Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:24

37-ci ilin qəzetləri Z.Tağıyev haqqında nə yazırmışlar...


“Kommunist” qəzetinin 27 aprel 1937-ci il tarixli sayı
“Kommunist” qəzetinin 27 aprel 1937-ci il tarixli sayı
“Kommunist” qəzetinin 27 aprel 1937-ci il tarixli sayında Hacı Zeynalabdin Tağıyev haqqında məqalə yer alıb.

“Milyoner Tağıyev işçiləri vəhşicəsinə döyürmüş

“Bir neçə zamandan bəri, yəni üç aydır ki, mən aylıq maaşla Bakının birinci gildiya taciri Hacı Zeynalabdin Tağıyevin, Bayıl burnu ilə Şıxkəndi arasında “Naftalan” deyilən yerdə fotogen zavodunda ağ neft boçkalarını rəngləməklə məşğulam. Mənimlə bərabər şagirdlərim Nikolay Popov və familiyası mənə məlum olmayan Ağakişi adlı biri işləyir.

Mən işə daxil olan gündən heç bir pis işdə olmamışam, öz vəzifəmi vicdanla, namusla və ayıq yerinə yetirmişəm; məndən heç bir şikayət və iddia edilməmişdir, həmçinin mən ağamın sözündən çıxmamışam, ona qabalıq etməmişəm və əmrini yerinə yetirməmiş olmamışam.

Lakin buna baxmayaraq, mən öz şagirdlərimlə birlikdə müdhiş, xariqüladə cəzaya, yəni işgəncə və əziyyətə məruz qalmışam: məlum olduğu kimi, böyük sərvətə malik bir adam olan mənim ağam Hacı Zeynalabdin Tağıyev itaətli qulu olan işçiləri arasında özünü hər cür cinayət üçün cəzadan azad hiss edir, həmin avqust ayının 7-də səhər saat 9-da bir cinayət işləmiş, yəni öz sadiq nökərləri olan Atakişi Bala oğluna və Zülfəliyə məni və iki şagirdimi başı aşağı asdırıb döyməyi əmr etdi.

“Belə hallarda ölüm labüddür və şübhəsizdir”

Cənab Hacı Zeynalabdin Tağıyevin sadiq və itaətli nökərləri olan Atakişi Bala oğlu və familiyasını bilmədiyim Zülfəli, dərhal ağalarının əmrini yerinə yetirdilər: məni və iki şagirdimi başı aşağı asıb, bir saat məni və şagirdlərimi bərk döydülər. İşçilərə belə divan qurulmuş oldu.

Mənim və şagirdlərimin bədəni möhkəm olduğundan və təbiətcə sağlam olduğumuzdan çılpaq bədənimizə bir saat vurulan ağır zərbələrə davam gətirə bildik və ölmədik, halbuki belə hallarda ölüm labüddür və şübhəsizdir. Mənim və şagirdlərimin başı aşağı asılıb döyülməsinə, eşitdiyimə görə səbəb o imiş ki, Tağıyevin boçkalarına sürtdüyümüz rəng Tağıyevin özünə xoş gəlməyibmiş.

(İşçi Baxış Şadinovun Bakı okruq məhkəməsinə verdiyi ərizədən. Bu material dosent V. Gülnəzərovun “Tağıyev işçilərin zalimi” mövzusunda çapa hazırladığı kitabdan götürülmüşdür)”.
XS
SM
MD
LG