Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:28

“Protestçi”lərin səmimiyyəti və cəsarəti


Günel Mövlud
Günel Mövlud

Azadlıq Radiosunun İstanbul müxbiri

Müsahibəsini bəyəndim; əlinə dəyəni alıb sağa-sola “sovurur”, gəncliyin verdiyi maksilalizmin kefini axıra qədər çıxarır.

Türkiyədə çıxan “Akşam” qəzetinin yazarı Oray Eğın də Türk mediasının “dinozavr və fosillərini əlindəki dəyənəklə döyəcləyəndə” Hıncal Uluç yazmışdı ki, cavanlığımızda hamımız Oray kimi idik.

İndi onun heç bir haqq hesab güdməyən aqressiv yazılarını oxuyanda öz gəncliyimizi xatırlayıram.

Günel Mövludun “5 XL” şeirlər kitabına daxil etdiyi müsahibəsi barədə bir neçə kəlmə deyəcəyəm.

Ancaq əvvəlcə kitabı göndərən Şahbaz Xuduoğluna və İstanbula gətirən Hacı Yəhya bəyə olan təşəkkür borcumdan çıxmağım lazımdır.

Azad söz - azad mühitin yaranması üçün aparılan mübarizədə heç nəyi əsirgəməməlidir-əslində əsirgəsə, o sözün qiyməti olmaz.

Ancaq azad mühitin yaranması üçün bütün cəfa və məsuliyyəti azad sözü yaradanların boynuna qoymaq da - haqsızlıqdır.

Çünki azad mühitdən azad söz doğur və azad mühitdən doğan söz, naturası etibarı ilə özündən əvvəlki sözlə “çatışmaya girərək” yaşama sahəsi tapmağa çalışır.

Azərbaycan ədəbiyyatının son 50 ilinə baxanda nəsillər arası bu “çatışma”nın bu və ya digər şəkildə təzahürünü görürük.

Xruşovun Moskvadan əsdirdiyi

KÜLƏK 60-CI İLLƏRİN “PROTEST”İNİ ÖZÜ İLƏ GƏTİRİB-GƏLMİŞDİ

ənənədən fərqli bir raykom katibi profili çizən “Yanar ürək”dəki bu “protest”i İsa Hüseynov “Saz” və “Tütək səsi” ilə davam etdirərək “Dostluq qalası”nın və ya “General”ın müəlliflərinə dedi ki, əziz dostlar-qardaşlar, müharibə sadəcə sizin təsvir etdiyiniz ön cəbhə qəhrəmanlıqlarından ibarət deyildir; bu işin arxa cəbhəsi də olub.

“Teleqram” isə “rəhmsiz əllərlə məhv edilən Qarayazı meşələri”ndən dünyaya yüksələn fəryad idi; təbiətin qətlinə qarşı Uliyam Folknerin 30-cu illərdəki ədəbi "protest"ini 30 ildən sonra İsa Hüseynov "Teleqram"ın səhifələrində gerçəkləşdirirdi.

"Adamlar və ağaclar" nəsrin 40 illik standart təhkiyə ənənəsinə qarşı bir "protest" idi.

Əylislinin "Adamlar və ağaclar" üzərindən həyata keçirdiyi aksiya nəsrin iqlimini dəyişdirməklə qalmayıb özündən sonrakı yeni ədəbi dalğanı da arxasınca apara bildi.

Ədəbiyyat 70-ci illərdəki "protest"ini haqsızlığa məruz qalan, ancaq dürüstlüyündən və dönməzliyindən geri addım atmayan qəhrəmanlarının dili ilə davam etdirdi.

Hüsən və Laçın (Sabir Əhmədli: "Qanköçürmə stansiyası" və "Yamacda nişanə"), Qədir və Əjdər (Əkrəm Əylisli: "Kür qırağının meşələri" və "Ürək yaman şeydir"), Omaroğlu (Vaqif Nəsib:"Omaroğlunun qayıtması") –rejimlə “dinc yanaşı yaşaya bilməyən təmiz mənəviyyatlı insanların” simvolları kimi ictimai düşüncəyə önəmli dərəcədə təsir göstərirdilər.

