Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:40

"Kamal Abdullanı Paris kitab yarmarkasına aparmaq mənim işim deyil"


Avropada ən çox tanınan Türk yazarlarından biri Minə Kırıkkanatın Azadlıq Radiosunun "Oxu zalı"na müsahibəsi. Onunla İstanbul müxbirimiz Mais Əlizadə söhbətləşib.

"AMERİKA TÜRKİYƏDƏKİ SİSTEMİ YENİDƏN DİZAYN EDİR"

Sual: Əvvəlcə “Türkiyədə nələr olur?”-sualına cavab verməyini istəyərdim. Çünki Dəniz Baykala qurulan tələ ilə başlayan proseslər Türkiyədə daşları yerindən oynatdı.

Cavab: Türkiyədə nələr olduğunu sən də bu gün yazmışdın. Mən də neçə gündən bəri yazıram və yazacam. ABŞ Türkiyədəki sistemi yenidən dizayn edir. Bu, Bjezinskinin 1972-də başlatdığı “Yaşıl qurşaq” layihəsinin bir parçasıdır.

Sovet ittifaqını dağıtmaq üçün bu layihə çox faydalı oldu. Çindəki uyğur məsələsindən də bu məqsədlə istifadə edilir. Bunların hamısı ABŞ-da çıxan kitablarda da öz əksini tapıb.

Layihədəki din faktoruna etnik faktorun da əlavə edilməsi planları tamamlamaq baxımından çox böyük əhəmiyyət kəsb edir ki, burada Türkiyənin rolu əvəzedilməzdir.

Çünki 1923-cü ilə qədər Osmanlı xilafətin lideri durumunda idi. İndiki dönəmdə Türkiyəyə verilən rolu “modern xilafət” və ya “tarazlıqlı islam” şəklində xarakterizə edə bilərik.

Yeni bir ruhani sinfi yaradılmasından söhbət gedir. Bu təşəbbüs Türkiyədə bir çox adamın ruhunu oxşayır. Çünki Türkiyə də əski bir imperialist dövlətdir. Ancaq bu layihə Türkiyənin dünyəvi, müasir, qadın-kişi bərabərliyinin hökm sürdüyü bir topluma “əlvida”-deməsi mənasını daşıyır. Ancaq unutmamalıyıq ki, heç bir sosial mühəndislik layihəsi orada nəzərdə tutulan nəticəni verməz.

Sosial mühəndislik iddiasına düşüb hər hansı planı çəkə bilərsiniz, ancaq tikinti o plana uyğun gəlməyə bilər.

İslamiyyətin ortasındakı dünyəvi Türkiyə Cümhuriyyəti Qərbin xoşuna gəlmədi. Yeni layihə isə özünü Osmanlının nəvələri zənn edən bəzi Türklərin də xoşuna gəldi və buna görə də layihəyə dəstəyi əsirgəmədilər.

Layihəyə qarşı çıxan ziyalılardan biri mənəm və bizim mövqeyimizi simvollaşdıran partiya CHP idi. Ancaq indi meydana çıxan mənzərə göstərir ki, illərdən bəri Dəniz Baykala Türk sosial-demokratlarının iqtidara gedən yolunu kəsmək missiyası verilibmiş. Bunu bir neçə il bundan əvvəl bir köşə yazarımız açıq şəkildə yazmışdı.

CHP-nin təşkilatı çökmüşdü.

Mənim o partiyada yaxın millət vəkili dostlarım var.

Onlar da bunu yaxşı bilirdilər. Bəzi qüvvələr Baykalı CHP sədrliyindən uzaqlaşdırmaq üçün qərar qəbul etdilər. Bu qərarı kimin qəbul etidiyinə dair dedi-qodu etmək istəmirəm. ABŞ bu qərarı niyə qəbul etsin? Bu qərar niyə AKP-nin işinə yarasın?

Baykal CHP-də özünün tək adam diktaturasını yaratmışdı. Mən bəzi dostlarımla CHP-yə üzv olmağa çalışdım, ancaq ola bilmədim.

"ANA MÜXALİFƏT PARTİYASI MÜASİR SOSİAL-DEMOKRATİYANIN ƏKSƏR PRİNSİPLƏRİNDƏN UZAQLAŞMIŞDI"

Sual: Niyə? Türkiyədəki dünyəvi rejimi hərarətlə müdafiə edən ziyalılardan biri sənsən. Özün deyirsən ki, təriqətlərin hədəfindəsən?

