Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:25

Nobel mükafatının təqdimat mərasimi təxirə salına bilər


Liu Xiaobo və xanımı Liu Xia
Liu Xiaobo və xanımı Liu Xia
Son 70 ildə ilk dəfə Nobel mükafatının təqdimat mərasimi təxirə salına bilər. Səbəbsə, Nobel sülh mükafatının verildiyi çinli insan haqları müdafiəçisi Liu Xiaoboya qarşı rəsmi Pekinin apardığı kampaniyadır.

Qaydalara görə, 1.4 milyon dollarlıq Nobel mükafatını Norveçin paytaxtı Osloda keçirilən mərasimdə ya laureatçı özü, ya da ailə üzvü almalıdır. Liu Xiaobo özü indi həbsdədir, 11 illik həbs cəzası çəkir. Amma Çin hökuməti laureatın ailə üzvlərinə də xaricə getməyə maneə yaradır. Xiaobonun həyat yoldaşı Liu Xia ev dustağı edilib. Hətta Xiaobonun qardaşları və başqa ailə üzvləri də ciddi polis nəzarəti altındadırlar.

Hələ mükafatın élan edildiyi vaxt, oktyabrın 12-də verdiyi müsahibədə Liu Xia demişdi ki, həyat yoldaşıyla danışıb, amma mükafatı alacaqlarına elə də ümid etmirlər:

“ÇƏTİN OLACAQ”

Liu Xia: - Xiaobo ümid edir ki, mən Norveçə gedib mükafatı ala biləcəm.

Jurnalist: - Hökumət sizə getməyə icazə verəcək?”

Liu Xia: (Gülür) Məncə, bu çox çətin olacaq.

Norveç Nobel Komitəsinin katibi Geir Lundestad deyib ki, hətta Liu Xiaobonun ailə üzvləri olmasa da, mükafatın təqdimat mərasimi nəzərdə tutulduğu vaxtda keçiriləcək. Liu-nun yazılı müraciətinin və ya öncəki yazılarından fraqmentin oxunması da mümkündür.

PEKİNİN TƏZYİQLƏRİ

Geir Lundestad
Lundestad deyib ki, artıq 36 ölkə səfiri mərasimdə iştirak edəcəyini bildirib. Baxmayaraq ki, ilk dəfədir ki, hansısa ölkənin mərasimin baş tutmaması üçün bu qədər təxribat etdiyini görürlər. Lundestadın sözlərinə görə, Pekin çox fəal çəkildə xarici ölkə nümayəndələrinə mərasimdən uzaq durmaları üçün təzyiq edir. Təzyiqlər nəticəsində artıq Kuba, İraq, Qazaxıstan, Mərakəş və Rusiyanın Oslodakı səfirləri mərasimə qatılmayacaqlarını deyiblər.

Düzdür, səfirlər hərəsi bir bəhanəylə mərasimə qatılmaqdan imtina edir. Məsələn, Rusiya səfiri həmin vaxt Norveçdə olmayacağını bildirir.

RUSİYA KİMLƏRLƏ HƏMRƏY OLUR

Amma Rusiyadakı insan haqları fəalları rəsmi Moskvanı Pekinlə bu sahədə həmrəy olduğuna görə tənqid edirlər. Məsələn, “Memorial” təşkilatının rəhbəri Areseni Roqinski deyir ki, insan haqları məsələsində Rusiya hər zaman Çin, Şimali Koreya, İran kimi dövlətlərlə həmrəy olur.

Nobel Mükafatı Komitəsinin məlumatına görə, sonuncu dəfə 1936-cı ildə heç kim bu mükafatı almağa gəlməyib. Faşist Almaniyası sülh mükafatını alan jurnalist Carl von Ossietzkini ölkədən buraxmayanda.

Amma hətta Soyuq Müharibə dövründə də SSRİ və Polşa rəhbərliyi Çindən daha yumşaq davranıb. 1975-ci ildə Moskva fizik və insan haqları fəalı Andrey Saxarovun həyat yoldaşına Osloya getdib mükafatı almağa icazə verib. 1983-cü ildə isə Polşa rəhbərliyi həmkarlar təşkilatı fəalı Lex Valensanın xanımına eyni şəraiti yaradıb.
XS
SM
MD
LG