Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:25

İlham Əliyev «Jurnalistlərin dostu» elan edilib


İlham Əliyev
İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev “Jurnalistlərin dostu” elan edilib.

“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin 2010-cu ildə “Jurnalistlərin dostu” mükafatının sahibini müəyyənləşdirmək üçün keçirdiyi sorğunun nəticəsi belə deməyə əsas verir.

“Media forum” saytının məlumatına görə, sorğuda iştirakçılarının 81 faizi “Jurnalistlərin dostu” mükafatına prezident İlham Əliyevi layiq görüb. “Azercell Telekom” MMC-nin prezidenti Ali Ağan ikinci, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov isə üçüncü yeri tutub.

Sorğu kütləvi informasiya vasitələri, həmçinin jurnalist təşkilatları və internet xəbər resurslarının təmsilçiləri arasında keçirilib.

Sorğuda respondentlərə “2010-cu ilin yekunlarına görə hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab edirsiniz” sualı ünvanlanıb.

“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi “Jurnalistlərin dostu” mükafatını 1997-ci ildə təsis edib. 1998-ci ildə deputat Nazim İmanov, 1999-cu ildə deputat, publisist Sirus Təbrizli, 2000-ci ildə AXCP sədri Əli Kərimli, 2001-ci ildə Müsavat Partiyasının başqanı İsa Qəmbər, 2002-ci ildə prezident Heydər Əliyev “RUH”un sorğusu əsasında “Jurnalistlərin dostu” seçilib.

Hazırda Azərbaycanda bir jurnalist – Eynulla Fətullayev həbsdədir. Avropa Məhkəməsinin qərarına baxmayaraq o hələ də azadlığa buraxılmır.

Bir sıra beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini tənqidçi jurnalistikaya basqılara görə tənqid ediblər.
XS
SM
MD
LG