Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:35

Xuraman Hüseynzadə "Neft rəngli qan"


“Bəlayi eşq içrə...”

Bizim həyətdən
Füzulinin sinəsindəki
dağlar görünür...
Ya rəbb, cəlayi vətən içrə
qıl aşina məni...


Neft rəngli qan

İlk dəfə
Kafkanın “Çevrilmə”sini oxuyanda
qorxdum...
Qorxdum ki,
İoneskonun sözü olmasın,
daxilimizdə gizlənən yırtıcı
istənilən an bizi
məğlub edib
üzə çıxa bilər...





İnsanın
vəhşi yırtıcıya,
quduz canavara dönməsi qarşısında
nədi ki
onun tısbağaya
çevrilməsi...

Yırtıcılarla mübarizə yorucu...
Hər ölən ümidin içində yenidən
şəhid kimi doğuluruq.
Qansızlarda qan yox ki
əlimizi qana bulayaq...
Ürəyimizdən axan neft rəngli qanda da
özümüz boğuluruq...

Geri gedən
iri addımların
izi var
haqqımızın üstündə...

Yastıqları başımızın altında,
daşları başımızın üstündə...
Qarğa-quzğunların gözü var
aqoniya halında olan bədənimizdə,
boğazımızdan çıxmağa taqəti olmayan
ruhumuzda...
Qətlə yetirib
sonra yuyurlar bizi öz günahımızda...

Yaşamağımız bir ayıb,
ölməyimiz iki.
Diriykən almadığımız haqqı
məcburuq
öləndən sonra verməyə...

Milyonçu dilənçilər
əl açacaqlar
cansız bədənimizin qarşısında
“Torpaq haqqı!”- deyə...


Məhkumlar

Azadlığın bitdiyi yerdə
məhkumluq başlayır...
Fəxri fərmana,
orden-medala,
zəncirə,
xaltaya,
bir boşqab yala
məhkumluq...

Qızıl qəfəsdə
qırılmış qanadları...
Qızıl qolbağlarla qandallanan,
qızıl zəncirlərini tərpədəndə...
dillənən bu məhkumlar üçün
azadlıq
yalnız
peysərlərinin və
villalarının qatında,
baxışlarının ehtirasında,
dodaqlarının boyasında,
sürmələrinin qarasında,
paçalarının arasında...
XS
SM
MD
LG