Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:24

Arif Qasımzadə "Şəhid olsam, ağlamayın" (Hekayə)


Arif Qasımzadə
Arif Qasımzadə
“İgid ölər, adı qalar.”
Xalq məsəli

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə


İyun ayının ortaları, ilin ən uzun, bitib-tükənməyən adi günlərindən biriydi.

Hava yavaş-yavaş qaralır, şər qovuşurdu. Gecənin düşməsiylə heç bir dumanlıq əlaməti görsənmirdi, bu da onun işinə çox yarayacaqdı.

O, ucaboylu, enlikürəkli, pəhləvan cüssəliydi. Ciddi, lakin sakit və mənalı sifət quruluşu vardı.

Dərdli-dərdli baxan, yol çəkən gözləri par-par yanırdı.

Durbinlə əks mövqeyə baxırdı. Cəbhə xəttində döyüşçülərin vərdiş etdikləri “nisbi sakitçilik” deyilən hal hökm sürürdü.

O torpağın üstündə dirsəklənib qüarşı tərəfə baxırdı.

Torpaq sanki onun gözəli idi. Yayın istisində də, qışın şaxtalı günlərində də həmən bu torpağı bağrına basırdı. “Vətən elə bu torpaqlardan başlayır, öz Torpağını sevməyən, nə vətəni sevə bilər, nə ana qədrini bilər, nə də atasına hörmət edər,” deyə düşünürdü.

Bu torpaqlarda səhərin açılması, günəşin doğması və gecənin düşməsi ayrı-ayrılıqda böyük bir dərdiydi.

Hər gün eyni vaxtda, eyni saatda qarşı tərəfdən “güllə yağışı” başlayırdı. “Kor güllələr” tuş gəldiyi əsgərləri, dinc sakinləri, mal-qaranı amansızcasına məhv edirdi.

Əkinə-biçinə, iş dalınca gedən əhalidən düşmən tərəfə əsir düşənlər də olurdu.

Qarşı tərəfdən - türk millətinə, azərbaycanlılara patoloji düşmən olan, heyvani nifrət edən ermənilər bütün olub-keçən dəyərləri tapdaladığı kimi “atəşkəs” sövdələşməsini də bişərəfcəsinə pozurdular.

Bu hər yerdə və hər zaman baş verirdi.

Cəbhə xətti boyunca məskunlaşmış azərbaycanlı əhali isə həmişəki kimi təmkinlilik göstərir, cəsarətlə yaşayır, həyat beləcə davam edirdi.

Iyirmi ilə yaxın idi ki, torpaqlar haqda eyni nağıllar danışırdılar. Bütün nağıllar söylənib qurtarmışdı, daha uyduracaq başqa bir şey qalmamışdı.

Mübariz bu son gecənin düşməsinədək illəri, ayları, günləri səbirsizliklə saymışdı. Gündüzün istisindən sərinləməkdə olan darısqal səngərdə torpağa dirsəklənmişdi.

İki saata yaxınıydı ki, dişini dişinə sıxıb dözür, iradəsinin gücü ilə özünü əla alırdı. Tənhaydı. Özü elə bir mövqe seçmişdi ki, yanında heç kim olmasın.

Hər gecə yuxusunda döyüş libaslı, əli qılınclı bir insanı görürdü. Onun kim olduğunu tanımaq, bilmək istəyirdi, amma tanıya bilmirdi.

Döyüşçünün qəzəblənmiş gözləri hər dəfə ona zillənirdi, qılınc tutan sağ əlini yuxarı qaldırıb, sol əlini əsir alınıb aparılmış adamlara, xarabazara çevrilmiş kənd-kəsəklərə, yandırılmış çöllərə, bağlara, meşələrə tərəf tuşlayıb deyirdi : “Niyə vuruşmursuz? Nəyə baxırsız? Silahınız yoxdurmu? “

O isə susurdu. Nə desin?! Təkbaşına neyləyə bilərdi? Naməlum döyüşçü sonra yenə qışqırırdı :
“Səbr elə, səbr elə!... Axı nə qədər səbr eləmək olar?!... Nə vaxtacan? Vaxt gələr qisas alarıq, deyirsiz. Axı nə vaxt vuruşacaqsınız? Nə vaxt qisas alacaqsınız?..”

