Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:13

Türkiyədə bələdiyyə - yazarların ən böyük dostu


Mais Əlizadə
Mais Əlizadə
Azadlıq Radiosunun Türkiyə təmsilçisi


İnsan toplumlarının inkişafında yerli özünüidarə orqanlarının müstəqilliyi böyük önəm ərz edir.

Dünya təcrübəsi bələdiyyə institutlarının mədəniyyətin inkişafına bir çox hallarda mədəniyyət nazirliklərindən daha səmərəli dəstək verdiyini göstərir.

Türkiyədən misal vermək lazım gəlsə, İstanbulun Bakırköy rayon bələdiyyəsinin afişalarına baxmaq kifayət edər: bələdiyyənin Yunus Əmrə adına mədəniyyət mərkəzinin afişalarında Çexovdan, Nazim Hikmətdən, İoneskudan, Şoudan, Əziz Nesindən, Uğur Mumcudan.... əsərlərin oynandığını görə bilərsiniz.

Bu əsərləri həm bələdiyyənin öz teatrı, həm də özəl teatrlar səhnəyə qoyur.

İndi hətta Milliyyətçi Hərəkat Partiyasından olan bələdiyyələr bozqurdların əfsanəvi lideri Alparslan Türkeşin adından çox, milliyyətçi-mühafizəkar yazarların adlarını əbədiləşdirməyə üstünlük verirlər.
Özəl teatrlara isə həm mədəniyyət nazirliyi, həm də bələdiyyələr dəstək verirlər.

İstanbul metropol bələdiyyəsinə bağlı teatrların repertuarını araşdırarkən Türk və dünya klassikasının zəngin “menyu”su ilə qarşılaşırsınız: teatr mövsümünün açılışı ərəfəsində tamaşaçıların bələdiyyə teatrlarının repertuarlarını öyrənərək bir mövsüm üçün bilet sifariş vermələri işin ciddiyyətini göstərən faktlardan biridir.

Bələdiyyələrin ədəbiyyata və sənətə verdikləri dəstək ölkələrin mədəni səviyyəsinin yüksəlməsinə təsir göstərən çox önəmli bir faktordur.

Mərkəzi idarəçiliyin öz səlahiyyətlərinin böyük qismini yerli özünüidarə etmə orqanlarına təhvil verdiyi zəmanəmizdə bələdiyyələr də öz fəaliyyət dairələrini getdikcə genişləndirməkdədirlər.

İndi “torpaq satıb zibil yığan bələdiyyə” məfhumunun yerini “ədəbiyyata və sənətə dəstək verən bələdiyyə” anlayışı almaqdadır.

Türkiyədə ən az əhalisi olan bələdiyyələrin sədrliyinə namizədlərin seçki qabağı təbliğat manifestlərini oxuyanda istisnasız olaraq hər namizədin proqramında “sənətə, mədəniyyətə, ədəbiyyata” dəstəklə bağlı önəmli vədlər görürsünüz.

İndi bələdiyyələr, demək olar ki, siyasi liderlərin heykəlini qoymur - ədəbiyyat və sənət adamlarının heykəlini ucaldaraq seçicilərin qəlbini fəth etməyə çalışırlar.

İndi bələdiyyələrin açdıqları parklara əksər hallarda ədəbiyyat və sənət adamlarının adları verilir – teatrlar isə istisnasız olaraq görkəmli aktyorların adlarını daşıyır.

Oxucularla son məlumatı bölüşmək ehtiyacını hiss edib demək istərdim ki, İstanbulun Beşiktaş rayon bələdiyyəsi “Cümhuriyyət” qəzetinin bir neçə ay əvvəl vəfat etmiş baş yazarı, “terror təşkilatı qurmaq və idarə etmək” ittihamına məruz qalan İlhan Səlçukun heykəlini qoyacaq.

İndi Milliyyətçi Hərəkat Partiyasından olan bələdiyyələr bozqurdların əfsanəvi lideri Alparslan Türkeşin adından çox, milliyyətçi-mühafizəkar yazarların adlarını əbədiləşdirməyə üstünlük verirlər.

1984-89-cu illər arasında İstanbul bələdiyyəsinə Ana Vətən Partiyasından seçilərək başqanlıq edən Bədrəttin Dalandan soruşmuşdum ki, fəaliyyətiniz dövründə sizi ən çox hansı işiniz qane etdi?

İstanbulun Əsəntəpə bələdiyyəsinin Türkiyədə yaratdığı ilk dicital kitabxananın açılışı
Cavabı :”Məhəmməd Füzuliyə İstanbul boğazında heykəlini qoymağım. Başqan seçiləndən sonra İraqa gedib Kərbəlada Füzulinin məzarını ziyarət etdim.

