Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:39

Yad Dildə Ədəbi Hadisə


Elnarə Tofiqqızı
Elnarə Tofiqqızı
"Oxu zalı"nda Pərviz Cəbrayılın "Yad dildə" adlı yeni romanının müzakirəsi davam edir.

Elnarə Tofiqqızı

"Yad Dildə Ədəbi Hadisə"


Son illər ədəbi aləmdə müşahidə olunan canlanma ədəbiyyatın “keçid dövrü”nün başa çatmaqda olduğu nikbinliyini yaratsa da, tamamilə optimist olmaq üçün çox tezdir.

Çünki “ədəbi mühit” özlüyündə çox böyük anlayışdır və bu mühitin formalaşması üçün özünü təsdiqləmiş yeni nəsil yetişməlidir. Nəsil isə mühit boşluğundan istifadə edənlərin meydanda yaratdıqları qələbəlik demək deyil, fərdi nümunələrin cəmiyyətə adekvatlığından doğan birliyidir.

Yazı nə qədər individual və yazar nə qədər tənha olsa belə, təfəkkürlərinin cəmiyyətə assosiativ reaksiyasından yaranmış əsərləri həmin toplumun ədəbi mühitində mütləq şəkildə birləşir.

Hələlik belə “birlik” ədəbi nümunələrdə görünmür.

Halbuki ədəbi mühit üçün zəruri olan formal-texniki uğurlar var – ədəbi birliklər, dərgilər, müəllifi yayım bəlasından qurtaran serial nəşrlər, mükafatlar və s.

Ancaq bu texniki şəraitin gündəmə daşıdığı ədəbiyyat ciddi ədəbi problemlərin mövcudluğunu göstərir: bədiilik çatışmır, obrazlar natamamdır, süjetlərin məntiqi ardıcıllığı yoxdur, tip yaradılmır…

Sanki prozaya münasibət dəyişib və ədəbiyyat öz yerini publisistikaya bağışlayıb.

Məhz bu münasibətin nəticəsidir ki, ədəbi mühiti formalaşdıran dəyərlərdən biri – ədəbi tənqid də yoxdur.

Çünki ədəbi tənqidin predmeti bədii mətndir, əgər mükəmməl bədii mətn əvəzinə bir-birinə bənzəyən yarıpublisistik və süjetsiz nümunə ortaya qoyulursa, təbii ki, tənqid eyni iradı dəfələrlə təkrarlamaqdansa, susmağa üstünlük verəcək.

Qəribə və maraqlı məqam isə bu sistemsizlik içində bəzən çox dəyərli bədii mətnlərin yaradılmasıdır.

Təəssüf ki, bu nümunələrin azlığı ədəbi mühitə təsir etmir, ancaq istedadlı gəncliyin soraqçısı kimi belə əsərlər olduqca əhəmiyyətlidir.

Yazıçı Pərvizin “Ən yeni ədəbiyyat” seriyasından işıq üzü görən “Yad dildə” romanına da məhz bu prizmadan yanaşılmalıdır.

Ümumiyyətlə, “Öləngi” romanından tanıdığımız Pərviz çağdaşlarından fərqlənir, mövzu seçimi, problemə yanaşması, ümumiləşdirmələri, təhkiyə üslubu ilə hamıdan seçilir.

Daha çox psixoloji məqamlara meyl edən Pərviz nəinki üst qatdakı süjeti, hətta mətnaltı qatları da üzvü olaraq bir-birinə bağlayır, problemin mənəvi-fəlsəfi açımına cəhd edir, fərdi dünyagörüşünü milli-mifoloji və fəlsəfi yaddaşla ortaya qoyur.

Müasir gənc yazarlar içərisində altşüurun diqtəsi altında çalışan azsaylı fikir adamlarından biri kimi Pərvizin qurduğu, toxuduğu süjetlər genetik kodlarda yaşayan mənəvi aləmi üzə çıxarmaq baxımından araşdırılmağa dəyər.

Bu fikirlər yanlış olaraq “Yad dildə”nin realist əsər olmaması anlamına gəlməməlidir.

Əksinə, “Yad dildə” dövrün gerçəklərini bir qədər geniş anlamda özündə əks etdirən, siyasi proseslərin psixoloji və milli fəsadlarına verilən ədəbi reaksiya kimi tam realist bir əsərdir.

Sadəcə, üst qatda heç bir oxucunun diqqətindən yayınmayan bu reallıqların alt qatında müəllifin mənəvi-psixoloji və fəlsəfi yanaşması, izahı da dayanır.

Bu baxımdan Pərvizin “Yad dildə” romanının görünən deyil, yalnız görünməyən, alt qatda simvollaşdırılan məqamlarına diqqət çəkməyi vacib sayırıq.

Niyə “Yad dildə”?

“Öləngi” (yaşarı, əbədi, təzə-tər) romanından bilirik ki, Pərviz əsərə təsadüfi, ya hansısa obraz və hadisə ilə bağlı ad vermir. “Yad dildə” adı da təsadüf deyil.

Romandan görünür ki, fotoqraf, xarici turist, polis, yezid kimi müxtəlif yerlərdə görünməsinə baxmayaraq, tez-tez xatırladılan və Xunta cəsuslarının “Allah” adıyla axtardıqları, boynundan asılan fotoaparatla tanınan obrazın sözlərini hər kəs eşidir, onunla “bir namazlıq” (!!!) söhbət eləyir, ancaq sonradan hamı “heç nə başa düşmədik” deyib, onun “nəsə, yad bir dildə” (“Yad dildə”, “Qanun” nəşriyyatı-2009, səh., 114) danışdığını birmənalı olaraq təsdiqləyir.

Bu, bir tərəfdən Islamın mahiyyətini dərk etməyən və namaz zamanı ərəbcə oxuduğu surə və ayələrin mənasını bilməyənlərin, digər tərəfdən Allahın “üzbəüz” dediyi sözləri belə anlamayan insanlığın ifadəsidir.

Yalnız Xunta başçısı Polkovnikin əmisi oğlu, hüruf elminə, “bu pünhan nöqtəyə” (“Yad dildə”, s., 18) vaqif Şair, “5 ildi aramızda olan” həmin fotoqraf-Allahın “tər-təmiz türkcə” danışdığını bildirir (səh., 300).

