Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:43

Saday Budaqlı "Nisgil" (Hekayə)


- Sabahın xeyir, Sadıq dayı, bəlkə üzümü qırxasan? Bir görüm başqası qırxanda necə olur…

Neçə günün leysan yağışlarından sonra bərk istilər düşmüşdü. Heç nəyə həvəs yox idi.

Taqətsiz, halsız uzanıb, bir udum meh həsrətiylə axşamı gözləyirdin. Ancaq gecənin gündüzdən elə bir fərqi yoxuydu. Bürkü sıxıb adamın suyunu çıxarırdı.

Səhərə kimi neçə dəfə tərin içində yuxudan ayılırdın.

- Ağıllı fikirdi. – Üzündə heç bir ifadə yoxdu. Süstlük, əzginlik var.

Sadıq dayı bizim məhəlləyə gələndə mən uşağıydım.

Köşkün altına iki tir vurub, onu yoğun məftillə yük maşınına bağlamışdılar. Hardan hara, o boyda yolda iz sala-sala sürüyüb bu dördyol ayrıcına qoymuşdular.

Uşaqlı-böyüklü hamı köşkün başına yığışmışdı. Arvadlar sevinirdi ki, daha hər xırım-xırda üçün şəhərə qaçmayacaqlar.

Ancaq köşk dükan yox, dəlləkxana oldu. Yaşıl köşkə, başı həmişə dibindən tərtəmiz qırxılı ağxalatlı Sadıq dayıya beləcə öyrəşdik.

O vaxtdan məhəllədə çox şey dəyişmişdi. Qonşular bir-birinin bəhsinə biri o birindən, heç olmasa, bir daş hündür ikimərtəbəli evlər tikdirmişdilər.

Uşaqlar böyümüşdü, gözümüzü açıb qoca gördüklərimiz ölmüşdülər, oğlanlar gəlin gətirmişdi, qızlar ərə gedib məhəllənin yolunu yadırğamışdılar, təzə peyda olmuş uşaqları isə adam düz-əməlli tanıya bilmirdi.

Ancaq köşk həminki idi, ikimərtəbəli evlərin yanında lap balaca görünsə də, Sadıq dayı vaxtaşırı onun rəngini təzələyirdi, ora-burasına əl gəzdirirdi.

Elə Sadıq dayı da həminki idi: nə cavan idi, nə qoca, bəlkə də heç vaxt dəyişməyən ağ xalatı, dibindən tərtəmiz qırxılı başı adamı çaşdırırdı.

Mənə elə gəlirdi ki, Sadıq dayı üçün irəlidə heç nə yoxdu, görüləsi işini görüb, deyiləsi sözünü deyib, daha arzulanası, can atılası bir şey qalmayıb – mənim ilk təəssüratım beləydi.

İllər öz işini görmüşdü; üzünün dərisi lırtlaşmışdı, çənəsi sallanmışdı, mənim ilk təəssüratım isə dəyişməmişdi.

«Qırx – qəribə yaşdı. Nə keçmişi düşünürsən, nə gələcək haqqında planlar qurursan.

Adam bu gününü yaşamaq istəyir, bu günündən hər şeyi almaq istəyir». Bu sözlər Sadıq dayının məhəlləmizə gəldiyi ilk vaxtlara aiddi.

Köşkün dükan olmadığına heyfsilənsələr də, məhəllə camaatı ona tez öyrəşdi, köşk məhəllənin yığnaq yerinə döndü.

Sadıq dayı adama çox da yovuşan deyildi, içki içmirdi, siqaret çəkmirdi, - «bütün günü əlim başınızda, üzünüzdədi, içsəm, çəksəm, iydən bezərsiniz, mənim insafıma nə gəlib», - ancaq onun yanında darıxmırdılar, hətta dəlləkxana bir gün bağlı olanda, elə bil məhəllədə nəsə çatışmırdı.

Biz uşaqların isə başını keçəl qırxdırmaq dəb düşmüşdü.

Özgə vaxt bizi yola gətirmək müsibət məsələydi, indi «o boyda adamın başını keçəl qırxdırması» dilimizi, ağzımızı bağlayırdı.

Köşklə, ağ xalatı, qırxıq başı ilə Sadıq dayı məhəlləmizə qonur gözlərində açıq-aşkar duyulan bir kədər də gətirmişdi. Zarafat eləyəndə, gülüb danışanda da o kədər gözlərindən boy göstərirdi.

