Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:27

Ən böyük ziyan torpağa dəyib


Sabirabadın su basmış kəndi
Sabirabadın su basmış kəndi
Kürün daşması ən böyük ziyanı nə meyvə-tərəvəzçiliyə, nə də heyvandarlığa vurub. Ən böyük ziyan su altda qalan torpaqlara dəyib. On ilə yaxın vaxt lazımdır ki, həmin torpaqları əvvəlki yararlı vəziyyətinə salasan. Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru Nizami Seyidəliyev belə deyir:

«Kürqırağı bölgədə böyük təsərrüfatlar su altında qalıb. O torpaqları əvvəlki vəziyyətə qaytarmaq üçün beş-altı il, bəlkə də daha çox vaxt lazımdır. Torpaq altı-yeddi sutkadan artıq su altında qalırsa, ondakı minerallar, makro, mikroelementlərin bir qismi suda həll olub gedir, bir qismi isə yararsız qatlara çökür. Beləcə də torpaq yararsız hala düşür. Ona görə də torpaqları bərpa etməyə böyük sərmayə lazımdır. Yəni, bu əkin-biçin üçün böyük ziyandır. Əsasən də Sabirabad, Salyan rayonları, Şirvanın bəzi kəndlərinə daşqın böyük təsir göstərdi».

Nizami Seyidəliyev torpaqları bərpa etmək üçün təxmini məbləği də deyir:

«Lillənmiş torpağın bir hektarını əvvəlki hala salmaq üçün ən azı 40-45 ton üzvi gübrə, peyin və 300-400 kiloqram mineral lazımdır. Ən azı deyirəm. Orta hesabla da götürsək, bu beş-altı min manata çatır. Hələ mən kultivasiyanı, rekultivasiyasını demirəm...».

«MƏNİM O QƏDƏR PULUM HARDANDIR?»

O torpaqları əvvəlki vəziyyətə qaytarmaq üçün beş-altı il, bəlkə də daha çox vaxt lazımdır
Sabirabadın Azadakəndindən olan Qurbanqulu Abışov evini elə bu səhər (mayın 19-da) tərk eləyib. Gözü baxa-baxa bütün təsərrüfatı suda batıb:

«İki hektar bostan əkmişdim, su apardı. Əkinimiz batdı. Hər şey əlimizdən çıxdı. Məndə o qədər pul hardandır ki, iki hektarı yenidən bərpa edim? Ancaq dövlət yardım edərsə, vəziyyətdən çıxarıq. Yoxsa biz batdıq…».

YARDIM OLACAQMI?

Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyir ki, dövlət kömək etməyə çalışacaq. Artıq dəyən ziyanın müəyyən edilməsi və aradan qaldırılması ilə bağlı qərargah da yaradılıb:

«Amma gərək əvvəlcə su çəkilsin və ondan sonra dəyərləndirmə aparılsın. Mütəxəssislər dəvət ediləcək və bilinəcək torpaq harda daha çox lillənib, yararsızdır».

TƏXMİNİ RƏQƏMLƏR

Nazirliyin məlumatına görə, daşqın 51 min hektar əkin sahəsinə ziyan vurub. Bunun da 18 min hektarından çoxunda taxıl, 22 min hektarında yonca əkilibmiş.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyir ki, ilkin rəqəmlərə görə, 1422 hektar pambıq, 2392 hektar tərəvəz, 710 hektar bostan, 80 hektar şəkər çuğunduru sahəsinə ziyan dəyib:

«Bəzi yerlərdə yenə daşqın olub. Ona görə miqyası müəyyənləşdirmək çox çətindir».

Nazir bahalıqdan danışır
BU YAY QITLIQ OLACAQMI?

Söhbət etdiyimiz mütəxəssis və rəsmi bizi əmin etməyə çalışırlar ki, taxılçılıqda məhsuldarlıq sadəcə, 5-10 faiz aşağı düşəcək. Meyvəçiliyə gəlincə, Murtuzəli Hacıyevin sözlərinə görə, təkcə Kürqırağı bölgələrdə yox, Şəki-Zaqatala, xüsusən də Quba-Xaçmazın aran kəndlərində meyvəçiliyə ziyan dəyib. Ancaq o qıtlıq olacağını düşünmür. Hesab edir ki, yağıntı meyvəçiliyə 5-10 faiz təsir göstərib. Xüsusən də çəyirdəkli meyvələrə:

«Amma tumlu, qərzəkli, sitrus meyvələrin inkişafı qənaətbəxşdir. Tərəvəzlə bağlı təkrar əkinlər aparmaq olar. İnşallah su çəkilsin, danışarıq. Bəri başdan nəsə demək çox çətindir. Hər halda, kənd təsərrüfatı havadan asılıdır. Hava imkan versə, ziyan qismən də olsa aradan qaldırılacaq. İndidən bazarda bəzi məhsulların qiyməti də artıb. Amma bu müvəqqətidir. Qıtlıq yaranmayacaq. Azərbaycan tələbatdan iki dəfə çox meyvə-tərəvəz və kartof istehsal edir».

Kənd təsərrüfatı naziri İsmət Abbasov isə mətbuata deyib ki, qıtlıq və bunun nəticəsində kənd təsərrüfatı məhsullarının qiyməti bahalana bilər. Amma nazirlik bahalanmanın qarşısını almaqdan ötrü bəzi addımlar atmağı planlaşdırır.
XS
SM
MD
LG