Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:44

Naxçıvanda seçki davası


7 noyabr seçkilərində 2 saylı Şərur Seçki Dairəsindən hakim YAP-ın nümayəndəsi İsa Həbibbəyli qalib gəlib
7 noyabr seçkilərində 2 saylı Şərur Seçki Dairəsindən hakim YAP-ın nümayəndəsi İsa Həbibbəyli qalib gəlib
Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi açıqlama yayıb. Açıqlamada «AXCP-Müsavat» seçki blokunun 2 saylı Şərur Seçki Dairəsindən vahid namizədi Səxavət Əliyev və onun qardaşı Sabit Əliyev haqda yayılan məlumatlara münasibət bildirilir.

Açıqlamada deyilir:

«Bütün şəraitlərin yaradılmasına baxmayaraq Səxavət Əliyev DSK üzrə müşahidəçi tapa bilməyib. O, bunu müxtəlif bəhanələrlə əsaslandırmağa çalışıb və 2 saylı dairənin ərazisində qohumlarından başqa heç kəsi tanımadığını bildirib.

Onun səlahiyyətli nümayəndələri - qardaşları Çapay və Sabit Əliyev seçki günü 29 və 30 saylı məntəqələrdə seçicilərə Səxavət Əliyevə səs vermələri üçün təsir göstərməyə çalışıblar. Seçki qanunvericiliyinin tələblərinə zidd olmasına baxmayaraq, hətta bülletenlərin sayılmasında da iştirak ediblər».

«AĞSAQQALI DÖYÜBLƏR»

Açıqlamada daha sonra qeyd edilir:

«Çapay və Sabit Əliyev bülletenlərin sayılması prosesində qardaşlarının səs almadığını görüb müxalifətdən olan bəzi məntəqə üzvləri ilə birlikdə lider namizədin lehinə olan bülletenləri etibarsız hala salıblar...

Əliyev qardaşları seçkidən sonra Püsyan kənd sakinlərini və eləcə də ağsaqqalları Səxavət Əliyevə səs vermədiklərinə görə söyüb təhqir ediblər. Ağsaqqalların öyüd-nəsihətlərindən Sabit Əliyev daha da qeyzlənib və onlardan birinə qarşı fiziki güc tətbiq edib. Vəziyyətin arzuolunmaz məcraya yönəlməsi kənd sakinlərinin polis orqanlarına müraciət etməsi ilə nəticələnib. Hazırda Sabit Əliyevin neqativ hərəkətləri aidiyyəti orqanlar tərəfindən araşdırılır».

SƏXAVƏT ƏLİYEV NÜMAYƏNDƏLİYİN MƏLUMATINI TƏKZİB EDİR


Sabit Əliyev
O, AzadlıqRadiosuna deyib ki, rəsmi qurumun açıqlaması həqiqət deyil. Əslində 36 müşahidəçisi DSK sədri tərəfindən qeydə alınmayıb. Hətta bu barədə Naxçıvan televiziyası ilə çıxışı zamanı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbova müraciət edib:

«Görünür Naxçıvanın Bakıdakı nümayəndəliyi bu çıxışdan xəbərsizdir. Yalnız Püsyan kəndinin 29 və 30 saylı məntəqəsində 700-dən çox seçici mənə səs verib. Bu, YAP-dan olan rəqibim İsa Həbibbəyliyə verilən səslərdən 7 dəfə artıq idi. 2 saylı Şərur Dairəsi üzrə etibarsız sayılmış bülletenlərin sayı 1316-dır. Bunun 501-i Püsyan kəndinə şamil edilib. Bu o deməkdir ki, mənim qələbəmi DSK-da bilərəkdən etibarsız ediblər».

«QARDAŞIM GİROV SAXLANIR»


S. Əliyev qardaşının həbsinə də toxunub. O deyib ki, qardaşı Sabit Əliyev 6 sutkadır polis şöbəsində saxlanılır:

«Noyabrın 11-də kənd mərkəzində mübahisə olub, ona əl qaldırıblar. Polisə kəndin sakinləri yox, o saxtakarlıqda əli olan – kənd icra nümayəndəsi, onun müavini, kəndin məktəb direktorunun əvəzi və kəndin mollası müraciət edib. Heç bir kəndin ağsaqqalına nalayiq hərəkət olmayıb. Şərur rayon Polis İdarəsi tərəfindən nə sanksiya tətbiq olunub, nə bir şey. Mənim qardaşı 6 gündür heç bir məhkəmənin hökmü olmadan girov saxlanılır».

Şərur rayon Polis İdarəsindən AzadlıqRadiosuna bildirdilər ki, «Sabit Əliyev şöbədə saxlanmır. Lakin bir neçə gündür şöbəyə gətirilərək, izahat alınır daha sonra evə buraxılır».

MSK-nın məlumatına əsasən, 7 noyabr seçkilərində 2 saylı Şərur Seçki Dairəsindən hakim YAP-ın nümayəndəsi İsa Həbibbəyli qalib gəlib. Səxavət Əliyev isə 381 səslə 3-cü yerdədir.
XS
SM
MD
LG