Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:16

Rüşvəti hamıdan çox kimin aldığı barədə sorğu nəticələri


“Transparency International” – Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycanda apardığı sorğulara görə ölkədə ən çox korrupsiyalaşmış sahə polis orqanlarıdır. Ondan sonra dövlət qulluğu, təhsil, məhkəmələr gəlir.

Bu barədə təşkilatın dekabrın 9-da elan etdiyi 2010-cu il üzrə Qlobal Korrupsiya Barometrində qeyd edilir.

Transparency International təşkilatının Azərbaycan milli bölməsi olan “Şəffaflıq Azərbaycan” həmin sənədin Azərbaycana aid hissəsini elan edib. Sənəddə qeyd edilir ki, bu barometr dünyanın 86 ölkəsində 91500 respondent arasında keçirilən sorğu əsasında hazırlanıb.

Azərbaycanda aparılmış sorğuların nəticələri isə belədir:

AZƏRBAYCAN VƏTƏNDAŞLARININ ÇOX KORRUPSİYANIN ARTDIĞINI DEYİB

Azərbaycanda sorğuda iştirak edən respondentlərin yarısından çoxu (52%) ölkədə korrupsiyanın səviyyəsinin artması fikri ilə razılaşırlar, 28% insan korrupsiyanın azaldığı qənaətindədir. Respondəntlərin beşdə biri isə ölkədə korrupsiyanın səviyyəsinin dəyişmədiyi fikrindədir.

MDB ölkələrində ümumi tendensiyaya uyğun olaraq, Azərbaycanda respondentlərin 66%-i belə bir qənaətdədir ki, hökumətin korrupsiyaya qarşı mübarizə istiqamətində fəaliyyəti effektivdir, 26% respondent isə bunun əksini düşünür.

AMMA KORRUPSİYA İLƏ MÜBARİZƏDƏ RƏSMİLƏRƏ İNANIRLAR

Ümumi dünya tendensiyasından kənar olaraq, Azərbaycanda respondentlərin 65%-i belə bir fikirdədir ki, korrupsiyaya qarşı mübarizədə hökümət liderlərinə inanmaq daha yaxşıdır. 19% respondent ümumiyyətlə heç kimə inanmır.

Digər qurumlara inam isə aşağıdakı kimidir. Beynəlxalq təşkilatlar 4.3%, QHT-lər 1.1%, biznes adamları 0.9%. Hətta mediaya inam belə çox aşağıdır. Yalnız 3.8% respondent medianın roluna inanır.

Hesabatı şərh edən ekspertlər göstərilən rəqəmlər arasında ziddiyyətlərin olduğunu bildirirlər. Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı katibi Vasif Mövsümov xüsusi ilə də rəyi soruşulanların 52 faizinin Azərbaycanda korrupsiyanın səviyyəsinin artdığını bildirdiyi halda, 66 faizinin də hökumətin korrupsiyaya qarşı mübarizəsinin effektli olduğunu demesinin üzərində dayanır. Vasif Mövsümov elə bu kimi məsələlərə görə sorğuya bir qədər şübhə ilə yanaşır.

- Nədənsə, bu iki məsələ bir-birini təkzib edir. Təşkilatın ötənilki 6-cı hesabatında rəyi soruşulanların 62 faizi hökumətin korrupsiyaya qarşı mübaruizəsinin qeyri-effektiv olduğunu bildirmişdi. Son bir ildə Azərbaycanda korrupsiyaya qarşı ciddi mürabizə aparıldığını da demək olmaz axı...

Vasif Mövsümov deyir ki, bundan başqa hesabatda rəyi soruşulanların 47 faizinin rüşvət verdiyini bildirdiyi halda 66 faizin korrupsiyaya qarşı mübarizənin effektivliyindən danışması da sorğu ilə bağlı suallar doğurur.

ŞƏFFAFLIQ AZƏRBAYCANIN İZAHI

Şəffaflıq Azərbaycan təşkilatının media və ictimai əlaqələr üzrə mütəxəssisi Kənan Qasımova görə, ola bilər ki, ölkədə korrupsiyanın artdığını deyənlər aparılan mübarizənin effektivliyi barədə müsbət fikir səsləndirsinlər:

- Məntiq ondan ibarətdir ki, ola bilər insanlar hökumətin son illər korrupsiyaya qarşı aprdığı mübarizə ilə bağlı mətbuat və televiziyadan əldə etdikləri məlumatlara istinad edərək belə cavab veriblər. Adamlar hesab edirlər ki, artıq bu istiqamətdə işlər görülür. Rəyi soruşulanlar yəqin hesab edirlər ki, müəyyən dövrdən sonra aparılan mübarizə öz effektini verəcək. Məncə, insanlar bu cür düşündüklərindən suala da belə cavab veriblər.

Kənan Qasımova görə, ötən illə müqayisədə bu ilki hesabatda da Azərbaycanda elə bir irrəlləyiş nəzərə çarpmır. O bildirir ki, ötən il də Azərbaycan ikinci qrupda olub.

Şəffaflıq Azərbaycan Təşkilatından verilən məlumata görə, “Transparency International” təşkilatıının açıqladığı hesabatla bağlı sorğunu Azərbaycanda Amerika Birləşmiş Ştatlarının ictimai rəy institutu olan Gallup İnstitutu keçirib.

