Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:31

Azər Abdulla "Sarı Tağ" (3)


ƏVVƏLİ BURDA

«Sovet Ermənistanı» qəzetində çap olunmuş «Usta Akop» oçerki bir həftədən sonra ermənicə «Komunist» qəzetində «Varbet Akob» sərlövhəsiylə nəşr olunan gün səhər tezdən Qafur köşkdən həmin qəzetdən on beşini alıb sevinc, həyəcan içində iş otağına yenicə girəndə telefonun gur səsindən uzaqdan zəng olduğunu bildi.

Bakıdan zəng edən qardaşı həmişəkindən fərqli uzun-uzadı, arxayınlıqla kef – əhval soruşmadı, salamdan sonra «O nə yazıdı, burda az qala sənnən milli qəhrəman kimi danışırlar. Axşam jurnalist dostum zəng eləmişdi, deyir bütün mətbuat işçiləri, şairlər, ziyalılar o yazıdan danışır. Yazının kopyaları əldən-ələ gəzir. Söz verib bu gün mənə də gətirməlidi. Deyir yazıda o qədər...» - söyləyib xeyli susdu.

Qafurun səbri tükəndiyindən «O qədər nə?» - soruşdu. Qardaşı «İnşallah, görüşəndə deyərəm.... Deyir biz burda məqaləmizdə bir «türk» sözü işlədə bilmirik, şairlər şerində «Yaşıl» sözü, nə bilim «Qaranlıq gecə» ifadəsini işlədəmmir, ancaq Qafur onların içində ola-ola... nə isə...» - söyləyib yenə bir neçə saniyə susdu.

Qısa pauza vaxtı Qafur «Kommunist» qəzetinin əbədi işçisi «Usta Akop»u tərcümə edən Qarabağ ermənisi Udumyan Levonun dediklərini xatırladı. «Qafurcan, nə kadar fikirləşdim Akopun oxuduğunu tarcuma edamadim, ara vallah, billah, qafiyalar tapmadım. Ermanica alınmadı... Ancaq o ki, qaldı.... noxta, vergulunacan hamısını tərcuma eladim.

Bir da Qafurcan, Akopun iş yerlarında dalaşması, kusub getməsi... Vallah Qafurcan, Akopun dedikləri mənim da urayimcadı.

Ela biza da şurdvats – türkdən dönmə – deyirlar bu kopənğ uşağı. Man biliram onu saxlasaydım butun maqalanı qoymazdılar çıxsın».

Udumyanın dediyi həmin yer bəlkə də «Sovet Ermənistanı» qəzetinin baş redaktor müavinin gözündən qaçmış, baş redaktor da suyu üfürə-üfürə içən müavininə inandığından, ona arxayın olduğundan yazının o yerini oxumamışdı. – Usta Akop sonuncu iş yerindən niyə getdiniz? – Jurnalistin sualına Akop belə cavab vermişdi:

- Mənim işim yaxşı gedəndə, bir işi həvəslə görəndə oxumağım gəlir. «Bir dost bulamadım, gün akşam oldu» türküsünü zümzümə edə-edə həvəslə işləyəndə başımın üstə trestin iş icraçısıyla, birqadirini gördüm. Birqadir acıqlı-acıqlı «Dünya dağılsa da innən belə sən dönüb erməni olmazsan!» - dedi. Elə bil hazırlaşıb gəlmişdilər, onun dalısınca iş icraçısı «Uşaqlarını saxlayıb, özünü gəldiyi xarabaya göndərmək lazımdı» - dedi. Mən də «Sizdən də heç vaxt insan olmayacaq» söyləyib oradan biryolluq getdim...