Eyni yuxunu bəlkə də iyirmi iki il idi ki, hər gecə görürdü. Dəyişən heç bir şey yoxuydu onun üçün. Elə hər gecə eyni səhnəydi.

Dəyişən təkcə mənasız illər, dünənin bu gündən, bu günün sabahdan heç bir fərqi olmayan kağızlaşmış həyatıydı.

O sanki yaşamırdı, hər gün saniyə-saniyə sürətlə qocalırdı. Bu yeknəsəq həyat onu çox bezdirmişdi.

Sonuncu gecə də eyni yuxunu görmüşdü. Amma bu dəfə dözə bilməmişdi : “Ey döyüşçü! Gedirəm düşmən üstünə.

Ölməyə yox, öldürməyə. Sağ qalana kimi vuruşa¬cağam. Kimsə məni saxlaya bilməz!... “

Naməlum döyüşçü də ona xeyir-dua vermişdi : “Allah sənə yar olsun, üstündə yardımçın olsun! Bilirdim və sənə inanırdım.

Sən qəhrəman bir xalqın igid övladısan. Geriyə baxma oğul. Sənin getdiyin yolla minlərlə insan axışıb gələcək...”

O doğulanda atası onun alışıb yanan odlu-alovlu gözlərinə baxmış, adını “Mübariz” qoymuşdu.

Qədimlərdə adı hər kəsə şucaətinə və əməlinə görə verirmişlər, indi də ona oxşar bir hadisə olmuşdu. İnsan öz adını ucaltmalıydı.

İnsanın ömründə elə anlar olur ki, tək-tənha qalmaq istəyir, olub keçənləri bir-bir xatırlamaq, təfərrüatına kimi xırdalamaq istəyir.

Mübariz uşaqlığını, olub-keçənləri yadına salmağa çalışdı. ... Fikri-zikri oxumaqdan çox elə idmanaydı, hərbiyəydi.

Hərbi qulluğa olan sevgisi hər şeyə üstün gəldi. Vətənə olan məhəbbəti o qədər yüksəldi ki, bütün başqa məşğuliyyətlər və peşələr onun gözündə heç oldu.

Uşaqlığında əlifba bayramında atasını “əsgər mahnısı” ilə oynadan Mübariz, böyüyəndə Ata yurdunu, Ana vətənini sevindirmək üçün mübarizəyə qalxmışdı.

Əsgəri xidmətini fiziki ölçülərinə görə daxili qoşunlarda keçirən zaman o artıq qərarını vermişdi. Nəyin bahasına olur olsun özünü “müqəddəs torpağa” qurban vermək.

Daxili qoşunlarda qalıb gizir olmağı təklif etmişdilər ona. Razılaşmamışdı.

Hərbi xidmətdən sonra evlərində sadəcə on gün duruş gətirə bilmişdi. Sanki boğulurdu, havası çatmırdı. Elə bil təkcə ondan başqa heç kəsin vecinə deyildi.

O isə heç kimə oxşaya bilmirdi, özündən uzaqlaşmağı bacarmırdı. On günlük “məhbus” həyatından sonra üz tutmuşdu Bakıya.

“Təkbaşına olsa da məqsədimi gerçəkləşdirəcəyəm,”- demişdi.

Onun iradəsini heç nə ilə qırmaq mümkün deyildi. Bakıdakı dostları onu mühafizəçi kimi işə də dəvət etmişdilər. “Bu şkaf bədəninlə səni istənilən yerdə işə götürərlər,” demişdilər. Mübariz isə, “məni vətən torpağı gözləyir, onun müdafiəsinə getməliyəm,” deyə cavab vermişdi.

Onun üstünə nəsihətə-minnətə getdikcə, o da əksinə vətənə, torpağa daha çox bağlanırdı, canından çox sevirdi.

