Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:37

Strässeri Azərbaycana niyə buraxmırlar?..


Christoph Strasser
Christoph Strasser
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Christoph Strässer hələ də dəvətnamə ala bilmədiyinə görə Bakıya gələ bilmir. AzadlıqRadiosuna müsahibəsində cənab Strässer (Straesser) deyir ki, fevralda səfər etməklə bağlı növbəti müraciət etsə də, dəvətnamə almayıb.

«NƏZAKƏTLƏ DEYİRLƏR Kİ, HEÇ BİR PROBLEM YOXDUR»

Əslində məruzəçi ötən ilin mayından Azərbaycana gəlmək istəyir. 2010-cu ilin sentyabrında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla görüşdə də bu məsələni qaldırıb. Cənab Straesser deyir ki, Azərbaycan nümayəndələri ilə növbəti görüş gələn həftə Strasburqda planlaşdırılır. Məsələni AŞPA-nın Hüquq Məsələləri Komitəsinin yanvarın 24-də keçiriləcək iclasının gündəliyinə salacaq (yanvarın 24-dən 28-dək Strasburqda AŞPA-nın qış sessiyası keçiriləcək. Sessiyada məruzəçi Anne Brasseur Azərbaycanda parlament seçkilərinə dair çıxış edəcək – A.K.).

- Problem nədir, niyə buraxmırlar sizi ölkəyə?

- Əvvəlcə nəzakətlə deyirlər ki, problem yoxdur, gələ bilərsən. Azərbaycanın Almaniyadakı səfiri mənimlə söhbətdə deyir ki, səfərimi dəstəkləyəcək. Heç bir rəsmi səbəb göstərmirlər, rəsmi izah verilmir.

- Bəlkə sənədlərinizdə nəsə qaydasında deyil?

- Məsələ bunda deyil. Rəsmi izah vermirlər. Hüquqi İşlər Komitəsinin sədri də müraciət edib, AŞPA rəhbəri hətta telefonla danışıb. Onlar da cavab almayıblar. İndi planım belədir - bir dəfə viza üçün müraciət edəcəyəm. İmtina eləsələr, hesabatımı ölkəyə səfər etmədən hazırlayacağam. Məncə, bu, Azərbaycan hökuməti üçün yaxşı olmayacaq.

- Bəs hesabat üzərində necə işləyirsiz?

- Mənə mandatım daxilində Azərbaycana səfər imkanı yaradılmalıdır. Onlar heç nə demirlər, ancaq bu şəraiti da yaratmırlar. Mən hesabatı necə hazırlayım, informasiyaları necə alım? Bu ölkəylə xeyli əlaqələrim var. Məsələn, hazırda Almaniyada yaşayan hüquq müdafiəçisi Leyla Yunusla danışıram. Hesabatı səfərsiz də hazırlayaram, ancaq yaxşı alınmaz. Məni ölkəyə buraxmasalar, hazırlayacağımız hesabat qeyri-adi olacaq. Birinci dəfə olacaq ki, məruzəçi ölkəyə buraxılmadan ölkə barədə hesabat hazırlayır.

«ONLAR NƏ BİLİRLƏR Kİ, MƏN NƏ YAZIRAM?»

- Azərbaycan rəsmiləri isə beynəlxalq təşkilatları, o cümlədən Avropa Şurasını Azərbaycana qarşı qərəzli mövqe tutmaqda suçlayırlar. Onların fikrincə, Azərbaycanda siyasi məhbuslar üzrə ayrıca məruzəçi təyin etmək ikili standartdır.

- (Gülür) Məncə, bu, mənə dəvətnamə göndərilməməsinin əsl səbəbidir. Onlar bunu necə deyə bilərlər? Axı mənim nə işlə məşğul olmağımdan xəbərləri yoxdur. Hazırda mənim əlimdə ancaq köhnə sənədlərdir - 2005 və 2007-nin hesabatlarıdır. Mən hazırkı vəziyyəti öyrənməliyəm. Heç kəs bilmir ki, mən nə yazacağam. Mən bu mandatı komitədə səs çoxluğu ilə almışam. AŞPA qaydalarına əməl etmək lazımdır. Əməl eləməsələr, AŞPA-nı Azərbaycana sanksiya qoymağa çağıracağam. Başqa yol görmürəm.

- Sanksiya hansı formada ola bilər?

- Məsələn, onların bəzi iclaslarda səsvermə hüququna məhdudiyyət qoyula bilər. Belə bir varianta baxıla bilər. Belə bir təcrübə bəzi nümayəndə heyətləri ilə baş verib. Gələn bazar ertəsi (yanvarın 24-də) məsələ üzrə razılıq əldə etmək şansı qalır.