Telefonda uzun pauzadan sonra böyük qardaş quru, soyuq səslə «Təbrik edirəm. Çox hay-küyə getmə, bir az ehtiyyatlı ol» deyib sağollaşdı. Qardaşından eşitdiyi xəbərdən sevinmək əvəzinə Qafurun qanı qaraldı. «Burdakılar Akopdakı bütün insani keyfiyyətlərini, bacarığını, talantını erməni xalqınınkı hesab etdiklərinə, bizimkilərsə onu türk mühitindən, mədəniyyətindən qopub gəldiyinə, İstanbul ləhcəsində danışmağına, türk adətlərindən rəğbətlə söhbət açdığına görə yazını bəyəniblər... ancaq Bakıdakı hay-küyün dalğası, səs-sorağı qayıdıb bura gəlsə yaxşı olmayacaq» - düşündü.

***

Akopun arvadı Ağanik Türkiyənin Kadıköyündə doğulmuş, on iki yaşında olarkən ailəsi ilə İstanbulun «Nəqqaştəpə»sinə bitişik «Seyrantəpə»yə köçmüşdülər. Akop onların qapılarını düzəldəndə Ağaniki görüb ona vurulmuşdu.

Üç-dörd günə başa gələsi dəmir qapını uzadıb-uzadıb bir aya düzəltmişdi. Bəzən çörək yeməyi, su içməyi unutmuşdu.

Günəşi, ayı, ulduzları endirmişdi, göyərçin qondurmuşdu o qapıya, nə düşünmüşdüsə, onu qapının üzərinə həkk etmişdi, quşu uçurdub, atı gətirmişdi, sonra butaları, gülləri düzmüşdü o qapıya, pəsdən yanıqlı-yanıqlı şərqilər oxuya-oxuya, dəmirləri cilalaya-cilalaya neçə yiyə dəyişmişdi, cilaladığı yerləri məxmərlə hamarlamış, sonrasa qabarlı əlləriylə yorulmadan, bezmədən saatlarla sığallamışdı o qapını.

Qapı hazır olanda qonşular tamaşaya gəlmişdi. Yoldan ötənlər ayaq saxlayıb, yerlərində donub qalmışdılar. Xəbər tutan jurnalistlər, fotoqrafçılar dərhal özlərini yetirmişlər. Kimisi mahnı, kimisi poeziya adlandırmışdı o qapını. Sən demə Akopun bir aya başa gətirdiyi o qapı Ağanikə yazılmış sevgi məktubuymuş...

Akopla nərd oynayanda bayırda futbol oynayan uşaqların zərbəylə vurduğu topların bir neçə dəfə qızılgül kollarının üstünə düşüb əzdiyini görən Qafur «Usta, nəəcəb alaqapı salmırsan?» soruşunda Akopun «Türklər demiş elləri bəzər, özü lüt gəzər masalı deyil bu. Nəqqaştəpədə nə ala qapı olardı, nə də daş hasarlar, nə də evlərin qapısından qıfıl asılardı» - bu cavabını da «Boğaziçindəki» tərsanədə yeddi il işlədiyini Bosforda, Mərmərədə çimdiyini, ordakı balıqların, ilbizlərin onu tanıdığını, Zəngibasardakı sünnət toyunda türklər barəsində dediyi gözəl sözləri, özü də təmiz İstanbul nəfəsi, ruhu İstanbul ləhcəsi oçerkdə öz əksini tapmışdı.

Bəlkə, hər yerdə xalqlar dostluğu haqqında ideoloji danışıqların şıdırğı getdiyi bir vaxta düşdüyündən, bəlkə yazının son dərəcə səmimi, bədii və maraqlı olmasına görə ilk baxışdan hamı bəyənmişdi. Ancaq ikinci qatın balkonunda İstanbuldan gəlib şəhərin başqa yerində yaşayan erməni ailəsinin iştirakı ilə Qafurun şərəfinə verdiyi qonaqlıqda yazıyla bağlı təşəkkürünü bildirdikdən sonra Akop yeganə addmıydı iradını söyləməkdən çəkinmədi.

- Hoca əfəndim, sonda yazıyorsan Akop və Akop kimilər çoxdan arzuladığı vətənlərinə qovuşmaqla hoşbaht oldular. Bizmi hoşbaht olduq?! Ben sana demedimmi burada üç kərə iş yerimi qoyub kaçdım.

