Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:17

Aclıq aksiyası keçirənlərdən biri özünü bıçaqla yaralayıb


İyunun 4-də Füzuli küçəsində tikiləcək «Qış parkı»na görə evləri sökülən sakinlərdən 40-a yaxını aclıq aksiyasına başlayıb. Vətəndaşlar həyətlərdən birində oturaraq bu aksiyaya başlayıb.

Aksiya iştirakçılarından Mehriban Əliyeva AzadlıqRadiosuna deyib ki, sökülən evlərinin hər kvadrat metrinə 1500 manat pul təklif edilir. Sakinlər bu məbləği yetərli hesab etmirlər, onlar deyirlər ki, həmin pula başqa yerdə ev ala bilmirlər:

«Bizi evimizdən məcburi çıxarırlar, amma istədiyimiz pulu vermirlər. 1500 manatdan bizə pul verirlər biz də bu pula özümüzə ev ala bilmirik, qalmışıq küçələrdə. Ona görə də aclıq aksiyasına başlamışıq».

Sakinlər tələb edirlər ki, onlar ya şəhərin mərkəzində başqa bir evlə təmin edilsinlər, ya da evləri mövcud bazar qiymətlərinə uyğun dəyərləndirilsin.

Sakinlər iddia edirlər ki, Heydər Əliyev sarayının arxasındakı evlər söküləndə sakinlərə hər kvadrat metrinə görə, 3000 manat pul ödənilib.

Nəsimi rayon polis idarəsinin əməkdaşları və mülki geyimli bir qrup şəxs aclıq edən vətəndaşları dağıdıb.

Aclıq edənlər deyiblər ki, öz həyətlərində oturaraq aclıq elan etməklə ictimai asayişi pozmayıblar.

Nəsimi Rayon Polis İdarəsinin rəis müavini Mahir Musayev AzadlıqRadiosuna bildirib ki, sakinlər öz həyətlərində toplaşsalar da, bu, icazəsizdir, ona görə də aksiyanın qarşısı alınıb.

Sakinlərdən 2 nəfər saxlanılıb. Nəsimi rayon Polis İdarəsinin 21-ci bölməsinə aparılan Hikmət İsmayılov orda öz qoluna bıçaqla xəsarət yetirib. Hazırda o, Musa Nağıyev adına xəstəxanadadır.

Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə Şəmsi Bədəlbəyli, Füzuli və Topçubaşov küçələri sökülüb, yerində «Qış parkı» salınması haqqında qərar qəbul olunub.
XS
SM
MD
LG