Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:24

«Məmurlar təbiətə böhtan atmaqla məşğuldurlar»


Nəsib Nəsibli
- Milli Məclis nəhayət ki, müstəqil hakimiyyət qolunu təmsil etməli və fəlakəti tədqiq edən xüsusi komissiya yaratmalıdır.

Bu fikirləri Müsavat deputat qrupundan millət vəkili Nəsib Nəsibli parlamentin mayın 25-də keçirilən iclasında deyib - deputat Gülhüseyn Əhmədov fəlakət zonasında lazımi iş görüldüyünü və vəziyyətin mətbuatda şişirdildiyini bildirib başı çıxmayanların bu məsələdən danışmamasını xahiş elədikdən sonra.

Gülhüseyn Əhmədov Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilib. O iddia edir ki, hələlik selin qarşısını almaq mümkün olmasa da dövlət bütün imkanlarını bu işə cəlb edib.

Nəsib Nəsiblinin sözlərinə görə isə hər gün fəlakət zonasında bir bəndin dağıldığı, bir neçə yeni kəndin su altında qaldığı bir vaxtda məsələnin parlamentin gündəliyinə salınmaması mövcud hakimiyyətin insanların vəziyyətindən nə qədər uzaq olduğunun göstəricisidir. Deputat deyir ki, bu hökumətin məclisdə istefasını tələb etmək faydasızdır. Amma heç olmasa komissiya yaradılmalıdır ki, fəlakətdən əvvəl və fəlakət dövrü ortaya çıxan sualları tədqiq etsin:

NİYƏ HÖKUMƏT ÖLKƏNİ VƏ MİLLƏTİ TƏHDİD EDƏN BU TƏHLÜKƏNİ GÖRƏ BİLMƏYİB?

«Hamı bilir ki, 10 ilə yaxındır Kür ətrafı bölgələrdə qrunt sularının səviyyəsi qalxırdı. Amma bu istiqamətdə köklü tədbirlər görülmürdü. Minlərlə ailə hər şeyini itirib, ölkəyə milyardlarla manat həcmində ziyan dəyib. Niyə hökumət ölkəni və milləti təhdid edən bu təhlükəni görə bilməyib? Niyə onun önlənməsi ilə məşğul olmayıb? Əhali arasında söhbət gəzir ki, bu hadisələrdən əvvəl çayın deltasında işləyən 2 maşın İrana satılıb. Niyə satılıb və kim satıb? Bir neçə kəndin su altında qaldığı mayın 10-da paytaxtda gül bayramı keçirmək, atəşfəşanlıq etmək və bunu televizorla fəlakətə düçar olmuş insanlara nümayiş etdirmək nə deməkdir? Bu hansı əxlaqa sığır? Niyə selin tüğyan etməsindən yalnız 2-3 həftə sonra hökumət komissiyası yaradıldı?».

Pənah Hüseyn
Nəsib Nəsiblinin fikrincə, məhz parlament komissiya yaradıb bu suallara cavab tapmalıdır. Çünki məmurlar təbiətə böhtan atmaqla məşğuldurlar.

Spiker Oqtay Əsədov isə deyir ki, bütün Avropa suyun altındadır. Polşa kimi ölkənin paytaxtı suya qərq olub. Belə şeyləri əldə bayraq etməkdənsə köməklik göstərəcək bir təklif verilsə daha yaxşı olar. Belə söhbətlərdən artıq onlar özləri də, camaat da yorulub.

Sabirabaddan olan millət vəkili, Müsavat deputat qrupunun digər üzvü Pənah Hüseyn isə hesab edir ki, elə Nəsib Nəsiblinin səsləndirdiyi əsl köməkedici təklifdir. Xüsusi komissiya məsələsini qəribçiliyə salmaqdansa, buna ciddi yanaşmaq lazımdır. Deputat deyir ki, Saatlının və Sabirabadın kəndlərindən olan təxminən 20 minə yaxın adam Sabirabadın mərkəzində pis vəziyyətdədir. Əgər bu vəziyyət yaranacaqdısa, onda bu qədər vəsait sərf etmək, əziyyət çəkmək nəyə lazım idi?

