Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:33

İlqar Fəhmi "Kişidi bu..."


Yenə anamı apardılar; hə, içəri otağa çəkdilər.

Heyif. Düz bir ay əvvəl mənə söz vermişdi ki, bax, Ziya, on altı yaşın tamam olan saniyə sənə elə gözəl bir hədiyyə verəcəm ki, ömrün boyu yadından çıxmayacaq. Allah haqqı!

Hə, söz vermişdi. Amma nə olsun ki? Gecə saat on birdi, düz bir saatdan sonra mən, nənəm demişkən, yekə kişi olacam.

Hə, bir saat nədi ki? Gecə yarıyacan çətin gedib evə çata bilək. Elə bil indiyə qalmışdı gömrük işçilərinin mamanı içəri otağa aparmaqları.

Bilmirəm nə görüblər bizdə. Təyyarədən o qədər adam düşdü, heç kimə bir söz demədilər, bircə bizdən yapışdılar, elə bil göydən düşmüşük.

Gözləmə salonunda da artıq heç kim qalmayıb, bircə mənəm axmaq kimi o yan- bu yana gəzişirəm.

Görəsən, bəs indi nə istəyirlər mamadan? Hər dəfə belədi. Bizim bu aeroporta ayaq qoyan kimi, gah sərhəd işçiləri bizə ilişir, gah gömrükçülər, gah da nə bilim kim. Elə bil bomba aparırıq özümüzlə.

Nə yaxşı ki, üstümüzdə bir şey olmur. Bacıyla gedəndə də həmişə saxlayırlar.

İki-üç dəfə Türkiyəyə, Dubaya aparıb məni özüylə, hər dəfə də geri qayıdanda onu çəkiblər içəri, bir-iki saat ərzində yoxlayandan sonra buraxıblar.

Allah bilir içəridə başlarına nə oyun gətirirlər. Bəlkə, o kinolardakı kimi döyürlər, işgəncə verirlər, elektrik stuluna otuzdururlar?

Nə yaxşı ki, məni içəri salmırlar, həmişə deyirlər ki, sən get gözləmə salonunda otur. Amma bacıyla gələndə rahat olur, içəri otaqdan çıxandan sonra həmişə bizi maşınla evimizəcən gətirib qoyurlar.

Yəqin baxıb görürlər ki, qadağan olunmuş bir şey aparmırıq, onunçün bizim vaxtımızı aldıqlarına görə xəcalət çəkirlər, öz maşınlarında bizi evə gətirməklə günahlarını yumaq istəyirlər.

Heç cür başa düşə bilmirəm, əgər mamanı da, bacını da belə yaxşı tanıyırlarsa, onda bilirlər ki, biz təhlükəli heç bir şey keçirtmirik.

Bəs onda niyə hər dəfə saxlayırlar? Yəqin növbədə ayrı-ayrı adamlar olur.

Bircə nənəylə gedib-gələndə heç kim ilişmir. Bütün yoxlamalardan səs-səmirsiz keçib gedirik. Hərçənd, bir dəfə onun da ağzından qaçmışdı ki, cavan vaxtı gözlərindən yan keçə bilməzdim.

O saat saxlayardılar, ayrıca otağa salıb əməlli-başlı yoxlayardılar. İndi yaşım keçib, daha məni sayan yoxdu.

Saat neçə oldu, görəsən? Beş dəqiqə də keçdi.

Bəs, mama nə vaxt çıxacaq e? Yorulmuşam oturmaqdan.

Belim ağrıyır. Bəlkə bir az gəzişim, mağazalara baxım. Hə, o dey orda SD dükanı var, hələ açıqdır. Heyif ki, mamadan pul götürmədim. Bəlkə o qapıda dayanan gömrükçüyə yaxınlaşıb xahiş edim ki, mamanı beş dəqiqəlik bayıra çağırsın?

Hə, olar. Yaxınlaşıb sözümü deyən kimi, gömrükçü sırtıq-sırtıq gülür, deyir ki, maman növbə rəisinin otağındadı, şəxsən özü yoxlayır onu. Düzü, onun sözü mənə ləzzət eləyir.

Malades, mama! Deməli, adi gömrükçü yox, növbə rəisinin özü yoxlayır onu. Onunçün də mamanın xətrini çox istəyirəm də.

