Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:22

Gi de Mopassan "Kəndə səfər" (Hekayə)


Beş aydan bəri Düfurlar ailəsi xanım Düfur Petrolinin ad günündə Paris ətrafındakı mənzərəli yerlərdən birində nahar etməyi qərara almışdı.

Səfəri çoxdan, səbirsizliklə gözləyirdilər, təyin olunmuş günün səhəri hamı erkən qalxmışdı.

Cənab Düfur süd satanın arabasını kirayə götürmüşdü, özü sürürdü. Araba iki təkərli idi, tərtəmizdi.

Üst örtüyü dörd dəmir dayağın üzərinə bərkidilmişdi, yanları pərdəli idi, amma pərdələri yığmışdılar ki, ətraf yaxşı görünsün. Təkcə arxa tərəfin pərdəsi yığılmamışdı. Bayraq kimi yellənirdi.

Arvad ərinin yanında oturmuşdu, qırmızımtıl ipək don geymişdi, gözləri gülürdü.

Arxada iki kətilin üstündə qoca nənə və gənc bir qız oturmuşdu. Ortada sarı bir oğlan başı da görünürdü.

Kətil olmadığından o, arabanın oortasında qıçlarını qatlayıb oturmuşdu, təkcə başı görünürdü.

Şan-Elize prospekti ilə gedib, Mayyo qapısını keçəndən sonra ətrafa tamaşa eləməyə başladılar.

Nöyi körpüsünə çatanda cənab Düfur dilləndi:

— Axır ki, kənd yerinə çatdıq.

Onun bu xəbərdarlığından sonra arvadı məmnun-məmnun təbiətə tamaşa eləməyə qurşandı.

Kurbövüa meydanında getdikcə genişlənən üfüqi görüb sevindilər.

Orada, sağda zəng qülləsi ucalan Arjantöy qəsəbəsi, yuxarı tərəfdə Sanua təpələri və Mulen d’Orjemon görünürdü.

Solda Marli su kəməri səhər günəşinin işığında bərq vururdu. Uzaqdan Sen Jermen təpəsi gözə çarpırdı.

Qarşıdakı şumlanmış torpaqlardan bilinirdi ki, Yeni Korley qalası yaxınlıqdadır. Lap uzaqda, kəndlərin və tarlaların arxasında dumana bürünmüş bir yaşıllıq, meşə görünürdü.

Günəş yandırmağa başlayırdı, toz qaxıb arabadakıların gözünə dolurdu. Yol, çılpaq, çirkli və üfunətli bir kəndin ortasından keçirdi. Kəndə elə bil cüzam düşmüşdü, evləri də çürüdüb dağıtmışdı.

Hər tərəfdə tərk edilmiş, dağıdılmış evlərin qəfəsəsi, yaxud pulsuzluq üzündən tikliib başa çatdırılmamış daxmaların çılpaq, damsız divarları görünürdü.
Hərdən uzaqlarda, çöldə uca fabrik bacaları gözə çarpırdı, elə bil onlar bu çürük torpağın yeganə bitkiləri idi.

Burada bahar küləyi neftin, müxtflif süxurların iyini başqa, daha murdar bir iyə qarışdırıb ətrafa yayırdı.

Nəhayət, Sena çayını ikinci dəfə keçdilər, körpünün üstündə hamı çayın gözəlliyinə tamaşa edirdi.

Çay günəş şüalarının altında bərq vururdu, sanki su buxarlanıb çayın üzərində seyrək bir duman əmələ gətirmişdi. Adam ləzzzət alırdı, hava təmiz idi.

Havaya nə zavodların tüstüsü, nə də zibilliklərdən gələn üfunət qarışmışdı.

Yol keçənlərin birindən bu yerin anını soruşdular, dedi ki, bura Bezondur.

Cənab Düfur arabanı saxladlı, yeməkxananın üstündəki qarışıq yazını oxudu: “Pulen restoranı. Xörəklər balıqdan və ətdən hazırlanmışdır, istirahət otaqları, bağça və yelləncəklər”.

