Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:30

Bir roman da Svetlana Quliyevadan gəldi


“Dalğa” mənim ilk romanımdır. Bu yaxınlarda "Qanun” nəşriyyatında çapdan çıxıb.

Kitabımı keçən il Azərbaycan Dövlət Neft Akademiyasında terror aktı zamanı həlak olmuş insanlara ithaf etmişəm.

“Dalğa” psixoloji romandır, burada özünü və həyatda özünə yer tapa bilməyən gənc oğlanın daxili iztirabları, ətrafındakı insanlarla qəliz münasibətləri, istəkləri uğrunda mübarizə aparmaması təsvir olunub.

Baş qəhrəmanın simasında cəmiyyətimizdə bu gün çox böyük vüsət almış boşanma hadisələrinin övladlara təsiri və bunun nəticəsində müəyyən problemlər yaşayan insanların cəmiyyətdə özünə yer tapa bilməməsi, özünə inamsızlığı, qərarsızlığı və passivliyi göstərilib.

Valideynləri hələ uşaq ikən ayrılan baş qəhrəman daha heç vaxt atasını görmür, anası ilə isə çox gərgin münasibətlər yaşayır.

Əsərdə valideyn-övlad, əsasən də, ana-oğul konflikti ortaya qoyulub. Bu konflikt əsərin sonuna kimi davam edir və öz həllini tapmır, baş qəhrəman onu heç vaxt anlamayan, avtoriteti ilə onu hər zaman sıxan anasını tərk edir.

Əslində, baş qəhrəman (əsərdə baş qəhrəman da daxil olmaqla, bir sıra obrazlara ad qoyulmayıb) əsərdəki digər obrazlar tərəfindən müsbət qarşılanır, savadlı və ağıllı sayılır, lakin amalları və sevgisi uğrunda mübarizə aparmadığı üçün bir çoxları onu, onun məqsədləri olmadan mövcudluğunu anlamır.

O bəlkə də, hansısa bir addımı atmaq, həyatında köklü dəyişiklik etmək istəyir, ancaq bunun üçün kifayət qədər qərarlı və cərarətli deyil.

Baş qəhrəmanın həm də sevdiyi qız var, amma onun qətiyyətsizliyi və özünə əminsizliyi elə güclüdür ki, o heç cür sevdiyi qıza ürəyini aça bilmir, uzun iztirablardan sonra nəhayət, buna qərar verib sevgisini etiraf edəcəyi gün isə ADNA-da təhsil alan gənc qız həmin gün baş verən terror aktı zamanı həlak olur.

Bu, onun həyatında növbəti zərbə olur, lakin bu hadisədən sonra o anlayır ki, bütün həyatı boş və manasız imiş, artıq bu cür yaşamaqdan canını qurtarmalıdır.

Svetlana Quliyeva
Məhz buna görə də belə həyatı ona verməkdə günahlandırdığı anasını tərk edir və yeni həyat qurmaq üçün çıxıb gedir.

Romanımdan bir parçanı "Oxu zalı"nın oxucularına təqdim edirəm.

Svetlana Quliyeva


...Bax beləcə yaşayırdım, buna yaşamaq demək olarsa... Hər gün eyni həyatı yaşamaq mənə yad olan bir hiss deyil.

İllərlə bu cür yaşamışam, amma heç vaxt bu hiss öz ağırlığı ilə məni bu dərəcədə basmamışdı, necə ki, bu bir aya yaxın müddət ərzində.

Bütün günü kitab oxuyurdum, yemək yeyirdim, yenə kitab oxuyurdum. Həftədə bir dəfə evdən çıxıb kitab mağazasına yollanırdım, evə bir qucaq kitabla qayıdırdım.

Bəzən elə bilirdim ki, alkoholiklər spirtli içkilərə qurşandıqları kimi, mən də kitablara qurşanmışam. Artıq onlardan əvvəlki zövqü ala bilmirdim, amma yenə də dayanmadan oxuyurdum.

Bu barədə çox fikirləşməməyə çalışırdım. Ancaq yaxşı anlayırdım ki, bu ən çətin dövrümdə məni vəziyyətdən xilas etməsələr də, heç olmasa, ayaq üstə qalmağıma kömək edən onlardır.

Sevil xala yenə də əvvəlki kimi həftədə iki dəfə gəlirdi, qayğıma qalırdı, anamla münasibətlərimi düzəltməyi tövsiyə edirdi, dərdimin nə olduğunu müəyyən qədər anlasa da, bunu biruzə vermirdi, öz işini xırdalığına qədər icra edib, məni yenə də tək qoyurdu.

