Həvvalığına çox da yad deyil:

“Bilirdi ki, mənim uşaqlıqdan Yusifdən xoşum gəlir. Amma bu, Züleyxanın düşüncəsində olanlardan deyildi. Yusifdən söz düşəndə o, məni ələ salırdı. Əcaib-qəraib şeylərdən danışırdı, adamı başdan çıxaran səhnələr təsvir edirdi. Guya ki, mənimlə Yusif...”.

Başdan ayağa guya dindarlığa bürüdüyü bu obrazı çox uzaq getməyə qoymayıb, romançı dərhal da Freyd kompleksində suçlamağa tələsir:

“Biz namuslu adımızı qoruyaq, bir ləçər də kef çəkmək üçün onu ləkələsin?! – Fatimə xanımın bu qeyzində Züleyxaya qarşı qısqanclıq hisslərini sezməmək mümkün deyildi...”.

Bu halda zəmanənin Yusiflərini orijinala çox da bənzəmədiklərində qınamaq olarmı?

“Portye otağıma zəng vurub dedi ki, yanıma gələn var.

Özü də gözəl bir bayandır. Şübhəsiz, Züleyxanın göndərdiyi hədiyyəydi. Allah eləsin, onun kimi gözəl və yaraşıqlı olsun. İstanbulun ortasında gözəl bir xanım və mən...”

Söz ki, zəmanəmizdən düşdü, bu yerdə 60-cıların haqqını heç danmaq olmaz: təhkiyəçi-yazarın uşaqlıq dostu Qadirlə birgə guya italyan filmindən alıb Malenalaşdırdığı Züleyxa-Zülyayla bağlı xatirələri (“Məhlədə onu “Malena”, evdə Zülya çağırırdılar...” – amma axıracan da bu Zülya detalı bəlli olmur ki, nəmənədir), az qala filmdən sitat kimi Monika Beluççi əvəzi Züleyxalı səhnələr; hə, bir də bütün 60-cılar nəsrindən keçən hamam obrazı...

“...Mən onu öpürdüm, amma Züleyxanı xatırlayırdım. Mənə elə gəlirdi ki, bu bədən, bu dodaq yad bir qadının yox, uzun illərdən bəri ürəyimdə həsrətini çəkdiyim gözəl Züleyxanındır. Onun ağappaq yumru döşlərini tumarlayırdım, məməsinin çəhrayı gilələrindən öpürdüm, həsrətini çəkdiyim baldırlarını sığallayırdım...”

60-cı-70-ci illər üçün çox canlı, bugün isə artıq kifsəmiş həmin komplekslə Elçin Hüseynbəyli ilə biz (bizim nəsil), italyan neorealizmi, rusca oxuduğumuz Avropa romanları bir yana, ilk dəfə nəsrimizdə Maqsud İbrahimbəyovun “Ondan yaxşı qardaş yox idi” əsərində rastlaşmışdıq; qəhrəman ömrü boyu uşaq ikən hamamda kisəçi qadından duyduğu ilkin təmas hisslərini daşıyır...

Daha sonra Elçinin Mirzoppası gəlir, necə hamam deşiyindən məhlə qız-qadınını çimərkən güdür; ta o zamanacan ki, bir gün öz ana-bacısını lüt-üryan görüb başını tutub-qaçır (“Bir görüşün tarixçəsi”).

Elçin Hüseynbəyli
“Yol ayrıcında” isə Mirzoppanı Züleyxa əvəz etmiş, zamanın simptomudur və qaçıb-getməyə də hacət yox; porno-saytların tüğyan elədiyi bir vaxtda romançı, əksinə, daha bir çılpaq sitata – Yusif-Züleyxa tandeminə açıqdır: “Mən içəri girəndə Yusif lüt-üryan duşun altında dayanmışdı.

Heç nə demədim, dinməzcə paltarımı soyunub duşun altına girdim. Mən bunu kinoda görmüşdüm.

O mənzərəni hər gün gözlərim önündə canlandırırdım...”.

Üstəlik, indi bir az da irəli gedib, insest məsələlərinə qədər açılmaq nə ayıb: “Bir zamanlar o, xalasını çox sevirdi.

