Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:48

“Ədəbi Azadlıq”ın ilk qalibi


Əkrəm Əylisli Eyvaz Zeynalova "Ədəbi Azadlıq" mükafatını təqdim edir.
Əkrəm Əylisli Eyvaz Zeynalova "Ədəbi Azadlıq" mükafatını təqdim edir.

Nəhayət ki, Azadlıq Radiosunun martın 25-də başlayan “Ədəbi Azadlıq” hekayə müsabiqəsi sona çatdı.

Müsabiqənin qalibi “Əli metroda işləyir” hekayəsinin müəllifi Eyvaz Zeynalov oldu. İkinci mükafata “Dovşan qəfəsi” hekayəsi ilə Aydın Səlimov, üçüncü yerə isə “Salavat” hekayəsi ilə Sevinc Pərvanə layiq görüldü.

Qaliblərə “Ədəbi Azadlıq” mükafatının prizlərini mərasimə qatılan xalq yazıçısı Əkrəm Əylisli təqdim edib.

Müsabiqəyə təqdim edilən hekayələrdən ibarət kitab

1-ci yerin sahibinə noutbuk, 2-ci mükafatçıya netbuk, üçüncü mükafatçıya isə rəqəmsal fotoaparat da təqdim edilib.

Digər finalçılara isə “Ən yaxşı 10 hekayədən biri” prizləri, Ən yeni ədəbiyyat seriyasından və digər kitablar, Azadlıq Radiosunun suvenirləri hədiyyə edilib.

MÜSABİQƏ NECƏ KEÇİRİLİB

“Ədəbi Azadlıq” müsabiqəsi Azərbaycanda böyük maraqla qarşılanmışdı. 130 yazardan təxminən 150 hekayə almışdıq.

Onlar arasında kifayət qədər tanınan qələm sahibləri də vardı, tələbələr, hətta 6-cı sinif şagirdi də.

Azərbaycanın rayonlarından da müsabiqəyə qatılanlar oldu, Moskvadan, İrandan, hətta Avstraliyadan da.

Müsabiqə 3 mərhələdə keçirilib.

İlk mərhələdə bütün hekayələr hər bir münsifə - müəllifləri göstərilmədən təqdim edilib. Onların hər biri xoşladığı 10 hekayəni seçib və onlara 10 ballıq şkala üzrə xal verib. Biz hər bir münsifdən aldığımız 10 hekayəni “bir qazana yığıb” onlar arasında ən çox bal toplayanlardan 10-luq müəyyən etdik.

İkinci mərhələdə biz onluğa düşən hekayələri – Azadlıqradiosu.az saytının ədəbiyyat bölümündə - Oxu zalında oxucuların ixtiyarına verdik. Oxu zalı səhifəmizdə oxucular səs verdilər.

Aydın Səlimov


Üçüncü mərhələdə isə yenə də münsiflərin hər biri - oxucuların prioritetlərini də nəzərə almaqla onluqdakı yazarlardan 3-nə əlavə ballar verdilər. Bu ballar həmin yazarların ilk mərhələdə anonim seçim zamanı aldıqları ballara əlavə edildi.

Beləliklə münsiflərin və oxucuların birgə rəyi əsasında qaliblərimiz müəyyənləşdi.

YEKUN BALLAR BELƏDİR

1. Eyvaz Zeynalov “Əli metroda işləyir” – 13 (10 + əlavə 3)
2. Aydın Səlimov “Dovşan qəfəsi” – 12,5 (9,5 + əlavə 3)
3. Sevinc Pərvanə “Salavat” - 12


4. Mirmehdi Ağaoğlu “Mərəz” - 12
5. Abbas Atilay “Daun sindromlu hamam” – 11,5 (10 + əlavə 1,5)
6. Sahilə İbrahimova “Mən deyildim” 11,5 (10 + əlavə 1,5)
7. Hacı Nərimanoğlu “Məni anamın yanına aparın haaaaaa” - 11
8. Reyhan Yusifqızı “Ağcaqanad” – 11 (9,5 + əlavə 1,5)
9. Aysel Şakirqızı “Sərdabə” – 11 (10 + əlavə 1)
10. Sahilə İbrahimova “Avqustun 23-ə üç gün qalmış” 10,5 (10 + əlavə 0,5)

Qeyd: Müsabiqənin əvvəlində elan edildiyi kimi xallar bərabər olduqda saytdakı səsvermədə kimin daha çox səs toplaması əsas götürülüb.

Sevinc Pərvanə

Qalibləri yazıçı Rafiq Tağı, yazıçı Pərviz Cəbrayıl və “525-ci qəzet”in mədəniyyət, ədəbiyyat üzrə redaktor müavini Seyfəddin Hüseynlidən ibarət Münsiflər Heyəti müəyyən edib. Bununla Azərbaycandakı əsas ədəbi dairələrin maraqlarının təmsil olunmasına çalışmışıq.

Münsiflərin adları, onların necə səs verdiyi son günə qədər nəinki mətbuatdan gizli saxlanıb. Hətta onlar bir-birini də müsabiqənin qalibləri tam müəyyənləşəndən sonra tanıyıblar.

Tam şəffaflıq üçün onların hər birinə digər münsiflərin necə səs verdiyi və qaliblərin necə müəyyən edilməsi haqda hesabatlar göndərilib.

Mərasimdə müsabiqəyə təqdim edilmiş hekayələrdən 50-nin daxil edildiyi kitabın da təqdimatı olub. Həmin kitabdab tədbir iştirakçılarına paylanıb. Arzu edənlər kitabın bir nüsxəsini Azadlıq Radiosunun Bakı bürosundan əldə edə bilərlər. (tel: 436 77 40 dax. 13 55)

Bu mövzuda həmçinin oxu
Eyvaz Zeynalov: “...Lap əvvəldən deyirdi ki, noutbuku udsan, mənimkidi”
Azadlıq Radiosu öndədir. Hekayə yarışmasının üzərinə notlar

XS
SM
MD
LG