Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:29

Döyülə-döyülə danışanlar...


Neft Akademiyasındakı qanlı hadisələrdə təqsirləndirilənlər
Neft Akademiyasındakı qanlı hadisələrdə təqsirləndirilənlər
Bir il əvvəl Azərbaycan Neft Akademiyasındakı qanlı hadisələrə görə təqsirləndirilənlər məhkəmədə deyirlər ki, istintaq vaxtı onlardan ifadələr işgəncəylə alınıb. Dediklərinə görə, hətta MTN ifadələrini alıb buraxdığı halda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi – yəni camaatın «banditizm» adlandırdığı idarəyə aparılıblar, necə deyərlər «günahkar olduqlarını» imzaları ilə onlara təsdiqlədiblər:

«Qurana and olsun, mənim bu cinayətdən xəbərim yoxdur. İşgəncə altında ifadə vermişəm».

İndi təqsirləndirilənlər müstəntiqin məhkəmədə ifadə verməsini tələb edirlər. Müstəntiq ifadə verəcək, ya verməyəcək, bu sonranın işidir. O ki qaldı əvvələ, əvvəllər də məhkəmələrdə işgəncəylə ifadə alınması barədə iddialar yetərincə səslənib.

2005-ci ildə - Hacı Məmmədovun dəstəsinin məhkəməsi zamanı adam öldürməkdə təqsirli bilinən və özü də bunu inkar etməyənlərdən biri ibtidai istintaqda ona işgəncə verildiyini deyirdi. Həmin işgəncənin nədən ibarət olduğu soruşulanda isə təqsirləndirilən şəxs «bunu ancaq oraya düşən adam anlaya bilər-deyə cavab verib.

CİNAYƏTİ PƏRDƏLƏMƏK İSTƏYİ?

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyir ki, əslində təqsirləndirilən şəxslərin hüquq mühafizə orqanları əməkdaşlarının ünvanına belə ittihamların səsləndirməsinin konkret səbəbləri var:

«Bu iddiaların hamısı mənə elə gəlir ki, onu səsləndirən müttəhimlərin özlərinin törətdikləri cinayəti, günahları pərdələmək məqsədi ilə hüquq mühafizə orqanlarının üzərinə atdıqları şər, böhtandır».

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova da 2009-cu il üçün hesabatında belə faktların mövcudluğunu etiraf edir.

500 ŞİKAYƏT DƏ OMBUDSMANA...

Hesabata görə, ötən il Ombudsman Aparatına daxil olan 7 min şikayətin minə yaxını məhkəmə, 500-ə qədəri isə hüquq mühafizə orqanlarından olub:

Elmira Süleymanova
«2009-cu ildə hüquq-mühafizə orqanlarında vətəndaşların hüquqlarının pozulmasıyla bağlı 150 fakt qeydə alınıb. Şikayətlərin 50-dən çoxu vətəndaşlarla kobud rəftar, 40-a yaxını əsassız saxlanmadır».

Əslində bu rəqəmlərin nə dərəcədə həqiqəti əks etdirməsi də ayrıca müzakirə mövzusudur. Amma indi bunu kənara qoyub görək heç olmasa Ombudsmanın hesabatına düşən orqan işçilərinə qarşı hansı ölçü götürülüb?

«Neqativ hallara yol vermiş 150-dən çox hüquq-mühafizə orqanlarında çalışanlar inzibati məsuliyyətə cəlb olunub, onlardan bəziləri işdən çıxarılıb, iyirmidən çoxu tutduğu vəzifədən uzaqlaşdırılıb, digərləri barədə inzibati tədbirlər görülüb».

Bunlar Elmira Süleymanovanın aprelin 2-də parlamentə təqdim etdiyi məruzəsindən idi.

CƏZA NİYƏ EFFEKTSİZ QALIR?

Sözügedən hesabatda əlbəttə ki, kimlər barəsindəsə cinayət işinin açılması faktları da vardı. Amma çox az. Məsələn prokurorluqdan 3 nəfər barədə və s. Yəni işgəncə verənlərə əsasən inzibati cəza verilir.

Mütəxəssislər isə məhz bu məqamın işgəncə faktlarının azalan yox, artan xətt üzrə inkişaf etməsində əsas rol oynadığını deyirlər.

Vəkil İsaxan Aşurova görə, ilkin çağırış və dindirmədə vəkilin mütləq iştirakı olmalıdır. Buna əməl edilsə, belə halların nisbətən qarşısını almaq olar. Ancaq onun tam aradan qaldırılması çox mürəkkəb məsələdir.

Aslan İsmayılov
Vəkil Aslan İsmayılov isə deyir ki, hər bir işgəncə faktıyla bağlı hüquq mühafizə orqanlarının rəhbərlərinə, hüquq müdafiəçilərinə müraciət etmək lazımdır. Vəkilin fikrincə, bu problemin mövcud olmasının əsas səbəbi qeyri-qanuni rəftara yol vermiş hüquq mühafizə orqanı əməkdaşları barədə inzibati cəza tədbirlərinin görülməsidir.

ƏSLİNDƏ İSƏ BAŞQA CÜR OLMALIDIR:

«Vəzifə səlahiyyətlərini aşma, vəzifədən sui-istifadə etmə, ümumiyyətlə işgəncə verilməsi faktı, hamısı cinayət əməlidir. Yəni bu inzibati xətalarda elə bir məsuliyyət də yoxdur. Sadəcə indi belə hallar aşkar olunanda da həmin şəxsin, deyək ki, orqandan xaric edilməsi ilə kifayətlənirlər».

Aslan İsmayılov hesab edir ki, əgər hüquq mühafizə orqanı işçisi bilsə ki, vətəndaşa qarşı zorakı münasibətinə görə barəsində cinayət işi açılacaq, bu əməldən çəkinər.

Azərbaycanda Konstitusiya sübutların qanunsuz yolla yığılmasını qadağan edir.

ABŞ Dövlət Departamenti də insan haqlarına dair son hesabatında bildirib ki, bəzən məhkəmələrdə təqsirləndirilənlər ifadəni işgəncə altında verdiklərini iddia eləsələr də, belə hallar heç vaxt müstəqil araşdırılmayıb. Hakimlər polisin işgəncə verməsi barədə deyilənləri qulaqardına vurub.

FORUMDA MÜZAKİRƏLƏRƏ QATIL
XS
SM
MD
LG