Biz o kədərin arxasına düşüb Sadıq dayı barədə çox şey öyrənmişdik.

Nəyisə öz dilindən eşitmişdik, nələrisə qulağımız çalmışdı, nələrisə özümüzdən uydurmuşduq.

«Bilmirəm bu qızlar nə tapmışdı onda. Gözəl-zad deyildi. Doğrudu, çirkin də deyildi.

Ortaboy, tökməbədən, qaraşın. Şabalıdı gur saçları varıydı.

Gündə bir fason çıxarırdı, gah dala darayırdı, gah alnına tökürdü. Gözləri də altdan-altdan qayır-qayır qaynayırdı».

«Bir yerdə duran deyildi. Subaylıq bambaşqa, canı cəhənnəm. Evlənəndən sonra da vərdişini tərgitməmişdi. Ailə, arvad, uşaq, di gəl yenə onun-bunun tumanının dalınca qaçırdı».

«Qadınları kim sevmir ki. Əgər kimsə məni xoşlayırsa, mənim də ondan xoşum gəlirsə, niyə axı istəyimi boğmalıyam».

Ancaq günlərin bir günü ayılmışdı ki, qadınlar onu çəkmir, onda hiss, həyəcan oyatmır. Bərk qorxmuşdu ki, qadınlara həvəsi birdəfəlik ölə, onlara heç yaxın gedə bilməyə. «Dedim, ay dadi-bidad, nə tez, hələ mənim nə yaşım var.

Doğrudanmı, hər şey qurtardı? Sonra böyür-başıma baxdım, gördüm, yox, məsələ başqa cürdü.

Arxalarınca düşdüyüm, görüşdüklərimdi məni çəkməyən, ürəyimi yerindən oynatmayan. Nə hiss, nə sevgi, tez, əziyyətsiz ələ keçirmək üçün belələrinə yaxınlaşırammış».

Yaşadığı həyat ona mənasız görünmüşdü.

Ömrü ağır bir yük kimi onu sıxmışdı. Bir vaxt ona sevinc gətirən anları təkrar xatırlamaq da dadına çatmırdı. Həmin yalançı xoşbəxtliyə görə özünə yazığı gəlirdi.

Hər şey yuxu ilə dəyişmişdi. Yuxuda qonşu qızı görmüşdü. Görmüşdü onunla sevişir, bülbül kimi dimdik-dimdiyə dayanıb, ürəkləri əsə-əsə bir-birlərinə şirin-şirin sözlər pıçıldayırlar.

«Çoxdan tanıdığım qızdı. Demək olar, gözümün qabağında böyümüşdü.

Ancaq heç vaxt ağlıma başqa şey gətirməmişdim, ona başqa gözlə baxmamışdım. Heç yolda-izdə rast gələndə də düz-əməlli fikir vermirdim».

Yatıb başqa bir adam kimi oyanmışdı.

Bu adam nə qız görmüşdü, nə qadın görmüşdü, nə ailə, uşaq qayğısı çəkmişdi. «Durub-oturub onu fikirləşirdim, onunla rastlaşmaq üçün yüz hoqqa çıxarırdım. Ancaq rastlaşanda üzünə dik baxa bilmirdim, söz deyəndə dilim-ağzım təpiyirdi. Lap məktəbliyə dönmüşdüm».

Axır ki, ürəyini açıb sözünü demişdi. Neçə dəfə gizlicə görüşüb söhbətləşmişdilər. Hər şey sevib-seviləndə gözəliymiş: əlindən tutmaq da, yanında dinməzcə dayanmaq da. Bir anın sevinci bütün günə çilənirdi.

Qanıqara olanda, işi tərs gətirəndə, təklik, sakitlik axtarırdı ki, öz dünyasına çəkilsin, hər sözü, hər baxışı təzədən xatırlasın, duyduğu çırpıntıları təkrar yaşasın. Günlər tez keçirdi, günlərin başında o qız dururdu.

Qalan şeylər mənasız idi. Səhər tez açılsın ki, onu görsün, evdən çıxsın ki, onunla rastlaşsın, tək qalsın ki, onu düşünsün.

