Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:48

Azərbaycan - ənənələrin insan haqlarından üstün tutulduğu vətənim


Gənc yazar Nərmin Kamalın bu essesi Bakıdakı Britaniya səfirliyinin maliyyə dəstəyi və “Qadın Forumu”nun təşkilatçılığı ilə keçirilən esse yarışmasında birincilik qazanıb.

Müsabiqə təşkilatçılarının razılığı ilə esseni Ədəbiyyat səhifəmizin oxucularına təqdim edirik.




Nərmin Kamal

"AZƏRBAYCAN - ƏNƏNƏLƏRİN İNSAN HAQLARINDAN ÜSTÜN TUTULDUĞU VƏTƏNİM"

(Esse)

Mən anadan olanda atam saqqal saxlamışdı. Bakı kəndlərində mövcud olan qaydaya görə, yaxın adamları vəfat edəndə kişilər bir həftə və ya qırx gün saqqal saxlayırdılar.

Bu dəfə isə heç kəs vəfat etməmişdi. Atamın oğlu yox, qızı dünyaya gəlmişdi...

Həyatımın hər yerində, hər mərhələsində mənə insan yox, qadın olduğumu hiss etdirən yol işarələri vardı. Bir qadın kimi gizlənməli olduğumu orta məktəbin üçüncü sinfində oxuyanda artıq anlamışdım; onda məktəbimizin divarlarında belə yazılar olurdu:

Rza + L = Sevgi

Məmməd + A = Sevgi


Divarlara yazılaraq car çəkilən sevgi etiraflarında belə, oğlanlar öz adlarını yazır, sevdiklərin qızın adının isə yalnız baş hərfini cızırdılar. Bu, həm qızın təhlükəsizliyi üçün, həm də oğlanın təşəxxüsü üçün, - namusunun adını belə, heç kəsin bilməməsi üçün idi.

Ədəbiyyat müəllimimiz Nazim müəllim isə üzünü qızlara tutaraq deyirdi:

“Qanqal olub gözə girmə,

Bənövşə ol, qoy səni axtarıb tapsınlar.”


...Fəlsəfə fakültəsinə qəbul olunmuşdum, amma reportyor olmaq istəyirdim.

Təhlükəli yerlərdən reportajlar hazırlamaq xəyalı mənim ilk gənclik illərimi həyəcanlandırırdı. Birinci kursda oxuyanda ilk məqalələrimi yazdım və o zamankı qəzetlərə apardım.

Onlar çap olunduqca yenilərini yazdım və beləliklə, mətbuat aləminə düşdüm.

Qəzetlərdə çoxlu müxbir kişilər vardı, qızlar isə hər qəzetdə iki, üç nəfər idilər. Mən əvvəlcə sosial, sonra siyasət şöbəsində yazırdım, təhlükəli yerlərdən reportaj kimi vəhşi xəyallarım getdikcə ütülənirdi, dərsdən sonra mətbuat konfranslarına gedirdim.

Onda 18-19 yaşım vardı. Bir dəfə iş yoldaşım olan bir jurnalist kişi ilə parlamentin qarşısına yazı hazırlamağa gedirdik.

Uzaqdan başqa bir gündəlik qəzetdə cəsarətli iqtisadi, siyasi araşdırmalar yazan gənc bir qızı gördük və mən dedim:

- Aa. Necə balacadı, zəifdi, utancaqdı, amma necə güclü yazılar yazır. Yaxşı qızdır.

Yol yoldaşım dedi:

- Bir qız ki qəzetdə yaza, o necə “yaxşı qız” ola bilər?

Nəinki təhsilsiz adamlar, təhsili, karyerası olan kişilər arasında keçən gənclik illərimdə qadının nə zaman söhbət mövzusu olsa, yalnız cinsi kontekstdə müzakirə olunduğunu, dünyanın məşhur qadın yazıçılarının isə əsərlərinə görə deyil, gözəl, ya çirkin olmalarına, şəxsi həyatlarına görə danışıldığını görürdüm.

Kişi rejissorlar səmimi qəlbdən inanırdılar ki, qadından rejissor çıxmaz, qadından yalnız aktrisa çıxar.

Nə edirəmə edim, qadınlıq nə olan şeydirsə, şlaqbaum kimi yolumun qarşısını kəsmişdi.

Bir il keçdi, mən artıq mətbuat konfranslarına getmir, köşə yazıları yazırdım və köşəmin üstündə öz fotom olurdu. Vaxtaşırı digər qəzetlərdə də köşə yazıları yazırdım. Bir neçə aydan sonra həyatımda ilk dəfə sevgilim oldu.

O, mənimlə eyni qəzetdə işləyirdi və azərbaycanlı idi. Biz birlikdə Simona de Bovuarın “İkinci cins” əsərini oxuyurduq. Avropa tarixi, filmləri, flosof və yazıçıları - əsas mövzumuz idi. Mən sanki Şərqin ortasında bir Avropa adası tapmışdım. Onu buna görə seviridm.