Heç vaxt o biri cır-cındırlara tay olmur. Bir yerə gedəndə də həmişə dalımızca inomarka gəlir, xaricdə də həmişə bahalı otellərdə qalırıq.

Qonaq getdiyi tanışları da hamısı sanballı, hörmətli adamlar olur. Əntiqə restoranlar, barlar, kazinolar…

Bacı da bu işdə mamaya oxşayır. Bilir, kiminlə oturub-durmaq lazımdı. Bircə dəfə də görmədim ki, institutdan evə onu “Jiquli”də-filanda gətirsinlər. Ancaq inomarka: Mersedes, BMV, Cip… Elə də olmalıdı da.

Bəyəm, bacı o biri səviyyəsiz cındırların tayıdı? Əlbəttə yox. Mənim bacım superdi.

Hiss eləyirəm ki, bacı da mənim xətrimi yaman çox istəyir, hələ bəlkə mamadan, nənədən də çox. Hamıdan artıq qayğımı o çəkir.

Yanında qalan olanda da heç vaxt qoymur ki, bərkdən səs salsınlır, çünki bilir ki, otaqların arakəsməsi nazikdir, mən də səs olanda yata bilmirəm.

Neçə dəfə öz qulağımla eşitmişəm, çuvakına deyir ki, səsini çıxartma, qardaşım əsəbidi, səs götürmür, yata bilmir.

Əsl bacıdı. Başqa adam belə eləməzdi. Amma bir tanışı var, adı da deyəsən Alikdi, gombul bir oğlandır, donuza oxşayır, bilmirəm bacı onda nə görüb.

Hər dəfə o gələndə mənim bütün əsəblərim pozulur. Bacı nə qədər yalvarsa da, xeyri olmur, heyvan oğlu səhərəcən elə böyürür, elə fısıldayır ki, heç gözümü də yuma bilmirəm.

Hər dəfə o gəlib gedəndən sonra üç-dörd gün əsəbi oluram.

Axırıncı dəfə Alik gələndə o qədər hirslənmişdim ki, səhər onu yola salandan sonra bacıya dedim, ona tapşır, bir də səs-küy salmasın, yoxsa gəlib pəncərədən atacam onu aşağı.

Sözüm, deyəsən, bacının xoşuna gəldi, xeyli güldü, gəlib məni qucaqlayıb öpdü, mamaya dedi ki, Ziya artıq böyük kişi olub, deyir, Aliki pəncərədən atacam aşağı. Sonra da bacı məndən xahiş elədi ki, hirslənməyim, çünki uşaqlıqdan əsəbiyəm, dedi ki, Alik gələndə nauşniki keçirt qulağına, sakit bir muzıkaya qulaq as, heç bir səs də eşitməzsən, özün də hiss eləmədən yuxu aparacaq səni, rahat yatacaqsan.

Bacının sözü ağlıma batdı, bir-iki dəfə yoxlayandan sonra gördüm ki, doğrudan da qulağa nauşnik taxıb yatmaq olarmış. Mən bilmirdim. Belə yatmağı vərdiş edəndən sonra daha Alikin böyürtüsünü eşitmirdim.

Bir azdan yaman dostlaşdım onunla. Əntiqə oğlan imiş. Əliaçıq, zarafatcıl. Bir dəfə bizi hətta bahalı bir restorana da apardı.

Düzdü, arada bir saatlıq bacıyla başqa bir otağa getdilər, dedilər, balaca bir işimiz var. Yəqin hansısa tanışlarıyla rastlaşıblar.

Amma mən darıxmadım, çünki restoranda əntiqə şou-proqram gedirdi, oturub yemək yeyə-yeyə şouya baxdım, heç özüm də hiss eləmədim vaxt necə keçdi.

Amma nənə məni özüylə aparanda belə olmur. Onun tanışları da xoşuma gəlmir. Hamısı qoca adamlar olur, bir qəpiklik də qanacaq qabiliyyətləri olmur. Elə maşınları da özlərinə oxşayır. Ən uzağı “Volqa”da gəlirlər.

Düzdü, nənə deyir ki, mənim dostlarım hamısı vaxtıykən göylə gedən kişilərdən olublar, qılınclarının dalı da kəsib, qabağı da.