Xoş baxışdan, şirin sözdən savayı bir şey ummadığı belə xoşbəxt günlər çox davam eləmişdi. Ondan olsaydı heç nəyi dəyişməzdi, möcüzə olana qədər gözləyərdi.

«Həyatda möcüzə yoxdu, özünü aldada bilmək var. Yalançı daşlardan yalançı ev qurursan. Həmin evin qapısını külək, damını yağış döymür. Onun üçün həmişə günəş çıxır, Ay doğur, həyətində qızılgüllər açır.

Başqasının əli o evə çatmaz, onu heç kim uçura bilməz. O uçanda, içəridən uçulur, bir göz qırpımında sökülüb dağılır, yerində sonralar ot da bitmir».

«Apar məni, hara istəyirsən apar. Baş götürüb gedək burdan.

Bilirəm çətindi, bilirəm, düz danışmıram, ailən, uşağın, ancaq sevirsənsə apar. Söyəcəklər, qoy söysünlər, lənətləyəcəklər, qoy lənətləsinlər. Mən hər şeyə dözərəm, sən də dözərsənsə, apar».

O, ailəsini atmamışdı. Heç bu haqda düşünməmişdi. Bircə onu hiss eləmişdi ki, qurduğu ev uçulur, daşları sökülür, açıq qalmış qapını küləklər çırpır.

«Görən, aparsam, gedərdimi?»

Sadıq dayı başqa cür ola bilməmişdi. Öyrəşdiyi həyatdan qopa bilməmişdi, naməlumluqdan qorxmuşdu. «Elə an olur ki, gərək heç nə düşünmədən addım atasan. Bilmirsən pismi olacaq, yaxşımı, bircə onu bilirsən ki, bütün həyatın dəyişəcək.

O addımı hamı ata bilmir. Bunu tək-tək adamlar bacarır. Mən bacarmadım. Mən hamı kimi oldum».

Son görüşdə bir-birlərinə nə demişdilər, nə hisslər keçirmişdilər – allah bilir. Bir daha görüşməmək üçün ayrılmışdılar.

«Bacılı, bacılı…»

«Can bacılı».

İki ağ göyərçindi, onun altında oturduğu ağaca qonmuşdular.

«Bu kişi niyə belə kədərlidi?»

«Dərdi var, bacılı».

«Dərdinin əlacı yoxdumu, bizim ona köməyimiz dəyə bilməzmi?»

«Yox, bacılı, bu dərdin əlacı yoxdu».

«O nə dərddi ki, bacılı, əlacı yoxdu?»

«Onu daha heç kim sevməyəcək…»

Mənə elə gəlir ki, Sadıq dayı şabalıdı gur saçlarını onda dibindən qırxdırmışdı, qayır-qayır qaynayan gözləri onda ölmüşdü, qonur gözlərində qüssə onda yuva qurmuşdu.

Bəs o «su sonası» indi hardaydı? Bəlkə xiffətdən sağalmaz dərdə tutulmuşdu, ilk görüşlərini, ilk öpüşlərini xatırlaya-xatırlaya dünyadan köçmüşdü?

Bəlkə sevdiyi adamla bir daha rastlaşmamaq üçün baş götürüb haralarasa getmişdi, ailə, uşaq sahibiydi, hər gün bazarda, dükanda gördüyü kök, dolu arvadlardan biriydi, indi heç Sadıq dayı yadına da düşmürdü?

Xatırlayanda da o vaxtkı uşaq hərəkətlərinə yüngülcə gülümsəyirdi?

Açıq qalmış qapıları küləklər çırpırdı…

İlk dəfə üz qırxdırdığıma görə Sadıq dayı məndən pul almaq istəmir. Mən də «siftəndi» deyib, pulu məcbur verirəm.

- Sağ ol, Sadıq dayı.

Bir azdan Sadıq dayı dəlləkxananı bağlayıb gedəcək. İstilər düşəndən çox vaxt axşamlar da məhəllədə görünmür.

«Salam, Sadıq dayı». «Kefin necədi, Sadıq dayı?» «Sabahın xeyir, Sadıq dayı». «Nə təhərsən, Sadıq dayı?»

«Yaxşıyam, sağ ol».

Hamı kimi hər gün beləcə görüşürük. Ancaq hərdən Sadıq dayının tərs-məssəb cavabları da olur.

- Yaxşı olardı, xatirələr qoysa…
XS
SM
MD
LG