Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:37

Amerikada sənətkarlar üçün yaradıcılq evləri


Sənətkarlar üçün Milley Məskəni
Sənətkarlar üçün Milley Məskəni
Qadın Sənətkarların Məskən-Təsərrüfatı... Bu ad sizə nə deyir? (Qoy ingiliscə də yazım, bəlkə dəqiq çevirməmişəm - Women's Art Colony Farm)

“Ferma” kimi tərcümə etməyə əlim gəlmədi, amma Amerikada yalnız xanım yazarlar üçün nəzərdə tutulan bu yaradıcılıq evinin həyət-baca işi ilə əlaqəsi də yox deyil.

Ümumiyyətlə, Amerikadakı yaradıcılq evləri vaxtilə Sovetlər Birliyində mövcud olanlardan o mənada fərqlənir ki, sovet yazıçılarının - içi Azərbaycan yazarları qarışıq - tək, yaxud ailələri ilə birgə Krımda, yaxud Gürcüstanda Qara dəniz sahilində mövcud olmuş yaradıcılıq evlərinə yollanması, orada dincəlməsi xərclərini tam olaraq dövlət ödəyirdi.

Amerikada isə yaradıcılıq evləri daha çox özəl mənbələrdən maliyyələşir. Bir az da yazıçıların öz hesabına.

Məsələn, feminist Amerika yazıçısı Keyt Milletin 20 il qabaq yaratdığı “Women's Art Colony Farm” Nyu York ştatında yerləşir.

Təsərrüfatın qapıları təkcə Amerikadan yox, bütün dünyadan olan qadın yazıçı, rəssam və başqa sənətkarlar üçün açıqdır - yaz, yay və payız aylarında.

Dincəlmək və yazıb-yaratmaq üçün şəraitə söz ola bilməz:

Keyt Millet
GƏZMƏYƏ MEŞƏ, ÇİMMƏYƏ GÖL....


Qadınlar bir masa ətrafında - şərab içə-içə də sənət söhbətləri edə bilərlər.

Qadın sənətkarlar burada qaldıqları (adətən bu 4-5 həftə davam edir) otağın kirayə haqqını vermirlər, amma qalan xərclər – səfər xərcləri, ərzaq, kommunal xərclər və s. dincələnlərin öz boynunadır. Burada eyni vaxtda 10 qonaq qala bilər.

Bundan başqa Keyt Millet təsərrüfatın veb-saytında - yaradıclıq evinə ilk dəfə qonaq gələcək qadınlara məlumat verir ki, bu “azadlıq və dostluq atmosferini qorumaq üçün” kənardan maliyyələşmə mənbələri" yoxdur və qonaqlar əl-ələ verib həm də təsərrüfatı təmiz saxlamağa çalışmalıdır.

Təsərrüfatda milad bayramı üçün küknar ağacları da bəslənib-böyüdülür.

Qonaqlar həm də Milad bayramında satılan və gəliri təsərrüfatın saxlanmasına sərf edilən bu ağaclara günün müəyyən saatlarında qulluq etməyə vaxt tapmalıdır.

Keyt Millet iyul ayında – başına toplaşan qadın sənətkarlara bir həftə Master-klass da keçir.

Qadın Sənətkarların Məskən-Təsərrüfatında dincəlmək üçün hər bir sənətkar özü, əsərləri haqda məlumat, əsərindən bir parça göndərməlidir.

YAZAR DA UDUR, OXUCU DA

Montanadakı “Sənətkarlar üçün Daldalanacaq”da daha uzun müddət yaşamaq olar – 1 ilə qədər.

(Yenə də bilmirəm ki, yaradıcılıq evinin adını düzgün tərcümə etdimmi. İngiliscə “Montana Artist”s Refuge” adlanır, “refuge”un “sığınacaq” mənası da var.

Hər halda mıəqsəd aydındır – yazıçıların şəhərin səs-küyündən qaçıb sakit və sərbəst bir mühitdə yazıb-yaratmasına, müxtəlif bölgələrdən olan, fotoqraflıqdan tutmuş heykəltəraşlığa qədər müxtəlif sənət növlərini təmsil edən insanların ünsiyyət qurmasına şərait yaratmaq).

