Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:46

Sultan Mərzili "Çuçxe" (Hekayə)


(Bu hekayəni Prezident təqaüdünün siyahisini tutan məmurlara həsr edirəm)


Payızdır, ağaclar necə də gözəlləşib. Mən boş-bekar parkda əyləşmişəm.

Əslində bundan gözəl nə ola bilər? Məgər biz bu dünyaya gözəllikdən zövq almaq üçün gəlmirikmi?

Hava da çox gözəldir. Gözəl nə deməkdir? Qəşəngin bir tayı.

Yox, gözəl qəşəngdən üstündür. Xaricdə belə qəbul olunub. Yazırlar. Vest - Ost və Post modernistlər belə deyirlər.

Yaxşı, təsvirlərimizi dəqiqləşdirək, hətərən-pətərən vaxtı deyil.

Bu gün Moskvanın İzmaylov Parkında, dünya proletarlarını dahi rəhbəri, yarımcuhud, yarımrus, yarımfilosif və tam inqilabçı, Kazan Unuversitetinin sabiq məzunu, zadəgan nəslindən olan, amma bivec vəkil Vladimir İliç Leninin heykəlinin önündəki skamyada əyləşmişəm.

Havanın temperaturu selsi ilə 22 dərəcədir. Külək 0,5 ballıq şirin bir əsimdədir, əslində bu zəif mehdir.

Buna mehruiban meh də demək olar, adamı həzin musiqi kimi oxşayır. Adam da nəvazişin dərəcəsindən adamlıqdan çıxır və sərxoş mələyə oxşayır.

Bu bir növ üçbucaqların oxşarlıq əlamətlərini yada salır, ona bənzəyir daha doğrusu, amma bircə bucağı gözə dəyir. Qalanları yarpaqların altında qalıb, bəlkə də üçbucağın uzunluğundan görünmür.

Atmosfer təzyiqi 770 km civə sütünu ağılığındadır. Deyəsən, təzyiq çox oldu axı?! Mm olmalı idi. Varlığa nə darlıq.

Bu bilgilər də bizə xaricdən barterlə, yeni neft-qaz dollarları ilə alınır, ona görə də bol-boluna çıxır.

Günəş adamı yandırmır, zərifcəsinə oxşayır. Sanki yeniyetmə, öpülməmiş qızdır, amma öpülmək istəyir.

Yox, günəş podium üstünə çıxmış maniken qız kimi bahalı gülüşlə gülümsəyir.

Fıstıq ağaclarının nazlana-nazlana budaqlarından qopub düşən saralmış yarpaqları qızılı-zəfərani rənginə çalır və milli mükaftlar kim adamın üst-başına tökülür...

Əslində bizim milli mükafatımız qızıla tutulmuş çinar yarpaqlarından olmalı idi, amma uzaqda olanlar üçün bu dəfə fıstıq çıxır.

Havada adamı məst edən bir qoxu var, bu yarpaqların qoxusudur.

Onlar ağaclarla vidalaşırlar. Gecə qaranlıq düşən kimi qırğız süpürgəçiləri onları süpürərək səsvermə qutularına bənzəyən ziibil qutulara atacaqlar.

Heç kim onları sayan deyil, amma saylarını dəqiq rəqəmlərlə möhürlü dəftərlərə yazacaqlar.

Axı ağaclar siyahilənib və kompüterləşdirilib.

Ağacların yuxarı budaqlarında bir Ala qarğa: "Qarr!" - edərək sanki parkı salamlayır. Bəlkə də məni. Sonra uçub yaxına qonur.

Çox şəstli görünür. Bəlkə də özünü bu parkın seçiləcək vəkili, yarpaqlaı isə bülletenlər hesab edir. Sakit və təmkinli görkəmimlə mən beynəlxalq müşahidəçiyə bənzədiyimi hiss edirəm.

Qarğa yaxınlaşıb üzümə baxır, gözlərini qıyır, diqqətlə dinşəyir. Mən bir söz demədən ciblərimi eşələyib tapdığım bir neçə günəbaxan tumunu ona tərəf atıram.

Saymazyana ötüb keçir. Bir az da yaxına gəlir, diqqətlıə gözlərimin içinə baxır. Mən də ona baxıram və fikir¬lə¬rimi telepatik şəkildə ona çatdırmaq istəyirəm.

-" Sən kimsən?"

