Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:47

ANAR "Gürcü familiyası" (Hekayə-davamı)


ƏVVƏLİNİ BURDA OXU

Mavi «Moskviç» bir evin qarşısında dayanmışdı. Maşının dal pəncərəsindən bir tor bağlama görünürdü. Bağlamada cürbəcür yemək-içmək şeyləri, meyvə, göyərti vardı. Maşının yanında sağlam bədənli, küləş sifətli, cavan bir kişn dayanmışdı.

Əynində qısa qollu yüngül köynək vardı. Yanında arvadı dayanmışdı. Üzdən sifayi, səliqəylə və zövqlə geyinmiş cavan bir gəlin idi arvadı.

Yanında da uşaqları. Gül kimi tərtəmiz, səliqəli geyinmiş, daranıb sığallanmış uşaqları - yeddi-səkkiz yaşlı oğlan və dörd-beş yaşlı qız. Bir qədər kənarda bu ailənin dostları, onlar da arvad uşaqla dayanmışdılar və yəqin maşın gözləyirdilər.

O vaxt birdən ani bir fikir keçdi başımdan ki, bütün bu şeylərdə bayağı heç nə yoxdur və mən özüm də azacıq istəyirəm bütün bunları.

Əsmər məni fikirlərimdən ayırdı:

- Bilirsən Moskvayla Bakının fərqi nədədir? Bakı dənizə dirənir, qatar son dayanacağa dirənən kimi. Bakı dənizdə qurtarır, bitir, necə başa salım səni, belə elə bil ki, dənizə tökülür, dənizə aşır, bax bu sahil evlərinin, ağaclarının əksiylə birlikdə suya düşür. Amma Moskva... Moskva qurtarmır, bitmir, yavaş-yavaş yoxa çıxır, kənarlarında əriyib gedir...

- Bəlkə də sən düz deyirsən. Moskva tez-tez mənim yuxuma girir, istəyirəm hər şeyi atıb minəm təyyarəyə, lap sənin kimi, uçub gedəm.

- Belə çıxır ki adam həmişə hardansa harasa getmək istəyir.

- Dərin fəlsəfi fikirdir.

- Bəsdir məni doladın. İnciyərəm səndən bax.

Bulvardan çıxıb İçəri şəhərə tərəf getdik.

- Bir adamnan kəzib eləyirsən - deyə o, qəfilcə soruşdu.

- Yox, - deyə mən ani cavab, verdim, sonra düşünüb tələsik: - «hə» demək istəyirdim, - dedim. Gördüm ki, çox gic çıxdı və dərhal zarafata saldım, - mən bəzən «hə» yerinə «yox» deyirəm.

Əsmər sakitcəsinə:

- Olur, - dedi. - Mən də ömrümdə bir dəfə yox əvəzinə hə demişəm. Amma bu başqa söhbətdir.

- İçəri şəhəri sökürlər, Köhnə evləri, küçələri...

- Sən nə danışırsan, - onun üzündə dəhşət ifadəsi vardı. - Ola bilməz. Bu, tarixdir, keçmişdir. Başa düşürsən, İçəri şəhər memarlığın folklorudur, onu əsrlərlə tikiblər, müxtəlif nəsillər, müxtəlif adamlar.

- Bilirəm, bilirəm, əzizim. Hər halda axı mən də memaram. Deyirsən ki, İçəri şəhər memarlığın folklorudur. Bunların hamısını mən bilirəm. Amma bir məsələ də var... Axı... adamlar belə bir şəraitdə yaşaya bilməzlər. Bu köhnə evlər, əyri-üyrü küçələr, natəmizlik...

-Düzdür, düzdür, razıyam səninlə. Qoy adamları köçürtsünlər.

- Evlər isə qalsın. Gözəl fikirdir, Bizim müdir eşidəydi sənin bu sözlərini, Şəhərin tən ortasında böyük, boş, adamsız bir ərazi - sentimental uşaqlıq xatirələrinin abidəsi.

- Dayan, Oqtay, dayan görüm. Bəsdir yuyub apardın məni. Bura bax, deyəsən bu döngə mənə tanış gəlir. Hə də, əlbəttə, bax, bizim ev ordadır.

- Sizin ev orda yoxdur. Söküblər.