— Hə, necədir? Düfur xanım, xoşuna gəlirmi? Bir qərara gələcəksən, ya yox?

Yazını arvad da oxudu: “Pulən restoranı. Xörəklər balıqdan və ətdən hazırlanmışdır. İstirahət otaqları, bağça və yelləncəklər”.

Xanım xeyli dayanıb evə baxdı.

Ev yol kənarında tikilmiş kənd meyxanası idi, yaxşı ağardılmışdı. Açıq qapıdan bufetin tənəkə haşiyəsi görünürdü, bufetin qarşısında iki fəhlə baş-başa verib vaxtlarını keçirirdilər.

Nəhayət, xanım Düfur qərara gəldi:

— Hə, bura yaxşıdır, — dedi, — tamaşa eləməli mənzərə də var.

Arabanı meyxananın arxasandakı, geniş bağa sürdülər. Bağ, Sena çayına qədər uzanırdı. Hər tərəfi iri ağaclar örtmüşdü.

Arabadan tökülüşdülər. Ər əvvəlcə düşdü, əllərini irəli uzadıb, arvadını qucağına alıb düşürmək istədi.

Amma dəmir qoldan asılmış ayaqlıq çox hündürdə idi, xanım Düfur ərinin qolları arasına düşmək üçün bir qıçını sallamalı oldu, qıçının yuxarıları da göründü, incəlikdən nişanə qalmamışdı, budu köklükdən qat-qat idi.

Kənd havasından bir az cuşə gəlmiş cənab Düfur, arvadından bir çimdik aldı, sonra onu ağır bir bağlama kimi güc-bəla ilə götürüb yerə qoydu.

Arvad ipək donunun tozunu təmizlimək üçün üst-başını çırpdı, sonra yan-yörəyə tamaşa eləməyə başladı.

Xanımın otuz altı yaşı olardı, kök idi, pis deyildi, üzdən xoşa gəlirdi.

Korset belini elə möhkəm sıxırdı ki, təngənəfəs olurdu. Sinəsinin yumşaq əti sıxılıb yuxarıya lap buxağına qədər qalxmışdı.

Qız əlini atasının çiyninə qoyub heç kəsin köməyini gözləmədən çevikliklə yerə atıldı. Sarısaç oğlan ayaqlarını arabanın təkərinə qoyub yerə düşdü. Sonra o, nənəni düşürməkdə cənab Düfura kömək elədi.

Atı arabadan açıb bir ağaca bağladılar.

Arabanın qolları yerə dirəndi, arxası yuxarı qalxdı. Kişilər pencəklərini çıxarıb əllərini bir vedrə suda yudular, sonra yelləncəklərdə əyləşmiş arvadların yanına qayıtdılar.

Xanım qız Düfur yelləncəkdə tək ayaq üstə durub yellənmək istəyirdi, amma təkan vura bilmirdi.

O, on səkkiz, iyirmi yaşlarında gözəl bir qızdı. Belə qadınlara yolda rast gələndə adamın ürəyi çırpınır, gecə yarıya qədər qəribə bir hisslə yaşayırsan, unuda bilmirsən. Boyu uca, beli incə, sağrısı enli idi.

Dərisi çəhrayı, gözləri iri, saçı qara idi. Bədəninin ətli olmasını donu büruzə verirdi.

Hər dəfə yelləncəyə təkan verəndə budları daha çox nəzərə çarpırdı.

O, yelləncəyin ipindən bərk-bərk yapışmışdı, sinəsini dik tutmuşdu, təkan vuranda da əsmirdi. Şlyapasını külək qaldırıb arxaya atmışdı, yelləncək yavaş-yavaş işə düşmüşdü.

Hər dəfə qalxanda yaraşıqlı qıçları dizə qədər görünürdü, paltarının ətri güləgülə ona baxan kişilərin burnuna vururdu. Bu onlara şərab iyi kimi ləzzət verirdi.