Bunlarla dil tapmaq, anlaşmaq zor mesele. Gərəkdir sən yazaydın buraya gəlmişlər, hep aldanmışlar... yerli adamların ad verdikleri biz «Ahbarlar»! bilirmisin bu sözdə ne kadar hakaret, tahkıramiz bir mana var. Bu acıları duyanda kulaklarım çınlıyor, tüm dişlerim titriyor.

Qonaq gəlmiş İstanbul ermənisi öz əlindəki konyakla dolu bakalından gözünü çəkmədən başını tərpədərək “əvət, əvət” söyləyib Akopun dedikləriylə şərik olduğunu acı-acı bildirirdi.

***

Üçüncü uşağa qalanda Ağanik qırx üç, Akop əlli dörd yaşın içində idi. Hamiləliyin yeddinci ayında Ağanik həyətlərində darvazanın yanında (qızılgüllər doğranandan bir həftə sonra Akop su krantını çəkib hasarın bayırına çıxartmış, boş qapı yerinə dəmirdən darvaza salmışdı.) qonşu arvad isə qapının çölündə dayanıb söhbət edirdilər.

Qonşu qadın – axçi, dus yek denam, xi çes yerevum? – ay qız bayıra çıx görüm niyə görünmürsən? – deyib Ağanikin qalxmış qarnının üstündəki nazik, mavi güllü şala işarə ilə – yayın bu istisində o nədi örtmüsən, yoxsa gizlətmək istəyirsən? – soruşdu. Ağankin çöhrəsinə azca qızartı çokdü, qarnının üstündəki örtüyü azca qaldırıb yenidən buraxdı. – Birinci uşaqdakı kimi yenə utanıram.

Yadıma gəlir, Kadıköydə qadınlar altı ayından sonra, qarınları azca qalxdı, bayıra çıxmazdılar...-deyəndə qonşu qadın onun sözünü kəsdi, ərklə, həm də kinayə ilə – demək istəyirsən sən də utanırsan! Qarnını dolduranda utanmırdın. İçin alışıb-yanırdı!? Axçi ,amuta e – ay qız ayıbdı e, bu yaşda... Hamı sənnən danışır.

Qafurun pilləkənlərdən enib gəldiyini görən qonşu qadın sonuncu sözlərini daha da ucadan söylədi. Ağanik bayırda suyun başına toplaşmış qadınlara işarəylə yenə də alçaqdan, sanki günahkarcasına – bir az yavaş danış – dedi.

– Axçi, Akop istəmirdi mənnən oldu. Dğayem uzum. Qides vontsem uzum! – oğlan istəyirəm. Bilirsən necə istəyirəm!? Axçi, ürəyim çiyələk istəyir. Səncə... Gözünü yaxınlaşmaqda olan Qafurdan çəkməyən qonşu arvad – Şuqayum yelaqun likına – bazar doludu çiyələynən.

- Nazan iki, üç yol bazardan alıb gətirib. Hamısı dəymiş çiyələkdi. Mən ala sütülünü, bərkini istəyirəm...

Ağanikin sözlərini eşidən Qafur – Ağanik doda – xala, bunu mənə niyə demirsən, bağçamız çiyələynən doludu. Bu gün işdən çıxıb gedərəm. Sabah bu vaxtı burdayam.

Hələ bir vedrə də bişirməyə gətirəcəm – deyib aralanacaq qonşu arvad onu arxadan süzərək başını tərpətdi. Qafura işarəylə – Bu da sütüldü, hayıf ki, türkdü, ancaq şirindi hə? – dedi, uzaqlaşmaqda olan Qafurun eşitməsi üçün bir az da səsini qaldıraraq mənalı-mənalı: - Bu sütül oğlan ikiniz tək olanda da sənə xala deyir?..

Bir həftə bundan qabaq kiminsə dilindən çıxmış xəbər dağ çayı kimi baş alıb gedirdi. Akopun hasarından azca aralı su krantının başına toplaşan qadınlar bayaqdan dolub-daşan vedrəni götürmür, bir-birinə aman vermədən Ağanikdən, Qafurdan danışırdılar. Birisi: - kağakavariya, xeloqa, siruna, absus turka – mədənidi, ağıllıdı, gözəldi, hayıf ki, türkdü...