- Necə yəni söküblər? Anam rəhmətliyə təzə evdə mənzil verəcəkdilər, amma mən elə bilirdim ki, bu ev qalıb.

Biz Əsmərgilin evinin xarabalarına çatdıq. Qarşıda yarı-sökülmüş boş evin şüşəsiz-közsüz pəncərələri bu xarabalara baxırdı.

- Bax bu evi gərək tanıyasan, sizin evin düz qabağındadır.

- Əlbəttə, tanıyıram. Məsmə xala bu evdə olurdu. Novruz qabağı şəkərbura, paxlava bişirəndə iyindən yata bilmirdik. Bütün gecəni bişirərdi. Bilirdik ki, səhər bizə də pay göndərəcək, amma sabaha qədər dözə bilmirdik.

Əsmər çığıra-çığıra danışırdı, çünki otaydakı üçmərtəbə evi dağıdan buldozerin səsi qulaqlarımızı batırırdı. Vaqon dəhlizləri kimi dar küçələr, balkonları vaqon kupelərinin üst yerləri kimi az qala bir-birinə toxunan evlər.

Bütün bunların yerində indi nəhəng boş bir meydan qalmışdı daşlı, kəsəkli, tozlu, əhəngli meydan.

Orda, burda atılmış lazımsız nimdaş əşya qırıntıları, hifz olunmuş divar parçasının gərəksiz şirli naxışı, sınıq aftafa, qırıq krant, paslı boru - boş meydan.

Bu meydanın tən ortasında qədim heyvanları xatırladan xortumlu buldozer işləyir, sökür, dağıdır, uğuldayırdı, nədənsə onun nömrəsi yaddaşımda həkk olunmuşdu: QTP-44.

Bilmirəm, nədənsə, birdən şer oxumağa başladım. Buldozerin səsini batırmağa çalışaraq Əsmərə şer oxuyurdum:

Əyrin-üyrün,
Dar küçələrin,
Gündüzlər
otaqlarındakı bəyaz gecələrin,
damlarının yastısı,
içinin astası,
küçələrini
dolanan addımların
həmişə tənha səsi,
gecələrini
dünyada ntən tarix tikəsi,
içindən bayır şəhərə,
böyuk şəhərə çıxan təəccübüm,
oğrularından qorxan cibim,
ölüm ayağındadır indi.
Biçarə şəhər,
İçəri şəhər...

- Kimin şeridir bu?

- Vaqif Vəkilovun, - dedim, - cavan şairdir. Yəqin sən tanımırsan.

- Bilirsən, - dedi, - İçəri şəhərdə biz elə bil böyük kommunal mənzildə yaşayan kimiydik. Hamı bir-biri haqqında hər şeyi bilirdi. Birinin radiosu çalırdısa, bütun məhəllə üçün çalırdı.

Birinin dərdi, yası olanda ağlaşma səsi hamının evinin içində idi. Xörəklərin iyi də həmçinin. Bir uşaq qızılca oldumu, bütün uşaqlara dəyəcəkdi.

Əsmərin sözləri mənimçün nə qədər yaxın idi. Axı mənim aləmimdə də İçəri şəhərin təkrarsızlığı məhz bunda idi.

Biz İçəri şəhərə qala deyirik. Bir memar kimi, mənim fikrimcə, Qala - müasir şəhərlərdir, hərə öz qınına çəkilən kimi mənzilinə, öz hücrəsinə çəkilir, pilləkənlər, pilləkən meydançaları da yalnız körpüdür.

Bu körpüdə qonşular yalnız təsadüfən körüşə bilərlər. Belə körüşlər heç vaxt tanışlığa, dostluğa, yaxınlığa səbəb ola bilməz. Körpülər, ya da vaqonlar arasındakı buferlər.

Buferlərdə tanış olub dostlaşmaq olarmı? Hərə öz evinə - öz kupesinə çəkilir. Bu kupeli vaqonlar - müasir evlər müqabilində - İçəri şəhər ümumi vaqondur.

Sevinci, kədəri, narahatlığı, yuxusu müştərək ümumi vaqon. Davaları, qeybətləri, iyləri - müştərək, toyları, yasları, qayğıları müştərək. Müasir şəhərin rahatlığı qarşısında İçəri Şəhərin nəyi var? Natəmizliyi, çirki, narahatlığı, yamaqları...