Bəs indi necə, yenə də sevirmi?

Xalasına heyranlıqla baxırdı, hökmən ona evlənəcəyini deyirdi.

Xalası bu sözlərdən uğunub gedirdi, az qala ürəyi gedənəcən qəşş eləyirdi, şaqraq, cingiltili səsi ətrafı dolaşırdı...”, - bu bir saf uşaqlıq xatirəsidir: - “İndi, bu payız səhəri o, bir zamanlar hər şeyini xoşladığı xalasını öldürə bilərdimi, buna ürəyi gələrdimi?...”. Bəs bu necə: “...Xalası onu yan otağa dartırdı. İçəri keçdilər.

Bura geniş yataq otağıydı. Xalası çarpayıya uzandı. – Sən də uzan...” və s. daha intim səhnələr.

Məncə, kifayətdir. Onsuz da müasir oxucuya gərəyincə tanış olan bu mənzərələrin özü yox ki; motivlənməsi maraqlı olsun gərək.

Güman edirəm ki, müasir dövrün Yusif-Züleyxa dastanıyla bir qədər kobud davranmağımı da oxucu bağışlar; çün sitatlar birbaşa əsərdən gəlir; sinizm, hadisələrə və mahiyyətlərə qırmızı yanaşma, münasibətlərdəki şitlik, vulqarlıq, çeynənmiş rəftar obrazların özünə xasdır.

Məsələn, Züleyxa Göyçəyin poetik düşüncə tərzi budur: “Mən kişiləri şəhərlərə bənzətmişəm. Amma bu şəhər bambaşqaydı.

Desəm ki, lesbiyankaydı, xətrinizə dəyər...”. Bir az da “fəlsəfə” qatanda daha “müdrik” görünməyə başlayır: “Kişilərin göz qamaşdırması yalan sözdür.

Qadınlar başqa. Qadınların qanında fosfor artıqdır. Ona görə də bəyaz qadınlar işıq saçır.

Kişilər qaranlıqdan qorxduqlarına görə işıq axtarmağa məcburdurlar. Qaranlığı isə qadınlar əvəz edir...”

Belə ki, təhkiyəçi-yazarın bütün and-amanına rəğmən yuxularının qəhrəmanı Malena-Züleyxadan qənirsiz gözəl, şeytana uymuş mələk obrazı yapmaq cəhdi çox da uğurlu olmur.

Çün bu, daxili və zahiri vəhdət ifadə edən bədii sıralarla təsdiqlənməyib, eləcə and-amandan ibarət olaraq qalır; məsələn, belə: “Bu sözləri deyən hamının həsəd apardığı Azərbaycan gözəliydi”; ya: “Qarasaçlı Züleyxa indi sarışın mələklərə bənzəyirdi.

Onda Hollivud aktrisasına oxşar nəsə vardı...”; ya: “O, Züleyxa xanımın qarşısında baş əydi və yaraşıqlı ağappaq əllərindən öpdü...” və s. kimi ani foto-effektlər...

Məsələ burasındadır ki, təhkiyəçi-yazarın özü, görünür, romançının qələmə vermək səyinə rəğmən, çox da mahir qələm ustası deyildir.

Onun israr etdiyi “qəmli Züleyxa” heç də həyatın təfsili tədqiqindən gəlmir, yalançı təxəyyül məhsuludur: “Sonra o, uzun müddət susdu, Boğaziçində üzən ağ yelkənli gəmiləri süzdü və qəmli-qəmli: -Gəmilər ağ örpəkli gəlinlərə oxşayır, taleləri qaranlıq və kədərlidir, - dedi”.

Beləcə bütün əsər boyu uydurulmuş kədər heç də Züleyxanın həyatının məntiqindən doğmayıb, təşbihlərə, epitetlərə sığınır.