Fotoqraf Şairə deyir ki, nə qədər tiplər xaotik şəkildə “heç bir məsuliyyətə cəlb edilmədən” mənasız şəkildə vurnuxmaqla məşğulkən, mən, onların şəxsi işləriyçün şəkillərini çəkəsi adam, o tiplərin şəklinə düşdüyümü ürək ağrısıyla müşahidə edirəm.

Müxtəlif qiyafələrdə öz içimizdə, öz aramızda və hər yerdə olan, hamı üçün “yad dildə” danışan “fotoqraf” yalnız “ənəlhaqq” şairlə onun öz dilində danışır, Allahın (bura ədalətdən tutmuş halallığa qədər hər şey daxildir) artıq cəmiyyətdə, insanlar arasında əsl mahiyyətini dəyişdiyini “ürək ağrısıyla” ifadə edir.
Əsərin bütün mahiyyətini ifadə edən həmən “yad dil” romanın adında ümumiləşib.

Məkan və Zaman

Zaman “Xuntanın 2008-ci günü”, Məkan Içərişəhərdir.

Aşağıda görəcəyimiz kimi, Pərviz “Xuntanın 2008-ci günündə” mifoloji təsəvvürlərimizin qaynaqlandığı qədim, dini-fəlsəfi düşüncənin hakim kəsildiyi orta çağ və müasir olmaqla 3 dövrü birləşdirib.

Məkan, Içərişəhər isə “Yad dildə” romanının ideya-siyasi və fəlsəfi-mistik mənasını açmaq üçün seçilib və Pərviz bu ideal məkandan maksimum yararlanmağa çalışıb. Yəni Içərişəhər:

1. yazıçının təsvirində iç-içə, bir-birinə nəzarət edəcək formada qurulub və heç kəs düşünməsin ki, işlətdiyi əməllər gizli qalır;

2. əhalinin mənəvi və ruhi vəziyyətinin ifadəsidir;

3. şahlıq, monarxiya, avtoritorizmin (Xuntanın) simvoludur; bu, dövlət televiziyası şefinin “Şirvanşahlar sarayının postmodern üslubda təmiri” sözüylə açıqlanır, “Şahlığın bərpa olunmasının vacibliyi” ilə bağlı mətbuat konfransının keçirilməsi xəbəri ilə qüvvətləndirilir (“Yad dildə”, s., 52).

4. azadlığın buxovlanmasını, daş hasara alınmasını öz uca qala divarlarıyla gözəl əks etdirir;

5. Qoşa Qala qapılarının önündəcə çar dönəmindən qalma qarnizon və qaupvaxt hələ də təyinatına uyğun öz işində və məmləkətin siyasi simasını göstərməkdədir;

6. qədim Şərqin ən möhtəşəm şəhərlərindən biri olmaqla romanın nüvəsində dayanan hürufi rəmzlərini özündə yaşadır. Belə ki:

* Içərişəhərdə 28 məhəllə və hər məhəllənin bir məscidi olmaqla 28 məscid vardı;

* Ilkin vaxtlarda 28 hektar (hazırda 21 hektardan bir qədər artıqdır) ərazisi olub;

* Qız Qalasının hündürlüyü 28 metrdir;

* hürufiliyin təşəkkülü və yayılması burdan başlayıb;

Qeyd edək ki, “Quran”ın nazil olduğu əlifbanın mistik-fəlsəfi məzmununu əsas götürən, insan surətində “Allah” yazıldığına və “ənəlhəqq”ə inanan hərflər elmi – hürufilikdə 28 (dörd yeddi) xüsusi mənalandırılır. Nəsiminin bir tuyuğunda deyildiyi kimi:

Yeddidir, dörd yeddidən bir yeddidir,

Yüz iyirmi dörd yenə üç yeddidir,

Evi bir, bacası yeddi, babı üç,

Əhli-beyt ilə özü on yeddidir. (Nəsimi. “Məndə sığar iki cahan”, Bakı-1973, s., 236)

(Birinci misrada 28 – dörd yeddidə görsənirsə, ikinci misrada 124 min peyğəmbərə işarə ilə 124-ün mistik cəmi (1+2+4) və üç yeddi; üçüncü və dördüncü misralarda Allah, 7 fələk (dünyanın və insanın qatları), 3 səmavi din və əhli-beytlə 17-nin cəmi 28 eləyir).

Hürufi rəmzləri - “Yad dildə”

Ərəb əlifbasının 28 hərfi kimi, daha sonra 4 saitin əlavə olunduğu 32 rəqəminə də hürufilikdə müstəsna mənalar verilir:
Arifi-laməkan otuzikidir,

Sahibi-cismü-can otuz ikidir.

Aç könül, gözgünüvü güzgüyə bax,

Ki yəqin, bigüman otuz ikidir” (Nəsimi, göstərilən kitabı, s., 158).

Pərviz “Yad dildə” romanında hürufilərin önəm verdiyi bu məqamları xüsusilə qabardıb:

1. Roman 32 bölmədən ibarətdir və bölmələr hansısa adlarla deyil, rəqəmlərlə göstərilib;

2. ASI Klubda hər gün 7 asi yığışır və digərləri kompüter şəbəkəsi ilə onlara qoşulur (“Yad dildə”, s., 37);

3. ASI 32 nəfərlik təşkilat olaraq təqdim edilir və bunlardan 28 oğlan (əsas hərflər), yalnız 4-ü xanımdır – saitlər (“Yad dildə”, s. 39);

4. Asilər məşhur “Ölüm”dən bir ay bir gün öncə xəbər tuturlar (“Yad dildə”, s., 43);

5. “Fotoqraf-Allah” ayrılarkən yadigar olaraq Xana “Kodak 32″ yazılmış qutu verir (”Yad dildə”, s., 113);

6. Kirvə Sibirdə 32 il yaşayır (“Yad dildə”, s., 142) və 64 yaşında özünü asır;

7. Bakının 32 kəndi vurğulanır (“Yad dildə”, s. – 164);

8. Universitetdə “biz rüşvət vermirik” aksiyasına 32 tələbə qoşulur (“Yad dildə”, s., 237);

9. Çe nikli şəxs Selcana 30 şeirdən sonra (“Yad dildə”, s., 271) daha ikisini göndərir;

10. Romanı nəql edən Yalancıq hər gecə 03:02 (32)-də yuxudan oyanır (“Yad dildə”, s., 354);

11. Dəli Tondaz 28 metrlik Qız Qalasından özünü atanda 3,2 saniyəyə yerə çatır (“Yad dildə”, s., 418) və sair…

Kompüter zalını “asilərin təkyəsi” adlandıran (“Yad dildə”, s., 37) müəllif həmin otağıın qapısını bağlı kitab, dəstəyini isə ucu göyə tuşlanmış “taxta qılınc”la təsvir edir.