- "Myaoo!" - Qarğanın səsini bu cürə eşidib təəccüblənirəm:.

- "Nə?! Sən pişiksən?!"

- "Pişik özünsən! Dedim ki, mao!"

- "Bağışlayın, cənab Ala qarğa, sizi təhqir etmək istəmiridim. Axı müasir pişiklər çox hörmətli və kübar bir heyvandılar.

Şəhər evlərində onların vəziyyəti heç də pis deyil. Viskosları, şampunları, hər şeyləri var. Hətta, cavan bir yazıçı onlar haqqında postmodernist ırrı-oman da yazıb.

Yaxşı. Satılır., Əməlli-başlı. Pulqırır."

- "Bu nə dilidir belə mənimlə danışırsınız? Ayıb deyilmi?! Qarr...- şınızdakını doll-a maqmı istəyirrr- sin-iz?!"

- "Xeyr-xeyr, nə danışırısınız! Bu-bu, bub-bub!..." - deyə birdən birə qarğanın mənimlə adam kimi danışmağını anlayıb dərk etdim və həyəcandan dilim topuq vuraraq qarğa dilinə keçməyə başladım.- "bu ki, qu-quş dilidir, gənc bir alim icad etmişdir. Siz. Bilməlisiniz. Munu. Pardon, bunu!"

Ala qarğa tərs-tərs üzümə baxdı. Mənə elə gəlirdi ki, o ayaqlarını dənizçilər kimi gen atıb, sağ qanadını da əl şəklində belinə qoyub, sol qanadı ilə gözümün içinə tərəf yellətdi.

Elə bil tribunaya çıxmış inqilabçı-bolşevik rəhbəri idi.

Doğrudan da bir neçə məşhur inqilabçıların şəkli gözüm önündən köhnə jandarma kartotekası kimi gəlib keçdi. Aha..., mən onu tanımaq üzrə idim...

Yalnız girəvələyib yandan baxmalı idim. Profildən. Qulağının forması və burnunun qurluşu vacib idi.

Deyəsən, bu yaxmacburun qarağa idi, özü də gözləri qıyıq idi. İxtiayrsız olaraq çin dilində qırıldatım:

- "Ni hau!" (salam) - Qarğanın dimdiyi aralandı, - "Qarr!"- eləyib qarnını tutdu, deyəsən gülürdü.

- "Siz çin dilini haydan biliysiniz?" - deyə üzündə təbəssümlə soruşdu. Mən onu çin qarğası güman edərək ona xoş getmək üçün:

- "Böyük bir xalqın dilini, bəşəriyyətin gələcək dilini bilmək şərəfli borcumuzdur," - deyərək hərifin qaraltısına qoşalülüə tüfəng kimi bir kompliment boşaltdım.- "Axı Çin dahi inqilabçılar ölkəsidir. Marks, Engels, Lenin və Stalindən sonra dahi Mao Tse Dun yoldaşı yetirən bir xalqın dilini öyrənmək necə də xoşdur. Çin Mədəni İnqilabı hələ də dünyanın mədəniyyətini avtokran kimi göylərə qaldırır." - Bu hində istədim ki, yoldaş Fidel Kastronu da bura qatam, rus xalqına daha da xoş və ukraynaya da nuş getmək üçün bəşəriyyətin ən ordenli müəllimi və dostu Leonid Brejnevin də adını çəkim və onun Nobel mükafatına layiq, amma paxıl¬lıqdan vermədikləri "Kiçik torpaq" romanını də qeyd edim. Şübhələr məni narahat edəndə Xoşimin yoldaş da yadıma düşdü. Amma, bu əclaf, üzr istəyirəm, oğraş qarğa, Pol Pot da ola bi¬lərdi axı?! Başının tüklərini qabardanda əmmaməli inqi¬lab rəhbərlərinə də bənzəyirdi... Bu çox qəribə bir qarğa idi. Doğrudan da əgər dimdiyinin üstündə, ya da altında balaca bir bığı olsaydı, mən dəhal: "Hayl Hitler!"- deyə qışqırardım. Baxışlarını süz¬dürüb yana baxanda elə bil Hitler idi, parad qəbul edirdi, özü də qanadının birini düz paçasınını arasına sallayırdı, yəni dünyanı vecinə almır. Bəs onda bunun Yeva Braunu hanı? Hə, o tərəfdə bir dişi qarğa da gölməçəyə baxıb dimdiyini pomada hesab etdiyi it nəcisinə sürtür. Amma o nadejda xanıma da, svetlana xanıma da, adını bilmədiyim başqa xanımlara da bənzəyirdi. "Ay iyrənci oğlu¬nun qızı!"- bu söz ixtiyarsız olaraq ağlıma gəldi. Qarğa başını döndərib rəfiqəsinə, sonra da mənə tərəf baxdı. Deyəsən hər şeyi başa düşürdü.

