Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:19

Eynulla Fətullayev: «Aclığa başlayıram. Amma məni azad etsəniz...»


Eynulla Fətullayev və vəkili İsaxan Aşurov
Eynulla Fətullayev və vəkili İsaxan Aşurov
«Hörmətli sədr, məhkəmədən, eyni zamanda Azərbaycan hakimiyyətindən tələb edirəm ki, mən dərhal azadlığa buraxılmalıyam. Bu, Avropa Məhkəməsinin də tələbidir. Hörmətli sədr, mən bu gündən aclıq elan edirəm. Amma siz məni azad etsəniz, şübhəsiz ki, mən bu aclıq aksiyasını keçirməyəcəyəm».

Bunu həbsdəki jurnalist Eynulla Fətullayev Qaradağ rayon Məhkəməsində onun narkotik saxlaması ilə bağlı iyunun 2-də davam edən məhkəməsində deyib.

O, bildirib ki, Avropa İnsan Haqları Məhkəməsi iki aydır ki, onun dərhal azadlığa buraxılması və Azərbaycan hökuməti tərəfindən ona kompensasiya ödənilməsi barədə qərar qəbul edib. Ancaq Azərbaycan hökuməti qərarı icra etmir.

BÖYÜK PALATAYA ŞİKAYƏT VERİLMƏYİB

Jurnalistin sözlərinə görə, hökumət nümayəndələri qərardan Böyük Palataya şikayət etdiklərini deyirlər. Ancaq bu günlərdə ona məlum olub ki, bu deyilənlər həqiqətə uyğun deyil:

«İki aydır Azərbaycanın hakimiyyət nümayəndələri deyir ki, guya Böyük Palataya müraciət ediblər. AŞPA-da Azərbaycanın nümayəndə heyətinin rəhbəri açıq-aşkar Azərbaycan xalqını aldadıb və deyib ki, guya Azərbaycan tərəfi Yuxarı Palataya şikayətlə müraciət edib. Çingiz Əsgərov özü Səməd Seyidovun sözlərini təkzib edib və bildirib ki, bu günə qədər Azərbaycan Yuxarı Palataya müraciət etməyib. Hörmətli sədr, belə olan halda, mən tələb edirəm ki, mən azad olum».

İyunun 1-də Avropa İnsan Hüquqları Məhkəməsi mətbuat xidmətinin rəhbəri Stefano Pyedimonte də «Mediaforum» saytına deyib ki, jurnalist Eynulla Fətullayevin işi ilə bağlı Böyük Palataya heç bir ərizə daxil
Hakim İsmayıl Xəlilov
olmayıb.

JURNALİST TƏLƏBİNİN PREZİDENTƏ ÇATDIRILMASINI İSTƏYİR

Eynulla Fətullayev dedi ki, onda belə fikir yaranıb ki, Avropa Məhkəməsinin onun azadlığa buraxılması ilə bağlı qərarı barədə ya prezident İlham Əliyevə düzgün məlumatlar çatdırılmır, ya da ümumiyyətlə, prezidentin belə bir qərardan xəbəri yoxdur. O, jurnalist həmkarlarından xahiş etdi ki, bu məsələni araşdırsınlar:

«Hörmətli sədr, mənim öz həmkarlarımdan bir xahişim var. Jurnalistlər toplaşsınlar, Prezident Aparatına getsinlər və prezidentlə görüş tələb etsinlər. Prezident onları qəbul edərsə, lap yaxşı, qəbul etməzsə, heç olmasa Ramiz Mehdiyevlə görüşsünlər. Mənim bu tələbimi ona çatdırsınlar ki, Eynulla Fətullayev bir məsələni öyrənmək istəyir. Azərbaycanın dövlət başçısının İnsan Haqları Məhkəməsinin qərarından məlumatlıdır, ya məlumatlı deyil? Mən bu məlumatı alan kimi aclıq aksiyasını dayandıracağam, hörmətli sədr».

Hakimin Eynulla Fətullayevin dediklərinə münasibəti isə belə oldu:

«MƏN SADƏ HAKİMƏM».

Eynulla Fətullayev: «Hörmətli sədr, Siz dövlət hakimiyyətinin təmsilçisisiniz. Siz Azərbaycan dövləti adından hökmlər çıxarırsınız və biz Sizə Avropa Məhkəməsinin qərarını təqdim etmişik. Həmin qərardan çıxış edərək Siz mənim taleyimi həll edirsiniz. Həmin qərardan çıxış edərək Siz mənim azadlığım haqqımda qərar çıxara bilərsiniz. Avropa Məhkəməsi və bütün dünyadakı ədalətli məhkəmələr buna görə sizə minnətdar ola bilər, hörmətli sədr, heç kim Sizi qınamaz».

Avropa İnsan Haqları Məhkəməsinin hakimləri
Avropa Məhkəməsi aprelin 22-də Eynulla Fətullayevin ədalətli mühakimə hüququnun pozulduğunu tanıyıb, onun dərhal azadlığa buraxılmasını tələb edib, jurnalistə 25 min avro təzminat ödənilməsi haqda qərar qəbul edib. Azərbaycan dövləti 2 min 822 avro miqdarında məhkəmə xərclərini də ödəməlidir.

Avropa Məhkəməsinin qərarı Eynulla Fətullayev barəsində Azərbaycanda çıxarılmış iki həbs qərarı ilə bağlıdır. 2007-ci ilin aprelində çıxarılan birinci həbs qərarı ilə E.Fətullayev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin ilin oktyabrında çıxarılan ikinci hökmlə Eynulla Fətullayevin cəzası 8 il 6 ay müddətinədək artıb.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Avropa Məhkəməsində Azərbaycanın daimi nümayəndəsi Çingiz Əsgərov və Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasına Eynulla Fətullayevin işi ilə bağlı ərizə müraciət edildiyini demişdilər.

Ötən il dekabrın 29-da 12 saylı Cəzaçəkmə Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapıldığı iddia olunur. Bununla əlaqədar işə hazırda Qaradağ Rayon Məhkəməsində baxılır. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu işi əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirirlər.
XS
SM
MD
LG