Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:44

Hikmət Carçılı "Yazıçının son romanı..."


Azərbaycanda belə yazıçı yoxdu. Ancaq bu hekayəni eynən bu cür yazıçı görmək arzusuyla yazıram...

Rafiq artıq iyirmi beş il idi ki, yazıçılıqla məşğul olurdu.

O bir çox kitabların müəllifi idi. Həmişə onun yazdığı əsərlər, kitablar ədəbi aləmdə sensasiya yaradırdı. Uzaq-uzaq ölkələrdən onun kitablarının səsi gəlirdi.

Bir də görürdün ki, məktub gəldi “Rafiq bəy sizin kitabınız Dünyanın filan, filan, filan... ölkəsində böyük tirajla çap olundu.

O bunu heç vaxt reklam etməzdi, soruşardılar ucundan qulağından deyərdi,soruşmazdılar bir kəlmə də söhbət salmazdı bu uğurları barədə.

Dostları, düşmənləri həmişə ona həsəd aparardı, hətta yeri gələndə inciyərdilər də ki, əşi sən bizə heç kömək etmirsən biz də gedək çap olunaq da oralarda ə, yarat da bu şəraiti.

Rafiq həmişə and-aman edərdi ki, mənlik deyil bu işlər, mən də sizin kimi hekayəni tamamlayanda yerli mətbuata müraciət edirəm.

Ancaq mənim hekayəm, ya romanım hansı saytda, hansı qəzet və yaxud jurnalda çap olunandan bir ay sonra mənə məktublar gəlir hansısa ölkədə çap olunmağımla bağlı, vallah heç əsərlərimi çap edənləri tanımıram da; ordan, burdan tapırlar. T

anışlığım olsa bu nə sözdü, əlimdən gələni edərdim...

And aman etsə də inanmazdılar ona.

Deyərdilər ki, bu adam özündən başqa heç kimi sevmir. Heç ədəbiyyatın da irəli getməsini istəmir. Istəsəydi...

Bu adamlar çox söz danışa bilərdilər. Acaq Rafiq həqiqətən də əsərlərini çap edənlərlə tanış deyildi.

Rafiq bəlkə də onları tanısaydı onlarla başqa cür danışardı. Belə ki, o əksər əsərlərinin xarici ölkələrdə yayınlanmağını istəmirdi, peşəkar oxucu kütləsini yormağı istəmirdi.

O belə düşünsə də oxucular tamam başqa cür düşünürdülər, onun hər yeni əsərində, nəsə bir yenilik qlobal problem arayırdılar. Xoşbəxtlikdən həmişə də aradıqlarını tapırdılar.

Rafiqin böyüklüyü də o idi ki, o heç zaman əyalət çərçivəsində qalmırdı, öz keçmişindən yazanda da, anası haqqında xatirələr yazanda da...

Rafiqin qələminə bələd olan adamlar bilirdilər ki, o yaşadığı mühitin yazıçısı deyil, dünyanın yazıçısı idi. Onun hər bir əsərinin uğurlu çıxmasının, tez bir zamanda avropalıların diqqətinə çatdırılmasının əsas səbəblərindən biri də bu idi.

Yoxsa bizim bəzi əyalət və eləcə də şəhər mühitində yaşayan yazıçılar kimi düşünmürdü ki, avropalıların nəyinə mənim yazdıqlarımdan.

O daha geniş düşünürdü yuxarıda dediyimiz kimi.

Rafiq bu nailiyyətlərə çatsa da, dünyanın müasirləri sırasında ən şöhrətlisi bununla bərabər ən gözəl yazıçısı olmağına baxmayaraq o heç vaxt bir yerdə durmazdı. Daim işləyər, vaxtı olanda arada bir həbsxanaya gedərdi.

Həəə, əzizlərim gələk bu məsələnin üzərinə ki, bunu səbəbi nə idi.

Bunun səbəbini ancaq özü bilirdi.

Onun lap ilk qələm təcrübələrini yazan andan bu yana bir nisgili var idi. Hey onu arayardı. Ancaq bu nisgilin, tam yeni tipli bir əsərin yaranması bəlkə də onun həyatına mail ola bilərdi.

O istəyirdi ki, insanın ölən andakı tam fərqli bir portretini yaratsın.

O gərək bir insanın ölüm prosesini izləyəydi və ondan sonra bir ay bu əsər üzərində işləyəydi, yuxarıda dediyim kimi bu əsərin yazılması onun ölümünə və başqa neçə gözəl duyğulara söykənən əsərlərinin ürəyində qalmasına gətirib çıxara bilərdi.

Onun üçün də bir neçə ay idi ki, yazı masasından qalxmayıb yazırdı və başı yazıdan ayılanda da bir-birinə əks olan fikirlərlə düşünüb daşınırdı.

-- Bəlkə mən bu əsəri yazmaq fikrindən əl çəkim, oturum həmişə yazdığım hekayələrdən qoyma deyim, oxucular da gündə bir məktub yazıb məni tərifləsinlər, mən də elə zənn edim ki, böyük yazıçıyam, lap dahiyəm eee...