Xanım Düfur başqa bir yelləncəkdə oturub incik səslə çağırırdı:

— Sipryən, gəl məni itələ, gəl məni yellə Sipryən! Axır ki, kişi arvadına tərəf getdi, ağır bir işə hazırlaşırmış kimi, köynəyinin qolunu çirmələdi, sonra güc-bəla ilə arvadını yelləməyə başladı.

Xanım kəndirdən bərk-bərk yapışmışdı, ayaqlarını irəliyə uzatmışdı ki, yerə toxunmasın.

Yelləndikcə vəcdə gəlirdi. Hər təkanda bədəni, donmuş baş-ayaq suyu kimi, titrəyirdi. Yelləncək yuxarı qalxdıqca xanım Həyacanlanır və qorxurdu.

Hər dəfə enəndə bərkdən qışqırırdı. Axırda kəndin uşaqları qaçıb tamaşaya gəldilər. Xanım aşağıda üz-gözlərini qırışdırıb hırıldaşan bir dəstə uşaq gördü.

Xidmətçi qadın gəldi. Onlar nahar sifariş elədilər.

— Çay balığı, dovşan əti, salat, bir də desert, — deyə xanım əda ilə dilləndi.

— İki litr süfrə şərabı və bir şüşə də Bordo şərabı gətirin, — deyə əri içki sifariş elədi.

Qız da əlavə etdi:

— Biz çəmənlikdə nahar edəcəyik.

Qarı isə həyətin pişiyinə vurulmuşdu, onu cürbəcür şirin sözlərlə oxşayıb yanına çağırırdı. Pişik bu mehribanlıqdan xoşhallansa da, çox yaxına gəlmirdi, qarının yan-yörəsində dolanır, ağacların başına fırlanır, quyruğunu dik qaldırır, ağaca sürtünüb qaşınır, ləzzət alır, astaca xoruldayırdı.

Yerdə oturmuş sarısaç oğlan qəfildən qışqırdı:

— Bir ora baxın, görün nə gözəl qayıqlardır!

Qayıqlara baxmağa getdilər. Balaca çardağın altında iki qəşəng qayıq asılmışdı.

Qayıqlar zövqlə düzəldilmişdilər, yanaşı durmuş bir cüt ucaboy qıza oxşayırdı: uzun ensiz və yaraşıqlı idilər.

Onlara baxanda gözəl axşamçağında yaxud yay səhərində suda üzmək, çiçəyə qərq olmuş sahil boyu, suya sallanan budaqların arası ilə, mavi ox kimi uçan su quşlarının arxasınca üzmək istəyirsən. Bütün ailə həsədlə qayıqlara baxırdı.

Cənab Düfur onları tə’riflədi:

— Hə, bax, bunlara qayıq deyərəm.

O, qayıqları usta gözü ilə yoxlayırdı. Deyridi ki, cavanlığında o da qayıq sürürmüş.

Avarları göstərib lovğalanırdı ki, avarı əlinə aldımı, qurtardı, heç kəs onunla bacarmazmış. Əvvəllər Jüənvildə neçə-neçə ingilisi yarı yolda qoyubmuş.

Sonra o, avarlar bərkidilən çıxıntıları göstərib, onların “dama” adlandırıldığını söylədi, dedi ki, qayıqçılar “dama”ları hər ehtimala qarşı özləri ilə gəzdirirdilər.

O danışdıqca özündən çıxır, yanındakılarla mərc gəlmək istəiyrdi ki, belə bir qayıqla tələsmədən saatda altı lye üzə bilər.

— Yemək hazırdır, — deyə xidmətçi qadın çardağın altındakıları xəbərdar elədi.

Onlar həyətə tələsdilər. Xanım Düfurun xəyalən seçdiyi ən gözəl yerdə iki nəfər gənc oturub nahar edirdi. Onlar dənizçi köynəyi geymişdilər, yə’qin qayıqların sahibləri idilər.

Oğlanlar alçaq stulların üstündə yayxanmışdılar. Üzləri gündən qaralmışdı, əyinlərində nazik mayka vardı.