Nə olsun ki, təhkiyəçi-yazar: “Mən centlmenliyimdən belə eləmirdim, sadəcə fahişələrin psixologiyasını öyrənməyə çalışırdım...”, - deyir, o təbii ki, Tolstoy deyildir və uzun müşahidələrindən Katyuşa da (“Dirilmə) yaranmır. Züleyxa Göyçəkdə ardıcıl sevgilərə aludə Modam Bovarini (Flober), ya ehtiraslarına bayılmış ledi Çatterleyi də (Lourens) aramaq nahaqdır; və hətta porno-qəhrəman Emanuilin də həyat fəlsəfəsi daha qətidir, Züleyxa təki gah nala-sentimentə, gah mıxa-sərt həyata döyəcləmir.

Təhkiyəçi-yazarın ucuz qələmi, olsa-olsa, bütün bunların imitasiyasını yapmağa yarıyır; axx, bu Avropa!, biz necə də səylər edir, amma Göyçək Fatimənin (Züleyxa Göyçəyin!) Avropa analoqunu yaradammırıq ki, yaradammırıq!

Olsa-olsa, uzaqdan bir Təhminə variantına (Anar) yetinir və ətrafında dolanıb da dururuq.

Bəlkə buna görədir, obrazın faciəsinə (diriliyinə!) nail olmadığını fəhmən duyub, romançı sonda oxucu ilə bir daha məzələnməyə qərar verir: demə:

“Bir ay öncə qətlə yetirildiyi güman olunan Züleyxa Göyçəyi Kanar adalarında görüblər.

Deyilənə görə, qətlə yetirilən Züleyxa Göyçəyin bənzəriymiş, o özü isə Amerikanın agentiymiş...”

Həə, bu özü deyilmiş, oxşarıymış; özünə-əslinə-orijinalına varmaq şansı hələ qalır, üstəlik həm özgə (!) müstəvilərdə...

2. Məhəmmədin romanı. “Yol ayrıcında” çaşmışlardan digəri adı görklü Məhəmmədin ismini daşıyan qəhrəmandır.

Dünya arşınıyla məsələləri ölçüb-bitirmiş təhkiyəçi-yazar indi ortaya çıxardığı başqa bir versiyada (əsərdə) imkan verəcək ki, qəhrəmanı Məhəmməd bütün bunları Din nöqteyi-nəzərindən ayırd və həll eləsin: “Məhəmməd bir din bilirdi. İslam.

Amma İstanbula gələndə, daha doğrusu, Göytəpə universitetinin ilahiyyat fakültəsinin islam tarixi bölümündə oxumağa başlayanda məlum oldu ki, İslam yalnız namazdan, oruc tutmaqdan, Aşura günündə məscidlərə gedib imamların ruhuna dua oxumaqdan, özünə əzab verməkdən, fitrə çıxarmaqdan, nəzir-niyaz paylamaqdan ibarət deyil.

Bu dinin çoxlu şaxələri, ona məlum olmayan tərəfləri, çalarları varmış...” Gözəl başlanğıcdır; əsər içərisində əsər.

Və deyim ki, romanda mövzunun və qoyulan problemlərin bədii həllinə görə də ən uğurlusu elə Məhəmmədin həmin bu realist hekayətidir.

Belə də demək olar: əsərdə qalan nə varsa da (istər hadisə, istər mahiyyət planında), bu hekayət ətrafında şişib-artmış, roman iştahı doğurmuşdur.

Baxaq.

Məhəmməd xalasını sevir (qoy təhkiyəçi-yazarın bic-bic vurğuladığı təki: “hər şeyini xoşlayırdı” olsun); dedik, bu – uşaqlıqdan içinə oturmuş bir saf duyğudur.

Məhəmməd xalasını öldürməlidir (qoy anasının təhriki ilə olsun, hətta təhkiyəçi-yazarın bic-bic eyhamladığı motivlərlə də olsa); onun qail olduğu Din, yaşadığı dini həyat bunu diktə edir. “-Zina eləyən qadına ölüm düşürmü?”

Dinqo yerindən durdu, təəccüblə Məhəmmədin üzünə baxdı:

Bosfor
“Bu, ilahiyyatın ilk fəslindədir, bilmirsən ki?!” “Yox, orasını bilirəm. Amma öncə hökm verilməlidir, hökmü kimin verəcəyini isə bilmirəm”...

