Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:25

Etimad Başkeçid. Şairlər haqqında şeir, Qara-qışqırıq...















ŞAİRLƏR HAQQINDA ŞEİR


it unu misalı dağılıb dünyaya,
tək səbir kimi hayana baxırsan şair, şair…
vurana əlsiz, söyənə dilsiz,
hərəsi bir meyxana dibində,
illərin, ayların, mövsumlərin dışında
gəlincik kimi qənirsiz bir həyat peşində
çaxırı sirkəyə çevirən zamandan
mərhəmət gözləyir, imdad diləyir.

şeir yazır, elə bil qovğada baş yarır,
həmişə hamıdan gileyli,
içində insan deyə güvəniləcək kimsə yox,
bir-birinin ətini yeməyə meylli,
qan-qarğış, biçarə, tüfeyli.

amma, itlər boğuşunca
yolçuya yol verir Allah,
yürü şer yazmayan erkək!
hərdən binəva şairə
fitrədən, sadağadan fırlat,
çünki, bu dünyadır, dostum,
üsul və ərkan budur—
qananlar qanmazlara borcludur.
çünki, cəhənnəmin veyil dərəsi
onsuz da şairlərlə doludur.


QARA - QIŞQIRIQ

duymadım bəli,
heç duymaq belə istəmədim.
eşitmədim, görmədim,
umrunda deyildim çünki,
bilmədim, görmədim, eşitmədim deyə,
öldürəcəksinizmi məni indi?

yəni mənimçünmü vurulur bu davullar,
mənə aidmi bu qarğışlar,
lənətləmələr, nifrinlər,
mənəmi oxunur bu hökm, əcəba,
nədən əyilmiş insanların sir-sifəti,
lənət şeytana!

bir durun,
qarğa bazarı deyil ha bura,

bir Allah şahiddir sevmirəm tünlüyü,
biriniz deyin, biriniz eşidin Tanrı eşqinə,
öldürdüyünüzü adam kimi öldürün.

bəs o eksklüziv podiumdakı kimdi,
carçımı,
cəlladmı,
dilmancmı?
biz hansı əsrdəyik hazırda görəsən
mən kimə ərz etməliyəm son amacımı?

olsun ki…
suyun başını kəsdirmiş əjdarha,
qurban istəyirp şəhərdən.
bəlkə…
… əşşi dayanın,
duymadım bəli, heç duymaq belə istəmədim,
eşitmədim, görmədim,
umrunda deyildim çünki,
bilmədim, görmədim, eşitmədim deyə
öldürəcəksinizmi məni indi?
XS
SM
MD
LG