Çılpaq qolları dəmirçi qolu kimi əzələli idi. Onlar canlı idilər. Ancaq hər hərəkətlərində incəlik vardı.

Hiss olunurdu ki, idmançıdırlar, əzələləri ağır və yeaknəsəq əməkdən yaranmış fəhlə əzələsinə oxşamırdı. Onlar xanımı görəndə bir-birinə baxıb gülümsədilər, qızı görəndə isə biri dedi:

— Gəl, yerimizi onlara verək, tanışlıq üçün imkan yaranar.

O birisi həmin dəqiqə yarıqırmızı, yarıqara papağını əlinə alıb ayağa qalxdı və bağda gün dəyməyən bu yeganə yeri qadınlara təklif elədi.

Qadınlan uzun-uzadı təşəkkürdən sonra təklifi qəbul elədilər, kəndi daha yaxından duymaq üçün çəmənlikdə oturdular, nə masa istədilər, nə də stul.

Oğlanlar qablarını bir kənara aparıb, naharı başa vurdular, Onların tez-tez gözə çarpdırdıqları çılpaq qolları gənc qızı bir az narahat edirdi.

O, üzünü yana çevirir, özünü görməməzliyə vururdu.

Xanım Düfur isə gözüaçıqlıq eləyirdi, maraqla, bəlkə də həsədlə tez-tez çevrilib onlara baxırdı: yəqin onların qıvraqlığını ərinin gizli yebəcərliləri ilə müqayisə edir, təəssüflənirdi.

Xanım Düfur qıçlarını qatlayıb, yerdə oturmuşdu, bədəninə qarışqa daraşdığını bəhanə edərək tez-tez ora-burasını qaşıyırdı.

Cənab Düfur bu oğlanların yaxınlıqda olmasına və canfəşanlıq etdiklərinə görə dilxor olmuşdu, hey qurdalanır, yerini rahatlaya bilmirdi. Sarıbaş oğlan isə başını aşağı salıb yeməyə qurşanmışdı.

— Gözəl hava var, cənab, — deyə kök qadın qayıqçılardan birinə müraciət etdi. Öz yerlərini verdiklərinə görə xanım onalra dilağız eləmək istəyirdi.

— Elədir, xanım, deyə oğlan cavab verdi. — Siz kəndə tez-tez gəlirsiniz?

— İldə bir, ya da iki dəyə, hava almağa gəlirik; bəs siz necə, cənab?

— Mən hər gecə burada oluram.

— Ah yəqin ləzzət alırsınız?

— Bəli, xanım.

Sonra o, şairanə sözlərlə gününü necə keçirdiyindən danışdı. Elə danışırdı ki, çəmənlik və tarlalardan məhrum olmuş, təbiət həsrəti ilə yaşayan, bütün ili dükanda oturmaqdan bezikmiş bu meşşanların ürəyi sızıldayırdı.

Gənc qız başını qaldırıb maraqla qayıqçı oğlana baxdı. Cənab Düfur axır ki danışdı:

— Bax, buna həyat deyərəm. — Sonra əlavə elədi: — Bir az da dovşan əti istəyirsənmi, gözəlim?

— Yox, sağ ol, əzizim.

Xanım yenə üzünü oğlanlara çevirdi, onların çılpaq qollarını göstərib dedi:

— Siz belə üşümürsünüz?

Onların ikisi də güldülər. Bütün günü necə çalışdıqlarından, qan-tərə batdıqlarından, gecənin qaranlığında necə üzdüklərindən danışıb qonşularını heyrətə gətirdilər.

Sonra yumruqlarını siinələrinə döyüb necə möhkəm olduqlarını göstərdilər. Xanımın əri daha ingilisləri necə ötüb keçdiyindən danışmırdı, oğlanlara dedi:

— Sizin sağlam bədəniniz var.