Məzarı İstanbula gətirmək üçün hər şeyi etməyə hazır idim - ancaq mümkün olmadı”.

Mühafizəkar partiyaların idarə etdiyi bələdiyyələrin “açıq-saçıq” heykəlləri sökmə cəhdləri cəmiyyətin sərt reaksiyasına səbəb olmaqdadır...

Türkiyədə ədəbiyyatın və sənətin təbliğinə bələdiyyələrin dəstəyini yazacağıma dair oxuculara vəd verəndən sonra İstanbulun Əsəntəpə bələdiyyə başqanlığından dəvətnamə aldım: dəvətnamədə bələdiyyənin Türkiyədə yaratdığı ilk dicital kitabxananı mədəniyyət naziri Ərtuğrul Günayın açacağı bildirilirdi.

Uzun müddətdən bəri bu cür dəvətləri qulaq ardına vurub özümü müftə yeməklərdən də məhrum etmişdim - Əsəntəpə bələdiyyəsinin dəvətinə “yemək faktoru” da əlavə olunan kimi Ərtuğrul Günayın çıxış etdiyi tribunanın yanında lövbər saldım.

Sol hərəkatın keçmişdəki filosoflarından olub (hər dəfə bunu ona xatırladanda hörmətli Günayın sifətinə qonan razılıq əlamətindən özüm də razı qalıram) indi AKP sıralarında külüng vuran Ərtuğrul bəy Türkiyədə teatrların sayını artıracaqlarına diqqəti cəlb edərək, bunu bələdiyyələrin köməyi ilə həyata keçirəcəklərini vurğulayırdı.

Əsəntəpə bələdiyyə başqanı Tevfik Göksu isə 5 illik proqramının ən böyük layihələrindən birinin- rayonun mərkəzindəki binaların bir hissəsini sökərək dicital park yaratmaq olduğunu deyirdi. Başqan Göksü ilə qısa dialoqumuzdan:

- Nəşriyyatlara getməyə tərəddüd edən istedadlı bir yazar kitabının çapı üçün sizə gəlsə, dəstək verərsinizmi?

- Hər bir istedadlı adamın nəinki kitabını çap etdirərəm, onun satışını da təşkil edərəm.

Nazir teatrdan da söhbət açdı..

- Bələdiyyəmizdə teatr məktəbi açırıq. Burada musiqi məktəbi, dil məktəbi, əl sənətləri məktəbi var. Bizim fəaliyyətimizin əsas məqsədi Əsənlərdəki istedadlı insanları meydana çıxarmaqdır. İstedadı meydana çıxarmaq üçün istedadın qabağını açmaq lazımdır. Ölkəmiz üçün ziyanlı olmasın - dünya görüşündən asılı olmayaraq, hər bir müəllifin pyesini teatrımızda tamaşaya qoyarıq.

- Bələdiyyənin nəşriyyatını yaratmağı düşünürsünüzmü?

İstanbulun Əsəntəpə bələdiyyəsinin Türkiyədə yaratdığı ilk dicital kitabxana. Türkiyənin mədəniyyət naziri Ərtuğurl Günay (sağda)
- İndi biz işlərimizin əlini-ayağını bir yerə toplayırıq. Ondan sonra bələdiyyənin özünün yayınları da olacaqdır.

İstanbul metropol bələdiyyəsinin kitab satışı işinə girməsi Türkiyənin mədəniyyət həyatının önəmli hadisələrindən biridir.

Özünün nəşriyyatı olan bələdiyyənin 3 kitab mağazasında klassiklərlə yanaşı, müasir Türk və dünya ədəbiyyatının böyük ustalarının kitabları satılmaqdadır.

Metropol bələdiyyəsinin nəşriyyatı və kitab mağazaları mədəniyyət sahəsində kitabların satışı üzrə ixtisaslaşmışdır.

Nəşriyyatın sənət məsələləri üzrə idarəçilərindən biri azərbaycanlı qrafik sənət ustası Aydın Süleymandır.

Bələdiyyənin İstiklal prospektindəki kitab mağazası orada yerləşən özəl kitab mağazaları ilə əməlli-başlı rəqabət halındadır...

İnsan toplumlarının müasir standartlarda idarəsi mərkəzi hakimiyyətin öz səlahiyyətlərini yerli özünü idarə orqanları ilə bölüşməsindən keçir.

Təcrübə göstərir ki, bələdiyyələrə nə qədər çox səlahiyyət verilsə, onlar ədəbiyyat və mədəniyyətin inkişafına daha çox maddi mənbə yaratmağa çalışırlar.
XS
SM
MD
LG