Cavab: Baykal CHP-yə bir Politbüro sistemi gətirmişdi. Mən artıq CHP rəhbərliyindən “dərin dondurucu”, “mumiyalama” kimi epitetlərlə bəhs edirəm. Baykal hər gün səhər 5 km. piyada gəzirdi, sonra hovuzda üzürdü.

Bundan başqa nə etdi ki? Ana müxalifət partiyası müasir sosial-demokratiyanın əksər prinsiplərindən uzaqlaşmışdı.

İndi CHP Sosial ineternasionalının prinsiplərinə uyğun müasir proqramla meydana çıxmalıdır.

Sual: “Ziyalı” deyilən insanlar bu layihənin içindədirmi? Məsələn, AKP-ni həmişə dəstəkləyən Orhan Pamuk bu layihənin harasındadır? Səncə, Pamuk bu “xilafət layihəsi”ni də dəstəkləyirmi?

Cavab: Orhan Pamukun dəstəklədiyi bütün layihələr ancaq özünün rahatlığı ilə bağlı olan layihələrdir. Qərb AKP-ni dəstəklədiyinə görə, Orhan Pamuk da AKP-ni dəstəkləyir.

Minə Kırıkkanat və Türkiyədə çalışan azərbaycanlı tədqiqatçı Arif Acaloğlu
Əgər günlərin bir günündə Qərb, məsələn, CHP-ni dəstəkləyərsə, narahat olmayın, bu adamlar da CHP-ni dəstəkləyəcək. Bunlar bir gündə bir neçə dəfə dönə də bilərlər. İkinci bir Nobel yoxdur, ancaq Pamuk üçün artıq başqa şeylər vardır.

Sual: Maddi cəhətdənmi?

Cavab: İşin maddi tərəfindən o yana- bir də Pamukun ədəbi arenada yaşaya bilmək üçün mübarizəsi vardır. Bir yazarın dəyəri 30, 40, 50 il sonra daha dəqiq şəkildə meydana çıxar.

"İSVEÇ BURDAN GEDƏN KÜRDÇÜ KÜRDLƏRİN TƏSİRİ ALTINDADIR"

Sual: Azərbaycanda bəziləri deyir ki, biz də Nobelə layiqik, ancaq onu almaq üçün milyon dollarlar xərcləmək lazımdır. Sən dünyanı yaxşı tanıyırsan. Həqiqətən Nobel almaq üçün milyon dollarlar xərcləmək lazımdırmı?

Cavab: Nobeldəki jüri üzvlərinə bizdəki futbol maxinasiyası kimi pul verilirmi-onu bilmirəm. Ancaq İsveçin mövqeyi məlumdur. Mənim çox yaxın kürd dostlarım var- nə mən onlara qarşı türkçülük edirəm, nə də onlar mənə qarşı kürdçülük. İsveç burdan gedən kürdçü kürdlərin təsiri altındadır. Hətta İsveçə “kürdçü kürdlərin baş qərargahı” da deyə bilərəm. İsveçdə kürdçülərələ yaxın əlaqə yaratmayan heç bir türkün Nobel alması mümkün deyildir. “Türklər 1 milyon erməni, 30 min kürd öldürdü”-deyəndən sonra Nobel almaq asanlaşar.

Sual: Pamukun Bəyoğlundakı ev-muzeyinə dövlətin verdiyi dəstəyə sən reaksiya göstərəndən sonra o dəstəkdən imtina etdi.

Cavab: Türkiyə Cümhuriyyətində vətəndaşlardan toplanan vergilərdən kasıb-kusuba yox, Orhan Pamuka yardım edilməsinə reaksiya göstərmək qədər təbii bir şey ola bilməz. Əgər mənim sözlərimin təsiri olubsa, buna sevinə bilərəm. Dostlardan biri mənə Pamukun son romanından bəzi səhifələri yazıb göndərdi. Personajlardan biri dənizdə, ya da hovuzda arxası üstə üzür və dənizin altındakı şeyləri təsvir edir. Bunun kimi o qədər xətalar var ki? Məncə, tərcüməçiləri olmasaydı, Orhan Pamuk Nobel ala bilməzdi. Çünki onlar xoş niyyətlə bu cür səhvləri düzəldirlər.

Sual: Türkiyəyə hardan baxarsaq-baxaq, məsələ dönüb-dolaşıb “ziyalılıq” məfhumunun üstünə gəlir. Adama elə gəlir ki, indi Türkiyədə adına “ziyalı” deyilən bir çox insan hər gün fikrini dəyişdirə bilir.