Əgər onlar olmasaydı, dalımda dayanmasaydılar, nə qızı böyüdüb oxutdura bilərdim, nə də özüm bir fərli gün keçirə bilərdim, çaqqal-çuqqallar başımızı yeyərdilər. Nənə belə nənədi.

Amma axır vaxtlar yaman deyingən olub.

Onunçün də evdə heç kim onun sözünə bir o qədər fikir vermir, xətrinə dəymirik.

Çünki o olmasaydı, nə mama, nə bacı, nə də mən olardıq. Elə özü də hirslənəndə deyir ki, vaxt vardı, bircə işiniz də mənsiz keçmirdi, indi böyümüsüz, adam olmusunuz, öz çuvaklarınız var, daha mənimkiləri bəyənmirsiz.

Nə olsun ki, yaşlı adamlardı, amma sizinkilərdən etibarlıdılar, çünki köhnə kişilərdəndilər, indikilərin tayı deyillər.

Yəqin ki, haqlıdı.. Düzü, mamanı, bacını bilmirəm, amma mənim dalımda nənəm həmişə kişi kimi dayanıb.

Əvvəllər, hələ bacı da məktəbdə oxuyanda, o qoymurdu heç kim mənə güldən artıq söz desin.

Sonra bacı məktəbi qurtardı, evimizi dəyişib şəhərin mərkəzinə gəldik, məni də çıxardıb başqa məktəbə qoydular. İndiki məktəbə təzə gələndə bir-iki dəfə mənə ilişmək istəyənlər oldu, ən çox da yuxarı sinif uşaqları, nə bilim, prikola tutdular, başqa şey elədilər.

Nənə bundan xəbər tutub məktəbə gəldi, koridorun ortasında mənə sataşanların başına bir oyun açdı ki, indi də yadıma düşəndə qarnımı tutub gülürəm. Birinin ağzının üstündən elə şillə qoydu ki, yazığın dodağı partladı, o birisini də ayaqlarının arasından elə bir təpik ilişdirdi ki, oğlan bütün həftəni ikiqat gəzdi. Qalanlar da qaçıb gizləndilər.

Axırda da nənə dedi ki, bizim uşağa kim sataşsa, başını divara çırpıb partladaram, qələt eləyirsiz hamınız, o yekəqarın direktorunuzla bir yerdə.

Məktəbdə nənənin qorxusundan heç kim mənə bir kəlmə artıq söz də demir. İt kimi qorxurlar ondan.

Uşaqlar da, müəllimlər də, elə direktorumuz da. Düzünə qalsa, deyəsən, direktor nənədən çox, mamamdan qorxur.

Bir dəfə sinif rəhbərim məni sinifdə saxlamaq istəyirdi, mama gəlib girdi direktorun yanına, katibəni də qovdu bayıra.

Yarım saatın içində kabinetdəcə direktorun gözünün odunu elə aldı ki, o vaxtdan bəri yazıq kişi hər dəfə məni görən kimi, o saat mamanı soruşur, tapşırır ki, məndən salam de.

Elə indi də, üç aydan, beş aydan bir mama gəlib kabinetə girir, təzədən direktorun gözünün odunu alır.

Düz eləyir, yoxsa yadından çıxar ki, mənim dalımda kimlər dayanıb.

Mama yaxşı bilir, kimi yerinə necə otuzdurmaq lazımdı. Əlbəttə ki, belə bacarığı göydən düşməyib, hamısını nənəmdən öyrənib. Nənəm özü deyir bunu. Deyir, mənim qızım da, nəvəm də aciz deyillər, fərasətlidilər, lap özümə oxşayıblar.

Nənə bizə gəlib gedən göhnə dostlarının keçmişindən danışmağı yaman xoşlayır. Nə bilim, filankəs səhər yeməyini burda yeyirdi, naharını Moskvada edirdi, ya da ki, filankəs bağında beş kilo qızıl basdırmışdı.

Belə söhbətlərə mən də həmişə maraqla qulaq asıram.

Biri vardı, mənim də xoşuma gəlirdi, yaşlı kişiydi, ancaq yaman prikol danışmağı vardı, nənə deyirdi ki, əvvəllər özünün balaca bir çanta sexi olub..
Aa, çantamı hara qoymuşam, axı bayaq əlimdəydi?