HESABATDA KİM VAR, KİM YOX?

- Siyasi məhbuslarla bağlı məruzənin hansı hissələri hazırdır? Hesabata təxminən neçə siyasi məhbusun adı salınıb?

- Hesabat hələlik hazırlanma mərhələsindədir. Kənardan - Almaniyadan gördüklərim, tanıdığım şəxslərdən aldığım informasiyalara əsasən deyə bilərəm ki, Azərbaycanda siyasi məhbuslar var və həbsxanada çətin şəraitdə yaşayırlar. Bəzilərinin səhhətində problemlər var. Bütün bunları hesabata salacağam. Ancaq hər şeyi öz gözümlə görəndən sonra açıqlamaq istəyirəm. Bundan başqa səfərimə daha artıq maneənin yaranmasını istəmirəm.

- Jurnalist Eynulla Fətullayev hələ də həbsdə qalır. Onun adı sizin siyahıya düşübmü?

- Bəli. Bizim bu jurnalistlə bağlı mövqeyimiz tam aydındır - o, azadlığa buraxılmalıdır. Hesabatımın bir hissəsi ona həsr olunub.

- Keçmiş nazirlərin adları necə?

- Bu adlar da məndə var. Ancaq yenə deyirəm, Azərbaycana səfər edə bilməsəm, bu adları saxlayacağam. AŞPA da onların adını çıxara bilməyəcək, çünki mən ölkədə real vəziyyəti öyrənə bilməmişəm.

MƏRUZƏÇİ SƏSSAYMA ZAMANI ŞOKA DÜŞÜB

- Azərbaycanda 7 noyabr parlament seçkisini isə canlı şahidi olduz, müşahidə elədiz.

- Mən cəmi 8 seçki məntəqəsində oldum. Bəzi problemləri müşahidə elədim. Müstəqil müşahidəçilərə problemlər var idi. Sonradan öyrəndik ki, bəzi məntəqələrdə polislər oturub. Səslər sayılanda isə lap şoka düşdüm. Mən bu barədə Müşahidə Missiyasına məruzə etdim.

- Səslər necə sayılırdı ki?

- Səsvermə bitir və qutular bağlanır. Qutular bülletenlərin sayılması üçün açılanda bülletenləri bir-bir saymaq, seçki gününün əvvəlindəki rəqəmlərlə tutuşdurmaq lazımdır. Onlar bunu etmədilər. Ola bilər ki, gün ərzində rəqəmlər çox dəyişib, bilmirəm. Bundan başqa bütün bülletenlər sayılmalı idi. Məsələn, min bülleten varsa, əvvəlcə hamısının sayı dəqiq bilinməlidir. Bunu da etmədilər. Bütün bülletenləri stolun üstünə qoydular, başladılar bir-bir namizədlərə görə saymağa. Bilinmədi ki, hansı namizədə əslində nə qədər səs verilib.

- Azərbaycanda seçki müşahidələriniz əsasında bu ölkənin azad seçki, söz azadlığı, sərbəst toplaşma öhdəliklərini necə yerinə yetirməsinə dair nə deyə bilərsiz?

- Strasburqda Azərbaycana dair son hesabatda deyilirdi ki, irəliləyiş var, ancaq situasiya ideal deyil. Mənim fikrim belədir ki, bu ölkədə müxalifət, jurnalistlər üçün ciddi problemlər var. Bloqqerlərin həbsini yada salaq. Hakimiyyət bu öhdəliklərin yerinə yetirilməsi üçün hələ çox işləməlidir. Müşahidə Missiyasının hesabatında da varıydı ki, seçkiöncəsi bəzi namizədlərə problemlər yaradılıb, onlar qeydə alınmayıb. Mən heç cür qəbul etmirəm ki, parlamentdə müxalifət partiyası yoxdur.

- Siyasi məhbuslar məsələsində necə?

- Hesabatımda bu problemlə bağlı konkret tövsiyələrim olacaq. Yəni vəziyyəti necə dəyişmək olar? AŞPA-nın digər üzvlərinin səviyyəsinə çatmaq üçün nə etmək lazımdır? Ancaq yenə deyirəm, ancaq hesabatımı tamamlayandan sonra bunu edə bilərəm. Bunun üçün ölkəyə səfər etməli, bütün maraqlı tərəflərlə görüşməliyəm.
XS
SM
MD
LG