Hürufilərin rəmzi taxta qılıncını rəssam Hüseyn Əlioğlunun düzəltməsi və zarafatla “mənim qılıncımdan yapışıb özünə sarı çəkməyən kimsə bu otağa girə bilməz” söyləməsi isə bir tərəfdən haqq və ədalət uğrunda qeyri-bərabər döyüşə girən Imam Hüseyn Əli oğlunun mübarizə amalına, digər tərəfdən isə bütün sufi təriqətlərinin tapındığı, “haqq elminin qapısı” sayılan Həzrət Əliyə işarədir.

***

Azadlıq, ədalət, haqq uğrunda mübarizəyə qalxan və Içərişəhəri SUdan (aşağıda buna qayıdacağıq) məhrum edən Xuntaya qarşı savaşa girən Asilərlə Aşura mərasiminə çıxan şəbihçilərin qarşılaşma səhnəsi tarixin ironiyası kimi unikal detallarla zəngindir: bir tərəfdə su uğrunda mübarizəyə qalxan Asilər, digər tərəfdə su verilmədiyi üçün taqətdən salınan Imam Hüseyn müsibətini təqlid etmək və şəbih çıxarmaq üçün Yezid axtaran möminlər; bir tərəfdə haqq, ədalət, azadlıq uğrunda Xunta ordusuyla savaşa girən Asilər, digər tərəfdə haqq, ədalət və Islamı zalımların əlindən qurtarmaq naminə Müaviyyə ordusuyla qeyri-bərabər döyüşü şərəflə qəbul edən Imam Hüseynin şəhidliyinə ağlamaq üçün yığışan müsəlmanlar; bir tərəfdə qollarına vurulan zəncirləri qırmaq üçün 1400 ildən sonrakı Kərbəlaya – Bayırşəhərə çıxan 32 ASI, qarşılarında 72 Kərbəla şəhidinin çəkdiklərini öz üzərlərində sınamaq üçün özlərini zəncirləyən və “kaş bu gündə, bu dəmdə/ olaydım Kərbəladə” (“Yad dildə”, s., 338) deyən islamçılar!

Haqq və ədalət yolunda şəhid olan Imam Hüseyni Kərbəlada 72 nəfərlə tək qoyan müsəlmanlar, haqq və ədalət yolunda savaşa qalxan 32 ASI-ni də taleyin ümidinə buraxırlar.

Romanda Kərbəla ilə paralellər yalnız Bükdüz Əmənlə şəbihçilərin dialoqunda (“Yad dildə”, s., 256-263) deyil, bütün əsər boyu saxlanılır:

- Həmin gün meydanda və evində öldürülənləri morqda sayırlar və sonuncu, 72-ci şəxs, Imam Hüseynin adaşı, haqsızlıqdan evindəcə ürəyi partlayan rəssam Hüseyn Əlioğludur (“Yad dildə”, s., 391);

- Ölüyaran həkimdən daha çox qəssaba oxşayan baş həkimin müavini Ömər Saat oğludur; onun statusunu göstərən “müavin” sözündəki “n” hərfinin düşməsi və “Müavi” oxunması isə Yezidin atası xəlifə Müaviyyə adına assosiasiya doğurur (“Yad dildə”, s., 395);

- Şəbihçilər su verməməyi bərk-bərk tapşırdıqları “Yezid” rolunu oynamağa razılaşan fotoqraf-turistdən “niyə bizə su vermirsən” soruşanda, “vallah, mən verirəm, bu müsəlmanlar qoymur axı!” (“Yad dildə”, s., 338) cavabını alırlar ki, bunu da meydandakı “Kərbəla müsibətindən” azyaşlı uşaqları çıxaran və yenidən ora dönmək üçün çalışan Kirvə müşahidə edir;

- Qətlə yetirilmiş insanların meydanda qalan ayaqqabıları ibadətə gələn mömünlərin məscid önündə çıxardıqları ayaqqabıların düzümünə bənzədilir (“Yad dildə”, s., 343);

- Həzrəti-Hüseyn ibn Əlinin “ədalətsizliklə yaşamaqdansa, onunla mübarizə apararkən ölmək daha şərəflidir” tarixi sözü romanın 3 epiqrafından biridir və sair.

Yeri gəlmişkən, “Yad dildə”yə 3 epiqraf seçilib – Əli ibn Əbu Talib və Hüseyn ibn Əlinin fikirləri, Imadəddin Nəsiminin bir beyti. Romanda bu 3 haqq aşiqinin fəlsəfi və dünyəvi görüşləri, mübarizələri birləşsə də, qədim türk dünyagörüşündən də istifadələr var.

ASI-lər

Pərviz 32 asini “Kitabi-Dədə Qorqud” dastanındakı obrazların adıyla ümumiləşdirib. “Dədə Qorqud”da isə Oğuz igidlərinin hamısının adı (Yalancuq istisna olmaqla) qam-şaman leksikonuna uyğun “gizli (tuyuq) sözlər”in ifadə etdiyi mifik-fəlsəfi dünyagörüşlə bağlıdır.

Xatırladaq ki, sufizmdə yadların anlamaması üçün təriqət daxilində istifadə olunan rəmz və simvollar qədim qam və maqların eyni məqsədlə bəhrələndiyi “xüsusi dilin” Islamda tətbiqidir.

