Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:21

Ssss... Sərgi açaq, heç kəs bilməsin...


Sənan Eynullayevin "Bar" rəsmi
Sənan Eynullayevin "Bar" rəsmi
Tablonun köhnəsi...

2007-ci ilin iyununda İstanbulda əlil və şikəstlərə yardım üçün təşkil edilən auksionda azərbaycanlı rəssam Hümmət Qaracanın Atatürk portreti yağlıboya tablosu 400 min dollara satıldı.

Bu, o vaxta qədər bir azərbaycanlı rəssamın ən baha qiymətə satılmış tablosu idi.

Ancaq burada önəmli bir təfərrüatı diqqətdən qaçırmamalıyıq:

Qaracanın tablosunun 400 min dollara satıldığı auksion əlil və şikəstlərə kömək məqsədi ilə təşkil edildiyinə görə, 400 min dollar Hümmətin satış qiymətləri üçün etalon sayıla bilməzdi -bunu rəssamın özü də yaxşı bilirdi.

Ancaq auksionun Hümmət və Azərbaycan təsviri sənəti baxımından önəm ərz edən tərəfi-orada satış üçün seçilən tablonun “bizə” məxsus olması idi.

Əməkdaşlıq etdiyim “Azadlıq” radiosu və APA agentliyində azərbaycanlı rəssamın tablosunun yüksək qiymətə satılması faktını geniş şəkildə işıqlandırsaq da, başda mədəniyyət nazirliyi olmaqla,

MƏMLƏKƏTİN HEÇ BİR DÖVLƏT VƏ SİVİL QURUMUNDAN HÜMMƏTİN KİMLİYİ İLƏ MARAQLANAN OLMADI

məmləkətin heç bir dövlət və sivil qurumundan Hümmətin kimliyi ilə maraqlanan olmadı və bu günə qədər də yoxdur.

Bunun əvəzində isə Azərbaycan mediasında tabloları “500 min dollara satılan” rəssamın özünü təbliğini görürük.

Sabah qəzetində azərbaycanlı rəssamın "Atatürk" portretinin satışçı haqda məqalə. İyun 2007
Ancaq o “500 min dolların hansı auksiondan keçdiyini” indiyə qədər nə görən olub, nə də eşidən...

Bakıda Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovla söhbət edirik:

-Titullu rəssamlarınız keçən ilin iyulunda İstanbulun sənət həyatında heç bir yeri və izi olmayan bir qalareyada sərgi açdılar.

Məncə, o qalereyada sərgi açmaq üçün Bakıdan İstanbula - həm də iyul ayında gəlməyə dəyməzdi.

- Bu cür hərəkətlər məni də hiddətləndirir.

Hörmətli prezidentlə görüşlərin birində sənətkarlarımızın dünyanın tanınmış qalereyalarında sərgi açmasının lüzumundan danışdım.

Prezident hər cür yardımı edəcəyini dedi və yardım etdi.

- Qəzetlərdə oxudum ki, bəzi rəssamların tablolarının satış qiyməti 20-40 min dollara çatıb. Bu, həqiqətən belədirmi? Bu qiymətlər hansı auksionlarda müəyyənləşir, hansı kataloqlarda çıxır? Hətta

500 MİN DOLLARDAN DANIŞAN DA VAR...

- Bu qiymətlərin əksəriyyəti düz deyil. Əlində fırça tuta bilməyən adamların tablolarının 20-40 min dollara satılmasına dair iddialara mən inana bilmərəm.

Avropa ilə iş təcrübəmdən bilirəm ki, haqqında söhbət gedən qiymətlər az pullar deyil və o qiymətlərin formalaşması üçün önəmli dayaq nöqtələri olmalıdır.

Mən Fransaya tablo satmaq istəyəndə mütləq İsveçrədəki kolleksiyaçımla məsləhətləşirəm.

Sothbey”s-in prezidentini Bakıya gətirdim - onlarla əməkdaşlıq etməyin şərtləri məlumdur.

Yalançı təbliğat aparmağın nə mənası var?

Xəlilovla Bakıdakı görüşümdən düz 1 ay sonra İstanbulun haqqında söhbət gedən o qalareyasında məmləkət rəssamlarının yeni bir sərgisinin açılacağı xəbərini aldım.

Açılışa gedə bilmədim - ancaq açılışdan 2 gün sonra - martın 27-də şənbə, günü

QAPISINI DÖYDÜYÜM QALEREYA AÇIQ DEYİLDİ

Sərgi üçün kompüterdə hazırlanmış afişada da onun nə vaxt qurtaracağı məlum olmadığına görə, martın 30-da bir daha getdim.

Qapıdan içəri girməyimə icazə verməyən bir adam qalereyanın sahibinin orada olmadığını, azərbaycanlı rəssamların sərgisinin isə cəmi 3 gün davam edəndən sonra başa çatdığını bildirdi.

3 günlük sərgi üçün Bakıdan İstanbula iki gömrükdən keçirərək tablo gətirmək mənə son dərəcə məntiqsiz gəldi.

Sərgi üçün hazırlanmış xırda afişanı sadəcə qalereyanın yerləşdiyi binanın giriş qapısında gördüm.