Gənc qız çevrilib onlara baxırdı. Sarıbaş oğlan şərabı birbaş şüşədən içirdi, qəfildən çeçədi, ösgürdü, xanımın qırmızımtıl ipək donunu batırdı. Xanım hirsləndi, ləkələri təmizləmək üçün su istədi.

Hava bərk qızmışdı. Günəşin şüalarında bərq vuran çay elə bil istidən qaynayırdı. Şərab Düfurların başını kicəlləndirdi.

Cənab Düfur bərk hıçqırırdı, jiletinin yaxasını açmış və şalvarının belini boşaltmışdı.

Xanım təngnəfəs olmuşdu, yavaş-yavaş donunun yaxasını açırdı.

Sarıbaş oğlan şən-şən saçı pırpızaq başını yelləyir, ara vermədən şərab süzüb içirdi. Qarı kefləndiyini duyub özünü şax və təmkinli saxlamağa çalışırdı. Qız isə heç nə büruzə vermirdi, ancaq gözləri azacıq parıldayırdı, həm də qarabuğdayı yanaqnları bir az qızarmışdı.

Qəhvə içib naharı başa vurdular.

Oxumaq istədilər. Hərə öz bildiyi mahnını oxudu, qalanları hərarətlə əl çaldılar. Sonra ağırağır ayağa qalxdılar. Arvadlar keyləşmişdilər, təngnəfəs olmuşdular.

Kişilərin ikisi də kefli idi, gimnastika ilə məşğul olmağa başladılar. İkisi də kütləşmiş, üzləri səfeh bir ifadə almışdı. Asma həlqələrdən sallandılar, amma heç biri özünü qaldıra bilmədi. Köynəkləri az qala şalvarlarından çıxıb sallanacaqdı.

Qayıqçılar qayıqları suya salmışdılar, yaxınlaşıb nəzakətlə xanımları çayda gəzməyə də’vət etdilər.

— Cənab Düfur, icazə verirsinizmi? Xahiş edirəm! — deyə Düfurun arvadı həyəcanla soruşdu.

Düfur axan gözlərini arvadına zillədi, heç nə anlamadı. Qayıqçı oğlanlardan biri iki tilov gətirdi.

Balıq tutmaq həvəsi kişinin dumanlanmış gözlərinə işıq gətirdi, xardavatçıların hamısı həvəskar olurlar.

O hər şeylə razılaşdı, gəlib körpünün altında, kölgədə tilovatdı, qıçlarını aşağı sallayıb oturdu.

Sarıbaş oğlan özünü onun yanına verib yuxuya getdi.

Qayıqçılardan biri güzəştə getməli oldu xanımı öz qayığına götürdü.

İnglis adasındakı balaca meşəyə gedirik, — deyə dostunu xəbərdar elədi.

O biri qayıq asta-asta üzürdü. Avar çəkən öz sərnişininə elə aludə olmuşdu ki, başqa heç nə fikirləşə bilmirdi. Qəribə bir həyəcan onu gücdən salmışdı.
Gənc qız avarçının kreslosunda oturmuşdu, qayıqdan, sudan ləzzət alırdı.

O heç nə fikirləşmirdi, özünü rahat və sərbəst hiss edirdi, məst olmuşdu. Yanaqları qıpqırmızı idi, tez-tez nəfəs alırdı.

Şərabın sərməstliyi ətrafı oda qərq eləmiş günəşin istisinə qarışmışdı.

Qız sahildəki ağacların hər birinə dərin məhəbbətlə baxırdı.

Havanın hərarəti onun qanını qaynadır, ürəyində qəribə bir arzu baş qaldırırdı.

İstinin qorxusundan heç kəsin görünmədiyi bu kimsəsiz yerdə, suyun üzündə oğlanla tək qalması da qıza qəribə bir şəyəcan gətirirdi; özü də oğlan onun gözəlliyinə heyran olduğunu büruzə verir, baxışları ilə onu öpüşə qərq eləyir, ehtirasdan od tutub yanırdı.

