Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:49

USUBOĞLU "Yaşıl yarpağım mənim" (Hekayə)


İşə qəbul olunduğum gün onu görməmişdim.

Amma ikinci gün gördüm. İçim isindi.

Yox,” yox bu isti hələ sevgi deyildi, eləcə isti idi. Sevgi barəsində onda düşünməmişdim. Yox, bəlkə də düşünmüşdüm.

Düşünüb – düşünmədiyim barədə indi fikir yürütmək əhəmiyyətsiz bir işdir.

Sadəcə onu deyə bilərəm ki , Sevinc gözəl idi, vəssalam.

Üzünü oduqca səliqə ilə bəzərdi, hətta yanaqlarının qırmızısı da vardı.

Amma bu qırmızının qırmızı yalan olduğunu mən bilirdim.

Çünki Sevinc arıq və incə idi. Arıq və incə qızların isə məncə üzləri heç vaxt qırmızı olmur.

Daha doğrusu, arıq və incə qızların sadəcə üzləri olur, yanaqları olmur.

Yanaq bir az toppuş qızlarda olur. Toppuş qızların qırmızı yanaqları ola bilir və bu qırmızı yanaqlar sevilir.

İndi Sevincdə də belə bir qırmızı vardı, amma dəqiq deyə billəm - mən bu süni qırmızını sevmirdim.

Və məncə o süni qırmızı Sevincin bəmbəyaz üzündə artıq idi. O süni qırmızısız da Sevinc gözəl idi.

Qapqara saçına boyaqla ara-sıra bir ağlıq da qatmışdı. Gözəl qara gözləri, tutaş kiprikləri,qırmızı gilas dodaqları vardı.

Və o, içimə doldurduğu xoşluğu gizlədə bilmədiyimi gözlərimdən oxumuşdu.

Mən anbardar idim. Anbara əvvəlcə rəis təşrif gətirib içəri otağa keçmişdi, orada nəyəsə mənsiz baxırdı.

İçəri otağın qapısını bağlamışdı.

Bu vaxt Sevinc də anbara gəldi və bir neçə rabitəsiz sözlərdən sonra təhsil aldığı dildə «mne kajetsya ya vam nravlyus» dedi.

Onda mən ona deyə bilmədim, deyə bilmədim ki rəis o biri otaqdadır, bizi eşidə bilər. Susdum və söz tapa bilmədim.

Mənim susduğumu görüb özünü alçaldılmış hesab edib hirslə qapını çırpıb getdi. Nə edəcəyimi bilməyib stula çökdüm.

Mən heç kimdən heç vaxt bu cür dadlı söz eşitməmişdim. Mən heç kəsi heç vaxt sevməmişdim. Sevgi sözlərinin necə olduğunu bilmirdim.

Bəlkə də o an Sevincin nazik barmaqlarını qaldırıb öpməliydim.

Bəlkə qarşısında diz çöküb «Varlığım mənim» deməliydim.

Amma bunların heç birini eləyə bilmədim və o qarşısındakının bir nadan olduğunu düşünərək getdi.

Artıq mən qırx yaşın astanasında idim, gözlədiyim SEVGİ QATARI gəlib çıxmamışdı. Bəlkə o qatar elə bu idi, gəlib dayanmışdı.

Sevinc də vaqonun qapısını açıb əlində sarı bayraq bələdçilik eləyirdi, səsləyirdi – gəl, gəl, gözlədiyin qatarı gətirmişəm, gəl min gedək.

Sən qoymadın məni, ilahi,sən qoymadın. Niyə mənə sevgi dili vermədin?

Niyə demədim ona, niyə demədim ki, rəis o biri otaqdadı bizi eşidə bilər.

Niyə demədim ki içdiyim su qədər əzizsən mənə,getdiyim yol qədər əzizsən, YAŞIL YARPAĞIM mənim.

Bunlar sevgi sözləridimi, ilahi? Sevmək budurmu?

Rəis də anbardan çıxıb getdikdən sonra yenə özümdə deyildim.

Yadıma kəndçimiz alverçi Nağdalı düşdü. Bizim kənddə yol addımla, var mal-qoyunla, sevgi isə alverçi Nağdalıyla ölçülürdü.

Alverçi Nağdalı sevmək ustası idi. Neçə dəfə sevib evlənmişdi - Allah bilirdi.

Axırıncı dəfə Tiflisin Naftulluq bazarından bir gürcü qızını sevib almışdı.

Yanına salıb kəndə gətirmişdi. Adı Eteri olan o qıza kənddə Yetər deyirdilər.Yetər-Eteri Nağdalının sonuncu məhəbbəti deyildi.