Birdən təyyarədə qalar e. Hə, o dey, orda, kasset mağazasının yanında qalıb. Yəqin bayaq şüşənin qabağında dayanıb kasetlərə, disklərə baxanda qoymuşam yerə.

Yaxşı ki, zalda məndən başqa heç kim yoxdu, yoxsa oğurlayıb aparardılar. Çanta cəhənnəm e.

Axı orda mənim mamadan gizlin yığdığım pulum var. Hə, bacı tapşırıb ki, bunları sənin özünə verirəm, mama bilməsin, ürəyin nə istəsə, ad günündə alarsan.

Düz altı dənə yüzlük dollardı.
Bacı belə olar e. Yoxsa o birilərinki kimi? Yekə qızdılar, amma gəlib qardaşlarından pul alırlar.

Qardaş səninçün nədi ki? Yaxşı bacısan, get özün qazan, gətir ver ki, bax, qaqaş, bu da səninçün hədiyyədi. Buna deyərəm əsl bacı.

Nə qədər olsa da, hər ehtimala qarşı çantanın içəridəki balaca cibinə baxıram görüm pullar yerindədi, yoxsa yox?

Burdadı, dəyən olmayıb. Əlbəttə ki, dəyən olmaz, axı haram pul deyil, təmiz puldu, halal puldu. Mənim bacım tərtəmiz qızdı, çirkin işlərə heç vaxt yaxın getməz ki, hələ bir bağışladığı pul da haram olsun.

Bizim ailə halal ailədi, haram ayağı bizim evə dəyməyib. Bu axırıncı cümləni həmişə nənəm təkrar edir.

Eh, saat on ikiyə on beş dəqiqə işləyib. Harda qaldı mama? Bəlkə öz vədini yadından çıxarıb? Ola bilməz, mama heç vaxt elə şey eləməz.

Bəs onda niyə çıxmır bayıra? Eh, yazıq neynəsin e? Bu cındırlar saxlayır da. Yəqin yaman möhkəm yoxlayırlar. Saat on birə qalmışdan içəridədi.

Təyyarədə mənə demişdi ki, saat on ikiyə qədər gedib evə çatacağıq, sənin ad gününə söz verdiyim sürprizi edəcəm. Eh, yazıq nə bilsin ki, belə olacaq.

İsti də lap öldürdü məni. Gərək mən də mamanın əynindəki topik kimi balaca maykalardan geyinəydim.

Nə bilim e? İstanbulda baxdım ki, hava soyuqdu, bu idman köynəyini keçirtdim əynimə. Yazıq mama üç dəfə dedi ki, Ziya, bax, tərləyəcəksən, nazik bir şey geyin.

Qulaq asmadım. Amma doğurdan da o balaca maykalar mamaya əntiqə yaraşır.

Düzdü, tanışların çoxusu deyir ki, elə qısa, yaxası açıq topiklər, nə bilim, mini yubkalar cavan, arıq qızlarçündü. Elə nənəm özü də həmişə deyinir ki, sən bir az köksən, belə maykalar, mini yubkalar sənə yaraşmır.

Amma mənim xoşuma gəlir. Mama belə geyinəndə toppuş, şirin bağça uşaqlarına oxşayır.

Adam elə ora-burasını çimdikləmək istəyir. Həm də belə geyinəndə adam istidə tərləmir axı. Bu saat elə mən də mama kimi balaca mayka, qısa şortik geyinsəydim, isti heç vecimə olmazdı, burda da onu gözləyə-gözləyə əsəbləşməzdim.

Yəqin bu saat gömrük rəisinin otağında bütün çantalarımızı açıb töküblər, aldıqlarımızın hamısını bircə-bircə yoxlayırlar. Yazıq mama, yəqin lap pərt olub orda, bilir ki, mən söz verilən şey yerinə yetirilməyəndə əsəbləşirəm.

Bilir ki, bu saat mən burda dəli oluram. Amma neynəsin, çarəsi nədir ki?

Bəlkə dollarlarımdan birini xırdalayım, beş-altı DVD alım?

Ya da kafedə oturub bir şey yeyim. Təyyarənin yeməkləri həmişə ürəyimi bulandırır, bir-iki tikədən artıq yeyə bilmirəm.

Amma yox, mama mənə xırda pul verməyib, əgər disk alsam, ya kafedə otursam, bilinəcək ki, kimsə mənə gizlincə pul verib.