Özümə təsəlli verə-verə yaşayım, bəlkə! Amma yox, yazacam. Yazacam özü də necə, dəhşət bir şey olacaq ey, dəhşət! Ancaq necə, kimin ölümü haqqında yazacam, mən o romanımı?

Bu sual onu hər dəfəsində darıxdırırdı. Siqaret dalınca siqaret yandırıb o yana, bu yana vurnuxardu.

Qəhrəmanının kim olacağını düşünüb, durardı. Bunu seçmək çox çətin idi, onun üçün. Həbsxanaya da getməyinin səbəbi o idi ki, o insan öldürən məhbuslarla söhbət edirdi, həbsxananın həyətində.

Kimi xəyanətkar dostunu qeyrət üstündə öldürüb gəlmişdi bura, kimisi heç tanımadığı bir adamı ona pul atdığına görə allahın rəhmətinə qovuşdurmuşdu, gəlmişdi bura, kimi həyat yoldaşını xəyanət üstündə, kimi oğlunu heç nə ütündə öldürmüşdü...

Hərə bir şeyə görə oraya gəlmişdi, lakin, heç birinin danışdığı hadisə ona təsir etmədi.

O axşam Rafiq sonuncu hekayəsinə son nöqtəni qoydu. Durdu yenə də roman haqqında düşünüb vurnuxmağa.

--Ha, bitirdim bütün hekayələri. Indi de görüm böyük yazıçı, necə yazacaqsan romanını. Axı, o hissləri yaşamamısan, axı, gözün gözünə dəyməyib ölən anda kimsənin!-birdən ağlına nəsə gəldi-bəlkə... ə, yox elə şey olmaz!

Səhər açılanda Rafiq yenə də yazı masasının üzərində idi. o yenə də nələrsə, düşünürdü.

Qalxdı. Yazı masasının siyirməsindən silahı çıxarıb belinə taxdı.

Qapını bərk çırpıb çıxdı. Onun yerində kim olsaydı yəqin başını stola qoyub bir gün axşama kimi qaldıra bilməmişdi. Ancaq o yorğunluq bilmirdi.

Yazmaq eşqi onu rahat qoymurdu. O yata bilməzdi, çünki mövzu onu tutmuşdu. Necə olsa belə, lap dünya dağılsaydı belə gərək yazaydı.

Yazıb qurtarmasa ölümü belə yaxına buraxmamağı qərara almışdı. Odur ki, yorğunluğu ağlına da gətimirdi.

Qarşısına ilk çıxan adam Əhməd dayı oldu.

Elə yaxşı ki, də o çıxdı ilk olaraq Rafiqin qarşısına. Rafiq adam öldürməyi qafasına taxdığından özü də belə düşündü.

-- Nə yaxşı bir cavan çıxmadı qarşıma – dedi – yoxsa vallah bu ağıl ki, məndə var, heç düşünmədən onu da vurardım. Yenə bu gününü görüb, dövranını keçiribdir.

Kişini az izləyib dar küçələrin birində adamlar olmayan bir küncdə qanına qəltan etdi. Elə yerindən vurdu ki, bir az gec ölsün ki, təsirli bir ölüm səhnəsi yaratmaq üçün zəmanət yaratsın. Kişinin son nəfəsində ona belə bir sual verdi:

--Nə hisslər keçirirsən?

Kişi güclə ağzını açıb göz yaşları içində dedi:

--Məni niyə öldürdün? Ölməkdən qorxuram. Yaşamaq istəyirəm. Mə...mə..mə...

Kişinin son sözü gəlib son nəfəsinə çata bilmədi.

Kişinin son “ölməkdən qorxuram. Məni niyə ölürdün?! Yaşamaq istəyirəm” sözləri ona çox təsir etdi.

Düşünülən romanı daha da kəsərli, dəyərli etdi. Əsərin son nöqtəsi qoyulan kimi yazıçı kişinin sözlərindən aldığı zərbədən dünyasını dəyişdi.

Sonuncu romanının tanınmasını, oxunmasını görmək ona nəsib olmadı, o özünə sadiq qaldı. Bəlkə də o əsərini tanıtdırması üçün bir müddətdə yaşaya bilərdi ərayılla dirəşib. Lakin, o özünə əmin idi. bilirdi ki, yazıçı dostları romanı tapıb çap etdirəcəklər.

Çünki o böyük yazıçı idi.

Dediyim kimi də oldu dostları romanı tapıb heç bir redaktəsiz, filansız jurnalların birində çap etdilər “Ölümün astanasında” adıyla. Roman avropa dillərinə də tərcümə olundu. Oxundu bəyənildi.

Lakin, romının necə gözəl yazıldığını, əsərdə qoyulan ideyanı ancaq və ancaq yazıçı Rafiq özü daha yaxşı bilə bilərdi...
XS
SM
MD
LG