- Başqa birisi: Yeddi-səkkiz ildir alaqapı qoymaq heç Akopun ağlına gəlmirdi. Nə oldu, türk gələndən sonra qapı dikəldi. Bəs qabaqlar uşaqlar həyətə doluşub səs-küy salanda qızlarının dərsinə mane olmurdular? İndi bala qapı da arxadan bərk-bərk bağlı olur...

Başqa birisi: Türk oğlu elə bilirsən Akopu təsadüfən ora düzəldib? Özü də hərbi zavoda! Beşcə dəqiqə nə gecikmək olar, nə də tez çıxmaq olar. Səhər yeddidə çıxır, qızları da özünnən sonra. Bir də axşam yeddidə-səkkizdə qayıdıb gəlir.

Başqa birisi: Türkün işi də doqquzda başlayır. Fikir vermisənmi, bir də görürsən onda, on birdə evdən çıxır. Guya gecələr işləyir, yazır, gec yatır.
Redaksiyada bəs işinin adı nədi?...

Başqa birisi: Böyük qızına tükr kömək edib. Ağanik özü mənə demişdi, qızını texnikuma qəbul elətdirib.

Başqa birisi: Sakit-sakit başı aşağı gedib-gəlməsinə baxma, tülkünün biridir. Bir azdan baxarsız, qızına girişəcək...

Başqa birisi: Akop türkdən dönmədi, ömrü boyu İstanbul deyib sayaqlayır.

Başqa birisi: Axçi, elə o mağmun kişidən danışırsız, hamısı saman altdan su yeridən Ağanikin işidi. Üzünə həya maskası taxıb, türkü ikinci mərtəbəyə qaldıran o deyilmi? Səhər, axşam ona kofe hazırlayır, köynəyini yuyur, Allah bilir mayka, tursikini də...

Bayaqdan bu söhbətləri dinləyən Hasmik başını bulayaraq təəssüf hissi ilə – Camaata niyə qara yaxırsız? Qafur paltarlarını camaşırxanada yudurdur. Ağanik ona deyib ver yuyum, o razı olmayıb. Türk olanda nə olar, o da insandı da.

Özü də çox tərbiyəli, mərifətli oğlandı. Onu da bilin, onlar duz-çörək kəsdiyi evin adamına, qonşusuna pis gözlə baxmazlar, xəyanət etməzlər. Ağlınız özümüzünkülərə getməsin...

Hasmikin sözü ağzında qaldı, yeddi-səkkiz qadın birdən onu söz atəşinə tutdu: - Gic! Səndə ağıl var?... – Bu da özünü adam hesab edir, fikir söyləyir... – Hamıya qarşı çıxmaq bunun köhnə peşəsidi. Süprül burdan, həyasız! Deyəsən sənin də qarışığın var... – Bu səyə niyə fikir verirsiniz... – Bəlkə türk səni də...
Hasmik dolu kimi yağan, əsəblərini döyəcləyən təhqirlərdən sarsıldı. Birinə cavab vermək istəyəndə, başqa birisindən söz yarası aldı. Hıçqırıb ağladı, boş vedrəsini götürüb – Hamınız paxılsınız, hamınız şərsiniz!

Hamınız da ondan kəsirsiniz, ağzınızın suyu axır, əliniz çatmadığına görə dedi-qoduyla ürəyinizin yanğısını söndürmək istəyirsiniz. Bu neçə ildə hansınızın əri onun səkkiz martdakı jestini eliyib!

Nə tez yadınızdan çıxdı? Türk, türk salmısınız. Hamınızın ərinizdən yaraşıqlıdı, mədənidi – deyib birdən hıçqırdı, gözünün yaşını axıda-axıda uzaqlaşdı.

Ötən il martın səkkizində Qafur axşamüstü əlində bir dəstə gözəl, buta lalələrlə Akopun həyətinə girəndə su krantının başına yığışmış qadınlar arasına pıçhapıç düşdü.