Ətrafımda bu gün cəmiyyətdə tanınan fikir adamları, redaktor və siyasətçilər vardı, onlar deyirdilər ki, ən yaxşı qadın o qadındır ki, onun haqqında danışmırlar. Qadının gizliliyi ona cazibə verir.

Onlar deyirdilər ki, bir qızı nə qədər sevsələr də, o qız ictimai işlə məşğuldursa, qəzetlərdə yazır, başqa kişilər onun adını çəkir, fikrinə münasibət bildirir, qəzetlərdə onunla polemikaya girirsə, onunla heç vaxt evlənməzlər. Necə deyərlər, belə qız üstünə yağ damcılayaraq korlanmış gözəl köynək kimidir.

Məsələni elə qoyurdular ki, sanki qadınla evlənmək kişinin qadına verdiyi mükafatdır. Bəzədilmiş, üstündə çoxlu zər və oyuncaq olan yolka ağacı vitrindəki başqa yolkaların arasında seçilib alınarkən sevindiyi kimi, qadın da ALINARKƏN sevinirmiş.

Amma bu söhbətlərə biganə idim, çünki sevgilim onlar kimi deyildi. Mən başqa cür yaşayacaqdım. Sevgilimin qadın haqda fikirləri Sartrdan qidalanırdı. Ancaq bir dəfə...

Sevgilim mənə dedi: İstəmirəm qəzetdə köşə yazısı yazasan. Mən soruşdum ki, niyə? Mənim azadlıq adam belə cavab verdi:

- Azərbaycanda tualetlərdə qəzetlərdən istifadə edirlər. Mən istəmirəm ki, mənim qadınımın fotosuna kimsə öz yanını silsin. İstəmirəm ki, çayxanalarda mənim qadınımdan danışsınlar. Mənim də kişi ləyaqətim var. Başa düş.

Mən onu başa düşmədim, işimə davam etdim və biz tədricən, təbii bir ayrılıqla ayrıldıq.

Bir neçə ildən sonra o, ibtidai sinif müəlliməsi olan bir qızla evləndi.

Bu qızın ictimai mövqeyi yox idi, telefonunda müxtəlif kişi səfirlərin telefon nömrələri yox idi, öz həyatıyla, öz qayğılarıyla yaşayan yaxşı bir qız idi və Xəbərlər onun mimikasına təsir etmirdi. Ətrafındakılar - uşaqlar isə kişi ləyaqəti üçün təhlükə təşkil etmirdilər.

Ali məktəbi bitirdim, aspiranturaya qəbul olundum. Avropa fəlsəfə tarixinin müasir dövrü olan Postmodernizm fəlsəfəsi haqda mövzu götürdüm. Elmi rəhbərim Navarra Universitetinin ispan professoru, haqqında dissertasiya yazdığım filosof isə italyan idi.

Onların yanına, həmçinin Almaniyaya müxtəlif fəlsəfə konfranslarına gedib-gəldikcə Avropanı gördüm.

Ancaq səfər proqramım elə idi ki, hər dəfə cəmi bir həftəlik, cəmi üç günlük gedə bilirdim. Atam mənə deyirdi:

- Bir gün tranzitlə yol gedirsən, aeroportlarda saatlarla qalırsan, bir gün də qayıdırsan. Ortada cəmi bir gün qalır. Dəyər bu qədər əziyyət çək, VİSA düzəlt, sənəd yığ, sonra da “dit” elə, qayıt? Get e, qızım, “yox” demirəm, amma bircə günçün özünə əziyət verirsən.

Avropanı sevirdim. Ona deyirdim ki, Avropada nəinki bir gün, hətta cəmi bir saat olacağımı bilsəm, bir ay sənəd yığmağa hazıram. Avropaya heç bir səfər imkanından imtina etmirdim.

Valideynlərim Avropada olanda onlara tez-tez zəng etməyimi tapşırır, “birdən məni başıma iş gələr, birdən məni öldürərlər” - deyə narahat olduqlarını deyirdilər. Amma mən bir qadın kimi, Avropada özümü öz vətənimdən daha təhlükəsiz hiss edirdim.

Bakıda gecə 12-dən sonra küçədə gəzsəm, mütləq kimsə söz atacaqdı, mütləq bir təhlükə vardı.

Münxendə, Boloniyada isə gündüzlər olduğu kimi, gecələr də şəhərin məğrur sakitliyini gəzirdim, parkın çəmənliyində uzanırdım və mənə heç fikir verən də yox idi. Azərbaycana qayıdan kimi mədəniyyətlərarası fərqin şokuna düşürdüm.

Söhbət nə iqtisadi inkişafda, nə səliqə-sahmanda deyil. Söhbət ondadır ki, mən Bakıda özümü yeriyən böyük bir cinsiyyət orqanı kimi hiss edirdim. Bu cinsiyyət orqanının ağzını açıb təhsildən, banklardan, dəmiryollaırndan, xəstəxanalardan danışması ətrafda ikrah doğururdu.

Bakıda hava limanından çıxanda, məni qarşılayan atamla və ya kişi qohumlarımla taksiyə oturanda yol boyu taksinin kişi sürücüsü ilə mənim kişi qohumum söhbət edirdilər, amma mən “kişi söhbətində” iştirak edə bilməzdim.