Həm də o saat bacıdan şübhələnəcək, onu danlayacaq ki, sənə min dəfə demişəm, uşağa məndən gizlin pul vermə, ərköyün olacaq.

Hə, mama o saat biləcək ki, pulu mənə bacı hədiyyə eləyib, çünki nənədən pul qopartmaq qətiyyən mümkün deyil.

Əlinə düşənlərin hamısını bizdən gizlincə yığır, deyir, qara günlüyünüzçün saxlayıram, vaxt olacaq ki, indi başınıza fırlanan bu qurumsaqların heç biri olmayacaq.

Yox, heç nə almaq olmaz, yoxsa bacını ələ vermiş olaram. Başqa çarə yoxdu, gərək oturum mamanın gömrük otağından çıxmağını gözləyim.
On ikinin yarısı oldu.

Deyəsən, ad günümü elə bu xaraba aeroportda keçirəcəm, elə bu, bu plastmas kresloların üstündə on altı yaşım tamam olacaq, yekə kişi olacam. Mamanın sürprizi də gedəcək işinin dalıyca.

Görəsən, mənə nə hədiyyə eləmək istəyirdi? Bəlkə nəsə alıb mənimçün? Eh, nə ala bilər ki? Nə istəmişəmsə, elə o saat alıb veriblər mənə. Ya mama alıb, ya da ondan gizlin bacı alıb.

İstədiyim bir şey qalmayıb ki, onun alınmağını ad günümə saxlasın. Bəlkə elə bir şey istəmişəm ki, özümün də yadımdan çıxıb? Bu saat fikirləşim. Nə istəyirəm, kimi istəyirəm?

Eh, istədiklərimin içində mənim olmayan bircə Zemadı. Hə, Zema.

Onun anası mamanın uşaqlıq rəfiqəsidi. Elə xasiyyətləri də bir-birinə oxşayır.

Mən də uşaq vaxtından ölürdüm Zemayçün. Düzdü, beş-altı yaş böyükdü məndən, amma lap kiçik olandan deyirdim ki, böyüyəndə Zemanı alacam, sevirəm onu.

Hamı da gülürdü, ləzzət edirdi mənim sözlərim onlara.

Eh, necə gözəl vaxtlardı. Mamanın, bacının qonaqları olanda həmişə Zemadan xahiş edirdilər, məni evlərinə aparırdı.

Zema məni o qədər istəyirdi ki, bir dəqiqə də darıxmağa qoymazdı, oturub kompyuter oyunları oynayardıq, mənimçün cürbəcür şirniyyat alardı, soyunub hamama girərdik, mənimçün köpüklü vanna düzəldərdi, öz bahalı şampunlarıyla başımı yuyardı, yaxşıca çimizdirəndən sonra da öz yatağına salardı, doğma qardaş kimi məni qucaqlıyıb yatardı.

Ya da yatmazdı, başlayardı yorğanın altında məni qıdıqlamağa, çimdikləməyə, mən də əvəzində onun çılpaq bədənindən dişləyərdim. Səsimiz bütün evi götürərdi başına. Ölürdüm Zemanın qəhqəhə çəkib gülməyi üçün.

Düzdü, bacı da həmişə məni özüylə bir yerdə vanna otağına salıb çimdirirdi, elə indinin özündə də bir də görürsən hamamın qapısını açıb çağırır ki, Ziya gəl belimi sürt.

Sonra da zarafatlaşırıq, gülə-gülə sabunlu suyu üstünə atıb məni isladır, nəhayət, məcbur olub yaş paltarımı souyunuram, girirəm vannaya, onun yanına.

Bacıyla çimmək də xoşuma gəlir, ancaq Zema ayrı aləm idi.

Həm də axı mən onu sevirdim. Həmişə fikirləşirdim ki, böyük kişi olan kimi, onunla evlənəcəm, bundan sonra hamama girəndə daha o məni yox, mən onu çimdirəcəm, zarafatca vannaya soxacam, başını sabunlayacam.

Çiməndən sonra özüm qurulayacam, axırda da qucağıma götürüb yataq otağına gətirəcəm.

