Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:18

Rus xofu çexlərin canından çıxmayıb


Çexlər «Məxməri inqilab»ın 20 illiyini qeyd edirlər, 17 noyabr 2009
Çexlər «Məxməri inqilab»ın 20 illiyini qeyd edirlər, 17 noyabr 2009
Çexiya 20 ildir Sovetlərdən azad olub. Amma rusun qorxusu hələ də qalıb. Hətta bəziləri iddia edirlər ki, ruslar geri qayıdır və əvvəlkindən də güclü şəkildə. Bu dəfə rusların əlində silah və kommunist şüarları yox, pul var.

Çexlərin Avropa Birliyindəki bəzi qonşuları da əmindir ki, Rusiya Avropa siyasətçilərini ələ alır.

Məsələn, Çexiya prezidenti Vaslav Klaus ötən ilin oktyabrında qurumun yeni Konstitusiyası – Lissabon xartiyasını imzalamadı, əvəzində Moskvaya gedib Avropanı tənqid etdi.

Düzdür, sonra Klaus həmin sənədə imza atdı, amma Avropa Birliyini yetərincə sarsıdandan sonra.

PREZİDENT «RUSİYA AGENTİ»DİR?

Jurnalist Yaroslavl Plesl Klausu hətta «Rusiya agenti» olmaqda ittiham edir:

«Hansısa dəlil-sübuta ehtiyac yoxdur. Onun hərəkətlərinə fikir verin yetər. Rusiyanın istədiyi Avropa Birliyini bacardıqca zəiflətməkdir və Klaus da bu məqsədlərə yaxşı xidmət edir».

Vaslav Klausun Moskva səfəri, 14 oktyabr 2009
Çexiyada Rusiyaya işləməkdə təqsirləndirilən nüfuzlu şəxslərin siyahısı prezidentlə bitmir. Neft-qaz istehlakının 90 faizə qədərini Rusiyanın hesabına ödəyən Çexiyada dolayı yolla ruslara məxsus olan çoxlu şirkətlər var.

Çexiya kəşfiyyatının keçmiş rəhbəri Karel Randak:

«Ruslar Çexiya üçün əhəmiyyət kəsb edən hansısa sahəyə sahib olmaq istəyəndə, bunu İsveçrə və ya Şərqi Avropadakı şirkətlər vasitəsilə edirlər. Heç kəs deyə bilmir ki, bunun arxasında ruslar dayanır».

RUSİYA ÇEXİYADA İQTİSADİ RIÇAQLARI ƏLƏ KEÇİRİR

Bu cür şirkətlər arasında 2001-ci ildə qurulan və Rusiya qazını Çexiyada satan «Vemex» şirkəti də var. «Vemex» Çexiya bazarının 10 faizinə nəzarət edir, «Qazprom»un törəmə müəssisəsi olsa da, İsveçrə, Almaniya, Avstriya və Kiprdəki qəliz bir şəbəkə vasitəsilə idarə edilir.

Çexiya beynəlxalq hava limanındakı aviasiya benzini sifarişlərinin 20 faizini ələ keçirən «Lukoil»un tenderi necə udması da qəribədir.
Neft və qaza tələbatının 90 faizini Rusiyanın hesabına ödəyən Çexiyada ruslara məxsus çoxlu şirkətlər var
Tenderdə rəqibsiz qalan «Lukoil»un rəhbəri Vahid Ələkbərovun bu müqavilədən ötrü Praqada prezident Klausla gizli görüşdüyünü də deyirlər.

«AÇIQ DEYİN Kİ, BUNLAR SATLIQDIR, AMMA RUSLARA YOX»

Təbii ki, ruslar bu iddiaları təkzib edirlər. Rusiya Ticarət Palatasının nümayəndəsi Sergey Mikoyan:

«Niyə Rusiya pulu ola-ola xaricdə mülkiyyət almamalıdır ki?! Hansısa şirkət satılmamalıdırsa, qoy satmasınlar. Ya da açıq deyin ki, bunlar satlıqdır, amma ruslara yox».

«Lukoil»u təkcə Çexiya sənayesinə sahib olmaqda yox, həmçinin siyasətçiləri satın almaqda ittiham edirlər.

Məsələn, keçmiş Baş nazir Miloş Zemanı, kommunist lideri Miroslav Sloufu birbaşa «Lukoil»a lobbiçilikdə ittiham edirlər. Zeman «Lukoil»dan bir qəpik də almadığını desə də, lobbiçilikdə pis bir şey olmadığını bildirir.

Xarici İşlər naziri, Qərbmeylli Karel Şvartsenberq də Rusiyanın Çexiyada iqtisadi rıçaqları ələ keçirdiyini etiraf edir, deyir ki, bunun siyasətə real təsir etmə təhlükəsi var.
XS
SM
MD
LG