Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:23

Mehman Musabəyli "Qızılgül və qoz ağacı" (Hekayə)


1.

Ətraf ağappaq idi. Ağappaq! Və bu "ağappaq" nə idisə, nə qar idi, nə Günəşin siması, nə də ağ rəngli studiya fonu.

Bu çox çətin dərk edilə bilən, amma bu çətinlik dərk ediləndən sonra çox sadə görünən çən idi. Çən, duman!.. Qatı!..

...Və ətraf doğrudan da ağappaq idi. Aşağı baxsam, ayağımın altındakı torpağı görəcəm... Və məntiqlə başımı qaldırdım ki, səmanı görüm. Mavi göyüzünü. Görmədim.

Birdən ağappaq dumanın içində qara nöqtə peyda oldu. Nöqtə böyüdü, böyüdü... Mən başa düşdüm ki, bu qartaldır. (Dağlar, dağlarda çən və çəndə qartal!)

Amma bu əslində qarğa idi. Qoca qarğa. Təxminən iki yüz əlli beş yaşında. Mən onun yaşını qanad çalaraq uçmasından təyin etdim. Amma sonralar bildim ki, quşların hamısı uçanda qanad çalırlarmış.

İkinci qaraltı da demək olar, eyni vaxtda göründü. Amma o çox xırda idi.

O qədər xırda idi ki, onu yalnız biz görə bilərdik. Bu ikinci nöqtə, qarğa bizi görəndə, onun dimdiyindən düşdü.

Bütöv hadisə üç saniyənin içində baş verdi: dumanın içindən qarğa peyda oldu, bizi görüb qorxdu, qorxub qarıldadı, qarıldayanda dimdiyindən yerə qoz düşdü (bu boyda yer kürrəsinə!), hirslənib bir də qarıldadı və dumanda yox oldu.

Bir azdan sonra üçüncü nöqtə göründü.

Bu qartal idi. (Əgər eşitsə ki, mən ona nöqtə demişəm...) Bu dəfə biz qorxduq və daşların altındakı çatlaqlara girdik. Anam deyir ki, qartal kərtənkələləri yeyir.

Yarıqdan biz onun güclü caynaqlarından başqa heç yerini görə bilmirdik. Arabir də dimdiyini görürdük.

Deyəsən, dimdiyi ilə ayağına batmış kolu çıxarmaq istəyirdi. Nəhayət, çıxardı və ayağından axan al qan kolu da qırmızıya boyadı.

Kol qırmızıya boyandığına görə mənim çox xoşuma gəldi və qərara aldım ki, qartal gedəndən sonra onu yerə sancım.

Qartal uçub gedənə qədər biz heç yerə çıxmadıq. Uçub gedəndən sonra isə heç kəsi kola əl vurmağa qoymadım və böyük əziyyətlə onu torpağa sancdım.

Uşaqlar o qədər qozla oynamışdılar ki, artıq qoz onlarçün marağını itirmişdi.

Dumanın, çənin fonunda qırmızı ləkəli, yerə basdırılmış tikanlı kol çox gözəl görünürdü. Sonralar hərdənbir yarıqdan ona baxanda, qartalın iri, güclü caynaqları yadıma düşürdü.

Qan ləkələri tezliklə yoxa çıxdı. (Həmişə olduğu kimi). Amma bir gün necə oldusa, yerə sancdığım tikanlı kol məni bezdirdi. Mən onu aşırmaq istədim. Lakin aşıra bilmədim. Dibini qazıyanda gördüm ki, kol nazik tellərlə torpaqdan bərk-bərk yapışıb...

2.

- Ho-o-o-o-op!!! Bir millimetr də böyüdük! - deyə, qoz ağacının günbatana tərəf əyilən budağı sevinclə bağırdı. Sonra isə yuxarı, ağacın səmaya doğru can atan, gövdənin lap təpəsində dim-dik durmuş cavan budağını ələ salmağa başladı. - Ey, zırrama, o qədər göyə baxırsan ki, böyüməyimizdən heç xəbərin də yoxdur!

- Niyə elə deyirsən? Əgər o göyə can atmasa, bizim ağac da böyüməz, - deyə, gündoğana tərəf uzanan budaq dilləndi.

- Əcəb müdafiəçisən! O, göyə can atır, sən də günəşə! Əsas məsələ göyə qalxmaqda deyil ey, əsas məsələ bax, bundadır, - qozlarını şaqqıldatdı, - bar gətirməkdə! Gör onun üstündə heç bir dənə də olsun qoz var?!