Cavab: Onlar hər gün yox, hər saat, hər an mövqe dəyişdirə bilirlər. Hal-hazırda Türkiyədən çıxıb dünyada məşhur ola bilmək üçün Türkiyəni parçalamağın tərəfdarı olmaq lazımdır.

Sual: Sən 33 ildən bəri Fransadasan. Avropada kitabların çıxır, beynəlxalq kitab yarmarkalarında imza günlərin olur, Fransanın TV-5 kanalında proqramın var. Türkiyədən sənə dəstək verən oldumu bu günə qədər?

Cavab: Arxayın ol, mən heç vaxt Nobel almayacam. Mənə dəstək verən də olmayıb. Bəzən məəttəl qalıram ki, bu günlərə necə gəlmişəm?

KAMAL ABDULLANIN ROMANINI OXUDU...

Sual: “Vatan” qəzetindəki yazılarına Azərbaycandan həm mənfi, həm müsbət reaksiyalar gəlir. Bunlara münasibətin necə olur?

Cavab: Azərbaycandan mənə göstərilən simpatiyaya görə, təşəkkür edirəm. Mənə Türkiyədə də simpatiya bəsləyən insan az deyil. Mən Türkiyədə heç kimə yaltaqlanmadan və heç kimə minnəti olmadan öz yolunda irəliləyən az sayda insandan biriyəm.

Sual: Hətta bir dəfə TV diktoruna dedin ki, mənə zəng etməyin-sizinlə danışmağa vaxtım yoxdur. O səndən soruşurdu ki, Yaşar Kemala kor dedinmi? Demişdinmi?


Cavab: Əslində Yaşar Kemal mənim sevdiyim bir insandır. 1980-ci il hərbi çevrilişindən sonra Yaşar Kemal, Çetin Altan və Mümtaz Soysal Fransa sosialist partiyasının dəvəti ilə Parisə gəlmişdilər.

Onları o vaxt hələ iqtidarda olmayan Mitteran dəvət etmişdi. Yaşar Kemala inanılmaz bir simpatiyam var. Bir neçə il qabaq İstanbuldakı Kültür universiteti mənə “Cəsur qadın” mükafatı verirdi.

Mən çıxışımda qadın- kişi birliyinin dünyanı daha güclü qılacağını vurğulamaq istəyirdim. Orda dedim ki, bir qulağınızla daha az, iki qulağınızla daha çox şey eşidərsiniz.

Və ya iki gözünüz bir gözünüzdən daha çox şeyi görər. Sadəcə dedim ki, Yaşar Kemal tək gözü ilə daha çox şey görür. Bunu deyən kimi orada “zəkasına şübhə etdiyim” İstanbul universitetinin o vaxtkı rektoru ayağa qalxaraq mərasimi tərk etdi.

Sonra “Yaşar Kemala kor dediyimə görə” məni məhkəməyə verdi, ancaq uduzdu. Əslində mən o sözümlə Yaşar Kemalı göylərə qaldırmışdım.

Sual: Azərbaycan ədəbiyyatından Kamal Abdullanın “Yarımçıq əlyazma” romanını fransızca oxudun. Paris kitab yarmarkasında Kamalla birgə kitab imzalamaq və ya oxucular qarşısında çıxış etməyə necə baxarsan?

Cavab: Kamal bəyi Paris kitab yarmarkasına aparmaq mənim işim deyil.

Buna dəstəyi Azərbaycan dövləti verməlidir. Biz Türkiyəni bu sahədə nə qədər tənqid etsək də, görülən müsbət işlər də var. 20 il qabaq Fikri Sağlar mədəniyyət naziri olarkən Türkiyə Paris kitab yarmarkasında stendlər kirayələməyə başladı.

İndiki mədəniyyət naziri Ərtuğrul Günayı sevməsəm də, onun da bu işi davam etdirdiyini deməliyəm. Bir də İstanbul Ticarət Palatası böyük stend kirayələyir.

Bir şeyi də qeyd etmək istərdim: Orhan Pamukun Nobel mükafatı almasından sonra, Pamuk özü “Mən Türkəm”-deməyi sevməsə də, mükafatın Türk ədəbiyyatının faydasına oldu. Azərbaycan hökuməti Türkiyə ilə birlikdə orada bir stend aça bilər.

Sual: TV-də sənin apardığın proqramımıza yenidən davam edəcəyik, deyəsən....

Cavab: Sentyabrda proqramımız yenidən başlayacaq. Layihəyə görə, iki proqramımızı xaricdə yapacağıq. Bunun biri mütləq Bakıda olacaq.
XS
SM
MD
LG