Qoca sifətinin qırışları kimi əyri-üyrü küçələri. Yanpörtü; dayanmış şikəst, əlil evləri. Bəli...

Amma bir də insaniliyi, ünsiyyət sevinci, ümumi taleyin əvəzsizliyi ki, onun yerini heç nə verməz. Bir də bizim uşaqlığımız. Hər daşda izi qalan uşaqlığımız. - Budur, İçəri şəhər.

Babalarımızın yaşayışı, diriliyi, ömrü-günü.

- Bütün bunları nəylə əvəz edəcəksiniz, Oqtay, - deyə Əsmər yenə də mənim fikirlərimə cavab verirmiş kimi soruşdu: - Şüşədən və betondan təzə evlər tikəcəsiniz, eləmi, modern qutular?

- Bəli, - dedim, - çalış ki, hisslərini bir balaca cilovlayasan və ağıllı-başlı fikir elə. Adamlar gərək rahat yaşasınlar, evlərində hər bir rahatlıq olsun. Ona görə də onları burdan köçürmək lazımdır.

Bəs evlər nə olsun? Əlbəttə, tarixi əhəmiyyətə malik olan binalar saxlanılacaq.

- Tarixi əhəmiyyətə malik binalar! Mənimçün tarixi əhəmiyyətə malik olan bina - anadan olduğum evdir. Anadan olduğum, böyüdüyüm, yaşadığım ev.

O məni əsəbiləşdirməyə başlayırdı.

- Yaxşı, - dedim, - çox közəl, bəs onda niyə əlivə fürsət düşən kimi bu əziz-xələf evi tərk etdin? - Bunu deməyimə peşman oldum. Gərək deməyəydim.

O cavab vermədi. Bir neçə addım atdı. Keçmiş evləri səmtə.

Dayandı. Evləri bax bu yerdə idi. Otağı da bax burda. Pəncərəsiz otağı. Çarpayısının yanına anası köhnə xalça vurmuşdu - evdə olan ən qiymətli şey bu xalça idi. Xalça Əsməri divarın rütubətindən qoruyurdu. Əsmər mənə sarı döndü.

- Gedək, - dedi.

İstədim onun başını qatam, qəmli xatirələrdən ayıram, İçəri şəhərin təzə planı haqqında danışmağa başladım.

- Dayan, - dedi. Dayandıq. O, nəyəsə qulaq verirdi. Mən də dinləməyə başladım. Küçənin o tayından iki arvad keçirdi və bir-biriylə danışırdı:

- Ağəz, qaragünə deyirəm, başıvın çarəsini qıl, şoğəribnən işin olmasın...

- Qadam onun ağzına, başında ağlı olsaydı, gədəni onun-bunun qapısına salmazdı ki...

Arvadlar tini buruldular va Əsmər mənə İngiltərədən danışmağa başladı. İki il bundar qabaq onlar İngiltərədə yaşayırdılar və Əsmər oranın səmasından danışırdı, Orda göy, - deyirdi, elə alçaqdır, elə bil əlini uzatsan - Həm də elə bil solub. Elə bil buludları göyə divar kağızı - oboy kimi çəkiblər.

Sonra biz Xan sarayının içinə girdik. Daxili həyətlərdən keçdik, pillələrdə dayandıq. Görəsən institutda, işdə mən bu abidəni neçə dəfə tədqiq etmişəm, köçürmüşəm, çəkmişəm, öyrənmişəm.

Amma elə bil indi onu ilk dəfə görürdüm. Mən onun səthlərinin dahiyanə ahənginə, tənasüblərinin simmetriyasızlığına sanki yenidən valeh olurdum. Divanxananın mübhəm ala-qaranlığı, daxili həyətlərin sakitliyi, sarayın əzəməti - elə bil bütün bunlar ən dərin mənasını mənə ilk dəfə açırdı. Xan sarayının böyük meydanında dayanıb

İçəri şəhərin mənzərəsinə tamaşa edirdik. Mən daşın müdrikliyi haqqında düşünürdüm. Düşünürdüm ki, bütün bunlar nə böyük səadətdir.