- Bəlkə demək istəyirsən mənim də üstümdə qoz yoxdur? Qulaq as! - Gündoğana tərəf uzanan budaq da öz qozlarını şaqqıldatmağa başladı. - Bəsindir, yoxsa bir az da şaqqıldadım?!

- Bəsdir! Yoxsa qozların tökülər, qalarsan qozsuz! Göyə uzanan zırrama kimi! - Günbatana tərəf uzanan budaq bərkdən güldü.

- Niyə gülürsən? Heç bilirsən ki, nə vaxtsa sən də onun kimi göyə can atırdın? Sonra nə oldu? Günbatana tərəf əyildin!

- Nə olsun ki?.. Mən Günəşin qürub çağını çox sevirəm.

- Öz başını yeyəsən!

- Yoxsa mənim əyilməyim sənə gülünc görünür?! Bil ki, mən əyilməsəydim, bu qədər bar verməzdim!

Gündoğana tərəf əyilən budaq özünün əyilməsini açıb-ağartmaq istəmirdi və elə bu dəm hər ikisi bir ağızdan qışqırdılar:

- Ho-o-o-o-op!!! Bir millimetr də böyüdük!

Sonra o birisi dedi:

- Amma öz aramızdır, sənin o müdafiə elədiyin zırrama deyəsən axırda aşağıdakı kol kimi çiçək açacaq.

- Bəsdir ələ saldın. Axı necə də olsa, hamımız bir ağacın budaqlarıyıq.

Bayaqdan aşağıdakı budaqlara fikir verməyən, eləhey səmaya can atan barsız budaq dedi:

- E-ey! Aşağıdakılar! Qozlarınızı qoruyun, güclü külək olacaq!

- Hardan bildin?

- Qarğa aşağı enir!

Doğrudan da qarğa aşağı enirdi. Bərk təşvişə düşdüyündən, o boyda ağacı görməyib, enib onun altındakı qızılgül koluna qondu.

- Vay! - qızılgül qışqırdı. - Çiynim əyildi! Sən kimsən?

- Aman, səs-küy lazım deyil! - Qarğa dedi. - Ey təravətli, ətirli çiçək, izn ver sənin gözəlliyindən həzz alım.

- Asta ol, ayağına tikan batar! Bir də bilmək olarmı, siz kimsiz? Amma deməsəz də... deyəsən özüm anlayıram, kimsiniz!..

- Deyəsən, elə mən də anlayıram axı!.. - Qarğa ətrafa nəzər yetirdi. - Elədir ki, var! Ola bilməz! Gözlərimə inana bilmirəm! Doğrudanmı bu sənsən?!.

- Doğrudanmı bu sizsiz? Bilsəydiz mən sizi nə qədər gözləmişəm. Axır ki, gəlib çıxdız!

- Mən gəlməyə bilməzdim, mənim zavallı çiçəyim!

- Mən qızılgüləm!..

- Doğrudanmı?.. Mən də ki...

- Bilirəm, bilirəm. Deməyin! Bilirəm, sizin gözəl səsiniz var! Mənimçün oxuyarsızmı?

- Mənmi?.. Doğrusu bir dəfə də mənim səsimi tərifləyib, oxutdurdular, əməlli ziyana düşdüm. Amma eybi yox, onsuz da hələlik dimdiyim boşdur. Səninçün oxuyaram. Amma bilmirəm bu qoca yaşımda səsim xoşuna gələcək, ya yox. Cavanlıqda yaxşı oxuyardım...

- Eybi yox, eybi yox, oxuyun!

- Başlayıram. Qar-r-r-r-r!..

- Ah, nə gözəl!

- Qa-a-a-a-ar-r-r-r-r-r-r!!!

- Ah, nə məlahətli!..

Qarğa çox "oxudu". Qızılgül çox qulaq asdı.

Bu dəm bülbül peyda oldu. Gözlərinə inanmadı. Qarğanın qızılgül budağına qonub, "nəğmə oxumasını" birinci dəfə idi görürdü. Qızılgülə öz gəlişini bildirməkçün ucadan cəh-cəh vurdu. Qarğa dayandı və dedi:

- O kimdir orada qarıldayır?

Bülbül dözə bilməyib, qışqırdı:

- Bəs sən kimsən, zavallı qızılgülün qulağını batırırsan?

Qızılgül də hirsləndi:

- Nə kobud quşsan! Sən hardan çıxdın?

- Mən bülbüləm! Səni axtara-axtara buraya gəlib çıxdım. Sənin ətrin bütün dağlara yayılıb. Bir ağız oxumaqçün gəlmişdim!

