Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 12:27

Prezident paytaxtın merini qovdu...


Yuri Lujkov
Yuri Lujkov
RİTA-SİTA agentliyinin məlumatına görə, Rusiya prezidenti Dmitri Medvedev Moskva meri Yuri Lujkovu işdən çıxardıb.

Maraqlıdır ki, Medvedev fərmanı imzalamaq üçün Moskvaya qayıtmağı gözləməyib. Çində səfərdə olan prezident fərmanı Şanxayda imzalayıb.

Prezidentin fərmanında merin işdən çıxarılmasının da əvvəlki fərmanlarda olmayan səbəbi göstərilib. RİTA-SİTA-nın məlumatına görə, Lujkov işdən «prezidentin etimadını itirdiyinə görə» çıxarılıb.

Baş nazirin keçmiş müavini, indi isə Rusiyanın müxalifət lideri olan Boris Nemtsov Azadlıq Radiosunun Rus xidmətinə deyir:

«Prezidentin etimadını itirmək çox ciddi ittihamdır. Koryak, Nenets, Amur regionlarının qubernatorlarını işdən çıxardanda Medvedev bu ifadədən heç vaxt istifadə etməyib».

İSTİNTAQ BAŞLAYACAQMI?

Nemtsovun fikrincə, Lujkov məsələsi burda bitməməlidir. O deyir: «Əgər çoxsaylı korrupsiya işləri üzrə istintaq başlamasa, bu günki fərmanın legitimliyi şübhə altına düşəcək və Lujkov müstəqil siyasi oyunçu kimi meydana çıxacaq».

«Prezidentin etimadını itirmək çox ciddi ittihamdır»
Rusiyanın Ali Qanunu prezidentə imkan verir ki, Moskva merini və qubernatorları işdən azad etsin və yeni meri, qubernatoru seçki keçirmədən vəzifəyə təyin etsin.

18 ildir ki, Moskva meri olan Lujkov son vaxtlar dövlətin nəzarətində olan televiziyalarda korrupsiyada və qohumbazlıqda ittiham olunurdu.

LUJKOV DİLİNİ DİNC QOYSAYDI

Ümumi fikrə görə, Lujkovu işdən Medvdevlə arası olmadığına görə çıxarıblar. «Reuters»in fikrincə, Lujkov sentyabrın 6-da «Rossiyskaya Qazeta”ya müsahibəsində «ölkənin daha güclü və qətiyyətli liderə ehtiyacı var», «Rusiya hökumətinin həqiqi nüfuzunu bərpa etməsinə ehtiyac var»- kimi ifadələr işlətməklə Medvedevi özündən narazı saldı.

«Reuters»in məlumatına görə, Medvedev fərmanı imzalayandan sonra deyib ki, Moskvanın növbəti rəhbərinin kim olacağını o hələ müəyyən edəcək. Hələlik bu iş Lujkovun müavini Vladimir Resinə tapşırılıb.

1 MİLYON DOLLARLIQ SAAT

Lujkovu Moskva meri vəzifəsinə o vaxtkı Rusiya prezidenti Yeltsin təyin etmişdi
Resin Lujkovun adamı hesab olunur. O, Moskvada tikinti sektoruna cavabdehdir. Lujkovun milyardçı həyat yoldaşı Yelena Baturina pulunun böyük hissəsini Moskvada tikintilərdən qazanıb.

Keçən il «Vedomosti» Resinin şəklini dərc etmişdi. Resinin qolunda İsveçrənin «DeWitt Academia Tourbillon Differentiel» qızıl saatı vardı.

Bu saatın qiyməti düz 1 milyon dollardır.

«Vedomosti» yazırdı ki, hələ Rusiyada heç bir rəsminin qolunda belə bahalı saat olmayıb.

MOSKVA MERİ NƏ DEMƏKDİR?

Moskva bütün Rusiyanın Daxili Məhsulunun beşdə birini verir. Lujkov faktiki olaraq 320 milyard dollar qiyməti olan sərvətə başçılıq edirdi.

Hazırda 74 yaşı olan Lujkovu Moskva meri vəzifəsinə Sovet İttifaqı dağılandan bir neçə ay sonra o vaxtkı Rusiya prezidenti Yeltsin təyin etmişdi.
XS
SM
MD
LG