Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:37

Sahilə İbrahimova "Təxirəsalınmaz nikbinlik planı" (Hekayə)


Azeri author Sahile İbrahimova
Azeri author Sahile İbrahimova
O gün o da orda idi. Üstəlik isti idi. O da, həmən günün günortası da. Bütün istilər məni yandırırdılar.

O gün mənə elə gəlirdi ki, günəş mənim acığıma belə qızmar, o mənim acığıma belə həyasızdı. Hərdən mənə elə gəlirdi ki, o həyasızdı. Çünki israrla xoşbəxt olmaq istəyir.

Üstəlik o bu xoşbəxtliyi zorla məndən qoparmağa çalışır. Mən daima xoşbəxtlik axtaranları sevmirəm. Xüsusilə bu xoşbəxliyi mənim hesabıma yaşamaq istəyənlərdən qorxuram.

Mən daima nə isə axtaranları, yalnız tapdığında sevinənləri sevmirəm. Mən sevincə qatışmış stabil, dəyişməz kədərlə yaşamağa üstünlük verənlərdənəm.

Bəlkə də mənim kimi çox az adam düşünür, bəlkə də beləsi heç yoxdu. Mənsə beləyəm. Hərdənsə, ona yazığım gəlirdi.

Biz yaxınlıqda kiçik kafe tapıb oturmağa tələsəndə dünyanın ən soyuq və səfalı yerini tapacağıma inandım.

Kafeyə aparan yol dünyanın ən keçilməz yolu kimi uzun və əzablı göründü. Onun ayaqqabıları fəsilə uyğun olmayacaq dərəcədə qapalı, köynəyi qalın idi.

O isə sakit idi. Mənə elə gəlirdi ki, o istini yaxın buraxmır, mənə ötürür, mən ikimizin əvəzinə istiyə dözməli oluram.

Kafenin pilləkənlərində dondurma kağızının qırıntıları, ən alt pilləsində mineral suyun plastik butulkası vardı. Ayağımla qarşıma çıxan zibilləri yana itələdim.

Küncdə oturduq. Ofisiant oğlan yaxınlaşdı. Menyunu uzatdı. O götürdü. Sifariş verdik. Iki toyuq salatı, bir ayran. Mən su içəcəkdim. İçimi oyan isti burulğanını yatırmaq üçün.

Mən onu tanıyanda o, anasını sevmirdi.Mənə elə gəlirdi. Mən düşünürdüm ki, onun anası sevilməyi çoxdan unudub. Bəlkə də heç ümumiyyətlə sevilməyib. Onun anası özü qədər şanslı və yaraşıqlı olmayıb.

Hər halda mən belə düşünürdüm. Mən onun qızını bir zamanlar dəli kimi sevirdim. O - anası bunu bilirdi.

Hər halda mən belə düşünürdüm. Onun nə düşündüyünü, nəyi bəyənib, nəyi bəyənmədiyini çoxları ayırd edə bilmirdi. Mənsə, düşünürdüm ki, bilirəm. O gözünü pəncərələrə dikirdi.

Mən hər dəfə onların evindən çıxanda arxamda onun qorxulu nəzərlərini hiss edirdim.

Hər dəfə belə baxanda mənə elə gəlirdi ki, o mənə çox şey demək istəyir. Bir gün də dalımca bağıracaq, içindəkiləri arxamca tüpürəcək.

- Biz mümkün qədər tez toy eləməliyik.

Nişanlım mənə böyük xilaskar kimi baxırdı.

Mən dinmirdim.

Üç ay əvvələ kimi mən də belə düşünürdüm. O gün o kafedə bunu üç ay əvvəlki qədər qətiyyətlə təsdiqləmədiyim üçün ən böyük günahkar mən idim.

Başımı yellədim.

- Paltarım hazırdı.

Mövzunu dəyişmək istədim.

- Anan necədi?

Sakitdi. Həmişəki yerində oturur. Pəncərinin qabağında. Ona təzə paltarlar almışam. Başına təzə yaylığını örtür. Elə bil sevinir də. Bir az düşüncəlidi. Nəyisə götür-qoy edir kimi davranır.

Bir həftə sonra onu gözləyən dəyişiklikdən xəbərsizdi. Mənə elə gəlir ki, o gözəlləşib. Mən kəşf etmişəm ki, o cavanlıqda çox gözəl olub.

Başımı qaldırıb onun üzünə baxmağa cəsarət etmədim. Anasını sevməyi yadırğamış qızın üzünə hopmuş nisgili görməmək üçün qımıldanmırdım.