Müsəlmanlığı qəbul edən türklər öz dünyagörüşlərini də Islama gətirdilər ki, “xalq sufizmi” və ya “türk mütəsəvvüfü” adıyla tanınan bu fəlsəfi düşüncədə qam-maq baxışları tamamilə oturuşub. Mövzudan uzaqlaşmadan konkretləşdirək:

Nəsiminin “quş dili” adlandırdığı dillə qamların istifadə etdiyi “tuyuq sözlər” mahiyyət deyil, leksik baxımdan bir-birindən fərqlənsə də, “taxta qılınc” Altay qamlarının rituallarda istifadə etdiyi və davullarının üzərində rəsmi olan rəmz, simvoldur. Ona görə də roman, istər-istəməz, qədim dünyagörüşümüzü də yada salır.

Əslində, simvollara önəm verilən romanın “Yad dildə” adlanmasının bir səbəbi də budur.

Pərviz obrazları mifik-tarixi statuslarına uyğun olaraq sıralayır:

* Gavur qızının yardımıyla xilas olan və onunla evlənəcəyinə söz verən Beyrək Banu Çiçəklə qovuşur – iki övlad atası ASI Beyrək ASI Banuya ruhunu verir;

* Oğuz elinin başçısı Qam xanın oğlu Xan Bayandur döyüş, mübarizə səhnələrində və bir çox boylarda görünmür – “net”də itən ASI Bayandur “bayırşəhərli” kimi (romanda “bayırşəhərli”nin Xan olduğuna işarələr kifayət qədərdir) Qoşa Qala qapısından içəri keçmək istəsə də, nail ola bilmir, ayrı məzmunlu “içəriyə” – polis idarəsinə aparılır, asilər onun öldü-qaldısından xəbər tutmur və savaş meydanında Xan iştirak etmir, yalnız Kirvə vasitəsilə “yad”, “gizli”, rəmzi dildə – “Kəcavə boşdur, uşaqları qırğına verməyin” (“Yad dildə”, s., 228) mesajını göndərir ki, bu xəbəri də Yalancıq heç kimə çatdırmır və ya çatdıra bilmir;

* Bügdüz Əmən “Varıban peyğəmbərin yüzini görüb, gəlübəni Oğuzda səhabəsi olub” (Kitabi-Dədə Qorqud, Bakı-1988, s., 50) – ASI Əmənin Aşura mərasiminə çıxan şəbihçilərə səslənişində Islamı mükəmməl bildiyi (“Yad dildə”, s., 256) ortaya çıxır;

* Əzrayıldan xoşu gəlməyən Dəli Domrul bu məchul varlıqla savaşa qalxır – “Çe” niki ilə inqilabi ruhlu yazılar yazan məchul varlıqdan xoşu gəlməyən ASI Domrul özü də bilmədən onunla mübarizə aparır, amma “21-ci yüzildə belə, Əzrayıla qələbə çalmağın mümkünsüzlüyünə” (“Yad dildə”, s., 317) üzülür;
* Yalançı oğlu Yalancuq öz nəfsi naminə hamıya yalan danışır, Beyrəyin öldüyünü bildirir – ASI Yalancuq ideyasını pula satır…

Əsərdə yalnız Dədə Qorqud obrazı xatırladılmır ki, bu da missiya ilə bağlıdır. Qam Dədə Qorquddan fərqli olaraq, bu romanı “düzüb-qoşan” müəllifdir və o, Şair obrazında yaşam reallıqlarını nəzmə çəkən hürufi kimi görünür.

Yalancuq

Qədim türk dünyagörüşündə hakim elitanın, xüsusilə xaqan nəslinin fiziki olaraq Tenqridən (Göydən) gəlməsi haqqında mifik inamın mövcudluğu (Islamda Adəmin cənnətdən gəlməsiylə paralellər aparmaq olar) el başçılarının adlarında bu və ya digər formada əksini tapır.

Tenqridən gələnlər yalan danışmazlar, namərdlik etməzlər, dönük çıxmazlar və s.

Amma hər hansı bir yalan və naxələflik olursa, dastan yaradıcıları onları dərhal ölümlə cəzalandırır.

“Qara budun” – qara camaatdan çıxan şəxslərin isə igidlikləri öyülsə də, onlara heç bir halda qam leksikonuna uyğun adlar verilmir və işlətdiyi günahlara görə cəzasız qalmalarına normal yanaşılır. Məsələn, Qaraca Çoban igidliyə görə “əmiraxur”dan o tərəfə görəv almır və şücaəti qarşılığında Dədəm Qorqud gəlib ona ad-titul vermir, igidlərdən biri – Yalançı oğlu Yalancuq isə bağışlanır…

Pərviz
Yalancuqun yalan danışdığına görə deyil, məhz mənsub olduğu bəşərə uyğun adlanması versiyası ona görə inandırıcıdır ki, yalıncuk – M.Kaşğaridə “insan” mənasında işlənib (M.Kaşğari: “Divani-lüğat-it-türk”, R.Əsgərin tərcüməsi, 4-cü c., Bakı-2006, s. 641), “Yalançı oğlu” ifadəsi isə Dastanın üzünü köçürən mirzənin mahiyyətə uyğun əlavəsidir (Daha ətraflı bax: A.Niftəliyev. “Kitabi Dədə Qorqud şaman abidəsi kimi. AŞXƏDT, B-2007, 22-ci cild).
Pərviz hürufizmdən daha çox, alt şüurla qədim türk təfəkkürünə uyğun olaraq:

* Tenqridən gəlmiş Xanı – “bayırşəhərli”ni Allaha bənzədir: fotoqraf əvəzinə başının üstündə Bayanduru görən sıravi əsgər, “sən nə qədər O-na oxşayırsan” – deyir (“Yad dildə”, s., 115);

* Oğuz Xanın qaba ağacın oğuşunda “göndərilmiş” gözəli tapması mifoloji süjetinə uyğun Selcanı dar gündə Qaba Ağaca sığındırır (“hə, qaba ağacım, belimi sənə bağladım…”, “Yad dildə”, s., 296);

* Şairi Allah sanan Selcanı, “Allaha sığınmaq olar” fikriylə (“Yad dildə”, s., 302) yuxuda ikən geri “aparır” (öldürür) və s.

