Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:35

Fətullah Güləndən kitab yazan polis rəisi milyonçu oldu


Kitabın müəllifi Hanefi Avcı
Kitabın müəllifi Hanefi Avcı
Vəzifədə olarkən yazdığı “Haliçdə yaşayan Simonlar: dünən dövlət, bu gün təriqət” kitabı ilə satış siyahilarını alt-üst edən Əskişəhər polis idarəsinin keçmiş rəisi Hanefi Avcının kitabının tirajı 567 minə çatıb.

Türkiyədə nurçuların dövlət orqanlarını ələ keçirməsindən bəhs edən kitabın tirajının yaxın vaxtlarda 800 minə çatması gözlənilir.

Kitabın qiyməti 25 Türk lirəsidir (bu günkü məzənnə ilə 15.5 ABŞ dolları).

Türkiyədə nəşriyyatların müəllifə verdiyi qonorar kitabın qiymətinin 10%-ni təşkil edir.

Ancaq müəllifin populyarlığı və ya kitaba tələbin yüksək olacağı ehtimalı nəzərə alınaraq müəlliflərə daha yüksək qonorar verilə bilir.

Məsələn, Nobel mükafatı laureatı Orhan Pamuk, kitablarının çap edildiyi İletişim yayınlarından 20-25% qonorar alır.

Hanefi Avcının kitabının cəmiyyətdə doğuracağı əks-səda nəzərə alan Angora nəşriyyatı ona 15% qonorar verməyi qərarlaşdırıb.

Kitabın tirajı hesablananda keçmiş polis rəisinin indiyə qədərki nəşrlərdən təxminən 1.5 milyon dollar qazandığı ortaya çıxır.

Böyük nəşriyyatların sahibləri Hanefi Avcının kitabından 1 milyon ədəd satılacağını deyirlər.

Türkiyədə kitablarının nəşrindən ən çox pulu Orhan Pamuk qazanır.

Verilən məlumata görə, 2005-2007-ci illər arasında Pamukun dünyada 5.5 milyon ədəd kitabı satılıb. Pamuk o satışlardan təxminən 2 milyon dollar qazanıb.

Elif Şafak 2008-ci ildə bazara çıxan “Eşq” kitabının satışından indiyə qədər 1 milyon dollar qazanıb.

Türkiyədə ən çox satılan kitab isə Turgut Özakmanın “Bu çılğın Türklər” əsəri olub.

İndiyə qədər 897 min ədəd satışı olan kitabdan müəllif təxminən 800 min dollar qazanıb.

Fətulla Gülən
Hanefi Avcı öz kitabında yazır ki, Türkiyədə İslam dövləti qurmaq istəyən Fətullah Gülənin tərəfdarları - nurçular dövlət orqanlarını, xüsusən polis orqanlarında dərin kök atıblar.

Onlar qeyri-qanuni telefon dinləmələri ilə nurçuları tənqid edənləri, eləcə də dünyəvi dövlət tərəfdarlarını şantaj edir, onları gözdən salırlar.

Türkiyə cəmiyyətində artıq heç kimin bu səbəbdən rahat olmadığının vurğulandığı kitabda CHP lideri Dəniz Baykala qarşı seks-kasset qalmaqalının arxasında da polis orqanlarında yuva salmış təriqətçilərin dayandığı iddia edilir.

Kitaba görə, eyni qaydada ordu generallarının, qəzetçilərin də telefon danışıqları dinlənir, İnternetə yerləşdirilməklə şantaj alətinə çevrilir.

Təriqətçilərə yaxın TV və qəzetlər də bu qarayaxma kampaniyalarına dəstək verirlər.
XS
SM
MD
LG