Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:21

«Wikileaks» məxfi sənədləri necə alıb?


«Hücum zamanı təsadüfən mülki əfqan öləndə ailəsinə 100 min əfqani (2170 dollar) verirlər, maşını zədələnəndə 10 min əfqani». Bu, «Wikileaks» saytının yaydığı məxfi sənədlərdəndir.

«Cəmiyyət bilməlidir ki, real olaraq nə baş verir və nə planlaşdırılır» - bunu AzadlıqRadiosuna müsahibəsində Culian Asanc deyir.

Söhbət Asancın yaradıcısı və rəhbəri olduğu «Wikileaks» saytının yaydığı 91 min səhifəlik məxfi sənədlərdən gedir. Həmin sənədlər Amerikanın və NATO-nun Əfqanıstan müharibəsinin cəmiyyətə naməlum tərəflərini işıqlandırır.

PULUNU AMERİKA HÖKUMƏTİ VERİR

AzadlıqRadiosu: Pakistan kəşfiyyatının keçmiş rəhbəri Həmid Gül deyib ki, sənədlər saxtadır.

Culian Asanc: Biz bu 91 min sənədi döyüş yerlərindən, səfirliklərdən, kəşfiyyat zabitlərindən və informatorlardan yığmışıq. Həmin informatorlar yerli vəziyyət haqda məlumat verənlərdir. Onlar bunu havayı etmirlər. Pulunu Amerika hökuməti verir.

AzadlıqRadiosu: Belə fikirlər var ki, bu sənədlərin mediaya sızmasını Amerika hökumətinin özü təşkil edib. Hətta onu da deyirlər ki, sənədlərdə Pakistan kəşfiyyatının Əfqanıstanda ikili oyun oynamasını göstərməklə, Amerika bəlkə Pakistana hücuma hazırlaşır?

Culian Asanc: Bu, səhv fikirlərdir. Bundan əvvəl də deyirdilər ki, bizim arxamızda Mərkəzi Kəşfiyyat İdarəsi durur. Ancaq biz Quantanamodan sənədləri, prezidentliyə keçmiş namizəd Sara Palinin e-maillərini çap etmişik. Keniyada qətllərə gizli rəsmi göstərişləri, Çində senzura haqda gizli əmrləri çap etmişik. Bunlar göstərir ki, biz tərəf saxlamırıq. Cəmiyyət bunları bilməlidir.

AzadlıqRadiosu: Əfqanıstan müharibəsi haqda sənədləri çap edəndən sonra sizə təhlükə yaranıbmı? İntiqam hədələri gəlirmi?



Culian Asanc:
Bizi heç kim məhkəməyə verməyib və izahat istəməyib.

BİZ BELƏ MƏLUMATLAR ÜZRƏ İXTİSASLAŞMIŞIQ

AzadlıqRadiosu:
Niyə belə məlumatları məhz sizə veriblər?

Culian Asanc: Çünki biz belə məlumatlar üzrə ixtisaslaşmışıq. İkincisi, biz mənbəni qoruyuruq. Böyük media orqanları azdır, qanunlar onlara mənbələri qorumağa imkan vermir. Bundan başqa, onlar aldıqları materialların cüzi hissəsini verirlər. Biz isə hamısını açıqlayırıq.

AzadlıqRadiosu: Sizin etdiyiniz jurnalizmdir, ictimai fəallıqdır yoxsa nədir?

Culian Asanc: İctimaiyyət bilməlidir nə baş verir. Ədalətli qərar vermək üçün real məlumat olmalıdır. Bizim istədiyimiz odur ki, qərar vermək istəyənin real məlumatı olsun.

SÖZARDI

«Wikileaks» İraqdan bir video yaymışdı. 2007-ci ilin iyulunda Amerika vertolyotu yerdəki mülki adamları güllələyir. Onların arasında «Reuters»in iki müxbiri də vardı.

Hazırda 22 yaşlı Bredli Manninq Küveyt həbsxanasındadır. Ona qarşı ittihamlar təsdiq olunsa, ona 52 il həbs cəzası veriləcək.

«İndependent» qəzeti yazır ki, şübhələrə görə, həmin vertolyot videosunu «Wikileaks»ə məhz keçmiş hərbi təhlilçi Manninq ötürüb.

Manninq hərbi sirri yaymaqda ittiham olunur.
XS
SM
MD
LG