Mən İçəri şəhər küçələrinin ad lövhələrinə, hansısa diş həkiminin elanına baxırdım və ağlıma gəlirdi ki, bu yazılar İçəri şəhərin əbədi daşlarını təhqir edir, ədəbsiz görünür. Elə bil Miloslu Veneraya naxış vurublar.

...O axşam, aprelin 29-da bizdən dağılışanda, mən də hamıyla birlikdə çıxdım. Əsməri ötürəcəkdim. Bir az geri qaldıq uşaqlardan, birdən tinbaşında Əsmərin çəkməsinin dabanı çıxdı.

Mən maşın saxladım və ömrümüzdə bəlkə də ilk dəfə taksiyə mindik. Özümü elə itirdim ki, sağa əvəzinə, sola gedək dedim.

Əsmər:

- Buğda, arpa, - dedi.

Bizim idman müəllimimiz belə deyərdi. Məşqlər zamanı bir adam tələsəndə sağla solu çaşdıranda idman müəllimimiz deyərdi ki, solu-sağı yadında saxlaya bilmirsənsə, yadında saxla arpa bu yana, buğda o yana. Bu da onun zarafatı idi.

Bz taksiylə Əsmərgilin evinə çatıb maşından düşdük. Qapılarının ağzında ayrılanda Əsmər birdən diqqətlə (indiki vaxtım olsaydı deyərdim ki, işvəylə) mənə baxıb xəbər aldı:

- Bəs sən mənə bir şey demək istəmirsən? Yenə də görünür ki, fikir axınımız bir mənzilə çatdı və Əsmərin sözlərinə bu səfər də təəccüblənmədim:

- Yadında o axşam mənim çəkməmin dabanı çıxmışdı, sən də məni ötürürdün. - Bir az susandan sonra əlavə etdi. - Hər şey başqa cür ola bilərdi.

Ancaq mən keçmişi çözələmək istəmirdim. Uşaqlıqdan biz daima nə isə itiririk. Bəzən adam lap mat qalır. Adam harda, haçan bu qədər şey yığıb ki, elə hey itirə-itirə yenə də nə nə isə saxlayır.

- Acmamısan ki, hələ?

- Hələ yox. Bir-iki saatdan sonra.

- Yaxşı. İndi saat ikidir. İki saat da vaxtımızı öldürək.

- Əcəb nəzakətlisən. Deməli, mənimlə sən vaxtını öldürürsən.

- Yaxşı, sözdən söz çıxartma. İstəyirsən, gedək kinoya.

- Kinoya? Gedək.

Biz filmin lap əvvəlinə çatdıq. Sənədli film idi. «Yaponiya müharibələrdə». Mən sənədli filmləri xoşlayıram - bu filmdə isə yapon xronikasının nadir kadrları vardı: ölümə məhkum pilotlar - kamikadzelər uçuşqabağı. Adamın əti ürpəşirdi.

- Bir onların sifətlərinə bax, - deyə Əsmər qulağıma pıçıldadı. - Dəhşətdir.

Uçuşdan qabaq onların hamısına sakeyapon arağı verir dilər, təyyarəyə qalxa-qalxa onları çəkən kino-kameraya baxarkən bilirdilər ki, qarşıda onları yalnız ölüm gözləyir və artıq heç bir şey onları bu ölümdən qurtara bilməz.

- Görəsən, onlar havaya qalxanda nə düşünürmüşlər? - deyə Əsmər soruşdu. - Fikirlərini dəyişmirlərmiş ki? Ona diktor cavab verdi:

- Kamikadzelər yerdən qalxan kimi həyatla əbədi vidalaşırdılar. Geri qayıtmaqçün onların təyyarələrinə benzin tökmürdülər.

Sağ əlimdə Əsmərin barmaqlarının əsəbi titrəyişini duydum. Sonra sağ yanağımda onun saçlarını, sağ çiynimdə onun başını hiss etdim. Lap yaxından onun vurduğu ətrin xoş, məstedici qoxusu gəldi. Məndə dəli bir uşaq istəyi oyandı, onu öpmək istədim, amma yenə də, neçə il bundan qabaqkı kimi öpmədim. İşıq yandı. Film qurtardı.

- Bu dəhşətdən sonra yaxşıca nahar eləmək lazımdır, - deyə o, qayğısız və şən gülümsədi. - Yaman acmışam. Yaxşı kabab yemək istəyirəm. Deyirlər burda əntiqə bir kababxana açıblar.

