Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:24

«Bunu məhkəmə deyə bilər»


«Azadlıq qəzetinin keçmiş direktoru Azər Əhmədovla bağlı Lider TV-də yayılan video görüntünün Konstitusiyaya uyğun olub-olmamasını ancaq məhkəmə deyə bilər».

Bunu Məhkəmə-Hüquq Şurasının üzvü Əli Hüseynov deyib.

«Elə ola bilər ki, heç vətəndaş narazı qalmasın və hesab etsin ki, insan haqları pozulmayıb. Hesab edirsə ki, haqqı pozulub, onda bu KİV-i məhkəməyə versin», - Əli Hüseynov bildirib.

Keçmiş deputat Elmira Axundova isə jurnalistlərə bildirib ki, vətəndaşın şəxsi həyatına müdaxilənin yolverilməzliyi ilə bağlı Konstitusiyaya edilən dəyişiklik sıravi vətəndaşlara aiddir, siyasi həyatda təmsil olanlara yox:

«Ona görə biz parlamentdə bu qanuna dəyişiklikləri müzakirə edəndə xüsusilə qeyd etmişik ki, şəxsi həyata müdaxilə ilə bağlı qadağalar ancaq adi
Elmira Axundova
vətəndaşlara aiddir. O ki qaldı siyasi partiyada iştirak edən insanlara, millət vəkilləri, dövlət məmurlarına, onların şəxsi həyatı bir növ ictimai-siyasi həyatlarının davamıdır. Siyasətlə məşğul olunanlar elə həyat tərzi keçirməlidirlər ki, onların şəxsi həyatı fotolara, videokameralara hədəf olmasın. Bilməlidirlər ki, hər an özlərini fotolarda, videogörüntülərdə görə bilərlər».

Elmira Axundova sözügedən video-görüntünün gündüz saatlarında efirə verilməsini düzgün hesab etmir, bununla belə əlavə edir ki, siyasətlə məşğul olanlar şəxsi həyatında da məsuliyyətli olmalıdır.

Qərb ölkə liderlərinin də həyatından vaxtaşırı belə epizodların nümayiş olunduğuna diqqət çəkən Elmira Axundova bunu yaxşı hal saymasa da, birmənalı da qarşılamır.

Bir neçə gün öncə Lider TV internetdə Azər Əhmədovun bir qadınla seks görüntülərinin yayıldığı kadrları öz Xəbərlər proqramında yayımlayıb.

Müstəqil ekspertlər bu addımı etik prinsiplərə zidd olduğunu söyləyib, şəxsi həyata müdaxilə kimi qiymətləndirib.

Televiziya mütəxəssisi Zeynal Məmmədli:

«Bu, qadına münasibətdə birbaşa insanların özəl həyatına müdaxilə və biabırçı bir haldır. Siyasi baxımdan da bu qara piardan başqa bir şey deyil».

Zeynal Məmmədli bildirir ki, erotik və pornoqrafik görüntüləri xüsusən də gündüz saatlarında və hər hansı kod olmadan yaydığına görə, Lider TV ciddi cəzalandırılmalıdır.

Milli Teleradio Şurası hələ də baş verənləri şərh etməyib.

AzadlıqRadiosu əməkdaşının Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli ilə görüşmək cəhdi alınmayıb. Şuranın təhlükəsizlik xidməti bildirib ki, hazırda sədr ATƏT nümayəndələri ilə görüşdədir. Şuradan bildiriblər ki, Nuşirəvan Məhərrəmli iş cədvəlinə əsasən növbəti həftəyədək məşğuldur.

HƏMÇİNİN OXU: «Lider» göstərir, MTRŞ susur, DİN qarışmır...
XS
SM
MD
LG