Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 10:21

Ay səni, vuvuzela!..


Vuvuzela
Vuvuzela
Dünya çempionatının məni ən çox həyəcanlandıran, nəşələndirən yönü bilirsiniz nədir?

Vuvuzelanın adını ilk dəfə eşitdim!

Düz sözümdür. İndiyəcən belə bir alətin varlığından xəbərsizdim.

Ay güldüm a...

Özləri Vuvuzelaya icazə verdilər.
Demokratik yanaşma tərzi nümayiş etdirdilər.
Afrikada keçirilən çempionatı avropalaşdırmamalıyıq dedilər.
İndi də peşmandırlar.
Bilmirlər neyləsinlər!
Uzunluğu 61 sm, ağırlığı 100 qram!
Qiyməti müftə--5-cə manat!
Əsrlərcə Afrika qəbilələrinin xəbərləşmə vasitəsi olan bu alət indi gözümçıxdıya salınıb.
Vuvuzelanın səsi hər yanı yaxıb-yandırır.
Özüm eşitdim. Arı vızıltısını, deyilənə görə, hətta dəvə nəriltisini (düzü bunu heç eşitməmişəm) andırır.

Ay səni vuvuzela!

Afrikada çempionat keçirənin başı qeylü-qalda gərək!
Havanın istisinə də dözməlisən!
Fillə qarşılaşmağa da hazır olmalısan!
Zurna səsinə də alışıq olmalısan!
Hər cür ekzotikaya açıq olmalısan!

Ay güldüm, a...

Dünya çempionatında qarışıqlıqdır.
Hamı qulağını qorumağa girişib.
Sovetlər dönəmində apteklərdə belə bir tampon satılırdı. Adı «Beruşi» idi—yəni bereqi uşi—qulağını qoru!
Mənzilimiz çox səs-küylü yerdə olduğundan, bir dəfə dostların məsləhəti ilə ondan istifadə etdim.
Heç xeyri olmadı. «Beruşi»ni səhər elə yastığın üstündəncə tapdım. Səs-küyə oyanmışdım...
Nə xeyri? Balaca körpələrin də qulağına «beruşi» tıxamayacaqdım ki?!
Biz evləri seçmirik, evlər bizi seçir!
Biz ərləri seçmirik, ərlər bizi seçir...
Ay, deyəsən ağ elədim...Üzr diləyirəm! Heç mənim üslubum olmadı...
Gərək yazaydım: Biz dövləti seçmirik, dövlət bizi seçir!
Hə, bütün həyatımızı belə yaşadıq...
Vuvuzela ilə...
Zurna-balabanla...
«BERUŞİSİZ»!
Bütün həyatımızı!..
İndi bunlar bircə aya dözə bilmirlər...
Gör haradan-hara getdim?
Vuvuzeladan danışıram, axı!
Bizim zurnaya bənzər Afrika alətindən.
Bütün çempionatı öz səsiylə yaxıb-qovurur.
Hamı «beruşi» axtarır.
İndi deyilənə görə, o «beruşi»lər çıxıb ceyran belinə.
Birdən-birə lap bizdə «donuz qripi» təhlükəsi vaxtı maskalar yoxa çıxdığı kimi...
Bu işdən əməlli-başlı qazananlar var!
Dünya çempionatı qalıb bir yanda, hamı Vuvuzelanın əlində əsir olub.
Dərdə çarə axtarırlar.
Bircə ay, cəmi bircə ay dözmək lazımdır!
Bütün həyatı boyu demirəm ki?!
Ay güldüm a...
Ay səni Vuvuzela!


P.S.
Görəsən, Bakıda Vuvuzela satılan dükan var?!
XS
SM
MD
LG