Anam bəzən zəng edirdi. Çox qısa danışırdıq, artıq ikimiz də anlamışdıq, bir-birimizə deyiləsi bir o qədər də sözümüz qalmamışdı.

Bir dəfə gəlmişdi. Nəyə görə gəldiyini özü də bilmirdi. Beş-on dəqiqə oturub, birdən hansısa vacib işinin olduğunu xatırladı, qapıdan çıxanda Sevil xala ilə toqquşdu.

Mənə bir söz deməsə də, Sevil xalanı necə sevinclə qarşıladığımın onun xətrinə dəydiyini dönüb mənə zillənən baxışlarında hiss etdim.

Anamla aramızdakı uçurum çoxdan yaranmışdı. Həmin an onun məni nə qədər sevdiyini, lakin bu sevgini ifadə etməyi bacarmadığını anladım, amma bu kəşf (Bunu kəşf adlandırmaq olar?

Axı bəzi şeylər sözlə ifadə olunmasalar da, aydındırlar.) aramızdakı uçurumu dərinləşdirən yeni bir çatın əmələ gəlməsinin qarşısını ala bilmədi.

Biz yenə də telefonla bir-birimizə bəzən “salam” deyirdik.

Emini də görürdüm. Bir dəfə anası bizə gətirib içəri ötürdü, özü girmədi.

Deyəsən, Eminə yolu başa salmışdı. Emin ondan sonra bir-iki dəfə tək gəldi, bir dəfə də Sevinci gətirmişdi.

Emin hər gələndə iki-üç kitab gətirir, gedəndə də o qədər aparırdı. Özü də boynuna alırdı ki, atamızın edə bilmədiyini mən bacarmışdım.

Emin kitabları sevməyə başlamışdı. Mənsə atamı, özündən sonra mənə Emini saxladığına görə. Anası bir dəfə zəng vurub mənə təşəkkür etmişdi. Onun sözlərini heç vaxt unutmayacağam.

“Mən elə bilirdim ki, Emin özünə böyük qardaş tapıb, ancaq siz ona həm də ata olmusunuz, bundan, bəlkə də, ikinizin də xəbəriniz yoxdur, amma mən bilirəm.

O da indi arxayındır, rahat yatır.”

İmran yenə onun haqqında məlumat verməyə davam edirdi. Məlumat deyəndə ki, onun cümlələri eyniliyi ilə səciyyələnirdilər. “Gedir-gəlir də.

Yaxşı görünür. Görünəcək də. Bəzi axmaqların ondan ötrü depressiyaya düşməsindən xəbəri yoxdur axı.” Və sonda hər zaman eyni sual. “Nə tapmısan axı o qızda? Ondan ötrü özünü dustaq etməyə dəyər?”

Əslində, elə də dustaq deyildim. Həftədə bir dəfə kitab mağazasına gedib kitab alırdım, elə həmin gün ərzaq da alırdım. Ancaq çörəyə düşmürdüm.

Ona bir söz deməsəm də, vəziyyətimin elə də yaxşı olmadığını anlayan Tahir təklif etdi ki, çörəkçiyə alacağım çörəyin aylıq pulunu verim.

Tahir hər səhər özünə çörək alanda, mənimkini bir mərtəbə yuxarı qalxıb elə qapının ağzından mənə verirdi. Onu cəmi bir dəfə içəri dəvət etdim.

Girmədi. “Heç fikirləşirsən ki, qonşular sənin barəndə nə düşünər? Belədə görürlər ki, çörəyi verib gedirəm.

İçəri girsəm, çox keçməz, səni də erməni edərlər.” Bu qorxu da Tahirin həmişəki qorxularına qatılmışdı. Bəlkə də, vəziyyət başqa cür idi, ola bilsin, Tahir onu içəri dəvət etmək istəmədiyimi, bunu sadə mədəniyyət normaları xatirinə etdiyimi anlayırdı...

Bu müddət ərzində dənizə ikicə dəfə getdim. Dəniz çox kədərli idi.

Dalğalar, elə bil, onları döyülməklə hədələyən qorxunc bir müəllimənin təsiri ilə azca hərəkətə gəlir, heysiz, əhvalsız şəkildə barmaqlarının ucunu sahilə vurur, geriyə, dəniz-ananın buz kimi soyuq qucağına tələsirdilər.