1993-cü ildə yaradılan və qızıl mədəni yaxınlığında – dağlıq ərazidəki kiçik bir şəhərdə - Beysində yerləşən bu yaradıcılıq evində qalmaq sənətkarın öz hesabınadır. Aylıq kirayə haqqı mənzilin növündən asılı olaraq 625-1225 dollar arasıdır.

Qadın Sənətkarların Məskən-Təsərrüfatı...
Hər bir mənzildə mətbəx, telefon, İnternetə çıxış var. Kommunal haqları, şəhərlərarası telefon zəngləri və başqa xərcləri də qonaq özü ödəməlidir.

Şəhər balaca olsa da, burada rəsm sərgiləri, konsertlər təşkil edilir.

Yaradıcılıq evini açmaqda bir məqsəd də qonaqların həmin tədbirlərə qatılması, yerli sakinlərin incəsənətə, ədəbiyyata olan marağını artırmasıdır.

Qonaqlar yerli sənətkarlarla da ünsiyyətdə olurlar.

Bundan başqa buraya gələn sənətkarlar özləri də oxucularla görüşlər, konsertlərini, sərgilərini keçirə bilərlər. (Sənət Daldalanacağının 100 kilometr radiusunda)

“NATURAL QAYDADA ÖDƏNİŞ”

Amerikadakı bəzi yaradıcılıq evləri sənətkarlardan “natural qaydada” haqq alır.

Sənətkardan gedərkən 200-1000 dollar arası qiyməti olan bir əsərini bağışlaması istənilir ki, onun satışından gələn gəlir Yaradıclıq evini saxlamağa sərf edilsin.

Amma xeyriyyəçilərin stabil maliyyələşdirdiyi yaradıcılıq evləri də var. Məsələn, Nyu-York ştatında – Austerlits şəhərində (əhalisi 1500 nəfər) yerləşən Sənətkarlar üçün Milley Məskəni kimi.

Yazıçılar burda pulsuz qalır, onlara hətta gündə 3 dəfə yemək də verilir.

Burada sənətkar qarşısında hansısa tədbirə qatılması, kiminləsə görüşməsi, əsərini yaradıclıq evinə bağışlaması kimi tələblər qoyulmur – yalnız öz yaradıcılığına köklən və yaz-yarat.

Mənzildən başqa onların ixtiyarına studiyalar da verilir. Hətta şəkil çıxarmaq üçün müasir avadanlıq da var.

Montanadakı yaradıcılıq evinin veb-saytı
Yaxınlıqda meşə, velosiped yolları da var.

Kim istəsə, ona ərzaq verilə bilər ki, yeməyini özü bişirsin. Amma kommunal və başqa xərcləri yenə də qonağın özü ödəyir.

Yaradıcılıq evini şair Edna Seynt Vinsent Milleyin bacısı Norma Milley Ellis 1973-cü ildə yaradıb. Bura mərhum şairin bir zamanlar yaşadığı evdir.

Yaradıcılıq evi aprel-noyabr ayları arasında açıqdır. Burada yalnız 1 ay qalmaq olar, müddət uzadılmır.

Yaradıcılıq evində qalmaq üçün müraciət edənlər öz əsərlərindən nümunələrin surətini göndərməlidirlər. Yaradıcılıq evinin rəhbərləri bu müraciətləri nəzərdən keçirib onların arasından daha istedadlı saydıqlarını seçirlər.

Yaradıcılıq evini saxlamaq xərcinin yarısı özəl mənbələrin – şirkətlərin, xeyriyyəçilərin köməyi ilə ödənir. 1000-10 000 dollar arası yardım edənlərə “hami” statusu verilir.

Onlar yaradıcılıq evinin keçirdiyi tədbirlərə VİP statusunda dəvət edilir və iştirak xərcində onlara 20 faiz güzəşt edilir.

Bundan başqa adi adamlar da yaradıcılıq evinə yardım edirlər, 100 dollara qədər yardımlara görə həmin şəxslərə “dost statusu” verilir və onlar yaradıcılıq evinin təşkil etdiyi tədbirlərə dəvət edilir, 100-1000 dollar arası yardım edən sənətkarlar belə tədbirlərə, seminarlara dəvət edilərkən onlara iştirak xərcində 5 faiz güzəşt edilir.

Bundan başqa yaradıclıq evində qonaq qalmış sənətkarlar da “dəstək qrupu”na üzv ola və 30 dollar üzvlük haqqı ödəyə bilərlər.

(Ardı var)
XS
SM
MD
LG