BUNUN CAVABDEHİ KİMDİR?


«Bir aydır Fövqəladə Hallar Nazirliyinin işçiləri və minlərlə texnika işləyir. Sarısu gölü ətrafına 10 milyonlarla manatlıq beton və torpaq tökülərək 6-7 metr qaldırılıb. Dünən bənd yarılıb. Bunun cavabdehi kimdir? Minlərlə maşın, əsgər bir ay işləyib, hamısı batdı. Dünən camaat oranı tərk elədi».

Oqtay Əsədov
Pənah Hüseyn deyir ki, əhali də nə baş verdiyini bilmək istəyir. Axı bunun bir cavabdehi olmalıdır. Bölgə təbii fəlakət zonası elan olunmalıdır. Prezident ora özünün xüsusi nümayəndəsini təyin etməlidir. O, bu fikirləri məsələni siyasiləşdirmək məqsədi ilə demədiyini, sadəcə vəziyyətin parlamentin gündəliyinə salınıb xüsusi olaraq müzakirə edilməsinə ehtiyac yarandığını bildirdi.

Spiker Oqtay Əsədov isə Pənah Hüseynin də dedikləri ilə razılaşmır. Deyir bütün rayonlara kömək olunur. Azərbaycanın bütün texnikası fəlakət zonasına cəlb edilib və görülən işlər boşa getməyib:

SU, SEL AXANDA O BİR YERDƏN ÇIXMALIDIR

«Vaxtında bu işlər görülməsəydi, insan tələfatı olardı. Yəni bu zəhmət insan tələfatının olmamasına gedib. Su, sel axanda o bir yerdən çıxmalıdır. Başqa yolu yoxdur. Xəzər dənizinə qədər məsafədə relyefi nəzərə almaq lazımdır. Heç kim istəmir ki, hansısa rayon su altında qalsın. Kürdən iki dəfə artıq su gəlir. Alimlər oturub bunun üzərində işləyirlər, yollar axtarırlar ki, bu suyu dənizə haradan, necə yönəltsinlər».

«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının üzvü Mehman Əliyev isə hesab edir ki, insan tələfatının olmamasını iş görülməsinin göstəricisi kimi təqdim etmək düzgün deyil. Baş verənlər onu deməyə əsas yaradır ki, nə daşqından əvvəl, nə də su kəndləri,
Mehman Əliyev
rayonları altına aldığı günlərdə lazımi işlər görülməyib. Ona görə də bütün bunları araşdırmaq üçün mütləq xüsusi komissiya yaradılmalıdır:

BİR DÜŞƏRGƏ YARADIBLAR, HAMIYA ONU GÖSTƏRİRLƏR

«Çünki nə əvvəlcədən xəbərdarlıq var idi ki, belə bir şey ola bilər, nə hansısa işlər görülmüşdü buna qarşı. Nə əvvəlcədən nöqsanlar göstərilmişdi. Və sonrakı işlərə də baxanda görürsən ki, heç nə, bir düşərgə yaradıblar, hamıya onu göstərirlər. Ancaq insanların böyük hissəsi çox pis vəziyyətdədir».

Mehman Əliyevin fikrincə, bütün bunları araşdırmalı olan komissiyaya müstəqil adamlar, ictimaiyyətin nümayəndələri, hətta müxalifət təmsilçiləri də daxil olmalıdır. Çünki dəqiq bilinməlidir ki, nə baş verib. Fəlakətin səbəbləri araşdırılmalıdır ki, gələcəkdə bir də təkrarlanmasın.

«Kür» Vətəndaş Cəmiyyəti Qərargahı ötən həftə yaradılıb. Burda toplaşmış QHT-lərin əməkdaşları daşqınla üzləşmiş kəndlərə ezam olunub yerlərdəki vəziyyətlə bağlı ətraflı məlumat toplayırlar.
XS
SM
MD
LG