Divarboyu bəxtəvərcəsinə boylanan qızılgüllər hələ bayram içindəydilər. Bu boyda gülxanəsi olan evin qadınlarına bazardan lalə alıb gətirmək qadınlara qəribə gəlirdi.

Qafur onlara yaxınlaşıb – hamınızı təbrik edirəm – deyib qadınların hərəsinə bir lalə bağışladı, sonda dayanmış Hasmikə çatanda əlindəki lalələri saydı, altı dənə qaldığını görəndə «Bəs niyə cüt?» deyib qadınları gözdən keçirdi, səsi titrəyə-titrəyə – Qartsumem, ingeruhiner çi neğana – güman edirəm, xanımlar inciməzlər – deyib üçünü ayıraraq Hasmikə uzatdı. Başıyla Akopun evinə işarəylə «Yerdə qalanlar da onların» deyib uzaqlaşdı.

Həmin il martın onunda Moskvaya elmi ezamiyyətə gedən Qafur istirahət günləri sayılmasa, düz iki ayını Lenin adına kitabxanada keçirdi, Bakıda müdafiə edəcəyi mövzusunun bütün materiallarını əldə etdi, bir vaxtlar Gorus, Qafan, Sisyan və Mığrı rayonunun Qərçivan kəndinə gedərək yaşlı adamlarla görüşüb çoxdan maraqlanıb Qaçaq Nəbi haqqında topladığı məlumatlar əsasında yazdığı geniş məqalə, Moskvanın yağışlı, günəşli, füsunkar may günlərindən aldığı zəngin təəssürat, memarlıq fakultəsinin son kurs tələbəsi iyirmi iki yaşlı moskvalı sarışın saçlı İrina ilə son bir ayın istirahət günləri baş vermiş və heç vaxt unuda bilməyəcəyi gözəl xatirələrlə İrəvana qayıdırdı...

Kitabxananın zalında yan-yana əyləşmişdilər. İrinanın qara mini yubkasının altından bir-birinə sıxılmış ağappaq ayaqları qoşa projektor kimi yanırdı.

Qafur qarşısındakı qəzetdən nə isə köçürə-köçürə «Kübar ailədəndir, dikdaban tuflisini çıxarsa da məndən hündürdü, belələri mənim kimi qarabalaya yaxın durmaz, beləsiylə sadəcə danışmaq da, lap danışmadan yanbayan oturmaq da xoşbəxtlikdi» düşündü.

Qələmini kağızın üstündən qaldırmadan, başını çevirmədən gözünün ucuyla oğrun-oğrun İrinanın ayaqlarına, dizdən xeyli yuxarı görünən ağappaq budlarına baxdı, «ilk günnən belə başlasan, materialları ay topladın hay» - qələmini stolun üstünə qoyub başını yuxarı qaldıraraq dərindən nəfəs alıb köks ötürdü. İrinaya sarı çevrilib «Deməssiz saat neçədi?» soruşdu, İrina yazmağını dayandırmadan, başını yuxarı qaldırmadan soyuqqanlı şəkildə sol əlini qarşı divardakı saata tuşladı.

Qızın saymazlığı Qafura necə toxundusa, «O qürurdan bizdə də var. İndikindən lap on dəfə artıq gözəl olsan da, soyunub lüt otursan da, mən burdan çıxıb gedənəcən bir də sənə baxsam, kişi deyiləm» - deyə özünə söz verdi.

Qafur kitabxanaya hamıdan tez gəlir, hamıdan gec gedirdi. İrina hər səhər gəlib öz yerində oturanda başını aşağı salıb ciddi işləyən, istər özünün, istər başqalarının ayaq səslərinə bir dəfə də olsun baxmayan qarabalanın biganəliyi onun diqqətini çəkmişdi.