Onlar cəsarət edib danışa bilmədiklərinə görə daha da həyəcanlanır, yan-yörəyə tamaşa edirdilər. Axırda oğlan iradəsini toplayıb onun adını soruşdu.

— Anriyet, — deyə qız cavab verdi.

— Nə yaxşı, mənim adım isə Anridir.

Onlar bir-birinin səsii eşidib sakitləşdilər. Sahilə tamaşa eləməyə başladılar. O bil qayıq dayanmışdı, deyəsən, onları gözləyirdi. Qayıqçı oğlan qışqırdı:

— Meşədə görüşərək, biz Robinzona getməli olduq, xanım su içmək istəyir.

Sonra o, avaralara güc gəldi, elə tez uzaqlaşdı ki, az sonra gözdən itdilər.

Uzaqdan boğuq bir gurultu eşidilirdi, səs yavaş-yavaş yaxınlaşırdı. Elə bil çayın suyu titrəyir, gurultu suyun dibindən gəlirdi.

— Bu nə səsdir? — deyə qız soruşdu.

Səs adanın başındakı bənddən gəlirdi. Bənd burada çayın suyunu iki yerə bölür. Oğlan uzun-uzadı izah eləməyə başladı. Birdən şəlalənin gurultulu səsinə bir bülbülün cəh-cəhi qarışdı. Onların hər ikisi bu zəif səsə heyran-heyr qulaq asdı. Oğlan dilləndi:

— İşə bax, bülbül günün günorta çağı oxumağa başlayıb, deməli, dişi bülbül kürt yatır.

Bülbül! Qız heç vaxt bülbül cəh-cəhi eşitməmişdi, bu səs onun xəyalında şairanə məhəbbət mənzərələri yaratdı.

Bülbül! Bu quş Cülyettanın öz balkonundakı məhəbbət görüşlərinin gözəgörünməz şahididir, bu musiqi göydən enib kişilərin öpüşlərinə qarışır.

Bütün həzin romansların ifaçısı bu quş, gözəllik vurğunu zavallı qızların xırdaca ürəklərini şirin arzularla doldurur.

Qız bülbülü dikləmək istəyirdi.
— Gəl səsimizi çıxarmayaq, — deyə oğlan qıza işarə elədi. — Meşəyə girib bülbülün lap yaxınlığında oturaraq.

Qayıq asta-asta üzürdü. Sahil qayası elə alçaq idi ki, ağaclar və kolların arası görünürdü. Onlar dayandılar, oğlan qayığı sahilə bağladı. Anriyeğ Anrinin qoluna söykəndi, onlar budaqların arası ilə irəlilədilər.

Oğlan dedi:

— Əyilin aşağıya.

Qız əyildi, onlar sarmaşıq, yarpaq və qamışlarla örtülmüş bir yerə girdilər, bura lap evə oxşayırdı, tanımayan adam bu yeri tapa bilməz. Oğlan zarafatla dedi ki, bura onun “şəxsi kabineti”dir.

Bülbül onların başı üstündəki budaqda idi, ara vermədən cəhcəh vururdu. O gah asta, gah titrək səslə oxuyur, gah da elə zəngulə vururdu ki, elə bil səsi üfüqə çatır, çay boyu axır, istidən kimsəsiz qalmış tarlalara, bağlara yayılırdı.

Onlar quşu qorxudacaqlarından ehtiyat edib danışmırdılar.

Yanaşı oturmuşdular. Anrinin qolu yavaş-yavaş Anriyetin belinə dolandı və onu astaca sıxdı. Qız acıqlanmadı, oğlanın cəsarətli əlini kənar elədi. Sonra bu yüngül mübarizə tez-tez təkrar olundu:

çünki əl dinc durmurdu. Qız oğlanın nəvazişindən narahat olmurdu, elə bil əlin onu sığallaması da onun əli kənar etməsi də adi bir iş imiş.

Qız bülbülə qulaq asırdı, şirin bir xəyala dalmışdı. O sonsuz bir xoşbəxtlik, mehriban bir nəvaziş, ən gözəl şe’rlər arzulayırdı.