Prosesdə “Gürcü familyası”, “Dantenin yubileyi”, “Şəhərin yay günləri” əsərləri ilə iştirak edən Anarın üslubu daha yumşaq təsir bağışlayırdı.

Elçin isə Bakının ətrafındakı kəndlərin özünəməxsus cəhətlərini öz əsərlərinin mövzusuna çevirərək, prosesə fərqli bir nöqtədən girmişdi - onun əsərləri heç vaxt rejimə sərt etiraz iddiasında olmadı.

O, Bakı kəndlərindən - “şəhərin qulağının dibindən” seçdiyi qəhrəmanların təbii çizgilərini (“Baladadaşın ilk məhəbbəti”, Baladadaşın toy hamamı”, “Toyuğun diri qalması”) və “Alə, a maygülü”- tipli şirin kəlmələrini bədii əsərlərinin səhifələrinə daşıyaraq ədəbiyyatın “sosialist realizmi” iqlimindən çıxmasına öz töhfəsini vermişdi.

“Azərbaycan” jurnalına baş redaktor olan kimi, Əkrəm Əylisli jurnalı “protest”in qalasına çevirdi.

Xalq yazıçılarının "Biz sənə əsər gətiririk ki, mətbəəyə göndərəsən, sən isə onları sıyırmanda saxlayırsan" - ittihamlarına qarşı Əylislinin

“ROMANLARINIZI EVDƏN BİRBAŞA MƏTBƏƏYƏ GÖNDƏRƏRDİNİZ

niyə zəhmət çəkib buraya qədər gəlirdiniz?”

- cavabı taxtı-rəvanlarını nəyin bahasına olursa-olsun, qorumaq istəyənlərlə, onları “protest”, hətta rədd edənlər arasındakı mübarizənin nə qədər güzəştsiz olduğunu göstərmək baxımından sərrast örnək sayıla bilər.

İki dəfə Mərkəzi Komitənin müzakirəsindən keçən “Azərbaycan” jurnalının öz yoluna qərarlılıqla davam etdiyini görən təxti-rəvan sahibləri, işi Əkrəm Əylislinin “partbilet”ini oğurlatmağa qədər aparmışdılar...

“Azərbaycan”ın “Şeyxül-mühərririn”i olduğu 5 il ərzində Əkrəm Əylisli jurnalın səhifələrində çox, bəlkə həddindən çox “protestçi”yə yer verdi.

Onların arasında ədəbi arenaya son dərəcə iddialı girən qız-qadınlar da vardı. Ancaq ədəbi gəlişmələrin sonrakı etaplarında onların çoxundan səs-soraq çıxmadı.

Günel Mövlud barədə danışarkən bu nöqtə lazım olacağına görə, şəxsən mən bu “səs-soraq çıxmaması”nı bir kənara qeyd etdim.

“5XL” kitabına qoyduğu “Bizdə böyük ədəbiyyat artıq yaranıb”- başlıqlı müsahibə bir neçə baxımdan diqqəti cəlb edir :

1) Günel Mövludun “Böyük ədəbiyyatın nümayəndələrini yerbəyer etmə” iddiasına hakim olan cəsarət və səmimiyyəti; təxti-rəvanda oturanlar onun kimi düşünən və fikrini sərbəstcə ifadə edən qələm sahiblərinə İbrahim Tatlısəsin məşhur mahnısında dediyi kimi, “xor” (yuxarıdan-aşağıya) baxmamalıdırlar.

Çünki təxti-rəvanda fikir və düşüncə “istehsal etmək” üçün heç vaxt mübahisə və müzakirə ortamı olmayıb və bundan sonra da olmayacaq.

Təxti-rəvanda oturanların yerində mən olsaydım, Günel Mövludun da daxil olduğu müzakirə və mübahisə qruplarının birinə müdavim olardım.

2) Günel Mövludun “Böyük ədəbiyyatın hazırkı etapı”nın nümayəndələri kimi öz yaşıdlarını və dostlarını görməsi, rəssam Mamedin çox sevdiyi kəlmə ilə desəm, açıqcası, mənim xoşuma gəldi.