Bir gün işin sonuna yaxın İrinanın ağ kağızı qurtardı, soluna baxıb kimsəni görmədi, sağına baxdı, kitab oxuyan yaşlı bir kişinin qarşısındakı masa bomboş idi, Qafurunsa qarşısında kitab qalınlığında ağappaq qrankalar vardı. İrina məlahətli səsiylə – Bağışlayın, mənə iki dənə qranka verə bilərsiniz, sabah qaytararam» - Qafur İrinanın sağa, sola boylandığını hiss etsə də yenə də başını qaldırmadan qəzetdən nəsə köçürürdü. İrinanın xahişindən sonra masasının üzərindəki kağızların hamısını götürüb onun üzünə baxmadan «Buyurun» - deyib İrinanın masasının üstünə qoydu.

İrina çaşqınlıq içində gülümsünərək: «Çto vı, mənə bir dənəsi lazımdı. Bu boyda kağıza bütün diplom işim yerləşər...» - deyib kağızları qaytarmaq istəyəndə Qafur əlini kağızların üstünə qoyaraq yenə də onun üzünə baxmadan «Biz bağışladığımızı geri almırıq.

Diplom işinizə yarıyarsa sabah yenə gətirərəm» - deyib əlini kağızın üstündən çəkdi, döş cibindən çıxartdığı qızıl suyuna çəkilmiş bahalı qələmini ağ kağızların üstünə qoyaraq «Sizə uğurlu diplom işi arzulayıram!» söylədi, ani baxışlarını tez də ondan yayındırdı, İrinanın sarışın yanaqlarına enən qızartı onu daha da cazibədar etdi. Bunlar bir anın içində baş verdiyindən, İrina həyəcan və çaşğınlıq içində yenə də «Oyy şto vı?» söyləməkdən başqa etiraz etməyə macal tapmadı.

Sonralar kitabxananın bufetində yemək növbəsində yanbayan dayananda, başqa bir vaxt kitabxanadan çıxarkən güclü leysan yağışda qara çətirini İrinaya verib sabahsı gün ona aldığı güllü çətiri bağışlayanda, istirahət günlərinin birində Surikov adına incəsənət muzeyini seyr edəndə, dəfələrlə avtobusa, metroya minib, düşəndə, qaranlıq kinoteatrda sevgiylə dolu fransız filminə baxarkən dönə-dönə münasib məqam yaransa da Qafur bircə dəfə də olsun nə İrinanın əlinə toxundu, nə də qoluna girdi.

Ancaq son istirahət günü onlar «Bolşoy Teatr»ın yanından keçərkən İrina afişaya baxıb möcüzə ilə qarşılaşırmış kimi «Oyy!!! Riqalettonun ariyasını gör kim oxuyur! Cuzeppe Di-Stefano! Tenor!.. bir də Moskvaya çətin gələ?...» - söyləyib ah çəkdi. Qafur – istəyirsən gedək baxaq? – soruşanda İrina -Onu səhnədə-yaxından görmək, dinləmək ən böyük arzum olub – dedi. Bilet almağa dayanmış ucu-bucağı görünməyən qoşa sıraya işarəylə – Burdan bilet almaqmı olar? – deyəndə Qafur – gözlə – deyib kassanın ağzında dayanıb növbəyə nəzarət edən milisə yaxınlaşıb qırmızı vəsiqəsinin «Soyuz Jurnalistov SSSR» yazılmış üzünü göstərdi, vəsiqəni açaraq gözdən keçirən milis serjantı yenidən Qafura baxıb vəsiqəni qaytararaq onu irəli buraxdı. Qafur biletləri İrinaya uzadanda o, «Çudo! Moy xoroşiy!!!» söyləyib Qafuru qucaqlayaraq üzündən öpdü.

Tamaşadan çıxanda İrina «Bu sürprizi etdiyinə görə minnətdaram» - söyləyib Qafurun qoluna girdi, sövqi-təbii ayaqlar onları yaxındakı xiyabana apardı, boş bir skamyada əyləşcək may gecəsinin ətrafa saçdığı sirli duyğudanmı, soyuqdanmı, bəlkə yenicə yaranmış sevgidənmi İrina Qafura sığındı.