Əsəbləri süstləşmiş, ürəyi elə kövrəlmişdi ki, özündən xəbərsiz ağlayırdı. Oğlan indi onu sinəsinə sıxırdı. Qız onu daha itələmirdi.

Birdən bülbül susdu. Uzaqdan bir səs eşidildi:

— Anriyet!

Oğlan astadan dedi:

— Cavab verməyin, yoxsa quş uçar.

Qızın özünün də cavab vermək fikri yox idi.

Onlar bir anlıq beləcə qaldılar. Xanım Düfur haradasa oturmuşdu. Hərdən qarışıq səs eşidilirdi, xanım astadan ufuldayırdı, deyəsən, o biri qayıqçı dəcəllik edirdi.

Qız şirin xəyala dalıb ağlayırdı, bədənini qəribə bir hərarət bürümüşdü, Anri başını onun çiyninə qoymuşdu, birdən qızın dodaqlarından öpdü. Qız diksindi, ondan yaxa qurtarmaq üçün arxaya dartında.

Oğlan qızın üstünə yıxıldı, bədəni ilə onun bədənini örtdü. Ağzı ilə qızın dodaqlarını axtardı, qız imkan vermədi, axır ki, Anri dodaqlarını qızın dodaqlarına sıxdı.

Qız ehtirasından titrədi öpüşə cavab verdi, oğlanı sinəsinə basdı, onun müqaviməti elə bir ağır bir yük altında qalıb çilik-çəlik oldu.

Ətraf sakit idi. Quş y enidən oxumağa başladı. Əvvəlcə üç dəfə ucadan cəh-cəh vurdu, sanki dünyanı sevib-sevilməyə çağırırdı. Sonra azacıq ara verib incə səslə nəğməsinə başladı.

Mülayim bir meh əsdi, yarpaqlar pıçıldaşdı. Budaqların arasına ehtirasdan təngnəfəs olmuş iki nəfərin odlu nəfəsi dolur, orada bülbülün nəğməsinə, yarpaqların xışıltısına qarışırdı.

Bülbül sərməstləşirdi, nəğməsi güclənən yanğının alov dilləri kimi ucalır, insan ehtirası kimi güclənir, elə bil ağacın altından gələn öpüş səslərini müşayiət edirdi. Sonra hey qıy vurur, səsini uzadır, sanki titrək səslə fit çalırdı.

Hərdən bülbül nəfəsini dərirdi, iki-üç dəfə astadan oxuyub, sonra cır səslə nəğməyə yekun vururdu. Bə’zən də coşur, ara vermədən cəh-cəh vurur, özündən çıxır, elə bil alovlu bir eşqə nəğmə deyir, nəğməyə qələbə sədaları ilə yekun vururdu.

Birdən bülbül susdu, ağacın altında bir inilti eşidildi, sanki kim isə can verirdi. Səs xeyli davam elədi, sonra hönkürtüyə çevrildi.

Onlar ayağa qalxanda hər ikisinin rəngi sapsarı idi. Gözlərində günəş sönmüş, mavi səma tutulmuşdu. Özlərini tənha sanır, susurdalar.

Onlar yanaşı gedir, tələsirdilər, nə kəlmə kəsir, nə də bir-birinə toxundurdular. Elə bil düşmən kəsilmişdilər, bir-birindən iyrənir, bir-birinə nifrət edirdilər.
Hərdən Anriyet anasını səsləyirdi:

— Ana!

Kolluqların birində çaxnaşma düşdü. Anriyə elə gəldi ki, orada iri, ətli bir qılçanı tələm-tələsik ağ gecə köynəyi ilə örtdülər. Sonra kök qadın göründü, bir az pərt olmuşdu, rəngi daha da qızarmışdı.

Xanımın gözləri parıldayırdı, yaxası yaxşı düymələnməmişdi, oğlana çox yaxın oturmuşdu. Deyəsən oğlan maraqlı şeylər görmüşdü, özü büruzə vermək istəmirsə də, gözləri bic-bic gülürdü.