Eləcə bu sual, hökm axtarışı gənc Məhəmmədin sonrakı taleyini təyin edir, bilməzə onu yalançı din təəssübkeşləri, kürd terrorçuları sırasına aparır...

Nə olsun ki, bu “din axtarışları”nda da müəyyən qədər Orxan Pamukun “Qar” romanının üslubi havası duyulur; və nə olsun ki, kürd terrorçularının həyatı, təşkilatlanması, marşrutlarından bəhs açan fraqmentlərdə də əsl realizmdən çox, şərti təsvirlər, təxəyyül məhsulu bilinəndir.

Hər halda romançı Məhəmmədin hekayətində niyyətinə daha yaxındır...

Məhəmməd çaşmış; din və dünya həyatının üst-üstə düşməyən məqamlarının gətirib-çıxardığı “yol ayrıcında”dır: “Xalası kim idi?

Onun uşaqlıqda gördüyü gözəl Züleyxa, yoxsa İstanbulda hamının tanıdığı kimi Göyçək Züleyxa? Xalası mələk idi, yoxsa şeytan? Əməlisaleh insan idi, yoxsa fahişə, qız satan?..”

Bu hələ qəhrəmanın bəlkə də özünü aldatmağa çalışdığı şüurüstü düşüncələridir.

Məgər o görmürmü ki, xalasının yalançı “işıqlı həyat” fəlsəfəsinə rəğmən Züleyxa Göyçək “erkəyim” dediyi Mehmet bəylərin dünyasına tabe, onun bir hissəsidir?!

Əslində isə “yol ayrıcı” daha dərində, Məhəmmədin istəkləri və işləkləri arasındadır: “Xalası gəlib onun əlindən tutdu və ehmalca dartdı.

O, qeyri-ixtiyari ayağa durdu, sanki kimsə onun yerindən qalxmağına kömək elədi. Məhəmməd indi ruh kimiydi. Xalası onu yan otağa dartdı...”

Yazımın əvvəlində yazıçı potensialı haqqında söz olmuşdu.

Mən Elçin Hüseynbəylini potensiallı yazar bilirəm; ilk hekayələrindən onun yazılarında Dünya ilə Sözün maraqlı bir savaşı var.

Elçin Hüseynbəylinin yazıçı qələmində dünya həzzinə, gedonizmə, nəfs və şeytani qılığa aşkar himayə hiss olunur; heç təsadüfi deyil ki, bir çox əsərlərində, o cümlədən “Yol ayrıcında” da o haçansa dilimizə çevirdiyi Markiz de Sada qəfil isnad eləməyi xoşlayır.

Yazıçı duyumuna görə, materiyanın, materiallığın, cismin-bədənin yeri-həqiqəti hər hansı quruca idealdan, söz oyunundan, sxolastikadan daha üstündür; bu isə qaba da ola bilər, zorakı da, hətta bəzən şit olub, qırmızı-qırmızı Sözün üzünə dura bilər.

Çün bütün bunlardan yuxarıda E.Hüseynbəylinin ironiyası gəlir (amma bəzən o qədər özgələşmiş ki, funksional olmur) və üstəlik də özünəironiyası! (daha əvvəlki yazılarımda bunu mən konstatasiya etmişəm: bax: Xərabat və nəsr, Tənqid.net jurnalı, № 3, 2007)

Eləcə də “Yol ayrıcında” günahsız müqəssir olan qəhrəmanının əvvəl-axır situasiyasını romançı çox uğurla bağlayır: “Məhəmməq qan iyinə oyandı.

Gözlərinə inanmadı. Xalası al-qan içindəydi. Sıçrayıb ayağa duranda nəsə onun əlindən yerə düşdü. Bu, mətbəx bıçağıydı.

O, xalasını öldürmüşdü?! Ola bilməzdi! O, xalasını öldürmədi. Sadəcə onun böyründə uzanıb uşaq kimi yuxuya getdi...”