O axşam İrina Qafuru sual yağışına tutdu, onun elmi mövzusu ilə maraqlandı, Ermənistan Mərkəzi Komitəsinin orqanı olan rəsmi bir qəzetdə şöbə müdiri işlədiyini öyrəndi. Qafurdan istəklisi olub, olmadığını, Moskvadan hansı xoş və hansı acı təəssüratla ayrılacığını soruşdu. «Acı təəssürat» sözü bir mizrab kimi Qafurun qəlbindəki sarı simə toxunduğundan Moskvayla, sarışın slavyan gözəli ilə bağlı duyğularından danışmağı unutdu.

- Bir dəfə görüb həsrətində olduğum möcüzəni üç ildi görə bilmirəm. Bir il əsgərlikdə, bir il Bakıda minimum imtahanlarını verəndə, üçüncü il də burda – deyəndə İrina onsuz da fikrini rus dilində aydın ifadə edə bilməyən Qafurun sözünü kəsərək – Axı, sən vur-tut iki aydı burdasan, ilin çoxu qabaqdadı... – söyləyəndə Qafur – Möcüzəni ancaq mart-aprel aylarında görmək mümkündü.

Bir həftə, uzaq başı on gün çəkir. Mən onu İrəvanda yaşadığım evin pəncərəsindən seyr etmək istəyirəm.

Dan yeri təzəcə sökülür... Uzaqda, təpənin ortasında mavi tülə bürünmüş ağaran nəhəng gəmi görünür, bir az sonra hava işıqlanır.. gün çıxır, düzü, dünyanı şəfəqinə bürüyür, gəminin üstündəki mavi tül pərdə yoxa çıxır, bəmbəyaz gəmi elə bil bir azca böyüyür, böyüdükcə elə bil sənə yaxınlaşır... Sonra uzaqlaşır, uzaqlaşdıqca balacalaşıb, balacalışıb gözdən itir... İldə bircə dəfə görünür. Bircə dəfə uzub yoxa çıxır...

İrina dözə bilməyib Qafurun sözünü kəsərək «Təpə... Gəmi... Heç nə anlamadım. Sən şair deyilsən?» – soruşdu. Qafur gülümsünüb azca susandan sonra – Heç vaxt şeir yazmamışam, ancaq o möcüzəni bir dəfə görəndən sonra ilin mart, aprel ayları harada oluramsa olum, şairlik ovqatı məni çulğalayır. İrəvandakı «Sarı Tağ» deyilən təpənin döşündəki gəmi çiçəkləyən badamlıqdır.

O badamlıq babamın yurd yeri olub. Babam deyərdi “Sarı Tağ” adlanan yastı təpənin başı bir vaxtlar başdan-başa zoğallıq imiş, zoğal meşəsi.

Təpənin ətəyində yaşayan adamlar öz aralarında ora “Zoğalıstan” deyərmişlər. Jazağzı yan-yana dayanmış təpələrin quzeyində tala-tala qarlar əriməmiş zoğal ağacları çiçəkləyərmiş, təpənin başı sapsarı örpəyə büründüyündən şəhər əhalisi təpələri bir-birindən ayırmaq üçün birini “Sarı Tağ” adlandırıb. Sonralar zoğal ağacları doğranıb yerındə evlər tikilsə də, ermənilər bilmədən indi də o təpəyə, türklərin adlandırdığı kimi “Sarı Tağ” deyir.

İrina ayağa qalxıb Qafurun əlindən yapışaraq özünə tərəf çəkdi – Allah eləsin gələn il o bəyaz gəmini bir yerdə seyr edək... Qalx gedək, bu sonuncu gecəni bizdə qal, anamla səni tanış edim, haqqında danışmışam, səni görmək istərdi. İrina nə qədər israr eləsə də Qafur onlara getmədi. Səhərisi təyyarəyə minik başlayanda İrina özünü yetirdi.

Öpüşüb ayrılanda İrinanın yanaqlarında iki damla yaş göründü...
.ARDINI BURDA OXU
XS
SM
MD
LG