Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:31

Dissident milyarder


Onu bıçaqlayıblar, varını dövlət mənimsəyib, ailəsi dağılıb. 7 il Sibirdə həbsdə yatandan sonra yenidən Moskvaya qaytarırlar, şüşə qəfəsdə oturub yeni hökmü gözləyir.

Bu, bir vaxtlar Rusiyanın ən varlı adamı, dünya neft istehsalının 2 faizinə nəzarət edən Mixail Xodorkovskidir.

46 yaşlı Xodorkovskinin xaricdə bank hesabları, vəkillər və bloqçular ordusu var. Belə bir adamın dissident olması Vaşinqtonda və Londonda qəribə səslənir.

XODORKOVSKİ AL KAPONE?

Vladimir Putin və onun KQB komandası müxalifəti elə parçalayıblar ki, cəmiyyətdə heç bir qüvvə mövcud hakimiyyəti laxlada bilməsin. Bugünkü Rusiyada islahatçılar yalnız xırda etiraz nümayişi keçirə bilirlər.
Rusiyada Xodorkovskinin də səsi eşidilmir. Hökumətin nəzarətində olan media ona çox az diqqət yetirir. Vaxtilə Xodorkovskinin maliyyələşdirdiyi partiyalar ölkə səviyyəsində siyasi səhnədən siliniblər.

Əksinə, Rusiya əhalisinin çoxusu Xodorkovskini Al Kapone ilə müqayisə edən Putinlə razılaşır. Putin demişdi ki, Al Kapone neçə-neçə insan öldürdüb, ancaq vur-tut maliyyə fırıldağına görə mühakimə olundu.

Xodorkovski Foreign Policy məcmuəsinin müxbirlərinə öz qəfəsindən yazıb ki, «mənim taleyim bir gün mənim ölkəmin taleyi olacaq».
Xodorkovski yazıb ki, bəzən bir insanın taleyi tarixi daha yaxşı başa düşməyə imkan verir, nəinki tarix dərsliyi.
Ancaq Rusiyanın məşhur novellisti Boris Akunin deyir ki, o Xodorkovskinin taleyindən hekayə yazsa, heç kim inanmaz.

XODORKOVSKİ 3 ROKFELLER?

Xodorkovski köhnə komunist sistemin yetişdirməsidir. Komsomol lideri olub. 1988-ci ildə yenidənqurma vaxtı Menatep bankını yaratdı və dövlətin pulunu dövlət müəssisələrinə ötürməyə başladı. Rublun böyük inflyasiyası vaxtı rublu dollara çevirib saxlamaqla nəhəng mənfəət qazanırdı. Sonra manipulyasiyalı hərracla Rusiyanın ikinci ən böyük neft şirkəti Yukosu 1995-ci ildə 309 milyon dollara aldı.

Xodorkovski o vaxt özünə çoxlu düşmən də qazandı. Məsələn, xarici kreditorları Rusiyanın rüşvətxor məhkəmələrinə çıxaracağı ilə hədələyirdi və xarici borc verənə pulun əvəzində səhm verirdi.

Bir amerikalı vəkil deyir ki, Xodorkovskinin o vaxtki əməllərini tam qanunsuz adlandırmaq da olmur. Çünki qanunların özü natamam idi.

6 il gərgin işləməklə, yeni texnologiyalar, Qərb mütəxəssisləri cəlb etməklə, işi Qərb standartları ilə qurmaqla Xodorkovski Yukosu 45 milyard dollar qiyməti olan şirkətə çevirdi.

Xodorkovski Rusiya cəmiyyətində də Qərbsayağı demokratiya, qanunun aliliyini təbliğ edən ən böyük qüvvəyə çevrildi. O, insan haqları təşkilatlarına, fondlara, Kemlə tənqidi yanaşan siyasi partiyalara milyonlarla dollar verib.

Xodorkovski deyirdi ki, o, 3 Rokfeller nəslini bir ömürdə yaşayır - əvvəldə quldur, sonra biznes nəhəngi, sonra da xeyriyyəçi.

PUTİN GƏLƏNDƏ...

Putin hakimiyyətə gələndə oliqarxlara dedi ki, 1990-cı illərdə qazandıqlarını saxlaya bilərlər, əgər onun hakimiyyətinə qarşı getməsələr.
Xodorkovski Putinə qulaq asmadı. Əksinə Kemldəki toplantılardan birində Putinə mühazirə oxudu ki, özəlləşmədə hansı korrupsiya var.
Xodorkovskinin köməkçilərindən biri deyir ki, Putin bomba kimi partladı. 5 ay sonra Xodorkovskinin biznes tərəfdaşı Platon Lebedev həbs olundu. Xodorkovskiyə xəbərdarlıq olundu ki, ölkəni tərk eləsin. Ancaq o yenə qulaq asmadı.

2003-cü ildə maskalı FSB agentləri Xodorkovskinin təyyarəsinə girib, onu ordaca həbs etdilər.
Bu həbs Qərbdəki illüziyaları dağıtdı. O vaxt Amerika prezidentinin milli təhlükəsizlik müşaviri olan Kondoliza Rays indi deyir ki, hamını o vaxt bu qəddarlıq mat qoymuşdu.

SİBİRDƏ...


8 il həbs alan Xodorkovskini Sibirə göndərdilər.
2006-cı ildə yatdığı yerdə üzündə qəfil ağrıdan oyanan Xodorkovski gördü ki, üzünü bıçaqla kəsiblər. Dustaq yoldaşları bıçaqlayanı tutanda, məlum oldu ki, o da dustaqdır. Xodorkovski həmin adamdan soruşanda ki, onu niyə bıçaqlayıb? – həmin dustaq cavab verdi ki, onun başqa çıxış yolu yox idi.

...Xodorkovski 174 qəzetə və jurnala abunə yazılmışdı və iş olmayanda dəlicəsinə bunların hamısını oxuyurdu.

Xodorkovski deyir ki, həbsdə verilən iş mənasız olanda, dustaq iblisə çevrilir. Dustağın yanına ailə üzvləri gəlməyəndə ailə dağılır.
Xodorkovski hesab edir ki, Stalin dövrünün əsir düşərgələri olan QULAQla müqayisədə indiki həbsxanalar irəliyə doğru nəhəng addımdır, ancaq onlar QULAQ olaraq qalırlar, sadəcə olaraq «yüngül QULAQ»dırlar.
XS
SM
MD
LG