Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:27

«Ağzımızı tikib aclıq aksiyasına başlayacağıq»


Proses təxirə salınıb
Proses təxirə salınıb
«Bizim vəsatətimiz bu dəfə də təmin edilməsə, ağzımızı tikib aclıq aksiyasına başlayacağıq».

Bunu yanvarın 10-da Bakı Apelyasiya Məhkəməsində Dövlət Neft Akademiyasında baş verən kütləvi qətllə bağlı ömürlük azadlıqdan məhrum edilənlərdən biri Cavidan Əmirov bildirib.

Məhkəmə zalında olan hər üç təqsirləndirilən şəxs bu vəsatəti dəstəklədiklərini bildiriblər.
Təqsirləndirilənlərin hər üçü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə araşdırmanın düzgün aparılmadığını və bu məhkəmədən də müsbət bir şey gözləmədiklərini bildirdilər.

Cavidan Əmirov deyib ki, onların vəsatəti təmin edilməsə, ağızlarını tikib aclıq aksiyasına başlayacaqlar.

Hakim Mirpaşa Hüseynov təqsirləndirilən şəxslərə üzünü tutaraq «həm aclıq aksiyası keçirmək, həm də ağzını tikməklə məhkəməyə etiraz etmək sizin öz hüququnuzdur» deyə cavab verib.

Hakim məhkəmə tərkibinə etiraz edib-etməmələri ilə bağlı prosesdə iştirak edən zərərçəkmişlərə müraciət edib. Onlar məhkəmə tərkibinə etiraz etmədiklərini bildirdilər. Bundan sonra ittiham olunanlarla zərərçəkənlər arasında mübahisə yaranıb. Mübahisəni sakitləşdirmək mümkün olmadığından təqsirləndirilənlər məhkəmə zalından çıxarılıb.

Bundan sonra proses təxirə salınıb. Hakim prosesin yanvarın 12-si saat 15:00-ə qədər təxirə salındığını bildirib.

2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Fərda Qədirov olduğu müəyyən edilib.

Bu hadisə ilə əlaqədar olaraq Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 10 avqust tarixli hökmü ilə Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilənlərdən Ariz Qabulov apelyasiya şikayəti verməyib.
XS
SM
MD
LG