O da yadımdadı ki, Eteriyə görə atası Əlmərdan kişi Nağdalını evdən qovmuşdu.

Və mən - Nağdalının bütün toylarının sağdışı, o qovulmada onunla bərabər kolxozun ot tayasının belində (bacısının verdiyi yeməyi yeyə-yeyə) gecələməli olmuşdum.

Onda – ulduzları sayrışan o gecədə qız qaçırıb gətirənə oxşamayan Nağdalı tayanın belində yeməyi yeyib «SAPERAVİ» çaxırı şüşəsindəki suyu başına çəkmişdi.

Yuxuya getməmişdən qabaq atası Əlmərdanın qarasınca bir–iki ağız deyinmişdi də: «Axı Əlmərdanı necə başa salasan ki sevgi nə olan şeydir? Evdə bişməyib,qonşudan gəlməyib.»

Nağdalı tayanın belindəcə yeməyin və bir də içdiyi suyun üstündən bir də bir o vaxtın ən dəb siqareti olan «RİQA» çəkib, kötüyünə tüpürüb ayaqqabısının dabanına basıb söndürüb yuxuya getmişdi.

Xorha-xorla yatmışdı.Amma mən yata bilməmişdim.

Üzü göyə ulduzların, ayın bu qədər yaxın olduğunu birinci dəfə onda duymuşdum.

Elə onda da Nağdalıya bəxtəvərlik vermişdim. Bilirdim ki,Əlmərdan Eterini qovmayacaq (kənddə buna pis baxarlar axı) yenə yüngülvari bir şadlıq keçirəcək.

Və bir də Nağdalı nəzərimdə ona görə xoşbəxt idi ki, belə tez-tez sevə bilirdi, qız qaçırıb gətirə bilirdi.

Mən isə hələ heç bir dəfə də sevməmişdim.

Mən də sevmək istəyirdim.Nağdalı kimi yox.Nağdalı heç sevgidən danışmırdı.

Eterinin əllərini, tellərini,barmaqlarını sevdiyini demirdi.

Nağdalı ürəyində Eteriyə bir mahnı bəstələməmişdi, bir misra şeir qoşmamışdı ,bir vərəq məktub yazmamışdı.

Amma mən istəyirdim ki belə olsun…sevgi məktubu da olsun, şeir də olsun, adamın ürəyində sevdiyi qıza mahnısı da olsun.

Mən sevsəm mütləq bu cür sevəcəkdim.

Əllərini, barmaqlarını, saçlarını sevəcəkdim, onunla üz-üzə dayanacaqdım, hamıdan gizlin bir yerdə güllərin –çiçəklərin arasında saçlarına gül düzəcəkdim.

Küləklər saçlarını üzümə əsdirəcəkdi. Günlər dadlı olacaqdı.

Amma Nağdalı üçün günlər elə –belə günlərdi. Günlər ona sevmək üçün gərək deyildi.

Günlər ona tum kimi bir şey idi. Günəbaxan tumu, çırtlayıb yollara tüpürsün.

Tüpürdüyü yolların qıraqlarındakı kəndlərdən və şəhərlərdən eterilər tapsın gətirsin və eterilərlə elə –belə yaşasın.

Bir də mənə elə gəlirdi ki, sevmək – nəsə Gümrüdə rus əsgərlərinin bağladığı bağlı sərhədlərin o üzü Türkiyə kimi bir yerdir və o Türkiyə kimi bir yerə, ancaq Nağdalı kimi qoçaq adamlar gedə bilirlər.

Bəlkə də elə ona görə Nağdalıyla qardaş olmağıma birinci nənəm sevinmişdi. (Çünki evlənmək vaxtım olsa da hələ evlənməmişdim.)

Anama da–« ay qız, qoy getsin, atı atın yanına bağlayanda ya xoyunu götürər, ya xasiyyətini»-demişdi.

Ara-sıra Nağdalının bizə xəngəl yeməyə (mən dəvət edərdim) gəldiyi vaxt dədəmin gizlindəki tut arağından (bu gizlin yeri Nağdalı özü bilirdi və icazəsini də dədəmdən özü almışdı) bir çapma stəkan ötürüb bir sini xəngəli yeyəndən sonra nənəm – nənən ölsün,ay Nağdalı, bə bu nənəsi ölmüşə (yəni mənə) də bir qız gətir deyəndə o, gülümsünərdi, qara rəngi daha da qaralardı.

Ağzını mırçıllada – mırçıllada – Əlmərdanın oğlu deyiləm, itin oğluyam, Qosıginin (Kosıgin- o vatki Sovet rəhbərlərindən biri) qızını desin, gedim nümüdə (yəni bir an içində) gətirim.