- Yaxşı, əgər sən bülbülsənsə, bəs bu kimdir?

Qarğa dedi:

- Mən? Mən səni buraya əkən! Əgər cavanlığımda bir səhv edib, səni buraya əkməsəydim, indi belə tikanlı olmazdın!

- Məgər onu bura sən əkmisən? Sən axı həmişə qoz əkirsən. sən əksən, əksən, bax, o qozu əkə bilərsən. - Bülbül qoz ağacını göstərdi.

- Hansı qozu?

- Bu boyda ağacı görmürsən?

Qarğa havaya qalxıb, qoz ağacının budağına qondu.

Qızılgül bülbülə dedi:

- Nə yaxşı gəlib çıxdın. Mənimçün bir nəğmə oxu! Amma budağıma qonanda ehtiyatlı ol ki, tikan batmasın.

- Yox, mən qonmayacam! Nəğmə oxumağa da indi həvəsim yoxdur! Bəlkə ayrı vaxt oldu. Amma çətin!

- Niyə? Məgər mənə bir ağız nəğmə oxumaqçün gəlməmişdin?

- Gəlmişdim! Amma indi oxuya bilmərəm. Gərək bununçün mən qızılgülü sevim. Sizi isə sevə bilmərəm. Siz naməhrəmlərlə oturub, durursuz.

Bunu deyib, bülbül uçub getdi. Qızılgül ağladı.

- Ho-o-o-o-op!!! Bir millimetr də böyüdük!!! - deyə, bütün qoz ağacı nərildədi.

- Mən axmaqsa gedib tikanlı-mikanlı bir kolun üstünə qonmuşam ki, mən əkmişəm. Mən qoca sərsəm nə bilim ki, mənim əkdiyim bu böyüklükdə ağacdır? Axı mən təvazökaram. Hələ də gözlərimə inana bilmirəm.

Sən hələ bir qozlara bax... Maşallah! İndi rahat ölə bilərəm. He-he!.. Üç yüz ildir bu sözü deyirəm, amma ölmək bilmirəm. Zəhmətimin belə bir bəhrəsini görəndən sonra hələ bir üç yüz il də yaşamağım gəlir.

- Qartal səndən böyükdür, amma onun əkdiyinə bax. Koldan başqa bir şey deyil! - Günbatana əyilən budaq dilləndi. - Nə barı var, nə də bizim kimi zəhmi! Deyirəm, bir az da boy atsaq, iri köklərimiz torpağın səthinə çıxacaq.

Onda da o güllü kol Həyatla vidalaşmalı olacaq! Daha ona nə qartal kömək edəcək, nə də ki, bülbül öz nəğmələrilə! - Bunu deyib, bütün budaqlar, qarğa, hətta qozlar da sevinclə birağızdan qışqırışdılar:

- Ho-o-o-o-op!!! Bir millimetr də böyüdük!!!

Qoz ağacının kökü torpağın səthinə çıxdıqca, qızılgül kolu da torpaqdan aralanır və kökləri qırılırdı. Nəhayət, tamamilə qopub aşdı. Son dəfə bəlkə bülbülü arzuladı, bəlkə də yox. Bülbül heç görünmədi də. Sonra külək oldu, güclü külək. Ağacın qozları yerə töküldü. Qızılgül kolu isə küləyə qovuşub, yoxa çıxdı.

Küləkdən sonra qarğa, qoz ağacının budaqlarına müdriksayağı dedi:

- Qorxmayın! Vaxt gələcək, yerə düşmüş hər bir qozdan bu böyüklükdə bir ağac cücərəcək. Daha sonra isə...

Qarğa sözünü yarımçıq kəsməli oldu. Çünki uzaqdan bülbül səsi gəlirdi. Bülbül gəlib çatdı. Qızılgülü axtardı, qoz ağacını dövrələdi... tapmayıb, qoz ağacının budağına qondu. Oxudu, oxudu, ürəyi partlayıb öldü.

- ...Daha sonra isə, - qarğa sözünə davam etdi, - buralar qoz meşəliyinə çevriləcək! Bir daha buralarda dinləyicisiz bülbül və bülbül nəğməsinə həsrət qızılgül olmayacaq!

3.

Bir də onda ayıldım ki, bel ağac kökünə dirənib. Başımı qaldırıb, gördüm, cavan bir qoz ağacının altındayam. Bu məni təəccübləndirmədi.

Qaza-qaza ağacdan bir metr aralanmışdım ki, bel yenə ilişdi. Amma bu dəfə qızılgül koluna...

http://memus.info/h8.htm
XS
SM
MD
LG