- Hə. Biri var Binəqədidə. Amma ora uzaqdır. Biri də Bayıldadır. Gedək ora.

- Gedək.

Kababxana kişilərlə dolu idi. Əsmər qadın çinsinin yeganə nümayəndəsi idi.

Onun qeyri-adi görkəmi, geyimi hamının diqqətini cəlb edirdi və bizi hər tərəfdər süzürdülər. hamı bir balaca, ya əməlli-başlı dəm idi və, biz bu baxışların tən ortasında dayanmışdıq. Hələ ki, ancaq baxırdılar, amma qorxurdum söz-zad da atsınlar, odur ki bura gəldiyimizə lap-peşman olmuşdum.

Yaxşı ki, bufetçi məni tanıdı, məsələni dərhal başa düşdü və bizə yanaşıb pəncərə qabağındakı masanın arxasına apardı.

Mən arxam dənizə tərəf oturdum. Əsmər isə arxası camaata, üzü dənizə oturmuşdu və mən sifariş verən müddətdə çiynim üstündən dənizə və üfüqdə görünən çatılmaz Nargin adasına baxırdı.

- Nə içəcəyik?

- Şampan, - dedi. - Bilirəm, bu lap görməmişlikdir, kababla, şamdan içməzlər, amma mən istəyirəm. Yadındamı o axşam, sizdə...

Bəli, yadımda idi. Yadımda idi ki, o axşam bizdə Əsmər həyatında ilk dəfə şamdan içmişdi. Amma onun uşaqlıq xatirələrinin sentimental qüssəsi məni yavaş-yavaş əsəbiləşdirirdi.

Həyatın pozulmaz məntiqinə görə keçib gedənləri qaytarmaq cəhdi kimə gərəkdir. Əsmər niyə bütün olub keçənləri qaytarmaq, xatirələri oyatmaq istəyir. Bura niyə gəlib?

Ötən günlərinə ziyarətəmi? Kimə lazımdır bu ziyarət? Hiss edirdim ki, ovqatım getdikcə təlx olur, qarşıdakı pəncərədən səkiyə mismar kimi vurulmuş dümdüz ağaclara baxırdım və qanım daha da qaralırdı.

Kabab gətirdilər, göy-göyərti, turşu...

- Yüz ildir kəvər yeməmişəm, - deyə Əsmər ləzzətlə kəvərə kirişmişdi. Xidmətçi şampanları açırdı.

- Sənə gülməli bir şey danışım. Bir dəfə balaca bir diplomatik məclis vardı. Camal da xidmətçini közləmədi, şampanı özü açmağa başladı.

Tərs kimi şampanın tıxaçı sıçradı, gedib düşdü Latın Amerikası ölkələrindən birinin səfirinin boşqabına, Camalın rəngi-rufu qaçdı, mən də qorxumdan əsirdim. Amma allaha şükür, səfir baməzə adam imiş, zarafata saldı, keçib ketdi. - Əsmər bir qurtum şampan içdi. - Yaxşı, sağ ol, içək sənin sağlığına.

- Yox, bir dayan, tələsmə. Birinci tost sənin sağlığına. Mən çox şadam, çox, lap çox şadam ki, sən gəlmisən.

Birinci badəni içən kimi başa düşdüm ki, bu gün mənə şampandan bir şey olmayacaq, daha əsaslı bir şey lazımdır.

- Etiraz etmirsənsə mən özümçün araq sifariş eləyim.

- Elə də.

Araq stəkanını başıma çəkdim və hiss etdim ki, bütün təfərrüatlar, xırda detallar hamısı əriyib gedir və əsas şeylər qalır. Mənim xəyalımda da keçmiş oyanırdı, tikə-tikə, parça-parça oyanırdı.

Amma qeyri-real uşaqlıq illərinin keçmişi yox. Keçmiş illərin ərzində hissi varlığını itirmişdi, sadəcə hadisələr, faktlar sadalığı kimi qalmışdı, ona görə də heç bir duyğu oyatmırdı.

Mənim xəyalımda yaxın keçmiş - hələ solub sönməmiş, uzaqlaşıb itməmiş keçmiş - təhsil illərim, Moskva canlanırdı. O illər, o künlər ki, bütün həyatım hələ irəlidə idi.