Yenə elə o ot tayasının üstündəcə bilirdim ki, mən QƏRİBƏ ADAMAM.

Və həmin bu qəribəliyim idi ki, Nağdalının sağına düşüb addımlayıb gəlib bu ot tayasının belinə çıxmışdım.

Özü də Nağdalıdan qabaq çıxmışdım. Sonra da Nağdalının kobud, iri, qara, tüklü əlindən balaca ,nazik ağ əllərimlə tutub tayanın belinə dartmşdım.

İndi də evdə halal, rahat yerimi buraxıb, Nağdalının sağında uzanıb qaranlıq gecənin soyuq işıltılı ulduzlarına tamaşa edirdim.

Nağdalı xoruldayırdı.

Lap balaca çağlarımdan qəribə bir məxluq olduğumu əvvəlcə nənəm duymuşdu.

Özü də mən ağlayanda duymuşdu və anamı da tənbeh eləmişdi.

Mənə də –«atamanam, adam səssiz ağlamaz. Ağlayanda -səsnən ağla, çığır, bağır, qoy ürəyin soyusun.

Sənin ağlamağın heç bilinmir,eləcə gözündən yaş qumdan su qaynayan kimi qaynayır. Üzündən damcılar bir –birinə calana –calana düşür.

Elə bil üzüm salxımıdı. »Anama da- «yaxşının qızı, mənim uşağımı ağlatma. Bu ağlamaq deyil, ürəyinə ağlayır bu.

Bə bunun səsi hanı? Ağlayanan çınqırı çıxmazmı? Yaxşının qızı, uşağa ağlamaq da öyrətməmisən.»

Mən sonralar,lap sonralar-nənəm öləndən sonra bildim ki,»yaxşının qızı»da bir növ söz imiş ki,anamı boş bir şeyin üstündə incitməsin, xətrinə də dəyməsin.

Amma həddini də tanıtsın.

Nənəm öləndən sonra anam atama – «a kişi,qaynanam öləndən sonra evin bin bərəkəti çəkilib.

Əlim çuvala, ələyə, oxlova,saca uymur. Rəhmətlik bin-bərəkət idi, «yaxşının qızından» savayı pis sözünü eşitmədim, Allah rəhmət eləsin- demişdi.

Mən onda bildim ki «yaxşının qızı»nənəmin pis sözü imiş. Nağdalı xoruldayırdı.

Nağdalı xoruldayırdı. Gecənin keçmiş vədəsiydi, hardasa yaxında birəbittə quşu ötdü.

Ötməsiylə də haçansa eşitdiyim bir əfsanəni yadıma saldı.

O əfsanədə deyilirdi ki bülbül ildə yeddi yumurta doğub yeddi bala çıxarır.

Yeddi balasından altısı birəbittə quşuna dönür, biri bülbül olur.

Birəbittə quşu bütün quşların dilini bilir. Arvadların xəbərçisi xəbərçi Xədicə olur, quşlarınkı birəbittə quşu.

Birəbittə quşu gedir qonur quşların yuvasının ağzına, gecələr bir –biri ilə nə pıçıldaşdıqlarına qulaq asır.

Səhər açılqacın səsi dünyanı başına götürür,eşitdiyini bittə-bittə hamıya danışır.

Ana bülbül yeddi balasından altısının yad olmasına dözmür.

Ürəyi köksündə alovlanıb yanır, göşünün altı sap –sarı saralıb yanır.

Uçub özünü qızılgül tikanlarına çırpıb ölür.Adamlar da elə bilirlər bülbül gülə aşiq olub.

Gülün dərdindən özünü öldürür. Adına mahnı da qoşub oxurlar:

Bülbül sənin işin qandı,
Aşiqlər oduna yandı,
Nədən hər yerin əlvandı,
Köksün altı sarı, bülbül?

Əslində isə bülbülü altı balasının yad olması dərdi öldürür. Nağdalı xoruldayırdı.

Birdən ağlıma gəldi ki,birəbittə quşu yəqin ot tayasında quş yuvası tapıb, kəsdirib yuvanın ağzını quşların nə pıçıldadıqlarını bittə-bittə eşidib səbrini basıb səhərin açılmasını gözləyə bilməyib QARA GECƏYƏ xəbərçiliyini eləyir.

Ya bəlkə də birəbittə quşu Nağdalıya (bəlkə elə mənə də) qulaq asmağa gəlmişdi.

Bəlkə elə biz adamların da dilini bilirdi birəbittə quşu.