Mənim onlara diqqətlə baxdığımı görəndə isə utandıqlarından gözlərini aşağı dikir, mənə baxmamağa çalışırdılar.

Hər şey aydındır. Dəniz məni, düşdüyüm bu vəziyyəti başa düşmür, yaxşı qarşılamır. Mənim ondan nə istədiyimi anlaya bilmir.

Deməli, mən də geriyə, amma öz anamın buz kimi soyuq qucağına yox, iki otaqlı mənzilimin, mənim olmayan mənzilimin soyuq, buz kimi mühitinə qayıtmalıyam.

Zəhraya anam mənim barəmdə nə isə pıçıldamışdı. Zəhra ilə bir-birimizi uşaqlıqdan çox istəsək də, ünsiyyətimiz ancaq ailəvi tədbirlərdə baş tuturdu.

Son illər mənim bu qəbildən olan tədbirlərdə çox az iştirak etdiyimizi nəzərə alsaq, hesab edə bilərik ki, ünsiyyətimiz heç baş tutmurdu.

Bəlkə də, anam heç nə deməmişdi. Anamın ad günündə ona özüm bəzi şeyləri dedim.

Zəhra da öz duyuq ürəyi ilə dosta ehtiyacım olduğumu anlamışdı. İki-üç gündən bir zəng edirdi. “Niyə belə edirsən? Hamımız səninçün narahat oluruq.” “Hamı məsələnin nə yerdə olduğundan xəbərdardır?” “Yox. Nə danışırsan?! Sadəcə, görürlər ki, mən sənin üçün narahatam, onlar da başa düşürlər ki, nə isə olub. Nömrəni anandan istəyəndə, o da təccübləndi. Sonra da soruşdu ki, olmaya onun bilmədiyi bir şey bilirəm. Qorxma, ona heç nə demədim. Bilirsən, məncə, onu sevirsənsə, o qızı deyirəm, bunu ona deməlisən.”

Bu yerdə Zəhranın fikri İmranınkı ilə üst-üstə düşürdü, amma mənimki ilə yox. Bəzən mən də bu epizodu xəyal edirdim.

Ona yaxınlaşıb, sevgimi etiraf etdiyimi xəyal edirdim. Amma bu elə də yaxşı nəticələnmirdi.

Xəyallara daldığım günlərdə gecələr yata bilmirdim, çünki yuxuda təxminən eyni yuxular görürdüm: mən əynimə böyük olan paltarlarda, ayağımda dikdaban, özü də çox hündür, ayaqqabılarda onun arxasınca gedirəm, ayaqqabılarım narahat olduğundan, dabanları yerə bərk vuraraq taqqıldadıram. Alınan səslərdən utanıram.

Lakin o, buna heç bir məhəl qoymadan yoluna davam edir. Nəhayət, özümü toplayıb əlimi onun çiyninə vururam. O mənə tərəf dönüb dayanır.

Üzümə diqqətlə baxır. Heç nə demir. Gözləri nə istədiyimi soruşur. Mən isə anlayıram ki, bu üç sözü birnəfəsə, ona dinləməməyə şans vermədən deməliyəm.

Və deyirəm. Əlimdə hardansa bir dəstə gül peyda olur. Yuxular üçün bu adi haldır. Onları ona verirəm. Mənim dediklərimə inanmadığı üçün (bəlkə də, məni tanımadığı üçün) yerindəcə qalır.

Onu inandırmaq üçün dayanmadan “mən səni sevirəm” kəlmələrini və onlarla birlikdə gül dəstələrini onun üzərinə yağdırıram.

Gül dəstələri, nəhayət, onun üzərini örtür. Bu vaxt dəstələrin altından onun çətin eşidilən səsi gəlir. Nə dediyini anlaya bilmirəm.

Onu yaxşı eşitmək üçün gül dəstələrini kənara itələməyə başlayıram. Bir azdan səs kəsilir, mən isə hələ də gül topasını dağıdıram. Axırda əlim torpağa dəyir. Onun necə yoxa çıxdığını anlaya bilmirəm...

Tər içində yuxudan ayılandan sonra artıq yata bilmirdim.

Təkrarlanan dəhşətli yuxularımla dolu bu mənasız, darıxdırıcı bir aydan məni heç özü də bilmədən İmran qurtardı....
XS
SM
MD
LG