Daha doğrusu, situasiyanı açıq saxlayır və qəhrəmanla bahəm oxucunu da çoxtərəfli ironiya qurbanı edir:

Xalasını ola bilsin ki, Mehmet bəy öldürmüş, bıçağı Məhəmmədin əlinə vermişdi – bu bir Züleyxa uğrunda savaşları gizləyən psixoloji roman əsasıdır; ola bilsin ki, xalasını ifrat islamçılıqla pərdələnən terrorçular öldürmüş, bu yolla daha bir sadəqəlb dinçini özlərinə qatmaq şansına yiyələnmək istəmişlər – əsər boyu Məhəmmədə Züleyxanın çılpaq şəkilləri olan qəzetləri ötürən qüvvələr asanlıqla bıçağı da onun əlinə dürtə bilər; ən nəhayət, xalasını Məhəmmədin özü də öldürə və mənəvi təlatümlərlə dolu bir romana yiyə dura bilər...

Bütün bu yeri olan məqamlar azmış kimi, romançı sonda daha bir əlahiddə (şitmi?) motivi də ehtiyatda saxladığını vurğulayır: bəlkə də Züleyxa sağdır, qurban gedən isə bacısı oğluna hədiyyə göndərdiyi oxşarıymış (???)

Belə ki, Elçin Hüseynbəylinin romançı intuisiyasına söz yox; qəhrəmanının roman dünyasına həmişə və hər cür daha dərindən varmaq imkanları olduğu halda, qatlaşmayıb hər dəfə də bundan vaz keçir.

Özgə atına minib, yazıçı dünyasını balıqlara-quşlara, quruda-havada-gəmidə səyahətlərə, yerin üstü və altında gəzintilərə səpələməyi-xərcləməyi daha sərf bilir.

Yazıçı sərfiyyatını hesablamağa, təbii ki, haqqımız yox; baxaq görək, qəhrəmanının çox da dərinlərinə baş vurmaq istəməyən romançı burda nə edir...

3. Təhkiyəçi-yazarın iddiaları. Dedik ki, romanda “çaşmışlar”dan birisi – təhkiyəçi-yazar obrazını hesab etmək olar; əsərin əvvəlində romançı qəhrəmanı Züleyxanın dili ilə onu məxsusi “yazıçı” statusunda vurğulayaraq: “Bizdən də yazıçı çıxarmış...; sözü də ona verir.

O tərzdə ki, həmən bu “yazıçı”nı – təhkiyəçi-yazarı Türkiyədə görürük: məşhur rəssama asanca yol tapır, salonlarda, Göytəpə universitetində, əmniyyə məmurları tərəfindən, Məhəmmədin qaldığı yataqxanada hörmət və etibarla qarşılanır, dostlar qulluğunda durur (baxın-ha, mən yazıçıyam!)... – bizdə bu reallıq hardandır; təbii ki, əcnəbi romanlara, məsələn, elə həmincə Orxan Pamukun romanlarına təqliddən gəlir.

Olsun, kim istəməz ki; amma izləyək, görək bu bizə nə verir...

Daha əvvəl təhkiyəçi-yazar onu bu statusa çatdıran yolu cızmalıdır hələ (necə oldu ki, onunla bahəm İstanbula gəlib-çıxdıq): həməncə 60-cılar yazarları ilə identikləşmə; italyan filmlərindən, məhlə ekzistensializmindən doğan yazıçılıq sevdası və xəyalların cızdığı Gözəlliyin ardınca qoşmaq... – başqa bir stereotipimiz varmıdır?! Nə isə, bu motiv də mənə təzə nəsə demədi; sonrasına baxaq...

Azəri gözəli Züleyxanın qətli, İstanbul əmniyyəsinin əlsiz-ayaqsızlığı və bizim yazar dönüb detektiv-yazar olmaq qərarını verir.

Axx, bu Cingiz Abdullayev sindromu! – şöhrəti yazarlarımızın yuxusuna əməlli-başlı haram qatmaya; amma Dronqo hardadır, bizim təhkiyəçi-yazar çox primitiv bir təhqiqat aparır:

Züleyxanın və Məhəmmədin olduğu yerlərdə olur, əmniyyənin asan işarəsi ilə Məhəmmədin adı keçən terrorçu gündəliyi ilə tanış olur; işə bax, yataqxanada bir zaman Züleyxanın otağından asılmış rəsmi də məhz o görür...