Ağzımın qarşısında gözəgörünməz pərdə vardı. Özümü daim qorunan hiss etməkdən bezməzdim, - əgər məni qoruyan kişi məni başqa bir kişi üçün qorumasaydı; əgər həmin gələcək kişi də məni qadınlar öz zinət əşyalarını qaranlıq künclərində, düyünçələrdə gizlətdikləri kimi gizlətməyə çalışmasaydı.

Mənimlə bir fakültədə oxuyan Zamiləni öz atası zorlamışdı. Qız buna görə polisə şikayət edəndə isə bütün qohumları, qonşuları – hamı qızı qınadı: “Nəslinizi biabır elədin.”

Nə qədər qəribə olsa da, Azərbaycan ictimai düşüncəsində Avropa sözü əxlaqsızlıq sözünün sinoniminə çevrilmişdi.

Burada insanlar cinsəllik mövzusunda o qədər təşviş yaşamışdılar ki, bu mövzu xoflu bir cin, bir kabus kimi yataqdan çıxıb onları hər yerdə - iş yerində, küçədə, bazarda izləyirdi. İki kişi arasında ingilis dili tərcüməçisi olan qız haqqında düşünürdülər: görəsən, bunlardan hansıyla yatıb.

Qadın olan yerlərdə bir gərginlik vardı.

Qadın hüquqlarından xəbəri olan, onları qəbul edən açıq təfəkkürlü kişilər belə, başqa kişilərin, mentalitet adlanan cəhalətin psixoloji terroru altında bu gərginliyi yaşayırdılar.

Qohumlarımda çoxlu qadınlar vardı, onlar ərlərinin şəxsi əşyası kimiydilər, kişi istədiyi vaxt öz şəxsi malı olan telefonu yerə çırpıb sındıra biləcəyi kimi, qadını da döyürdü.

Hətta xalamın əri ona icazə vermirdi ki, pəncərəni silsin, çünki siləndə ordan kiməsə baxa bilərdi; evlərində şüşə o qədər çirk idi ki, bayır görünmürdü. S.Bovuar demişkən, kişi sevgisi qadına köləyə çevirmişdi.

Özünə feminist deyərək ictimai çıxışlar edən azərbaycnalı qadınların isə sinələri açıq olurdu, onlar öz geyindikləri çox açıq, kişi şəhvətinə hesbalanmış əlbisələri ilə öz çıxışlarını yandırırdılar.

Minlərlə qadın Şərqdəki əsarətdən qaçaraq Avropaya sığınıb. Amma Avropadan qaçaraq Şərqə sığınan bir qadın belə, göstərə bilmərik.
Aspiranturanı bitirdim və ailə qurdum.

Ərə getdiyim insan Avropada təhsil almış azərbaycanlı idi, onunla baxışlarımız, fikirlərimiz çox uyğun idi. O, mənim təhsilimi davam etdirməyim üçün hər imkanım olduğuna məni əmin edirdi, tez-tez internet üzərindən xarici ölkələrdən mənə kitablar gətirdirdi.

Oxuyaraq inkişaf etməyimi istəyirdi. Ancaq toyumuzda rəqs etməyim onun azərbaycanlı qohumlarının xoşuna gəlməmişdi. Onlar öz gəlinlərini rəqs edən deyil, yuxarı başda sakit əyləşən görmək istəyirdilər.

Alimlər demişkən, nəinki mənəvi, maddi azadlıq, onlar mənim fiziki azadlığıma da göz dikir, ətraflarındakı azad qızlara düzəldilməsi gərək olan əyrilər kimi baxırdılar. Hekayələr, məqalələr yazdığımı, bir vaxt ictimai işlərdə işlədyimi bir günah kimi təzə qohumlarımdan gizlədirdim.

Mən yenə insan və qadın da deyildim, - qarşıma Gəlin yol işarəsi qoyulmuşdu və özümü azərbaycanlı gəlin kimi aparmalıydım.

Bütün bunları keçmiş zamanda danışdım. Qadın özü haqqında bugünkü hadisələri də danışanda niyə keçmiş zamanda nəql etmək istəyi hiss etsin?! Bu, mənim keçmişimin böyük bir qartal kimi indim və gələcəyim üzərində qanad çalmasından ola bilərmi?!

Ola bilərmi ki, mən doğulanda saqqal saxlamış atam bu ölkədə qadın kimi yaşamağın çox çətin olacağını qabaqcadan görürdü?!

***

Eyvandan şəhərə baxıram. Bütün Bakı görünür. Balaca qızlar və oğlanlar dərsə gedirlər. Ayaqqabılarını yerə möhkəm vuraraq.

Qulaq asıram, iki Günəşli bir dünya, iki müəllimli bir sinif necə olardı, – ondan danışırlar. Onlar üçün hər şey başqa cür olacaq. Təzə nəsllər bənövşə kimi boynubükük yaşamayacaqlar.

Bu mövzuda əks mövqeli yazını da oxu
Səadət AKİFQIZI: Mənmi aydan gəlmişəm, Nərminmi başqa diyarı yazıb...
XS
SM
MD
LG