VƏTƏNDAŞ RÜŞVƏTİ POLİSİN HAMIDAN ÇOX ALDIĞINI DEYİB

Azərbaycanda isə yanaşma ümumi tendensiyadan kənara çıxır, ölkədə siyasi partiyalar ən çox korrupsiyalaşmış qurumlar kimi qəbul olunmurlar. “Aşağıda verilən instutların/qurumların nə səviyyədə korrupsiyalaşdığı qənaətindəsiniz” sualına verilən cavablar aşağıdakı kimidir: (1 çox az korrupsiyalaşmış, 5 tamamilə korrupsiyalaşmış kimi qiymətləndirilir.)

Azərbaycanda rəyi soruşulan respondentlərin 47%-i son 12 ay ərzində adı çəkilən xidmətlərə rüşvət verdiklərini bildiriblər.

Azərbaycan
ölkədə korupsiyasının səviyəsi 30-49.9% nisbətində müəyyənləşdirilən Litva, Meksika, Moldova və Ukrayna kimi ölkələrlə birlikdə ikinci qrupda yer alıb.

Ermənistan,
Rusiya, Türkiyə və Belarus kimi dövlətlər korrupsiya səviyyəsi 20-29.9% nisbətində müəyyənləşdirilən 3-cü qrupda yer alıb.

Gürcüstan Amerika Birləşmiş Ştatları, Birləşmiş Krallıq, Finlandiya kimi az korrupsiyalaşmış (6%-dən aşağı) dövlətlərlə eyni beşinci qrupda yer alıb.

Maraqlıdır ki, Azərbaycanla yanaşı Əfqanıstan, Gürcüstan, İraq, Mərakeş və Vyetnam kimi dövlətlərdə ictimaiyyət korrupsiyanı geniş yayılmış məhfum kimi qiymətləndiməsə də, ekspertlər əksini düşünürlər.

RÜŞVƏTİ NİYƏ VERİRSİZ?

İnsanların nə səbəbdən rüşvət verməsi ilə bağlı suala isə Azərbaycanda rəyi soruşulan respondentlərin 20%-i bunu verilməli olan xidmətdən istifadə etmək məqsədilə, 12.4%-i prosesi sürətləndirmək məqsədilə, 6%-i isə dövlət qurumları ilə problem yaşamamaq məqsədilə cavabını veriblər.

Azərbaycanda, rəyi soruşulanların 68.9%-i belə bir qənaətdədirlər ki, sadə vətəndaşlar da bu istiqmətdə dəyişiklikərdə rol oynaya bilərlər. 89.4% respondent dostları və ya həmkarları korrupsiya ilə mübarizə apararsa onları dəstəkləyəcəyini bildirib. Eyni zamanda 68.9% özünü korrupsiyaya qarşı mübarizədə fəal iştirakçi kimi görür, 63.9% respondent isə korrupsiya faktı ilə bağlı məlumat verəcəyini bildirir.

“Transparency International” təşkilatının 2010-cu ilə dair sonuncu hesabatına görə Azərbaycan korrupsiyanın səviyəsinə görə 180 ölkə arasında 134-cü yerdə olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov hesabatda polisin korrupsiyalaşmış qurum kimi təqdim edilməsi ilə razılaşmır:

- Beynəlxalq Şəffaflıq təşkilatının Azərbaycanla bağlı hesabatı reallığı əks etdirmir. Bu ağ yalan və cəfəngiyyatdan başqa bir fikir deyil. Azərbaycan polisi hüquq mühafizə orqanı olaraq cinayətkarlığa və korrupsiyaya qarşı daim mübarizə aparıb və bundan da sonra aparacaq.

"HÖKUMƏT KORRUPSİYA İLƏ MÜBARİZƏ APARMIR, ONU TUMARLAYIR"

Azad İqtisadiyyata Yardım ictimai Birliyinin rəhbəri Zöhrab İsmayıl da faizlər arasındakı ziddiyyətlərə diqqət çəkir. Ancaq o, hökumətin korrupsiyaya qarşı effektiv mübarizə aparması fikiri ilə razılaşmır:

- Hökumətin fəaliyyəti əksinə ölkədə korrupsiyanın tumarlanmasına, inkişafına xidmət edir. İnanmıram, Azərbaycanda respondentlərin 66 faizi desin ki, korrupsiyaya qarşı mübarizə effektlidir. Ötən illə müqayisədə korrupsiyanın artdığı göz qabağındadır. Hər yerdə korrupsiya artır. Burda hansısa anlaşılmazlıq var. Ya sual düz qoyulmayıb, ya nə isə düzgün hesablanmayıb. Siz özünüz küçəyə çıxın, adamlardan soruşub bunu yoxlaya bilərsiniz.

İqtisadçını hesabatla bağlı təəcübləndirən bir məqam da Azərbaycanın Litva ilə bir qrupda olmasıdır. Zöhrab İsmayıl hesab edir ki, Azərbaycanla eyni yerdə olan ölkələrdə korrupsiya olsa da bu Azərbaycandakı vəziyyətlə müqayisə oluna bilməz.
XS
SM
MD
LG