Qəribə, dumanlı arzularla, xəyallarla dolu ömrüm - hələ ancaq kələcək idi. Ömür tərəzimin keçmiş gözü yüngül idi, göyün üzünə qalxmışdı. Gələcək gözü ağır idi, dolu idi, yükündən aşağı düşmüşdü.

Qarşımdakı həyat böyüklüyü və təxminiliyinə görə sərhədsiz-kənarsız, formasız və sahilsiz bir şey kimi görünürdü. Elə bil uzaqdan yaxınlaşdığın naməlum bir şəhərin peyzacıydı.

Hər şey də bir az duman içində idi. Elə bil ekranda fokusu düzəlməmiş filmə baxırsan. Bu dumanlı mənzərədən- dumanlı şəhərin siqnal işıqları kimi, televiziya qülləsinin qırmızı işıqları kimi ayrı-ayrı nöqtələr körünürdü - hadisələr, qələbələr, döyüşlər.

Ancaq bu gələcəyə yaxınlaşdıqca, yaşın artdıqca, kənd kinomexanikinin göstərdiyi film-dəymiş kimi fokus düzəlir, duman çəkilir, dumanın arxasından real həyat çıxır - real həyatın konturları, formaları, sahilləri, sərhədləri və onda bir çox şeyləri başa düşməyə, düzgün görməyə başlayırsan.

Başa düşürsən ki, dünyanın rəngi bozdur və ayrı-ayrı hadisələr, qəribə işlər varsa da, onlar vadilər kimi vaxtın sonsuz səhrasında itib gediblər.

Həyat elə uzundur ki, parlaq ola bilməz.

Və ancaq sonda - axıb getmiş keçmişə dönüb nəzər salarkən çıxıb getdiyin, əbədi tərk etdiyin şəhərə baxan kimi, ona baxarkən, yenə də başa düşürsən ki, bu arxada qalan şəhər, bu mənzərə, bu axşam qaranlığında görünməzləşən keçmişində hər halda nəsə var - hadisələr, sevinclər, qələbələr, məğlubiyyətlər.

Və indi onları körürsən - tərk etdiyin şəhərin axşam qaranlığında televiziya qülləsinin işıqlarını görən kimi.

İçən kimi başlayıram çərənləməyə, dərin qırıldatmağa. Necə deyərlər, stəkanda tufan. Amma su stəkanında yox, araq stəkanında...

Çaxırla dəm olmaq - işdə pillə-pillə qalxmaq kimidir. Bəs araq? Bir stəkan bəsdir. Bir stəkandan sonra kim istəsən olursan. İçən kimi Moskvadayam. Təyyarəsiz, qatarsız, pulsuz, biletsiz.

Daraqomilov küçəsində yasəmənlər açır, bütün dostlarım yanımdadır, dünyada nə qədər közəl şeylər var - axşam radio xoru, «küçələrə su səpmişəm» mahnısı, Moskva mayı, kişi dostluğu, arvad barmaqları - uzun sərin barmaqlar, dəniz, yazın erkən çağında torpaq, Zuğulbada aylı kecə, Ağsu dolamalarını keçəndən sonra yağış, Tallinin qışı, Kürcüstan, bir də Heminqueyin yazdığı iri, ləng atlar - Monsuri parkındakı atlar, Monsuri parkı Parisdədir...

Parisdə də, mən heç vaxt olmamışam. Bir də İçəri şəhərin əbədi daşları - heç kəsin dağıdıb sovura bilməyəcəyi daşlar. Əsmərə danışdım ki, bir dəfə bir dostumla İçəri şəhərə gəlmişdik. Qədim hamamı sökürdülər.

Kiminsə səhlankarlığı ucundan hamama tarixi abidə lövhəsini vurmayıblar, cavan, sarışın buldozerçi də entuziastlar mahnısını oxuya-oxuya müdhiş maşınını bu yazıq, biçarə, sanki qorxusundan büzüşüb qalmış tikintinin düz üstünə sürürdü. Biz haray-həşir qaldırdıq. «Mənə nə var, - dedi, - mənə deyiblər, mən də sökürəm.

Yoldaşım qaçdı ora-bura zəng eləməyə, mən də oturdum buldozerin parçına. Buldozerçiyə dedim ki, hünərin var, məni burdan düşür.

