Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:32

İslamda musiqi halaldır, ya haram?


Saleh Kazımov
Saleh Kazımov
Haram sırasına musiqini aid etmək olarmı? Çoxlarının ruhun mənəvi qidası adlandırdığı musiqini dinləmək günahdırmı? Bəs oxumaq? Günahdırsa, nəyə əsasən? Halaldırsa, kim deyir, nəyə əsaslanır?

AzadlıqRadiosu və «Internyus-Azərbaycan»ın birgə layihəsi – «İslam və demokratiya» proqramında bu dəfə bu sala cavab aranıb.

QURANDA MUSİQİNİN HARAM OLMASI YAZILMAYIB?

İlahiyyatçı, dini tarix sahəsində araşdırmaçı Saleh Kazımov deyir ki, musiqinin haram olması ilə bağlı İslamda hər hansı bir qaynaq yoxdur. Heç Qurani-Kərimdə də bu barədə açıq bir fikir yoxdur:

«Məntiqlə yanaşanda, haram deyil. İnsanda düşkünlük, əhval-ruhiyyəsini pozan nəsə varsa, o, haram sayıla bilər. Amma Sami əl-Yusuf, ya da Türkiyədə ilahilər oxuyan müğənnilərin ifasında nə qəbahət ola bilər?... Musiqi insanları dindən uzaqlaşdırmırsa, Allaha tərəf aparırsa, onu dinləmək olar».

MUSİQİNİN HARAMLIĞIYLA BAĞLI DƏLİLLƏR VAR?

İlahiyyatçı Əkrəm Həsənov isə hesab edir ki, musiqinin haram olması barədə həm Qurani-Kərimdə, həm də hədislərdə kifayət qədər dəlil var. Dediklərinə sübut olaraq Loğman surəsi 6-cı ayəni misal çəkir:

«Bu ayədə buyurulur ki, insanlar arasında elələri də var ki, onlar boş və mənasız sözləri satın alırlar. Bir çox təfsirçilər deyirlər ki, burdakı boş-boş sözlər musiqi anlamını verir. Yaxud da, üçüncü xəlifə Həzrəti Ömər uşaqlarına nəsihətlərində deyib ki, «həyatınızda ilk etiqad etdiyin şey musiqiyə qəzəb olsun. Çünki onun başlanğıcı şeytandandır, nəticəsi də Allah qəzəbidir».

Əkrəm Həsənov bildirir ki, musiqi alətlərini dinləmək qəlbdə nifaq yetişdirir.

XƏLİFƏLƏR DƏ MUSİQİYƏ QULAQ ASIBSA, NİYƏ HARAM OLSUN?


Əkrəm Həsənov
Saleh Kazımov deyir ki, Məhəmməd peyğəmbərin yaşadığı dövrdə indikinə bənzər ifa, musiqi alətləri olub. Onun fikrincə, o vaxtlar bu barədə konkret fikir söylənməyibsə, deməli musiqini haram elan etmək olmaz:

«O dövrdəki mədəniyyət hadisələrini araşdıran mərakeşli ikicildlik əsər yazıb və bunun 20 səhifəsini musiqiyə aid edib. Orada həmin alim musiqinin haramlığı barədə bir söz deməyib. Musiqi insanı yoldan çıxarmırsa, zövqə qida verirsə, onu Allah yolundan azdırmırsa, bunu dinləməkdə haram yoxdur».

MUSİQİ ALLAHI UNUTDURUR?

Şəxsən özünün heç bir musiqi dinləmədiyini bildirən Əkrəm Həsənov isə iddia edir ki, musiqi insanı Allaha tərəf apara bilməz. İnsanı Allaha yaxınlaşdıran amillər yalnız namaz qılmaq, Quran oxumaq, ibadət etməkdir:

«Qiyamət günündə savablar və haramlar tərəziyə qoyulanda, musiqi ən ağır günahlardan biri olacaq. Bu gedişlə vaxt gələcək zina, içkini də halal adlandıranlar olacaq».

ADİ AZƏRBAYCANLILAR NƏ DEYİR?


Mehman deyir ki, əvvəllər o, hər cür musiqini dinləməyi xoşlayırmış. Amma sonradan biləndə ki, İslamın qadağan etdikləri sırasında musiqinin ayrıca yeri var, bundan əl çəkib:

«Allah-tala Şeytana deyir ki, onları səsinlə yerindən oyat. Alimlər də belə qərara gəliblər ki, şeytanın səsi olan şey musiqidir. Hətta qiyamətin əlamətlərində var ki, musiqilər çoxalmayana qədər qiyamət qopmaz... Musiqinin sərxoşluğu içkinin sərxoşluğundan təhlükəlidir».

Bakının Mərdəkan qəsəbəsində yaşayan Könül Məmmədova isə musiqinin haram olması fikri ilə razılaşmır. O, özünü İslamdan uzaq şəxs hesab etmir, namaz qılıb oruc tutur:

Alim Qasımov və Fərqanə Abbasova
«Quranda yazılır ki, insanları pisliyə çağıran hər bir şey haram olmalıdır. Musiqi insanı pisliyə çağırmır ki. Bəlkə də rok-n-rol haram musiqi ola bilər. Bəzən xəbərlərdə eşidirik ki, insanlar yığışıb vəhşiliklər edirlər. Cavanları pis yola çəkirlər. Amma bizim həzin mahnıları, mili oyun havalarımızı heç cür haram hesab edə bilmərəm».

MUĞAM USTALARI NƏ DEYİR?


Alim Qasımov:

«Dünyada haram-halalı Allah bizim üçün mütləq yaradıb... Elə qulağımız, gözümüz üçün də haramlar var. Biz qarışdırırıq hər şeyi. Musiqi mənəvi qidadır. Əhval-ruhiyyəni, insanlığı artıran musiqi heç vaxt haram olmaz. Əksinə, çox halaldır, insan qəm-qüssəsini unudur və Allaha qovuşur, onda sevinc və həyat eşqi yaranır... Musiqiyə qulaq asanda bilinir ki, o, hansı səmtə yönəlib - Şeytani səmtə yönəlibsə, 100 faiz haramdır».

Fərqanə Abbasova:

«Biz çox şeyi Allah yolunda qurban verməyə hazır olan insanlarıq. Bilsəydik ki, haramdır baxmazdıq ki, çörəyimiz burdan çıxır, ailəmiz burdan dolanır, mütləq üstündən xətt çəkərdik. Amma bu dəqiq bir şey deyil ki, haramdır. Mən başqa müəllimlərlə də məsləhətləşmişəm. Onlar deyirlər ki, dəqiq məlumat yoxdur ki, haramdır, ya halaldır. Bu, insanın bəsirət gözünə, altıncı hissinə bağlıdır. İnsan özü qərar çıxaranda bilir ki, haramdır, ya halal. Əlbəttə, düzünü Allah bilir. Allah bağışlayandır. Günah olsa, bizi bağışlasın».
XS
SM
MD
LG