- "Nəzakətli olun cənab, ziyalı adamsınız, amma fikirrr-lərriniz heç xoşuma gəl-mirrr!" - dedi. Özümü yığışdırmalı oldum. Bəlkə bu elektron-kəşfiyyat cihazıdır, İsrail - Çin ixtirası, nə bilim, ya da şeytanla-cin ixtirasıdır. Bu mənim fikirlərimi hardan oxx-xuyur?

- "Qar-qar-qarr! - sizdə belə bir çay var, indi errr-mənilərə qalıb..."

- "Sənin işinə qalmayıb, özümüz vermişik, çimsinlər kirləri-pasları çıxsın! Az qalıf, ordumuz güjdəndə alajıyıx!" - dedim. Hiss etdim ki, bu hərif mənim qarabağlı ləhcəmi lağa qoymaq istəyir.

- "Jıx-jıyıx-jlıyıx! İynə-qıyıx, qıyıx-qıyıx!"- deyəndə, mən də özümü saxlaya bilmədim, cin atına mindim:

- "Ha sənin gözünə iynə qıyıx-qıyıx!" - deyib hirsimi bir az soyutdum.

- "Kobudsunuz, sizdən heç bir diplomat olmaz!"- dedi.

"Ay başınıza dönüm, mənim günümə-saatıma baxın, ala qarğa da mənə dərs keçir!" - deyə ürəyimdə düşünəndə o:

- "Hə, baax belə yaxşı-dırrr, lap biz qarğalar kimi düşünürsünüz," - dedi. Boynunu bir az yana əyərək gözlərini qıydı və sürətli qarğa addımlarıyla rəfiqəsinə tərəf yön aldı. Arxasınca baxdım. Dilim dinc dur¬madı. "Matroşka küpəyoğlu!"- dedim. Mən ala qarğanı çaşdırmaq üşün qəsdən ləzgi ləhcəsinə keçdim, onların kəşfiyyat mərkəzlərində belə şeylər öyrədə bilməzidlər. Hələ ehtiyatada talışıca və kürdcə də söyüşlər saxlamışdım. Milli tolerantlığımızdan axır ki, bir fayda qazanmalı idim. Hərif çaşdı:

- "Nə küpə məsələsidir elə? Olmaya aldığınız rüşvətləri dədə-baba qaydasında küpəyə doldurub ağac dibində, ev küncündə basdırırsınız?!"

- "İsveçrə banklarına it dəyib? (Əslində "dəyib" əvəzinə ayıb olmasın, başqa söz dedim) Ya ofşor zonalara?! Sənin qarğa başın belə şeylərdən çıxmaz. Biz çox inkişaf etmişik! Get qozunu ye,... ya da mən verim ye!..."

- "Siz mənə qoz təklif edirrr-siniz?, sivil dünyada ürr-rüşvət qadağan-dırrr, əxlaqsızlıq sayı-lırrr!. Qonşunuz Saakaşvili yığış-dırrıb!"

"İşə keçmədik, qoymazlar istirahətimizi edək, hisslərimizi esselərə, onu da qəpik-quruşlara çevirək, rüşvətin mənə nə dəxli var ki! Özüm də lap bərk acmışam, işsiz adamın pulu da olmur..."

- "Biz burda bir siçan leşi tapmışıq, istəsən-iz yaxına gələ bilərrr-siniz, yaman ləzzətli şeydir, bundan bir ırr-roman yazmaq olar, heç insan olan vaxtları yediyim qırrr-qovul kababları bu ləzzəti verri-mirdi. Görr bağarr-saqları necə də gözəl, post-ost modern misralar kimi sərr-bəstcəsinə siçan leşinin ayaqlarına dolaşıb. Ah bu mənzərə, nə qəd-ərrr..."

