Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:11

Tomas De Val Xankəndində nə eşitdi?


Tomas De Val
Tomas De Val
«Siz bizdən danışmırsınızsa, biz niyə sizlə danışmalıyıq».

Bunu Dağlıq Qarabağda bir erməni Tomas De Vala deyib. «Siz» deyəndə dünya, «biz» deyəndə Dağlıq Qarabağ erməniləri nəzərdə tutulur.

Məşhur «Qara Bağ» kitabının müəllifi Tomas De Val iyun ayında Dağlıq Qarabağda olub. Onun nəzərinə ən çox çarpanlardan biri o olub ki, yerli ermənilər bu təklənmə dövründə özlərinə daha çox qapanıblar və danışmaq istəmirlər. 14 il əvvəl isə xarici görəndə çox həvəslə danışırdılar.

Britaniyalı Qafqazşünas onu da yazır ki, kiminsə Dağlıq Qarabağa getməsinə Azərbaycanın necə həssas olduğunu bildiyinə görə və hörmət əlaməti olaraq Azərbaycanın Xarici İşlər Nazirliyinə getməmişdən qabaq məlumat verib.

Hazırda Amerikada «Carnegie Endowment» təşkilatında işləyən ekspert özünün səfər təəssüratlarını «Foreign Policy» jurnalında çıxan «Qafqaz qarşıdurması» məqaləsində yazıb:

«Qara Bağ» kitabını hazırlayanda Qarabağa çox getmişəm. İlk dəfə 1996-cı ildə gedəndə Xankəndi tam dağınıq idi. Bircə dənə də dükan yox idi. İndi isə Xankəndi tamamilə yenidən qurulub. Burdakı məktəb, xəstəxana xaricdəki erməni diasporunun verdiyi pullarla işləyir. Qarabağın 200 milyon dollarlıq illik büdcəsinin böyük hissəsini isə Yerevan verir».

GERİ QAYITMAQ HƏLƏLİK REAL GÖRÜNMÜR

Tomas De Val yazır ki, Dağlıq Qarabağ on minlərlə azərbaycanlının evidir. İndi onlar Azərbaycanın müxtəlif yerlərində qaçqındırlar.

O öz məqaləsində sual verir ki, azərbaycanlılar öz evlərinə qayıda bilərlərmi? De Val özü öz sualına «yox» cavabını verir. Yazır ki, indi bu mümkün görünmür. Onun söhbət etdiyi Qarabağ ermənilərinin demək olar ki, hamısı bunun əleyhinədir.

Tomas De Val yazır ki, hazırda sülh təklif olunsa, Qarabağdakı ermənilərin güzəştsiz mövqeyi bu sülhə çətin ki, şans verə.

Ancaq De Val Bakını da səhv addımdan çəkinməyə çağırır. O yazır ki, ildə 2 milyard dollar hərbə pul xərcləyən Azərbaycan bir gün Qərbdən və Qərbin arqumentlərindən uzaq düşüb səhv istiqamətdə səhv addım ata bilər.
XS
SM
MD
LG