Nəticədə müəllif Tenqridən gəlmişləri (türk elitası ruhən yox, həm də cismən göylər oğlu olduqlarına inanırdılar) və Tenqriyə bənzəyənləri – “ənəlhəqq” hürufi-asiləri geri, Tanrıya qaytarır, Banunu ölkədən çıxarır, 32 asidən yalnız “insan”ı – Yalancuqu bu məmləkətdə saxlayır, Içərişəhəri – “Bu ASIlər ocağını” 40 il qul kimi sürünməyi 1 gün azad yaşamaqdan üstün tutanlara saxlayır.

Qul kimi yaşayanların – yalancuqların qorxaqlığı, igidin bir dəfə, namərdin yüz dəfə ölməsi romanda çox maraqlı təsvir edilir. Yalancuq 28 metrlik Qız Qalasından atılıb özünü öldürən Dəli Tondaz kimi intihar etmək istəyir, “bəlkə yüz dəfə onun üstünə düşür” (“Yad dildə”, s., 418), amma yaşamağı üstün tutur, rəmzi ölümü qəbul edə bilmir.

Polkovnik – Komandante Çe

Ötən əsrin ikinci yarısından başlayaraq dünya ədəbiyyatında müraciət edilən və ümumiləşdirilən diktator obrazına Pərvizin yanaşması tam fərqlidir.

Ədəbiyyatdakı digər diktator adaşları kimi “Polkovnik” adlanan Xunta başçısının haçalanmış şəxsiyyəti “Yad dildə” romanında bir neçə qatda təsvir olunub:

* “Allahın yolundan azdığı üçün” üzündə “Allah nişanələri” itib (“Yad dildə”, s., 17);

* Banu, Burla, Selcan və Dəli Tondazın gözünə görünən kabusa, Iblisə çevrilib (“Yad dildə”, s., 290-296, 416 və s.);

* Başağrısı, ağzının quruması, hərarətin qalxması, quru öskürək, hər şeydən sıxılma, əsəb, səbəbsiz-filansız xoflanma, su içə bilməmə (“Yad dildə”, s., 18), “lap it kimi ulama” (“Yad dildə”, s., 19) təsvirlərindən görünür ki, quduzluq (hidrofobiya) xəstəliyinə tutulub;

* Əmisi oğlunun şeirlərini oğurladığı haqda informasiya və Komandante Çenin Selcana göndərdiyi şeirlərin həmin “əmioğluya” məxsus olmasının açılması (“Yad dildə”, s., 274), “Çe” nikli yazarın ünvan axtarışlarının gedib düz “başa” çıxması barədə müstəntiqin hiddəti (“Yad dildə”, s., 12), Çe ilə artıq satılmış Yalancuqun uşaqları mitinq tələsinə sürümələri (s., 61) və sairdən bəlli olur ki, Polkovnik həm də “Komandante Çe”dir və onun içində meydanı “Koroğlu” üvertürası ilə coşduracaq, inqilaba “dirijorluq edəcək” (“bax, necə imkan vermirlər də inqilabımızın bədii tərtibatıyla məşğul olaq”, “Yad dildə”, s., 344), Xuntanı devirmək istəyəcək qədər “qatı inqilabçılıq” var və s.

“O zalımlar daha təhlükəlidirlər ki, insani duyğudan heç də tam məhrum olmayıblar” (Həzrəti-Əli əbu Talib). Polkovnik də günahlarını bilən, etiraf edəcək səviyyədə olan, hətta nə dediyinin fərqinə varmadan öz qurduğu rejimi dəyişmək istəyən şəxs kimi ədəbi həmkarlarından fərqli olaraq daha təhlükəlidir.

Təsvirlərdə Polkovnikin “quduz it”ə çevrilməsi və hürufi-asiləri qətlə yetirməsi Osmanlı sultanı Yıldırım Bəyazidin “Kəlbəqur” (Quduz it) adlandırdığı Əmir Teymurun hürufi ocağını dağıtması ilə qəribə şəkildə assosiasiya yaradır. Ancaq təbii ki, heç bir halda konkretləşmədən söhbət gedə bilməz.

Çünki bu təsəvvürlərin yaranması üçün zəmin olsa da, simvollardan uğurlu istifadə və ümumiləşdirmələrlə süjetin daha mükəmməl toxunduğunu, bir-birinə bağlandığını müşahidə edə bilərik.

Məsələn, Polkovnikin anası əhalini suya həsrət qoyur, bunun məntiqi davamı kimi “xalqın qarğışına” tuş gələn Xunta başçısı su içə bilmir və suya düşmən kəsilir, Içərişəhər susuz qalır və mübarizə başlayır.

Hadisələrin rəmzi anonsu isə elə ilk səhifələrdəcə verilir: satqınlığı müqabilində su biznesinə şərait yaradılan Yalancuqun “salxım söyüdü”nü – ümidini, inamını, həyatını elə su da məhv edir, çəpərin o tayındakı dəfnə (dəfnə – qalibiyyət simvoludur.

Azərbaycan dilinin izahlı lüğəti, Bakı-1997, s., 327) ağacına baxa-baxa qalır, bilir ki, “ona heç vaxt söykənə bilməyəcək” (“Yad dildə”, s., 9), qələbəni görməyəcək…

Ilk baxışda görünən bu süjetin alt qatında isə daha çox mətləblər simvollaşdırılıb.

Su

“Yad dildə” romanında su da rəmzləşdirilib:

1) Paklıq simvolu, haram götürməyən və qisas alan; 2) Quduzluğun düşməni (quduzluqdakı “vodafobiya”); 3) Azadlığın, ədalətin, haqqın göstəricisi; 4) Yaddaş.

Suyun qabağını kəsdiklərinə, eli susuz qoyduqlarına görə suyun Polkovnikin atasını cəzalandırması – kişinin nəşini qəbiristanlıqdan çıxarıb həyətə gətirməsi və ayaqyolunun gözünə salması, “torpağın ölünü götürməməsi” haqda el inancının suda simvolizə edilməsi, nəfsinin qulu olan Yalancuqun arzularını suyun məhv etməsi, salxım söyüdü çürütməsi və nəhayət, əsərin sonunda Xəzərin suyunun artması, şəhərin üstünə gəlməsi (1 – qisas alan); Polkovnikin quduzlaşması səbəbindən suya qənim kəsilməsi (2 – hidrofobiya), asilərin azadlıq uğrunda mübarizəsinin suda simvollaşdırılması (3 – haqqın rəmzi) və s. süjetlərinin arxasında yenə 4-cü mifik-fəlsəfi qayə dayanıb.

