Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:35

Ötən il dünya daha az sülhpərvər olub


Əfqanıstan
Əfqanıstan
Avstraliyadakı İqtisadiyyat və Sülh Araşdırmaları İnstitutunun illik Qlobal Sülh İndeksinə əsasən, 149 ölkədə müharibə, qarşıdurma meylləri ötən il bir qədər artıb. Ermənistan isə Azərbaycandan daha sülhpərvər reytinqini alıb.

ƏN PİSLƏR

Siyahıda ən sonuncu - 149-cu yerdə İraq yer alıb. Amerika ordusunun böyük şəhərlərdən çıxmasından sonra İraqda zorakılıq artıb.

148-ci yerdə Somalidir. Buna səbəb vətəndaş müharibəsi və piratlardır.

147-ci yerdə Taliban və NATO arasında müharibənin davam etdiyi Əfqanıstandır.

Afrikada etnik qarşıdurmalarla yadda qalan Sudan 146, terror və radikal yaraqlılarla mübarizə aparan Pakistan 145, Qəzzaya qarşı blokadanı sürdürən İsrail 144-cü yerdədir.

Gürcüstanla müharibə başladan və sonradan da Tbilisiyə qarşı siyasətini dəyişməyən Rusiya 153, Gürcüstan özü isə 142-ci yerdədir.

ƏN YAXŞILAR

Dünyada sülhün ən çox bərqərar olduğu ölkələr Yeni Zelandiya, İslandiya, Yaponiya, Avstriya, Norveç, İrlandiya, Danimarka, Lüksemburq, Finlandiya və İsveçdir.

AZƏRBAYCAN

Reytinqə görə, Ermənistan Azərbaycan və Türkiyəyə nisbətən daha sülhpərvərdir. Azərbaycan 119, Türkiyə 126, Ermənistan isə 113-cüdür. Reytinq tərtibatçıları düşünür ki, hətta Türkmənistan (117), Özbəkistan (110), Belarus (105) və İran (104) kimi ölkələrdə sülh Azərbaycanla müqayisədə daha çox bərqərar olub.

Sülh İndeksinin tərtibi zamanı gəlir səviyyəsi, həyat şəraiti, münaqişələr və insan haqları kimi amillər nəzərə alınır.
XS
SM
MD
LG