Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:01

«Namizədlərin çıxışı məni əsəbiləşdirir»


Bəzi müstəqil müşahidəçilərin təxminlərinə görə, Azərbaycanda seçkilər boz, hərəkətsiz və idarə edilən bir prosesə çevrilməkdədir
Bəzi müstəqil müşahidəçilərin təxminlərinə görə, Azərbaycanda seçkilər boz, hərəkətsiz və idarə edilən bir prosesə çevrilməkdədir
Ötən şənbədən İctimai televiziyada deputatlığa namizədlərin pulsuz çıxışları başladı. 4 dəqiqə içində namizədlər proqram-platformalarını açıqlamalı, seçicidə özlərinə inam, etimad yaratmalıdırlar. Bacarırlarmı?
Bəziləri çıxışlarını tələm-tələsik yekunlaşdırmağa çalışdığından sözlərini yarımçıq kəsir, mesajlarını çatdıra bilmir, bəziləri də vaxtı qala-qala «Deməyə sözüm yoxdur» söyləməklə kifayətlənir.

«SÖNÜK, MİSKİN...»


Hüquqşünas Bəhruz Kərimov deyir ki, 2000, 2005-ci il parlament seçkiləri zamanı çıxışlar son dərəcə coşqun, hərarətli olurdu. Onun qənaətincə, bu dəfə seçkinin nəticələrinə inam yoxdur deyə, deputatlığa namizədlər nə çıxışlarına, nə efirdəki səliqə-sahmanlarına ciddi nəzarət edirlər. Kimisinin geyimi səliqəsiz, kimisinin davranışında qüsurlar:

«Mənzərə məndə miskin təəssürat yaradır. Çox sönük, həddən artıq sönük danışırlar. Bəlkə də, bəzilərinin danışmağa sözü yoxdur. Elə mənasız keçir ki, əsəbiləşirəm».

«MÜXALİFƏTÇİLƏR HEÇ HÖKUMƏTİN ADINI ÇƏKMİRLƏR»
Bəhruz Kərimov


Bəhruz Kərimov az qala bütün namizədlərin çıxışlarını izləyib. AXCP-Müsavat blokunun namizədi Qubad İbadoğlunu çıxmaqla heç biri ona maraqlı gəlməyib. Bu çıxışlarda kəsər, qətiyyət görmədiyini deyir:

«Müxalifətçilərin bəzisi heç hökumətin adını da çəkmir, hökumətin yaratdığı korrupsiyanın, problemlərin adını dilinə də gətirmir. Müxalifətçilər zəif olduğundan heç görürsən YAP-çılar da müzakirələrə ciddi, qızğın şəkildə qoşulmurlar. Ənənəvi mövqedir...»

Müstəqil namizədlərə gəlincə, Bəhruz Kərimov deyir ki, özlərini bitərəf kimi qələmə verdiklərini desələr də, çıxışların sonunda, necə deyərlər, xoruzun quyruğu görünür. Onlar hökumətin siyasətini dəstəkləyəcəklərini deyirlər.

QUBAD İBADOĞLU: «BELƏ MÜXALİFƏTÇİLƏR TƏƏSSÜF DOĞURUR»


AXCP-Müsavat seçki blokunun namizədi, 20 saylı Nərimanov ikinci seçki dairəsindən namizədliyini vermiş Qubad İbadoğlu deyir ki, opponentləri vaxtı bölüşdürə bilmədikləri üçün mesajlarını düzgün çatdıra bilmirlər:

«Amma görünür, bu xətt də var ki, bəzi adamların mövqeyini loyal göstərmək, bir az tənqiddən uzaqlaşmaq, bir az özünü mərkəzçi kimi təqdim etmək niyyəti də var. Elələri ilə də rastlaşırıq. Belələri müxalifətdən olanda təbii ki, təəssüf doğurur».
Qubad İbadoğlu

HƏYƏCANLANIB DANIŞA BİLMƏYƏN, TƏCRÜBƏSİZ NAMİZƏD KİMDİR?