- Bilirsən gəl nəyin sağlığına içək? Bax, sən Moskvadan uçub gəlmisən. Camalla dünyanın yarısını gəzmisiz. Amma ən yaxşı səyahət bilirsən hansıdır? Bilmirsən... Ən yaxşı səyahət araq şüşəsinin boğazından dibinə səyahət etməkdir. Gəl bax bu səyahətin sağlığına içək.

Bu mənim ənənəvi tostumdur. Kiminsə başını tovlamaq istəyəndə bu tostu deyirəm. Bəs Əsmərə niyə bunu dedim? Ancaq daha özümü saxlaya bilmirdim. Danışır, danışır, danışırdım.

Deyirdim ki, heç vaxt bir adam başqasını başa düşə bilməyəcək.

Deyirdim ki, allah yoxdur, amma mən bir dəfə onu eşitdim: Açarların zəngindən eşitdim. Bu açarlarla o bizi - insanları təklik kameralarında bağlayıb, indi də gəzir özüyçün, açarlarını cinkildədir.

Amma bu təklik kameralarında insanlar hamısı eyni şeyləri görür - ulduzları, ayı, buludları, çarmıxa çəkilmiş səmanın bir tikəsini, bir udumunu, yağışı - bizim ümumi ərazimizi. Hər adamın həqiqəti onun içində bağlıdır.

Seyf kimi, şkaf kimi. Bu seyfi, bu şkafı başqası aça bilmir, çünki birinin açarı başqasına düşmür. Hər adam öləndə torpağa onun açarlarını da basdırırlar. Biz öləndə də torpağa bizi - heç bir vaxt açılmamış şkafları basdıracaqlar.

Aman allah, mən nə qədər boş-boş danışırdım. Dəm olsam da, birdən hiss elədim ki, o, mənə qulaq asmır və harasa baxır.

- Hara baxırsan? - deyə mən kəskin soruşdum.

- Orda güzgü var. Güzgüyə baxıram görəm mən hansı cür şkafa oxşayıram.

Dənizə tərəf getdik. Gəmiyə iki bilet aldım.

Dənizdən əsən külək Əsmərin saçlarının mürəkkəb səliqəsini alt-üst edirdi, o iki əllə yaylığından yapışıb, saçlarını birtəhər qorumağa çalışırdı. Mən onun çiyinlərini qucaqladım.

Gəmi şəhərdən get-gedə uzaqlaşır, dənizin çil-çıraqlarının əksinə boyanmış işıqlı tərəfindən ağır qaranlığına doğru gedirdi. Televiziya qülləsinin konturları itmişdi, onun qırmızı işıqları-gecənii düymələrinə oxşayırdı.

-Əsmər dəsmalıyla üzünü örtdü, ancaq alnı və gözləri açıq qalmışdı. Alnı və gözləri közəl idi. Mən onun. baş yaylığını götürüb alnını və gözlərini örtdüm. İndi burnu, dodaqları, çənəsi açıq qalırdı və onlar da közəl idi.

Mən yaylıqla onun sifətinin müxtəlif tərəflərini örtürdüm və hər dəfə qalan hissələr gözəl, kamil idilər.

Gəmi uzun bir fit verdi və geri dönməyə başladı. Mən barmaqlarımı onun sərin əlində gəzdirdim.

- Əzizim, - dedim, - sənin beş barmağın varmış.

- Qəribədir, eləmi, qəribədir ki, altıbarmaq deyiləm. O bu sözləri yaylığın dalından dedi, mən yaylığı onun dodaqlarından qopardım və Əsməri öpməyə başladım. Mən hiss elədim ki, yaylığı boynuma keçirdi və bərk-bərk dartdı.

Onun sifətinin bütün formalarını, bütün əzalarını duyur və Əsmərin pıçıltısını eşidirdim.

- Bax, görürsənmi, səni buxovladım, yaylığımla. Biz aerodroma gedirdik və mənim fikirlərim quma batmış maşının çarxları kimi bir yerdə hərlənirdi. hərlənib eyni br cümləyə qayıdırdı: «Sahil boyu səpələnmiş balıqçı komaları...» Bu qırıq cümlə hardan düşmüşdü beynimə. Onun mənası nə idi, o kimdən, nədən danışırdı və nəyə görə bu cümlə bütün qəlbimi titrədir, ağrıdır?