Xanım Düfur mehribanlıqla qolunu oğlanın qoluna keçirdi, onlar qayıqların yanına qayıtdılar. Anri irəlidə lal-dinməz, qızla yanaşı gedirdi. Ona elə gəldi ki, arxadan nəfəskəsən, uzun bir öpüşsəsi eşidildi.

Axır ki, gəlib Bezona çatdılar.

Cənab Düfur ayılmışdı, darıxırdı, sarıbaş oğlan yola düşməzdən əvvəl yeyirdi. Araba qoşulmuşdu. Qarı yerini tutmuşdu, narahat idi, qorxurdu ki, gecəyə düşsünlər, Parisin ətrafı yaramaz adamlarla doludur.

Əl verib ayrıldılar. Düfurlar ailəsi yola düşdü. Qayıqçılar onların arxasınca qışqırdılar: — “Görüşənə qədər!”

Arabadakılardan biri köksünü ötürdü, başqa birinin isə gözləri doldu.

İki ay sonra Martir küçəsi ilə gedəndə Anri qapılardan birinin üstündə belə bir yazı gördü: “Dəmir mə’mulatı mağazası, Düfur”.

O, mağazaya girdi. Kök qadın kassanın arxasında oturmuşdu. Həmin saat bir-birini tanıdılar. Xeyli şirin söhbət eləyəndən sonra Anri soruşdu:

— Anriyet necədir?

— Çox yaxşıdır, sağ olun: ərə gedib.

— Hə?

Anri qəribə bir həyəcanla soruşdu: — Kimə… Kimə gedib?

— Bizimlə gəzintidə olan oğlana, tanıyırsınız, o bizim varisimiz olacaq.

— Hə, çox gözəl!

Anri qaşqabağını tökmüşdü, heç özü də bilmirdi ki, niyə pərt olub. Çıxıb getmək istəyəndə xanım Düfur arxadan çağırdı:

— Bəs sizin dostunuz necədir? — deyə utancaq-utancaq soruşdu.

— Lap yaxşıdır.

— Bizdən ona salam söyləyin, yaxşımı, tapşırın ki, bu tərəflərə yolu düşəndə bizə baş çəksin…

Xanım qıpqırmızı qızardı, sonra əlavə elədi: — Ona deyin ki, mən çox məmnun olaram.

— Mütləq deyərəm, xadahafiz!

— Xadahafiz, yox… yaxın görüşə qədər!

Bir il sonra qızmar bazar günlərindən birində meşədəki əhvalat Anrinin yadına düşdü.

Əslində həmin əhvalatı o, heç unutmurdu, amma bu dəfə elə aydın, elə ürək yanğısı ilə xatırladı ki, dözə bilməyib tək-tənha həmin guşəyə getdi.

Ora çatanda mat qaldı. Qız orada idi. Həmin yerdə, otun üstündə oturmuşdu, qəmgin idi.

Əri, sarıbaş oğlan onun yanında yuxuya gedib heyvan kimi xoruldayırdı, geçən il geydiyi uzunqol köynəyi də əynində idi.

Anrini görəndə qızın rəngi elə qaçdı ki, az qala ürəyi gedəcəkdi. Sonra onlar aralarında heç nə olmayıbmış kimi, söhbət eləməyə başladılar.

Oğlan deyirdi ki, bu yeri çox sevir, hərdən bazar günləri gəlib burada istirahət edir, keçmiş gözəl dəqiqələri xatırlayır. Bu sözləri eşidəndə qız gözlərini oğlanın gözünə zilləyib xeyli baxdı, sonra dedi:

— Mən bu yeri hər axşam yadıma salıram.

— Gedək, əzizim, — deyə onun əri oyanıb əsnəyə-əsnəyə söhbəti kəsdi. — Məncə, qayıtmaq vaxtıdır.

Tərcümə: Hamlet Qoca
lit.az
XS
SM
MD
LG