Vaxtın azlığı üstündə mübahisələr getdiyi bir zamanda namizədlərdən biri Səkinə Həmidova çıxışdan imtina edib. Daha düzü, çıxış üçün bir dəqiqədən çox vaxtı qalsa da, bu imkandan yararlanmayıb. Bitərəf Səkinə Həmidova seçkilərə 32 saylı Suraxanı üçüncü seçki dairəsindən qatılıb. Namizədliyini isə «İnsan Naminə» bloku verib. Bu bloku Liberal, Vətəndaş və İnkişaf, Təfəkkür partiyaları və Ziyalılar Hərəkatı yaradıb.

- Dörd dəqiqə az deyil. Amma birinci dəfə olduğu üçün çıxışım məni qane etmədi.

- Bəs əvvəldən hazırlaşmamışdınız?

- Mənə üç-dörd saat qabaqdan demişdilər. Həm də özüm də həyəcanlandım. Onlarlıq bir şey yoxdur. Təcrübəm olmadığından belə alındı.

- Hansı problemlərə toxunmaq istərdiniz, toxuna bilmədiniz?

- Camaatı səsverməyə çağırardım ki, öz hüquqlarından istifadə etsinlər.

- Sizi başqalarından fərqləndirən nə olacaq ki, seçici ancaq sizə səs versin?
- Özüm istəyirəm xalqıma kömək edim. Fərq ancaq bu olar. Mən deputatlığa can atmıram. Xalqıma problemlərinin həllində kömək etmək istəyirəm.

- Ən böyük problem nədir?

- Siz onları bilirsiniz...

RƏNGSİZ, AĞ-QARA ÇIXIŞLAR


İstənilən seçkiyə rəng qatan həm də televiziya çıxışlarıdır. Amma bu dəfə çoxlarının fikrincə vaxt məhdudluğundan bu çıxışların dadı-duzu da qalmayıb. Əvvəla ona görə ki, Hakim Yeni Azərbaycan Partiyası istisna olmaqla blok və ya partiyalardan heç kim 60 nəfərlik baryeri aşıb, pulsuz efir imkanı qazana bilməyib deyə geniş tele-debatlar olmayacaq. Bu imkanı təkbaşına əldə edən hakim partiya isə pulsuz efir vaxtından imtina edib. YAP-ın icra katibi Əli Əhmədova görə, rəqib olmayanda dialoq da olmur.

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov isə partiyanın veb-saytına deyib ki, Mərkəzi Seçki Komissiyasının hər bir deputatlığa namizəd üçün 4 dəqiqə pulsuz efir vaxtı ayırmaq qərarı çox böyük yenilikdir. Onun sözlərinə görə, MSK-nın qərarı ilə bütün namizədlərə bərabər şərait yaradılır.
AXCP sədri Əli Kərimli, Müsavat sədri İsa Qəmbər


Müxalifətçi deputatlığa namizəd Qubad İbadoğlu isə YAP-ın bu addımın sadəcə jest adlandırır. Həm ölkə daxilində, həm də xaricdə siyasi xal qazanmaq üçün edilən jest. Onun qənaətincə, hakim partiyanın üzvləri onsuz da səhərdən axşamadək həmişə efirdədirlər.

MÜXALİFƏT LİDERLƏRİ NİYƏ İMTİNA EDİRLƏR?


Müxalifətçi liderlər də pulsuz efirdəki çıxış haqlarından imtina edirlər. AXCP sədri Əli Kərimli artıq belə qərar verib:

«Müxalifət liderlərinin mübarizəsini ölkə miqyaslı mübarizədən dairə miqyaslı mübarizə səviyyəsinə endiriblər. YAP liderləri ilə dialoq, debat imkanı yoxdursa, o zaman bir dairə çərçivəsində dialoqa ehtiyac görmürəm. Təyin olunmuş digər namizədlərlə müzakirə etməli bir məsələ görmürəm».

Müsavat Partiyası başqanı İsa Qəmbərsə bu haqda qərarını hələ qətiləşdirməyib.

Beləcə, bəzi müstəqil müşahidəçilərin təxminlərinə görə, Azərbaycanda seçkilər boz, hərəkətsiz və idarə edilən bir prosesə çevrilməkdədir.
XS
SM
MD
LG