Hürufilər “qəlbi möhürlüləri”, Allahı dərk etməyənləri “div” adlandırırdılar ki, bu termin zərdüştilərdən götürülüb.

“Ata-babalarımızın” dinini “yüksək idraki səviyyəyə qaldırdığını” söyləyən Zərdüşt bu qədim inancı “sehr və caduyla” aşağılayan maqları “Avesta”da “div” adlandırır.

Insanları sehrləyən, onların ruhi azadlığını əlindən alan obrazlar da nağıl və dastanlarımızda “div” adıyla təqdim edilir.

Pərviz
Zərdüştiliyə bağlı əfsanə-rəvayətlərdə Div suyun qarşısını kəsən obrazın ümumiləşmiş adıdır. Yalnız qurbanını yeyəndə Divin başı qarışır və el bir içim su götürməyə imkan tapır.

Üzündə Allahın nişanələri pozulan Polkovnik də – hürufilərin təbirincə, Div – mifik nağıllarımızdakı kimi elin suyunu kəsib.

Polkovnikin başı meydanda hürufi-asi qurbanlarını yeməyə qarışanda Içərişəhərə su verilir ki, bu da çox çəkmir. Həmin günün axşamı Yalancuqun Mehrinin yanına gedərkən özüylə “5 litrlik su” götürməsi Içərişəhərə verilən suyun kəsilməsinə işarədir.

Su bir də növbəti qurbanların yeyilməsi zamanı veriləcək.

Müəllifin baxışında suyun kəsilməsi anlayışına maraqlı bir münasibət var:

Divin suyu kəsməsi elin yaddaşdan məhrum edilməsidir. Polkovnikin insanları asanlıqla idarə etmək üçün suyu kəsdiyinə, onları manqurta çevirdiyinə müəllif iki dəfə işarə vurur:

1. Iokoqom Universitetinin doktoru Masaru Emoto sübut edib ki, “”suyun üç halından başqa bir halı da varmış – su informasiyanı ala, surətini çıxara, yadda saxlaya və ötürə bilir…

Alim hətta suyun ən güclü kompüterin yaddaşından yüz min dəfələrlə çox yaddaşı olmasını da tapıb” (“Yad dildə”, s., 400).

Banu “nicatımız sudadı, bizi qurtarsa, qurtarsa, su qurtaracaq” sözüylə qan yaddaşının azadlığın açarı olduğuna işarə edir;

2. Içərişəhəri Sibirlə qarışıq salan, təsəvvüründə Sibirdə yaşadığını güman edən Kirvə heç vaxt su içə bilmir.

Yalnız bir gün – asilərin qətlə yetirildiyi anda Içərişəhərə verilən sudan içən Kirvənin yaddaşı anındaca qayıdır, doğma yurdu tanıyır (“Yad dildə”, s., 327), yaddaşı oyandığından şəhəri doyunca gəzir, burda keçən bütün ömrünü yadına salır (“Yad dildə”, s., 344).

Kirvə

“Yad dildə”nin ən mükəmməl obrazlarından biridir Kirvə. Əsərə xüsusi canlılıq gətirməklə bərabər, müəllif bu obrazın timsalında ictimai-siyasi və cəmiyyətdəki psixoloji natamamlığı ifadə edib.

Kirvə 32 illik Sibir həyatında bircə dəfə ölkəyə gəlir – ata-baba yurdunu sökməyə mane olan qardaşını şərlənib atıldığı türmədən qurtarmaq üçün.

O, mülklərini pulsuz-parasız bağışlayandan sonra da qardaşını xilas eləmək üçün rüşvət verir, Sibirdə qazandığı ilə Bakı ətrafında ev alır, ancaq elədiklərinin müqabilində qardaşından naxələflik görür, yenə geri, bataqlığa qayıtmağa məcbur olur.

Qardaşının onu türmədən qurtaran, ev alan, ailəsinə dinclik gətirən Kirvəni qovması cəmiyyətdəki problemin ədəbi ifadəsidir.

Pərviz sosial ədalətsizliklərin insanlar arasındakı münasibətə olan təsirini, yaxud bu daxili münasibətin Xuntanın ömrünü uzatmasının mayasında dayandığını xüsusi incəliklə açıb göstərir.

Kirvə – yazıçının əlində güclü ifadədir.

O, bəşəri musiqinin – “Zeynəb Xanlarovanın Montində verdiyi konsertin” – Sovet konsertinin təsiriylə, maddiyyat dalıyca ölkədən gedib, əvəzində isə mistik-ruhani muğamın – “Şirvan şikəstəsinin sədaları, bir bayatının sözləri altında geri qayıdır.

Bir muğam parçasının sehriylə doğulduğu yurda qayıtdığının fərqində olmayan Kirvənin misalında Pərviz sürgün anlamını ifadə edən Sibirlə Içərişəhəri eyniləşdirir.

Bütün münasibətlərin “Sibirdəki kimi” olduğunu görən Kirvəyə doğulduğu yurdu heç nə, heç bir vasitə xatırlatmır:

Sibirdə də yurddaşlarına zülm edirlər, burda da; Sibirdə də “dövlət idarələrində” rusca danışırlar, burda da…

Sibirdə olduğunu düşünən Kirvənin “bayırşəhərliyə” – Xana dediyi bu sözlər Xuntanın mahiyyətini açan unikal ümumiləşdirmədir:

- Bacoğlu, bu Sibirdə bizimkilərə yiyəsiz it kimi baxırlar…

Köpəkuşağı elə baxır, elə bil bunlar bizim yox, biz bunların torpağını almışıq (Sibirin əski türk yurdu olmasını nəzərdə tutur – E.T.). Əşşi, alıbsan, haram xoşun olsun, indi biz bu torpaqları torbalarla, dama-dama Çin zənbilləriylə burdan daşıyası döyülük ha!..

Bir yandan da haraya gedirsən, bizimkilərə rast gəlirsən. Bizimkilər birinin əlinin altında işlədi ha, gözə girmək üçün özlərini oda-közə vururlar, özümüzünküləri görəndə qudurmuş itə dönürlər. (!) Çoxu da adamnan rusca danışır.