Əsmər mühacirlərdən danışırdı. Müxtəlif ölkələrdə rast gəldiyi mühacirlərdən. Bəzilərinin görürsən güzəranı da pis keçmir, amma hamısının gözlərində eyni bir ifadə var - qəriblik, yalqızlıq ifadəsi.

Mən düşündüm ki, bəlkə biz də, Əsmər də, mən də mühacirik. Böyüklər diyarına uşaqlıq ölkəsindən gəlmiş mühacirlər. Geri qayıtmaq imkanından əbədi məhrum olmuş mühacirlər. Vətənləriyçün qəribsəmiş mühacirlər.

- Deməli, bircə Həştərxanda düşəcəyik, səhər də Moskvadayam. Heyf ki, sənin ad gününə qala bilmədim, Bir gör sən allah… - sonra o əlavə etdi: - Hələ ki, Moskvadayıq, gəl. Camalla mən çox şad olarıq. «Yenə də Camalla mən!»

- Mən bilmirdim ki, Camal belə mənsəb qazanıb. Diplomatik məclislərdə şampan açmaq nadir şəxslərə nəsib olan səadətdir.

- Yaxşı, acıdil olma, o, ayrı işlərlə də məşğul olur.

- Bilirəm, bilirəm, onun əlindən hər iş gəlir. Səhv eləmirəmsə, cavanlıqda çəkməçi olub.

- Sən isə cavanlıqda da axmaq olmusan, elə indi də axmaqsan. Bəli, Camal çəkməçilik eləyib, böyük, ailə saxlayıb və özü də oxuyub. Belə şeyə rişxənd eləmək ayıbdır.

Mən doğrudan da xəcalət çəkdim. Təyyarəyə yarım saatdan sonra minəcəkdilər, biz aeroportun kafesində oturmuşduq, vaxt çox ağır keçirdi. Elə dəqiqələr olur ki, lim-həlim doludurlar, heç bilmirsən necə keçirlər. Boş dəqiqələr də olur, içilmiş şüşə kimi, bilmirsən onları neyləyəsən. Minik elan edəndə rahat nəfəs aldım

- Bağışla, bir az artıq-əskik danışdım, - dedim.

- Eybi yoxdur,- o hələ də incik idi.

- İndi dediklərim heç, bayaq kababxanada da çox səfeh sözlər danışırdım.

- Keçər, - dedi və bu ondan eşitdiyim son sözlər idi.

Trapın yuxarı pilləsindən çevrilib, əl elədi, sonra təyyarənin qaranlıq qapısında qeyb oldu. Bir neçə dəqiqədən sonra o, uca qara köydə iki qırmızı, bir yaşıl işıq nöqtəsi idi. İyirmi dəqiqə də keçdi, ayın otuzu oldu və mənim sinnim bir yaş artdı. Bu vaxt mən şəhərə yaxınlaşırdım və kecə vitrinlərinin işıqları soyuq, soyuq idi.

Amma nə isə xoş bir rahatlıq hissi, azadlıq, asudəlik hissi içimi doldurmuşdu. Mən işim-peşəm haqqında düşünürdüm. Düşünürdüm ki, sabah, yox, artıq bu kün səhər iş masamın ardına keçəcəm.

Masamın üstündəki böyük ağ planşet haqqında düşünürdüm, fikirləşirdim ki, tuşun nə yaxşı iyi var, yaxşı qəddənmiş qələmlərin nə gözəl forması var.

Bir də düşünürdüm ki, işdən, fəaliyyətdən gözəl dünyada nə var və bunların olmaması nə böyük faciədir. Böyük şəhər - mənim peşəm - üstümə axırdı.

Səhər məni yuxudan bacımın cingiltili səsi oyatdı.

- Təbrik edirəm, təbrik edirəm. Böyük oğlan olasan, balaca bacını incitməyəsən. - Əyilib məni öpdü, - sənə teleqram gəlib. Həştərxandan. Gürcüdəndir.

Mən teleqramı qapdım. İki söz. «Təbrik. öpürəm.» Bir də imza: «Kamikadze».

anar.az
XS
SM
MD
LG