Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:49

Ayaqqabının sağ tayı, gödəkcənin sol qolu...


12 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat müvəkkili Eldar İsmayılov şahid qismində dindirildi
12 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat müvəkkili Eldar İsmayılov şahid qismində dindirildi
- Mənim cibimdən qayçı çıxıb. Deşici alətdir. Mənə sual verildimi, bu qayçını cibində niyə saxlayırsan? Hansı təhlükə hiss edirsən ki, cibində qayçı saxlayırsan?

- Yadımda deyil. 5 ay keçib üstündən. Yadımda qalmayıb.

- Çünki mənə sui-qəsd hazırlanması ilə bağlı şəxsən sizə məlumat vermişəm, Eldar müəllim. Şəxsən sizə məlumat vermişdim ki, təxribat olacaq. O qayçını da ona görə cibimdə saxlayırdım ki, məni güdürdülər. Mən dəfələrlə əməliyyat şöbəsinə məlumat vermişdim ki, məni izləyirlər, mən əhatədəyəm. Siz də demişdiniz ki, get müəssisə rəisinə məlumat ver.

Mayın 4-də «Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin məhkəməsində 12 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat müvəkkili Eldar İsmayılov şahid qismində dindirildi.

Eldar İsmayılov ifadəsində göstərdi ki, ötən il dekabrın 29-da işə gələrkən ona əməliyyat tədbiri keçirilməsi ilə bağlı rəisin qərarı barədə məlumat verilib. Eynulla Fətullayevin və digər 4 məhkumun narkotik maddə saxlamaları barədə məlumat əsasında həmin məhkumlar əməliyyat otağına gətiriliblər. Eynulla Fətullayevin gödəkcəsinə və ayaqqabılarına baxış keçirilərkən ayaqqabısının sağ tayının altlığından və gödəkcəsinin sol qolunun astarından bükülüdə sarımtıl toz aşkar edilib.

«NARKOTİKİN ÇƏKİSİNİ ÖLÇƏN CİHAZIMIZ YOXDUR»

Vəkil İsaxan Aşurov şahiddən narkotik vasitənin tapılan kimi çəkisinin müəyyən edilib-edilməməsi ilə maraqlandı. Eldar İsmayılov dedi ki, müəssisədə cihaz olmadığına görə onlar narkotik maddəni çəkilməmiş halda ekspertizaya göndəriblər.

Eynulla Fətullayev ötən məhkəmə iclaslarında deyib ki, narkotikin miqdarı çəkilməyib, fotoşəkli də yoxdur. Bu o deməkdir ki, ittiham tərəfinin təqdim etdiyi əsas maddi sübut etibarsız sayılır və işə xitam verilməsi üçün ciddi səbəbdir.

Eynulla Fətullayev və İsaxan Aşurov
Sonra vəkil İsaxan Aşurov əməliyyat müvəkkilindən ümumiyyətlə, narkotikin cəzaçəkmə müəssisəsinə hansı yolla keçirilə biləcəyi ilə bağlı maraqlandı. Əməliyyat müvəkkili dedi ki, narkotiki müəssisənin həyətinə müəssisənin hasarı üstündən də ata bilərdilər. Eynulla Fətullayevin şahidə verdiyi sualların cavabından bəlli oldu ki, cəzaçəkmə müəssisəsi iki hasarla əhatələnib və bu iki hasarın üzərindən müəssisənin həyətinə hər hansı əşya atılması mümkün deyil.

«ÖZLƏRİ YERLƏŞDİRİBLƏR, ÖZLƏRİ DƏ TAPIBLAR»

Eynulla Fətullayev məhkəmə iclası başlayan gündən deyir ki, əməliyyat otağına daxil olan kimi əməliyyatçılar birbaşa onun gödəkcəsinin qoluna əl ataraq astarı deşiblər və narkotiki çıxarıblar. Yəni gödəkcədə ətraflı axtarış aparılmayıb. Eynulla Fətullayevin fikrincə, bu, bir daha təsdiqləyir ki, narkotiki əvvəlcədən müəssisə işçiləri özləri astara yerləşdiriblər. O, bir daha məhkəmənin nəzərinə çatdırdı ki: «Mənim gödəkcəmdən narkotiki çıxaranda əməliyyatçılar məxfi cibi müəyyən etməyiblər. Mən orda əlyazmalarımı saxlayırdım. Axtarış aparılsaydı o məxfi cib də müəyyən edilməliydi».

Prosesdə cəzaçəkmə müəssisəsinin təsərrüfat şöbəsinin böyük mütəxəssisi Şahmurad Sultanov da şahid qismində dindirildi. O, ifadəsində göstərdi ki, dekabrın 29-da onu əməliyyat şöbəsinə çağırıblar. Əməliyyat otağında əməliyyatçılar və əməliyyat şöbəsinin rəisi ilə yanaşı 5 məhkum olub. Həmin məhkumların üstünə baxış keçirilib. O isə prosesdə hal şahidi kimi iştirak edib:

«AYAQQABISININ SAĞ TAYINDAN, GÖDƏKCƏSİNİNSƏ SOL QOLUNDAN BÜKÜLÜ TAPILDI»

«Fətullayev Eynulla ayaqqabısını çıxarıb dedi ki, baxın görün, bəlkə burda da narkotik var. Bu vaxt əməlliyyatçı Bəhruz müəllim ayaqqabını götürdü, içərisindən sarımtıl rəngdə bükülünü çıxarıb Kərim müəllimə verdi. Gödəkcəsinə gəldikdə isə, gödəkcəsinin sol qolundan sarımtıl bükülü aşkar edilib götürüldü».

Məhkəmə iclasında ATƏT-in, ABŞ, Norveç səfirliklərinin nümayəndələri müşahidəçi qismində iştirak edirdilər.

Məhkəmə iclasında ATƏT-in, ABŞ, Norveç səfirliklərinin nümayəndələri müşahidəçi qismində iştirak edirdilər
Eynulla Fətullayev iddia edir ki, onu jurnalist fəaliyyətinə görə həbsə atıblar. O, narkotika əməliyyatını Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə azadlığa buraxılmaması üçün hakimiyyətin təşkil etdiyi təxribat adlandırıb.

Eynulla Fətullayev 2007-ci ilin aprelində 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin ilin oktyabrında çıxarılan ikinci həbs qərarı nəticəsində E.Fətullayevin cəzası 8 il 6 ay müddətinədək artıb. O, terrorçuluğa qızışdırma və vergidən yayınmada ittiham olunub.

2009-cu ilin dekabrında saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində məhbus jurnalistin üzərindən narkotik vasitə tapıldığı açıqlanıb və ona narkotik saxlama ittihamıyla yeni cinayət işi açılıb.

Avropa İnsan Haqları Məhkəməsi aprelin 22-də Eynulla Fətullayevin dərhal azadlığa buraxılması və Azərbaycan hökumətinin ona 25 min avro təzminat ödəməsi barədə qərar çıxarıb. Beynəlxalq hüquq müdafiə təşkilatları da Azərbaycan hökumətindən jurnalisti dərhal azad etməyi tələb edirlər.
XS
SM
MD
LG