Pərviz Cəbrayıl Azadlıq Radiosunun Bakı bürosundaAy zalım, rusca danış e, rus idarəsində işləyirsən, aydındı, barı öz millətinnən otaqda təkbətək qalanda ana dilində danış…” (“Yad dildə”, s., 180)

Kirvə – bu balacaboy, donqar, “cəhənnəm maşını” sürən, ömrü Sibir(lər)də keçən, içkidən başı ayılmayan, küçə həyatı yaşayan obrazın Allahdan naşükürlüyünü roman boyu görmək olmur.

Yalnız yaddaşı qayıdanda, doğma ocağını tanıyanda, gördüyü dəhşətlərin Içərişəhərdə baş verdiyini anlayanda Allaha asi çıxır, “Allahın günahlarını yumaq üçün” meydana atılır və yalnız bundan sonra böyük mənada INSAN olur.

Özünü asmış Kirvəni tapan polisin “Allah özünü asıb” deməsi (“Yad dildə”, s., 351) bir tərəfdən qırğınların allahsız dünyada mümkün ola biləcəyinə, digər tərəfdən Kirvənin hürufi rəmziylə “kamil insana” – Allaha çevrildiyinə işarədir.

Pərviz romanın mahiyyətinə uyğun olaraq Içərişəhərdə bir nəfər də olsun INSAN (hətta hər yerdə olan Allahı da) saxlamır, onların hamısını öldürür…

Ümumiyyətlə, “Yad dildə” romanında yaradılan Kirvə obrazı müəllifin ictimai-siyasi reallığa münasibətinin ən parlaq təzahürüdür və yəqin ki, bu tipə ədəbi tənqid dəfələrlə müraciət edəcək.

Allah

Romanda Içərişəhər – hürufi məskəni – günahlar şəhərinə çevrilib, yalnız günahı olanlara bu şəhərdə yaşamağa icazə verilir.

Polkovnikin göstərişi də var: “şəhərə yalnız və yalnız hansısa formada suçu olanlar və ya suçu olmaqda günahkar bilinənlər” (“Yad dildə”, s., 108) buraxılır.

Pərvizin Içərişəhəri həm də “iç dünyası” kimi nəzərdə tutulduğundan, belə məlum olur ki, Polkovnikin iç dünyasına və Xuntanın içərilərinə yalnız günahkarlar daxil ola bilirlər.

Çirkaba batmayanlar bu “iç”dən qurtulmağa çalışırlar və öz qanları bahasına Bayırşəhərə – ölümləriylə isə haqq dərgahına çıxa bilirlər.

Təkcə Banu “iç”dən xilas olsa da, həyatını itirmir ki, buna da müəllifin münasibəti belədir: Banuçiçəyin namusunu qorumaq üçün özünü morqda murdarlaması müəllifə savaşmadan verilən azadlıqla qazanılan azadlığı müqayisə etmək üçün gərəkdir (“Yad dildə”, s., 406).

“Murdarlanmağın” ikinci və mətnaltı mənası isə “içdən” qurtulmanın yoluyla əlaqədardır: daxildən ifrazat kimi kənara tullanmaq!

Maraqlı məqam isə budur ki, “iç”ə yalnız günahkarlar girə bilirsə, “Allah”ı Içərişəhərə buraxmaqda müəllif nə demək istəyir?

Öncə qeyd edək ki, bütün cəzalandırmaların önündə gələn “Allah”ın (ölünü torpaqdan çıxaran selin (s., 25), Içərişəhərə gələn qatı dumanın (s., 60) və s.) insanlar arasında görünməsini dini-mifik baxımdan əsaslandırmaq üçün Pərviz əsgərin dilindən “axır ki, Krişna yerə qayıtdı” inancına işarə edir.

Bildiyiniz kimi, Buddizmdə Krişnanın vaxtilə insanlar arasında yaşaması və müəyyən zaman kəsimlərində müxtəlif simalarda yerə enməsiylə bağlı mifik inam mövcuddur (Krişna haqqında bax: ru.vikipedia.org).

Həmçinin Allah hər bir insana “şah damarından da yaxındır” (“Qaf” surəsi, 16-cı ayə) və ruhumuz Allahın içimizdəki zərrəsi, parçasıdır; “nə sənin, nə də mənim olan” (M.Füzuli, Əsərləri, Bakı-1995, 1-ci cild, s., 151) bu ruh/can isə vədəsi çatanda Allaha qovuşacaq (vəhdəti-vücud).

“4″ rəqəmini mistik anlamda işlədən və ”Allah”ı 4 məqamda göstərən müəllif qam-hürufi Xandan fərqli olaraq, Allahı Içərişəhərə buraxır və O-nun “iç”də olduğunu göstərməklə yanaşı, günahkar bəndələrin şəklini çəkməklə kifayətləndiyini, get-gedə onların şəklinə düşdüyünü, başqa sözlə, “quduz”ları yaratma günahına batdığını nəzərdə tutur.

Firon kimi allahlıq iddiasında olan Polkovnik isə “hakimiyyət Allaha məxsusdur” kəlamını hər yerdə üzə çıxaran (hamıya xatırladan) fotoqraf-Allahı təqib edir, bütün casus şəbəkəsindən istifadə ilə Onu həbs etməyə cəhd göstərir. Nəhayət, Allah bu “iç”i Kirvənin timsalında tərk edir.

***

Göründüyü kimi, Pərviz “Yad dildə” romanında özünəməxsus ictimai-siyasi və fəlsəfi baxışlarını Şərq dünyagörüşündən və təsəvvürlərdən bəhrələnməklə kodlaşdırılmış şəkildə ortaya qoyub.

Hətta Içərişəhərdən Bayırşəhərə növbəti qapının açılması kimi “tarixi qeyd” təsiri bağışlayan 6 oktyabr 1906-cı il (“Yad dildə”, s., 264) rəqəmi də, Dəli Domrulun “mən bilən, Əzrayıl 9 gün qabaqkı tarixlə Komandante Çenin canını alıb, belə çıxır, bu gün ölülərin əlindən canımızı qurtarammayacağıq” (“Yad dildə”, s., 55) fikri də təsadüfən yazılmayıb, sanki:

Birinci tarix 10 il Midiyada maqlardan təhsil alan və ölkəsinə qayıtdıqdan sonra öyrəndiklərindən bəzilərini bəşəriyyətə miras qoyan Pifaqorun hesablamasıyla mistik 32 rəqəmini bildirirsə (6+10+1+9+0+6 = 32), ikinci tarix məşhur Oktyabr mitinqlərini yada salır (Komandante Çe – Ernesto Çe Gevara 1967-ci il oktyabrın 9-da öldürülüb).