Gəlmişdi öyrənə ki, Nağdalı Yetər dedikləri Eterinin, ya elə atası Əlmərdanın dalısıyca nəsə desin və o da dağa –daşa, meşəyə, adamlara xəbərçiliyini eləsin…

Nağdalı Eteriyə dedi ki… ,Nağdalı Əlmərdana dedi ki… dedi ki… dedi ki … dedi ki…

O gecənin şehi mənim üstümə düşdü.

Elə Nağdalının da üstünə düşdü. Amma o şehi mən duydum, Nağdalı yox.

… … …

Anbarda baş vermiş o hadisədən sonra günlər sürətli bir axınla keçməyə başladi.

Sevinc bir ayın içində nişanlandı, toyu oldu və ərə getdi.

Sonra daha bir neçə ay bir yerdə işləməli olduq.

Artıq o, ana olmaq ərəfəsində idi. Heç birimiz o hadisəni «xatırlamırdıq».

Tezliklə analıq məzuniyyətinə çıxdı və bir də onu il yarımdan sonra gördüm.

Yenə gözəl idi. Saçlarının ağ qatını qara ilə əvəz eləmişdi. İndi hər şeyi təbii idi. Ərindən ayrılmışdı.

Üzündə ilahi bir şey yox idi və daha içimi isitmirdi.

İşçilərdən birisinə çoxlu şəkil çəkdirmişdi,şəkil qalağı stolların üstündə gəzirdi. Hamı baxırdı. Mən də baxdım.

Bir şəkildə Sevincin gözlərində heç vaxt barışa bilməyəcəyim bir ifadə vardı.

Hiss etdim ki sifətim yanır, qızarıram. Öz-özümə – yox,o, belə baxmaz,baxa bilməz, bu şəkil yalandır,yalandır – içimə bağırdım.

Səsim dabanlarıma dəyib geri qayıtdı.

Özümü sakitləşdirdim: Sus,sus,sus…ss !– Fotoaparatların hələ səhv elədiyi olmayıb.

Hələ fotoaparatlar gördüklərindən başqa bir şeyi çəkə bilməyib,sus,sus…sss! Şəkilləri stolun üstünə buraxıb qalxdım.

Sevincin diqqəti məndə idi. Çıxıb getdim.

Dodaqlarımda təzə pıçıltılar vardı. (Bu pıçıltıları birəbittə quşu eşidə bilməzdi.)

İxtiyarsız – Yaxşının qızı, SEVGİ belə olmur axı yaxşının qızı. Özünü niyə ucuz elədin ,yaxşının qızı? O baxış əxlaqsızlıqdı, alçaqlıqdı, yaxşının qızı.

İçimin uzaqlığında fit səsi vardı. Sevgi qatarı fit verib keçib getmişdi.

İçindəki nağdalılarla, sevinclərlə, birəbittə quşlarıyla keçib getmişdi.

Və mənə ancaq perronda dayanıb gözləmək qalırdı.

Uzaqlarda fit səsi vardı. Hardansa qatar keçirdi. Elə mən özüm də bəlkə bir qatar idim.

Ömrün vağzalında dayanmışdım. İçimdə biletsiz bir sərnişin vardı SEVGİ adında. O biletsiz sərnişini kimsə düşürə bilməmişdi.

Bu şəhərin birəbittə quşları yox idi. Bəlkə hardasa bülbülü vardı. Qəfəsə salmışdılar.

Qabağına dənini-suyunu qoyub dar qəfəsini bir dar eyvandan asmışdılar.

Bayırın ağacına,buluduna, dibçəkdəki qızılgülünə baxıb yana –yana oxurdu. Bəlkə də heç oxumurdu. Bülbüllüyünü unutmuşdu.

Bəlkə heç yumurta da doğmurdu yeddi dənə. Bəlkə heç yeddi bala da çıxarmırdı .

Bəlkə də birəbittə quşlarından heç xəbəri yox idi bülbülün.

Amma bu şəhərin birəbittə quşu olsaydı gəlib Sevincin pıçıltılarına qulaq asacaqdı. Aləmə yayacaqdı…Sevinc pıçıldadı ki… pıçıldadı ki…pıçıldadı ki…

Sevinclərin pıçıltıları olmur, birəbittə quşu, olmur.

Fotoaparat obyektivində özünü satmaq istəyən adamın pıçıltıları olmur!

Birəbittə quşu, pıçıltıları olan adamı sən tanırsan. Yerişindən, duruşundan, qurduğu yuvasından tanırsan.

Gəl də, gəl yuvamın ağzına qon, qapımın bu üzünə qon, uç da o üzünə qon pıçıltılarımı eşit,eşit birəbittə quşu.

Bi…rə …bit…tə qu…şu…!
XS
SM
MD
LG