Belə olmasını istəməzdim. Bizimkilər...

- Əlbəttə. Səni başa düşürəm. Bəlkə də bizim ayrıca evimiz olanda...

Dediklərinə inanmırdı. Bunun olmayacağına inanırdı. Vicdanını azdırmaq, günahını pərdələmək istəyirdi.

Mən də belə edirdim.

Çoxları belə edir.

Türk paxlavası sifariş verdi. İç içə qoyduğu iki salfetə bükdü.

Anasına aparacaqdı.

İki həftədən sonra toyumuz olacaqdı.

Üç ay əvvəl onu çox sevirdim. Ya da belə düşünürdüm.

Daha heç nə düşünmədən rühən xəstə anasının yükünü sona qədər çəkəcəyimə əmin halda, onunla evlənmək istəmişdim.

O çox xoşbəxt idi. Anasını belə sevməyə çalışırdım. Tez-tez evlərinə gedir, türk paxlavası aparırdım.

O da xoşlayırdı, anası da. Anası mənə isinişmiş, gözlərində rahatlıq və inam közərmişdi. Qızı belə deyirdi.

Bir gün anladım ki, onu sevmirəm. Üç aydan sonra. Evlərinə daha az getməyə başlamışdım. Mənə elə gəlirdi ki, o heç nə bilmir.

Bilsə də, gizlədər. O bütün ömrü boyu bu həqiqətlə yaşamağa, bunu bildiyini gizlətməyə, mənə və özünə unutdurmağa, sevilmədən yaşamağa hazırdı. Belə olan halda, mən də onu sevmədən yaşamağa hazır idim.

İki həftə sonra toyumuz olacaqdı. Hər kəs razı idi. Ondan başqa. Anasından.

O dəli ruhu ilə bütün ağıllıların gizlətdikləri mətləbləri açmaq, qızının gizlətdiyini mənə, mən gizlətdiklərimi qızına paylamaq istəyirdi.

Mən onların evlərindən uzaqlaşdığımda arxama zillənmiş baxışların vahiməsindən titrəyir, onun dürüst dəli ruhuna yazığım gəlir, qızının, özümün, bizim kimi milyonların riyakar simalarına nifrət edirdim.

Kürə öz ağır, saxta tərpənişi işə fırlanır, özü kimi riyakarların fitnəkar ruhlarını çalxalamadan, günahlarını ört-basdır edə-edə yellədirdi.

O gün o hələ orda idi. O gün orda ondan və anasından başqa dünyada heç kim və heç nə qalmamış kimi dünya boşalmışdı.

Onu , mənim nişanlımı anasına aldığı göy yun şala bürümüşdülər.

İki həftə sonra evlənəcədik. Anasını bürüyüb beş il yatdığı rühi xəstələrə guya şəfa verən xəstəxanaya geri aparacaqdılar. Mənim anam dəlidən qorxurdu. Onun baxışlarından vahimələnirdi.

O da anası ilə bir yerdə qalmağa israrlı deyildi.

- Mənim balam...

O bağırırdı.

- Sənin toyun olmayacaq. Sən mənim kimi ərə getməyəcəksən. Səni yalandan sevməyəcəklər. Sevdiklərinə inandırmayacaqlar.

Sonra səni sevmədiklərini öyrənməyəcək, bu həqiqətlə yaşamayacaqsan. Sənə xəyanət etməyəcəklər.

Xoşbəxt olacağına inanmayacaq, bunun əksini görməyəcəksən. Səni sevməyən birinin uşağını sevməyəcəksən.

Bu həqiqətdən havalanıb o uşaq tərəfindən sevilmədiyini bilməyəcəksən. Səni xilas edəcəm, mənim balam...

Əlində balta vardı. Qanlı. Onu, mənim nişanlımı göy şala, qırmızı qanına bürümüşdülər.

Qızını param-param parçalayan, onu yaşaya biləcəyi bütün dərdlərin çəngindən qurtarıb yox edəcəyinə inanan dəli ananı sakitləşdirmək, baltanı əlindən almaq mümkünsüz görünürdü.

Böyük riyakarlığı amansızcasına məhv etdiyi üçün qalib kimi yalnız mənə baxırdı. Ancaq mənə.

Oynaq, cinayətkar, dəli baxışları ilə mənə meydan oxuyur, onu aldada bilmədiyim üçün, qızını öz taleyini təkrarlamağa qoymadığı üçün qalib sayılırdı...

2009 may
XS
SM
MD
LG