Üslub və dil


Pərvizin özünüifadə üslubu, mürəkkəb strukturlu cümlə quruluşundan və durğu işarələrindən özünəməxsus formada istifadəsi “Yad dildə”də artıq “Öləngi” romanında olduğu kimi eksperiment təsiri bağışlamır, əksinə, müəllifin dilin imkanlarından maksimum yararlanmağa çalışdığını göstərir.

Bu, hər bir yazarın cümlə strukturlarına gətirdiyi yeniliklərlə, ifadə və sözlərlə dilin zənginləşdirilməsi yolunda göstərməli olduğu əsas xidmət, daha doğrusu, ədəbi borcdur. Uğurlu olub-olmaması və dilin bu struktur və ifadələri qəbul edib-etməməsi isə yalnız dilə aid məsələdir və zamanla həll olunur.

Müxtəlif üslub və ifadələrdən istifadədəki müəyyən uğurları isə göstərmək olar.

Məsələn, Pərviz ədəbi-publisistik dildən Komandante Çenin mətbuat üçün nəzərdə tutulan yazılarında, canlı və jarqon danışıqdan Kirvədə, elmi-ədəbi üslubdan çat odasındakı intellektual müzakirələrdə məharətlə, bir qədər açıq desək, peşəkar fəndgirliklə istifadə edib.

O cümlədən, təsəvvürlərdə saysız bataqlıqları ilə canlanan Sibiri, “Sibir bataqlıqdı, düşdünsə, çıxa bilməzsən” – deyimiylə, Batır (Batya) sözünün omonimik xüsusiyyətini isə “Mən Batıram!” çoxçalarla ifadə ilə canlandırması və s. yaşam reallıqlarının assosiasiyasını yaratmaq baxımından çox gözəldir. Ancaq hesab etmirik ki, bu uğurları bütövlükdə mətnə şamil etmək olar.

Fikrimizcə, müəllif, istisnalarla olsa da, bəzən cümləni və fikri yükləyən üslubdan istifadə eləyib. Diqqəti çəkən odur ki, bu yüklü mürəkkəblik cümlənin daxili strukturundan daha çox, durğu işarələrindən istifadədə özünü göstərir.

Subyektiv mülahizə kimi səslənsə də, ünlü yazarımız Elçinin dil-üslub özünəməxsusluğuna bir cümlədə bir neçə “və”dən və “ki”dən istifadəni yaraşdırmadığımız kimi, Pərvizin də durğu işarələrinə aşırı müdaxiləsini qəbul etmirik.

Zəruri qeyd

“Yad dildə” romanında bir obrazın ictimai-siyasi əhəmiyyətə malik konkret şəxsi xatırlatdığı məqam da var ki, bunu nöqsan kimi qiymətləndirmək olar.

Təbii ki, yazar dövrünün yetirməsidir və əsər cəmiyyətə, sosial-ictimai proseslərə bədii reaksiya olduğundan, müəllifin obrazları da onu əhatələyən mühitdən və şəxslərdən kənarda ola bilməz.

Ancaq yazıçının istedadı bu şəxsləri ümumi bir tipə çevirməyi bacarmasıyla ölçülür.

Bu baxımdan Kirvə və Batya dolanışıq ucbatından yad ölkəyə üz tutanların, Qarabudaq təzyiqlə sındırılmasına çalışılanların, Yalancuq əqidəsini satanların obrazını nə qədər ümumiləşdirirsə, Qaragünə də sözünə görə həbs olunanları bir o qədər konkretləşdirir.

“Yetiş, yetiş ey Əli! Imdada yetiş! Gözəl adının sonunda ”ev” tikənlər tükətdi bu milləti, yetiş, tez yetiş” (s., 262) cümləsi isə başdan-başa bədiiləşmiş bu əsərdə gözlənilmədən açıq mətnlə ifadə edilən publisistik etiraz forması təsirini bağışlayır.

Fikrimizcə, bu parçanın olmaması ilə əsər heç nə itirməzdi və Xunta rejimlərinin ümumiləşdirilməsində problem yaşanmazdı.

Necə ki, Polkovnik – diktator tipi olaraq yaradılmış bəşəri obraz kimi xarakterikdir və tam məsuliyyətlə söyləmək mümkündür ki, dünya ədəbiyyatında Polkovnik adıyla yaradılan diktator surətlərinə heç bir bağlılığı yoxdur.

Ədəbi hadisə

Bəzi çağdaşlarından fərqli olaraq, Pərviz vulqar ifadələrdən istifadə etməyib, bəşəri mövzu seçib və bu mövzunu psevdoqərb “parametrlərini” yamsılamaqla deyil, Şərq dünyaduyumu, tarixi-fəlsəfi yanaşması və milli-dini xüsusiyyətləri ilə qələmə almağı bacarıb.

Müəllif sosial-siyasi reallığın mental psixoloji tərəflərinə özünəməxsus tərzdə yanaşmaqla hər zaman bütün dünyaya qarşı olan ədəbi müxalifətin Azərbaycan modelini yaradıb.

Və həm də oxucularına müasir romanın məzmun və forma xüsusiyyətlərini göstərib, son 10 ildə istedad çatışmazlığından yaranmış yalançı roman təsəvvürlərini qırıb və mükəmməl əsər ortaya qoyub.

Bu baxımdan “Yad dildə” bütün çalarlarıyla ədəbi hadisə, çağdaş Azərbaycan ədəbiyyatında roman janrının mövcudluğunu təsdiqləyən bəlkə də yeganə əsərdir və Pərvizin yaradıcılığında pik mərhələdir.

Bu əsərin “pik” deyil, “növbəti mərhələ” olduğunu isə yalnız Pərvizin özü üçüncü romanıyla təsdiqləyə bilər ki, bu, bizimçün də çox maraqlıdır…
XS
SM
MD
LG