Ən nəhayət, İstanbul əmniyyəsinin gözü qarşısında cövlan eləyən Məhəmmədin qoşulduğu terrorçuların (Memo-Dinqo) marşrutuna çıxır...

Bütün bunlardan heyrətlənmədiksə də, Məhəmmədin xalasını qətlə yetirməsi (ya yetirməməsi) versiyası belə meydana gəldi.

Yenə də olsun; amma götür-qoy edirəm, detektiv-süjet burda mənə əlavə nəsə dedimi; olmazdımı təhkiyəçi-yazar detektivdənsə elə bütün gücünü Məhəmmədin romanına həsr edib, daha mükəmməl nəsə qoyaydı ortaya...

Bah, nə yaman tələsirik; bəs təhkiyəçi-yazarın səyahət və gəzintiləri, İstanbulu-Boğaziçini və ümumən də dünyanı seyr etməsi fonunda düşüncələri necə olsun?!

Bu dəfə o, antiqlobalist yazar fiqurunda qarşımızda peyda olur, bu hüquqda dünyanı gəzir, konfranslarda çıxışlar edir:

“Son zamanlar məni ən çox iki məsələ düşündürüb. Birincisi: Bir müddət öncə qloballaşma tərəfdarları milli atlantların gözdən salınması kampaniyasını aparırdılar.

Əcnəbi donor təşkilatlar üzdə olan ziyalılarımızın nüfuzuna zərbə vurmaq üçün “sapı özümüzdən olanları” yemləyirdi...

İkincisi: Azərbaycanda postmodern düşüncəsi altında nihilizm baş alıb gedir. Bu proses bütün dünyanı dolaşır...”

Demə, bütünlükdə roman antiqlobal düşüncələrə illüstrə kimi düşünülübmüş: qlobalizə ABŞ kimi fövqəldövlətlərə sərf edirmiş; Züleyxanın girdiyi cismani dünya həvəsləri öz yerində, Məhəmmədin cəlb olunduğu ucuz terrorçu dəstənin uzun-uzadı təsvirləri də sadəcə bir informasiya imiş; onları yemləyən də, Türkiyə-İran-İraq (üstəlik Azərbaycan) torpaqları hesabına Kürdüstan yaratmaq sevdasıyla döyüşlərə hazırlayan da Amerika imiş...

Doğrusu, bu düşüncələr məni heç tərpətmədi; əvvəla, mətbuat və TV-dən də bildiyimiz boyatlığına görə.

Üstəlik ritorikliyinə görə; roman boyu cismani və ruhsal dünyaların aralığında çarpışıb-qalan təhkiyəçi-yazarın beləcə boğazdan yuxarı, didaktik mövqeyi yalnız təbəssümlər doğura bilər.

Mənimcə, bu – Elçin Hüseynbəylinin öz yazıçı dünyasından ən uzaq düşən nöqtəsidir.

Ən nəhayət, anlamaq gərəkir ki, qlobalist dünyanın üzərinə onun özünün gətirib qabağımıza çıxardığı informasion tör-töküntülərlə getmək gülüncdən də gülüncdür...

Bu qədər. Açığı çaşmadımsa da, asan bildiyim məsələlərin uzun-uzadı çözümündən əməllicə yoruldum.

Qalır ki, köhnə dostum Elçin Hüseynbəylini buradanca salamlayım; zira bilməmiş deyil: barəsində danışdığı qlobalist dünyada antireklam da elə reklama təndir.

22-25 yanvar 2011

Həmçinin oxu
Vaqif Yusifli. Çeşidlərin sonuncusu
Kənan Hacı. Çaşdırıcı roman haqda çaşqın fikirlər
Cavanşir Yusifli Elçin Hüseynbəylinin romanının tənqid edir
Elçin Hüseynbəyli "Yolayrıcında qaçış" (Romandan parça)
XS
SM
MD
LG