Ona görə də, heç kimə məhəl qoymamışdı, elə atası Ağakərim kişinin də sözünə baxmamışdı. Atası da, “yolun açıq olsun, oğlum” demişdi.

Atasının dediyi : ”Üç oğlum var, qoy biri Vətənə fəda olsun” sözlərini təsadüfən eşitmişdi, görəcəyi işlə özünü xoşbəxt saymışdı.

Qürur duymuşdu. Daha onu saxlamaq olmazdı. Üz tutmuşdu Bakıya, orduya yazılmışdı, üç aylıq gizirlər məktəbində oxumuşdu, sonra da təyinatını cəbhə zonasına almışdı.

Arxa cəbhə sayıldığına görə, bir neçə aya kimi dözmüşdü burda. Amma o ön cəbhə istəyirdi. Tez-tez komandirinə deyərdi ki, “məni ön cəbhəyə yollayın, burda silahım pas atır.” Bir gün arzusuna çatmışdı. İndi səngərində durduğu torpağa, ön cəbhəyə göndərilmişdi...

Alnının tərini sildi. Məqsədinə çatmaq üçün planlarını gerçəkləşdirməyə dəqiqələr qalırdı. Saatına baxdı: 23:00 göstərirdi.

Olub keçənləri bir daha nəzərdən keçirdi, yaddan çıxan nəsə qalmadı ki? Hə, o yaxşı bir kəşfiyyatçı kimi yetişib, yaxşı döyüşçü kimi püxtələşib, bütün silahlardan istifadənin əsl ustasına çevrilib.

Amma, ən əsası “yaxşı əsgər döyüş meydanında bəlli olar”, deyə düşündü.

Heç kəs bilməməliydi onun planını, nə etmək istədiyini. Kimsə xəbər tutmamalıydı. Bir neçə saat bundan qabaq atışmanı dəf etmişdilər. Hər gün, hər gecə beləydi.

Ermənilər birinci atmağa başlayırdılar, cavabını alan kimi də sakitcə çəkilib otururdular. Bütün bunlar isə onu əsla və əsla qane etmirdi.

Onlara tutarlı cavab vermək üçün isə həlledici anı gözləyirdi. “Bax, əsl ideal şərait elə bu gecədir, bəli, məhz bu gecə” - deyə düşünmüşdü...

Hərbi hissədə olarkən son dəfə hər şeyi diqqətlə yoxlamışdı.

Mobil telefonunu söndürüb bir tərəfə atmışdı. Qələmini götürüb bir parça ağ kağıza yazmağa başlamışdı:

“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin.

Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın.

Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin.

Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.

Yazıb bitirdikdən sonra kağızı qatlayıb kitelinin cibinə qoymuşdu, onu da paltar dolabından asmışdı. Sonra otağının qapısını qıfıllayıb birbaşa gəlmişdi səngərə...

Nifrət, nifrət, nifrət... Onun düşmənlər düşməni olan ermənilərə nifrəti o qədər güclüydü ki, bu adi adamın nifrətindən on min, bəlkə də yüz min dəfə çox olardı.

Bu nifrət insani nifrət deyildi. Əslində Mübariz son dərəcə sakit təbiətli, mülayim, xoşrəftar bir insan idi. Onun nifrəti isə tam fərqliydi, adi nifrət də deyildi.

Bu bir insanın başqasına olan nifrəti deyildi. Bu heç ümumbəşəri də deyildi. Heç bir millətə, hər hansı bir irqə də yönəlməmişdi.

Onun bu nifrəti dünyanın ən bədxah məxluqları hesab elədiyi, hər gün üstlərinə güllə yağdıran, torpaqlarına od vuran ermənilərə yönəlmişdi.

Bu elə uşaqlıqdan qanına hopmuşdu. Böyüyüdükcə nifrəti də böyüyüb, hədsiz ölçüyə çatmışdı. Bax budur, indi səngərdə duraraq fikirləşirdi : “bəlkə də ən yaxşı məqam yetişib, bu fürsəti qaçırmaq olmaz.”