Düzdü, əvvəllər də hamamdan çıxanda bir-iki dəfə zarafata salıb onu qucağıma götürmək istəmişdim. Amma heç yerindən qaldırmağa gücüm çatmamışdı, az qalmışdım yazıq qızı yerə yıxıdım.

Həmişə belə edəndə Zema gülməkdən uğunub gedirdi, mən də özüm özümə söz verirdim ki, on altı yaşım olandan sonra idmana gedəcəm, güclü oğlan olacam və onu qucağıma alıb hamamadan çıxaracam, daha hıqqanıb-hıqqana qalmaycam.

Eh, Zema, Zema… Müğənnilər demişkən, necə yara vurdu ürəyimə. Axı niyə belə vəfasız çıxdı?!

On beş yaşım tamam olmamış xəbər tutdum ki, Zema bir institut yoldaşına ərə gedir. Uy da, nə günə düşmüşdüm onda. Düz iki gün buterbroddan başqa boğazımdan heç nə keçmədi.

O kinolardakı kimi səhərdən axşamacan divanda uzanıb üzümü divara çevirirdim, hərdən də hamama girib gizlincə ağlayırdım.

Axırda, deyəsən, mama nəsə başa düşdü, yapışıb əl çəkmədi, dedi, danış görüm nə olub, niyə bu günə düşmüsən? Mən də dedim ki, Zema niyə ərə gedir?

Axı mən onu sevirəm, böyüyən kimi onu özüm alacaqdım. Anam mənim sözümə xeyli güldü, amma heç nə cavab vermədi, dedi böyüyəndə özün hər şeyi başa düşərsən.

Zemanın toyuna da getmədim. Həmin günü səhərdən axşamacan bilə-bilə soyuducudan buz kimi su içdim, axşamtərəfi boğazım şişdi, səsim tutuldu, məni toya aparmayıb, nənəmin yanında qoydular.

Düz yarım il Zemanı danışdırmadım. Onun ərinin atası hansısa bir bankın müdiriydi, Zemanı da öz idarəsinə işə götürmüşdü.

Toylarından sonra bacı onun işinə gedib-gələndə məni bir neçə dəfə özüylə aparmışdı, amma mən onu görən kimi qaşqabağımı salladıb otururdum, Zema nə qədər özünü öldürsə də, bir kəlmə də demirdim.

Axırda ona bildirdim ki, mən vəfasız qızlarla danışmıram. Bacıyla Zema gülüb özlərindən getdilər.

O vaxtdan bəri iki ildi ki, Zemadan ötəri burnumun ucu göynəyir, yenə onun məni hamama salıb çimdirməyini yadıma salıram, az qalıram dəli olam.

Düzdü, keçən il bir dəfə onların bağına qonaq gedəndə, Zema bağdakı saunaya məni də özüylə çəkib aparamaq istədi.

Bacıyla Zemadan başqa orda heç kim yox idi. Amma mən kişi kimi sözümün üstündə dayandım, onun əlindən qaçıb bağın bir küncündə gizləndim. Sonralar bu yekəbaş hərəkətimə görə özümü o qədər danlayırdım ki. Gərək gedəydim.

Zema, Zema. Yəqin ki, bu saat bizdə oturub yolumuzu gözləyir.

Axı, keçən ay təsadüfən mamanın onunla telefon danışığını eşitdim, mama ona deyirdi ki, Ziyanın ad günü bizdə qalarsan, uşağın on altı yaşı tamam olur, gərək gəlib onu kişi eliyəsən. Görəsən nə demək istəyirdi mama?

Heç bu vaxtacan o sözə fikir verməmişəm? Kişi? Necə yəni kişi? Axı, məni çoxdan sünnət ediblər? Bəlkə başqa şeyi nəzərdə tuturdu?

Uy da, buna bax, necə olub ki, bu vaxtacan ağlıma gəlməyib, bəlkə mama sürpriz deyəndə elə bunu nəzərdə tuturdu?

Bəlkə Zema yenə əvvəlki kimi gecə səhərəcən mənimlə qalacaq, məni çimdirəcək, sonra da məni əsl kişi edəcək…yox, belə xoşbəxtlik ola bilməz.

Bütün tüklərim biz-biz oldu, ürəyim də döyünməyə başladı. Yəqin ki, mama fikrində elə bunu tutmuşdu.