Ürəyim ağzıma gəldi, öyüdüm. Amma bu çoxbilmiş qarğanı daha duyuq salmamaq üçün ləzgi ləhcəsinə rus martı qatmalı oldum:

- "Matışqa küpəyoğlu, ax tvayu mat! Şax-mat, yapona-mat, yolki-palki, bı-bı, blin!"- dedim. Qarğanın gözləri bərələ qaldı. Rəfiqəsinə nə isə pıçıldadı. Bərkdən: "Qarrr! - eləyib yerə yıxıldı, eşələnməyə başladı. Rəfiqəsi dimdiyini gölməçəyə batırıb onun üzünə, sinəsinə su çilədi. Gülməkdən qarğanın paçası da yaş olmuşdu. Bu hində bir sürü ala qarğalar da qırıldaşa-qırıldaşa onların başına toplaşdılar. Vəziyyət ciddi¬ləşirdi. Onlar hər an mənə hücum edib gözümü-başımı tökə bilərdilər, hətta eynəkili olmağım da kömək etməzdi. Durub tez-tələsik aradan əkilmək istədim. Hər ehtimala qarşı çətirimi göbələk kimi dikəldib əlimdə hazır tutmuşdum. Qarğanın ölümü məni ekologiya milisinin cənginə də sala bilərdi. Şəhər meri Lujkovu prezidentin "daveriyasını itirdiyinə görə" təzəcə işdən çıxarıblar. O "daveriyanı" kim tapsa, kefidi. Şəhərdə bir xeyli hərc-mərclik də baş verə bilər. Qarğalar məndən OMONa şikayət etsələr, məni əvvəl bir yaxşıcana çırpıb sonra da deportasiya da edə bilərlər. Azərbaycan vətəndaşlığım yoxdur. Xarici pasportumun da vaxtı keçib. Heç evdə yanan paltaryuyan maşını düzəltməyə də pul yoxdur... A köpəy oğlunun kasıblığı!

Gərək bandit olaydım. "Ded Xasan" kimi hörmətim olardı. Amma onun da qarnına güllə dəydi. Bəlkə də başqasına dəyməli idi. Kişi kimi qarnını qabağa verib, "toist" sinəsini. Qorxu və həyəcandan əsirdim, idman dərəcəm də yadımdan çıxmışdı. Bu hində qəfil dünyanı süküt bürüdü. Nə qədər vaxt keçdiyini anışdıra bilmədim. Aralıdan ancaq müsahibim olmuş Ala qarğanın dimdiyinin əsə-əsə tərpəndiyini gördüm. Elə bil can verirdi. Ola bilsin vəsiyyət edirdi. Yaxud da lətifə danışırdı. Nə isə ciddi söhbət idi. Sonra hamısı yerə yıxılıb eşələnməyə, "qarr-qarr!" - eləməyə başladılar. Nəhayət sakitləşib dayandılar. Deyəsən, Ala qarğa mənim söyüşlərimi onlara tərcümə eləmişdi. O, ayağa qalxıb üzünü mənə tərəf tutdu və adam kimi aydın səslə dedi:

- Bizdən də bir şey yaz, çörək pulun çıxsın! - Sonra qanad çalıb fıstıq ağacının hündür budağına qondu. Çox gözəl görünürdü. Sanki tribunaya çıxmış milli və inqilabaçı lider idı. Bircə ağzında pendir qıçası çatmırdı. Ayaqlarını gen qoyub bir qanadını belinə, birini də mənə tərəf uzadıb dedi:

- Bütün ölkələrin qarğaları birləşəcək! Biz qalib gələcəyik! Darıxmayın və bu haqda mütləq yazın!

- Baş üstə! - deyərək, çətirimi götürüb tələsik şər-xətadan uzaqlaşmağa çalışdım.
Siz ruhun candan-cana keçməyinə inanırsınızmı? Mən də inanmırdım, amma bu gün deyəsən inandım.

Yolüstü düşünürdüm ki, insanın ruhu yəqin matroşka kimi bir şeydir, onun içində nələr olduğunu heç özü də bilmir.

Bəlkə də çoxumuz gələcəyin qarğalarıyıq, yaxud da o byük siyasətçilər rəhmətə gedəndən, öləndən, yaxud da gəbərəndən sonra çoxları qarğa şəklinə düşür, dünyaya təzdən qayıdırlar. Nə bilmək olur?

Bəlkə doğrudan da çüçxe havayı şey deyil.

13.10.2010. Moskva
XS
SM
MD
LG