Durbini gözünə tutub düşmənin mövqeyinə tərəf baxdı. Yavaş-yavaş qaranlıq çökürdü. Yadına anası düşdü.

“Bağışla ana” – deyə, düşündü. “Səni çox sevirəm. Amma vətənimi də çox sevirəm. Torpağımı düşmənlərdən qorumasam, onun qədrini bilməsəm, səni yalandan sevməyimin nə mənası. Mən yalançı deyiləm, ana”.

Sonuncu dəfə evdən çıxanda anası həmişəki kimi arxasınca su atmaq istəyəndə o demişdi: “Ana, arxamca su atma, mən qayıtmayacağam”. Gözləri nigarançılıq və qayğı dolu anasına baxıb bəlkə də ürəyində belə pıçıldamışdı...

Geriyə yolu yox idi. Bütün yollar onu irəliyə, düşmənin üstünə çəkirdi. Birdən birə Ramil Səfərov yadına düşdü.

O da hərbiçiydi, igid oğlanıydı, özü də işğal olunmuş Cəbrayıl torpağından çıxmışdı. İnsandı, ömür boyu yükləndiyini, beynində daşıdığını, ürəyində yığıb saxladığı ağır yükü hökmən bir gün açıb göstərəcək. O da olmuşdu.

Özünü nə qədər sıxsa da, başqa torpaqda olsa da, yenə də özünü saxlaya bilməmiş, bunu etmişdi. Bir qotur erməninin təhqirlərinə, söyüşlərinə, hədələrinə cavab olaraq onu yerindəcə baltalayaraq öldürmüşdü.

Həmin o yad torpaqlarda isə Ramilə ömürlük həbs cəzası kəsmişdilər. Həmişə də qəzəblənərək deyirdi : “Budurmu ədalət? Hanı bəs humanizm? Belədirmi azad dünya?”

Özü də müdrikcəsinə nəticə cıxartmışdı: “Yox qardaşım, ədalət də, azadlıq da tankın, top-tüfəngin lüləyinin altında gizlənmişdir. Yoxdur başqa bir ədalət ya da azadlıq. Bütün bunlar vuruşmalardan keçir.”
Saatına baxdı : 23:30 idi.

Özünü topladı, dərindən nəfəs aldı. Silahlarını bir daha yoxladı. Heç nədən qorxusu yox idi. Uzun müddət hazırladığı planını həyata keçirmək üçün saniyələr qalırdı. Göyə baxdı, ulduzlar sayrışırdı, sakit-sakit baxırdılar.

Onlardan təkcə bir dənəsi, tənha bir ulduz yanıb sönürdü. “Bu da mənim bəxt ulduzumdur, mənə xeyir-dua verir” – dedi. Mübariz əllərini göyə qaldırıb dua elədi: “Ey böyük Allah! Bütün yeri-güyü yaradan Tanrım! Mənə güc və qüvvət ver, elə bir cəsarət ver ki, düşmənlərimin üzərinə qürurla gedim. Xalqımın və dövlətimin başını uca edim!”

Bundan sonra “bisimillahh!”- deyib səngərdən çıxdı, əks tərəfə doğru irəliləməyə başladı. İki tərəf arasında olan sahə minalanmışdı. Təxminən bir kilometlik məsafəni əhatə edirdi. Mübarizsə daşlı, çınqıllı yolla gedirdi. Orada minaların basdırılması ehtimalı çox az idi.

“Yer üzündə həyat sona çatıb deyəsən”- o düşündü, - “bu gecə qiyamət günüdür, məhşər gecəsidir mənim üçün. Haqq-hesab gecəsidir bu gecə.

Sorğu-sual aparmaq mənə həvalə olunub. Bir tərəfdə şərdi, bir tərəfdə xeyir. Bu qisas qiyamətə qalmamalıdır.

Amansız qisas olmalıdır. Amansız bir qisas. Bu qisasda Xocalıda vəhşicəsinə öldürülmüş körpə uşaqların, qocaların, qadınların ah naləsi vardır, fəryadı vardır.”