On altı yaşım tamam olan kimi bir gecəlik Zemanı mənə hədiyyə edəcəkdi. Hə, o gün bacı da dedi ki, sənin ad günündə yaxşı bir qonaqlıq təşkil edəcəyəm, sonra da göz vurub demişdi ki, yaxşı-yaxşı hazırlaşarsan, Zema da gələcək.

Deməli, bunlar mənimçün belə sürpriz hazırlayırlar. Nə yaxşı!…

Gör mamayla bacı məni nə qədər istəyirmişlər. İşə bax. Lap gözlərim yaşardı..

Ey, bəs harda qaldı e mama? Artıq saat on iki olur, bu saat, tamam olacaq.

Ay Allah, birdən Zema bizim gəlmədiyimizi görüb çıxıb gedər evlərinə, daha məni gözləməz..Yox, elə olsa, başıma hava gələr, öldürərəm özümü, ya da özümü yox, mamanı otağa aparmış o gömrük işçilərini, növbə rəisini.

Hamısını öldürərəm. Yox, daha dözə bilmirəm. Elə indi, bu saat gedib ağzımdan çıxanı onlara deyəcəm.

Deyəcəm, nə görmüsüz bizdə, bəyəm biz oğru-quldurlara, terroristlərə oxşayırıq ki, çantalarımızı bu qədər yoxlayırsınız? Bəyəm adam qəhətdi yoxlamağa?

Qəzəblə gömrük məntəqəsinin qapısına tərəf yerisəm də, ora çatar-çatmaz qapı açılır, içəridən mamayla bərabər üç nəfər gömrük işçisi çıxır. İkisi bizim çantalarımızı götürüblər, biri də mamayla söhbət edir.

Həm də bu, deyəsən, rəisdi, çiynindəki ulduzu böyükdü, o birilərdən də kökdü.

Hər üçü təngnəfəs kimidirlər. Rəisin hətta köynəyinin yaxası da açıqdır.

Sinəsinin tükləri görünür. Deyəsən, bizim çantaları yaman səylə yoxlayıblar, yoxsa hər üçü belə əldən düşməzdi. Kaş bizim bütün məmurlar bu cür cidd-cəhdlə işləyərdilər.

Mama mənə tərəf gəlib başımı qucaqlayır, soruşur ki, darıxmadın, Ziya? Heç nə cavab vermirəm, qəzəblə mamanın üzünə baxıram.

Yazığın üzü, boynu, boğazı yüngülvari tər içindədi, həm də yaman qızarıb. Yəqin mənə söz verdiyi sürprizin vaxtının keçdiyinə görə xəcalət çəkir, utandığından qızarıb.

Qəfildən yazığım gəlir ona. Mamanın nə günahı var ki? Hirsləndiyimi üzünə vurmuram, gülüb deyirəm ki, eybi yox, əsas budu ki, yoxlama qurtardı, gəl gedək evə.

Mama geri çönüb gömrük işçilərinə çıxış qapısını göstərir, onlar da bizim çantaları bayıra, taksi dayanacağına tərəf aparırlar. Sonra mama rəisə tərəf çönüb divardakı iri elektron saatı göstərərək deyir ki, bu dəqiqə oğlumun on altı yaşı tamam olur, istəyirdim düz on iki tamamda ona sürpriz edəm.

Evdə əntiqə bir şey hazırlamışdım.

Rəis öz tərli boynunu silib soruşur ki, nə sürprizdi elə?

Mama mənə baxıb gülür, sonra elə gülə-gülə rəisin qulağına nəsə pıçıldayır. Rəis də qəhqəhə çəkir. Əlini uzadıb mənim saçlarımı qarışdırır və bərkdən deyir:

-Uxx, kişidi bu…

Sözü mənə ləzzət verir. Amma ürəyimdə ona düzəliş verirəm: - Hələ tam kişi deyiləm. Əgər evə gedib çatanacan Zema çıxıb getməsə, bax, onda əsl kişi olacam..

Anam da gülüb rəislə sağollaşır və bayırda bizi gözləyən maşına tərəf gedirik. Birdən arxadan yenə növbə rəisinin səsi eşidilir.

-Eşidirsən, kişi? Mamadan muğayat ol. İncitmə onu.

Eh, qəribə adamdı e. Heç belə ananı da incitmək olar?

http://ilk.bizimki.org/
XS
SM
MD
LG