O, İSA HÜSEYNOV, SABİR ƏHMƏDLİ, ƏKRƏM ƏYLİSLİNİN "ARTIQ TARİXƏ ÇEVRİLDİKLƏRİNİ"

– iddia edərkən necə səmimidirsə, dost və yaşıdlarını “müasir böyük ədəbiyyatın təmsilçiləri” kimi təfsir edəndə də eyni “pozisyon”dadır.

3) Gərək nə müsahibəni alan adam Günel Mövluda “məmləkətdə qadın yazar olmağın çətinlikləri” barədə sual verəydi, nə də Günel Mövlud o sualı cavablandıraydı.

Əlbəttə, bu, mənim şəxsi fikrimdir.

Günel Mövlud Azadlıq Radiosunun Bakı bürosunda

4) Bu qədər içdən gələn bir müsahibəyə “Özün necə, nə vaxtsa, nəsrə keçmək fikrindəsənmi?”- sualının daxil edilməsinə təəccübləndim.

Mən Günel Mövludun “5XL” kitabını oxumağa bir az əvvəl haqqında bir neçə kəlmə yazdığım müsahibəsindən başladım.

Sonra şeirlərinə keçdim.

Rəssamın tablosu barədə deyilən fikirlər mənim üçün nə qədər fərdidirsə, şairin misraları barədə söylənilənlər də o qədər şəxsidir.

Çünki istənilən sənət əsərinin gücünün - o əsərin ayrı-ayrı fərdlər üzərində yaratdığı duyğu təsirində gizləndiyinə inanıram.

Əgər kitab səhifələrindən oxuduğunuz misralar və ya divara asılan tabloda gördüyünüz rənglər sizin duyğularınızda bir oyanışa səbəb olursa- demək ki, siz o misralarla, o rənglərlə hissi dialoq qura bilmisiniz.

Ədəbiyyatı və sənəti hissləri ilə “dərk edənlər” üçün bundan daha dəyərli dialoq ola bilərmi? (İşin elmi tərəfini isə dövlət mükafatına təqdim edilən “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabının müəlliflərinə həvalə edin).

Günel Mövludun “5XL” kitabındakı misraların bir çoxundan təsirləndim.

O misralar vasitəsilə ilə ortaya çıxarılan obrazların bəziləri mənə tanış gəldi, bəzi misraların tələm-tələsik kağıza köçürülərək kitaba daxil edilməsinə üzüldüm, bəzi yerlərdə yenə də tələsiklikdən irəli gələn təkrarların şeirləri ağırlaşdırmasına şahid oldum.

Ancaq bunların heç biri Günel Mövludun “5XL” kitabına yüklədiyi səmimiyyət duyğularının məndə oyatdığı pozitiv təsiri dəyişdirmədi.

Məncə, kitabın müəllifi “alnında tər, üzündə əzab” daha çox yazmağa, daha çox çalışmağa davam etməlidir.

Ən güclü istedad alın təriylə dəstəklənməyəndə yaradıcılıq marafonun müəyyən nöqtəsində tükənib gedir.

Elə isə yaradıcılıq marafonu bir kitabdan yox, bir ömürdən ibarətdir.

Əylislinin “Azərbaycan”da fürsət verdiyi bir çox “növcavan”dan daha sonra səs-soraq gəlməməsinin başlıca səbəbi elə bu idi : işin lap əvvəlində “zirvəni fəth etmək” ədası.

Yaradıcılığın sərhədsizliyini “5XL” ölçüsü ilə də müqayisə etmək yerinə düşərmi, əcəba?

“Protestçi ədəbiyyat”ın indiki nəslinə uğurlar diləyirəm.

23 il qabaq “Ulduz” jurnalı Həmidin şeirlərini çap edəndə Nəbi Xəzri jurnalı “Həmid Herisçinin nöqtələrini çap etməkdə” günahlandırmışdı....

Hadi oğlum, Siyavuş, sən də çaylarımızı dəyişdir....


Mais Əlizadə

Azadlıq Radiosunun
İstanbul müxbiri
"Oxu zalı" üçün
XS
SM
MD
LG