Gecənin kar sükutu içində asta-asta düşmən səngərinə yaxınlaşırdı. Ən çox da erməni snayperçisinin əlindən yığmışdı. “Nə qədər əsgərimiz kor gülləyə qurban getməliydi axı?

Özü də atəşkəs şəraitində. Bu namərdləri güllələməsəm şəhid əsgərlərimizin qanı yerdə qalacaq!”- deyə düşündü.

Ona ilahidən güc gəlmişdi elə bil. Düşmənin üstünə, ölümün üzərinə qorxmadan, ürpənmədən yüyürərək gedirdi.

Yol gedə-gedə bir anlığa düşündü : “Bu ermənilər yer üzündə tayı-bərabəri olmayan ən naqis məxluqlardı. Bəlkə də onlar elə iblisin yer üzünə səpələnmiş ünsürləridir ki var.

Yəqin ki belədir. Onlar iblisin özünü belə ötüb keçiblər. Onlar qədər hər şeyə iddialı olan ikinci millət yer üzündə çətin tapıla.

Onlara inansan belə çıxardı ki, yer üzündə birinci ermənilər yaranmışdı, sonra Adəm və övladları.”

Düşmən səngərinə yaxınlaşdı, ilk gülləni snayperçinin təpəsinə sıxdı. O sərrast nişan atırdı, hələ hədəfdən yayındığını görən olmamışdı.

Erməni əsgərinin başından qan fəvvarə kimi səngərdə keşik çəkən digər əsgərlərin üst-başına fışqırdı. Onlar silaha əl atsalar da çox geciydi,

Mübariz nərə çəkərək avtomatdakı darağı onlara boşaltdı: “Alçaqlar, namərdlər, ölün, gəbərin! Əzrayılınız elə mən özüməm. Sizin canınızı almağa gəlmişəm!..”

Postu keçib düşmən əsgərələri kazarmasının yanında mövqe seçdi. Gözətçi qülləsindəki əsgərləri gülləyə tutdu. Bir neçə saniyədən sonra hərbi hissədə həyəcan siqnalı başladı.

Çaş-baş halda ora-bura qaçan erməni zabit və əsgərləri başlarını itirmişdilər. Mübariz vuruşurdu, öldürdüyü düşmən əsgərlərinin silahlarını da götürüb işlədirdi.

O, tək-tənha bütöv bir orduya qarşı rəşadətlə vuruşurdu. Avtomat tutmuş əlini göyə qaldırıb qışqırırdı : “Rədd olun bizim torpaqlardan!

Bu torpaqlarda mənim babalarım yaşayıblar, onlardan da qabaq ulu babalarım min illərdi yaşayıblar. Axı siz kimsiniz? Qorxaqlar, çıxın qabağıma. Üstünüzə tək gəlmişəm, namərdlər!..”

...Mübariz beş saata qədər tək döyüşdü, istəsə sakitcə öz mövqelərimizə qayıda bilərdi. Amma düşmənin üstünə, ölümün üzərinə getdi. Onların içərilərinə girmişdi.

Geriyə yol qalmamışdı daha. Qorxu və təlaş içində qalmış ermənilərə sanki bir ordu ilə vuruşurmuşlar kimi əlavə hərbi kömək də gəldi.

O, mühasirəyə alınmışdı. Lakin vuruşur, vuruşurdu... İgid və qəhrəman oğlan canından artıq sevdiyi Vətən torpağının müdafiəsi zamanı qəhrəmancasına həlak oldu.

O, üzündə təbəssüm, vətən sevgisi ilə yanan ürəyin qürurverici intiqam hissilə şəhid oldu. Ölümün özünə belə qalib gəldi, ölümsüzlüyə qovuşdu. O, şəhidliyin zirvəsinə ucalmışdı...

Doğma torpağın üstündə ölümdən sonra da düşmən qorxusundan ona bir müddət yaxınlaşa bilmirdi...
27.08.2010 – 24.12.2010

«Yazı «Kaspi» qəzetinin Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Vətənpərvərlik mövzusunda bədii əsər və publisistik yazı müsabiqəsinə təqdim edilir».
XS
SM
MD
LG