Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:33

Polis radarı niyə gizlədir?


İki keçmiş Sovet ölkəsində polis radarı
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00

Sovet şinelindən demək olar eyni vaxtda çıxmış iki keçmiş kommunist ölkəsində Azərbaycan Respublikasında və Çex Respublikasında yol polisinin "radar siyasəti"

SAATDA 63-LƏ GETDİN, İŞ BİTDİ...

- Yollardakı radarlar bir qayda olaraq görünməyən yerlərdə quraşdırılır. İşarə qoyurlar ki, məsələn, sürət saatda 60 km. olmalıdır. Saatdan 63-65-lə getdin, iş bitdi... Əgər bu radarlar yol polisi əməkdaşlarının dediyi kimi təhlükəsizlik üçündürsə, niyə gizlində qoyurlar?

Bu sözləri 55 yaşlı taksi sürücüsü Fikrət Qasımov deyir. Onun sözlərinə görə, 17 il öncəyə qədər Bakıda Səttarxan adına zavodda işləyib. Sovetlər dağılandan onun da iş yeri bağlanıb o vaxtdan da zamandan ailəsini taksi sürməklə dolandırır:

- Bakıda da işləyirəm, rastıma uğurlu müştəri çıxanda rayonlara da gedirəm. Hər yerdə də radarları ya kol-kos dibində, ya hansısa borunun, körpünün arxasında gizli yerdə görürəm. Əgər məqsəd sadəcə yollarda təhlükəsizlik yaratmaqdırsa, onda radarları aşkar yerə qoysunlar, sürücülər də sürəti aşmasın.

Həmsöhbətim deyir ki, indiyə qədər iki dəfə avtomobili “radara düşüb”. Birinci dəfə onu qarşıdakı DYP postunda saxlayıb sürəti aşdığını bildiriblər. İkincisində isə yaşadığı ünvana bildiriş göndərib DYP İdarəsinə dəvət ediblər. Hər ikisində ona avtomobilinin sürəti aşma zamanı çəkilən fotosu təqdim olunub. Fotoda şəklin çəkilmə vaxtı ilə yanaşı avtomobilin sürəti də göstərilib.

BƏS, RADAR DA QADAĞAN OLUNAN GİZLİ ÇƏKİLİŞ DEYİL?

2009-cu ilin martında Azərbaycan Konstitusiyasına edilən dəyişikliklərə görə, vətəndaşın görüntüsünü gizli çəkmək qadağandır. Bu, onların özəl həyatına müdaxilə sayılır və cəzalandırılır. Bəs, radarların gizli yerlərdə quraşdırılması, vətəndaşın xəbəri olmadan onun, avtomobilinin fotosunun çəkilməsi Konstitusiyanın sözügedən maddəsinin pozulması kimi dəyərləndirilə bilərmi?
Elçin Sadıqov

Hüquqşünas Elçin Sadıqov deyir ki, ictimai təhlükəsizlik məqsədi daşıyan belə radarlar gizlədilməməlidir. Radarlar aşkarda quraşdırılmalı, yollarda sürət həddi, radarın yerləşdirildiyi haqqında xəbərdarlıqlar olmalıdır:

- Qaydaları pozan sürücülərin, onların avtomobillərinin şəklinin çəkilməsinə gəlincə, ictimai məzmun daşıdığı üçün bunlar şəxsi həyata müdaxilə sayılmaya bilər. Əgər vətəndaş yatarkən onun şəkli çəkilirsə, bu, birmənalı olaraq onun şəxsi həyatına müdaxilədir. Çünki, yatmaq insan həyatının şəxsi hissəsinə aiddir. Bunu avtomobil idarə etməklə eyniləşdirmək olmaz.

POLİS: BİZ RADARI QƏSDƏN GİZLƏDİRİK, ÇÜNKİ...

Dövlət Yol Polisinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyevin sözlərinə görə, radarlar bilərəkdən gizli yerlərə qoyulur ki, yol hərəkətinə riayət etməyən sürücüləri aşkar etmək mümkün olsun:

- Radarların aşkar qoyulması yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında effektli sayılmır. Radarlar bilərəkdən gizli yerlərdə quraşdırılır. Sürücü hər an hiss eləməlidir ki, yol hərəkəti qaydalarını pozsa, cərimələnəcək.
Kamran Əliyev

Kamran Əliyev bildirir ki, ölkədə radarlar quraşdırılandan sonra yüksək sürət nəticəsində baş verən yol-nəqliyyat hadisələrinin sayı qismən azalıb. 2009-cu ildə yol-nəqliyyat olayları zamanı ölənlərin sayı təxminən 1200 nəfər olubsa, 2010-cu ilin ilk 10 ayında Azərbaycanda eyni səbəbdən 755 nəfər həlak olub:

755 nəfərin 393-ü birbaşa sürət həddinin aşmasına görə həlak olub. Bu, 50 faizdən yuxarı göstəricidir. Ona görə də, DYP ölkə yollarında sürətə nəzarət etmək üçün tədbirlər görür və bu, davam edəcək. Sürücülər unutmasınlar ki, Azərbaycanda yalnız iki yolda sürəti 110-na qədər yüksəltmək olar: biri Zığ şosesindən hava limanına qədər olan yol, ikincisi isə Bakı dairəvi yolu. Digər yollarda maksimal sürət saatda 60-90 km. arasındadır.

Radar yerlərinin seçilməsi prinsipinə gəlincə, Kamran Əliyev deyir ki, qurğu davamlı olaraq ağır yol-nəqliyyat hadisələri baş verən ərazilərdə quraşdırılır:

- Sürücülər avtomobillərinin bahalığına, yüksək qoruyuculuq qabiliyyətinə, ya da yolların genişliyinə arxayın olub sürəti aşmasınlar. Çünki statistika qəzalar zamanı ən son model avtomobillərin belə qəzadan sığortalanmadığını göstərir.
XS
SM
MD
LG