Afişada ”Azərbaycanlı gənc tələbə rəssamların yaradıcılıq sərgisi”nin 26.05.2010 tarixində (yəni, may ayında) açılacağı yazılmışdı.

Ancaq sərgi martda açıldı. Afişadakı “Yaradıcılıq sərgisi” ifadəsi də təəccübümə səbəb oldu - çünki sərgilər yaradıcılığın məhsulu olan əsərlərin nümayiş etdirildiyi yer deyilmi?

Yadıma 2009-cu ilin iyulunda İstanbulun Bəyoğlu rayonu bələdiyyəsinin sənət qalereyasında açılan azərbaycanlı rəssamların sərgisinin afişası düşdü:

Azart qrupu üzvlərinin o sərgisinin afişasında məmləkətin adı

“AZERBEYCAN” ŞƏKLİNDƏ YAZILMIŞDI

Tablo alış-satışları, sərgi açılış-qapanışları, İstanbula gəliş-gedişlərlə bağlı bu qısa “beyin fırtınası”ndan sonra məmləkətin Türkiyədə yaşayıb-yaradan təsviri sənət ustaları barədə təsviri məlumatın yerinə düşəcəyinə inanıram.

Müşahidələr sənətə yanaşma tərzləri və bazarla qurduqları əlaqələr nöqteyi-nəzərindən məmləkətin Türkiyədəki təsviri sənət ustalarının durumunu 4 kateqoriyaya ayırmağa imkan yaradır:

Birinci kateqoriyaya tablolarını bazarda müəyyənləşən qiymətlər üzərindən satan və buna görə də maddi sıxıntı yaşamayan sənətkarlar daxildir.

Türkiyənin sənət bazarı bu sənətkarları,həm də iri miqyaslı sifarişlərin icraçısı kimi tanıyır.

Bu kateqoriyanın parlaq təmsilçisi Sənan Eynullayevdir. Çingiz Aytmatovun Türkiyədə çıxan 8 cildliyinə çəkdiyi illüstrasiyalar, İsatnbuldakı Polis təhsil və konqres mərkəzi üçün hazırladığı heykəllər, Misirin İstanbuldakı Baş konsulluğundakı bərpa işləri Eynullayevi məmləkətin Türkiyədəki sənətkarlarından fərqləndirən örnəklər olub.

Sənanın tabloları üçün kolleksiyaçıların tərəddüd etmədən verdikləri pul-tabloların ölçüsünə görə - 2 min ilə 12 min dollar arasındadır.

Türk sənət bazarının Hasan Taşdemir adı ilə tanıdığı Həsənağa Məmmədovun tabloları onun daimi əməkdaşlıq etdiyi “Doku” sənət qalereyası tərəfindən 3-10 min dollar arasında satılır.

Müəyyən müddətdən bəri Hümmət Qaracanın tablolarını satan “Dərinliklər” sənət mərkəzinin onun yağlıboya əsərlərini auksionda 2.5-4 min dollara satdığına dəfələrlə şahid olmuşam.

İkinci kateqoriyanın təmsilçisi olan azərbaycanlı rəssamlar özlərinin yaratdiqları müstəqil sənət emalatxanaları ilə tanınırlar.

Bu qrupun əsas təmsilçilərindən olan Lətafət Məmmədovanın 60, Sadıq Babayevin 50, Əbülfəz Fərəcoğlunun 50, Tariyel Əliyevin 40 tələbəsi onların sənət emalatxanalarının daimi müdavimləridir.

Təsviri sənət ustalarının üçüncü kateqoriyasına daxil olan rəssamlar Türkiyənin müxtəlif yerlərindəki ali məktəblərdə dərs deyirlər. Konyadakı Səlçuk universitetinin müəllimi Məzahir Avşarın qazandığı uğurları Türkiyədə etiraf etməyən yoxdur.

Van universitetinin müəllimi Məmməd Şirzad, Çanakkale 18 mart universitetinin müəllimi Vahid Novruzov, İstanbuldakı Yedditəpə universitetinin müəllimləri Rafiq Əzizov və Teymur Rzayev rəssamların üçüncü kateqoriyasını uğurlu təmsilçiləri sayılırlar.

Bürhan Doğançayın "Mavi simfoniya" əsəri
Burada ən sevindirici örnəklərdən biri rəssam-qrafika sənətkarı Aydın Süleymanın İstanbul Bələdiyyəsi Baş mədəniyyət idarəsinin Qrafika bölümünün müdiri vəzifəsinə təyin edilməsidir.

Aydın Süleymanın hansı pillələri keçərək o vəzifəyə yüksəlməsini öz gözlərilə görən adam kimi bundan duyduğum qüruru da oxucularla bölüşmək istərdim.

Məmləkətin Türkiyədə yaşayıb-yaradan təsviri sənət ustalarının dördüncü kateqoriyası barədə yürüdülən hər hansı fikir özü ilə xeyli təəccüb və təəssüfü də gətirir.

Onların adını çəkməyə ehtiyac yoxdur.

Amma görəsən bu kateqoriyaya daxil olan sənətkarlar - hərəsinin əlində 1-2 sənət diplomu olan sənətkarlar - təxminən 15 ildir ki, Türkiyədə yaşayan sənətkarlar nə vaxta qədər

TABLOLARINI 40-50 DOLLARA SATMAĞI ÖZLƏRİNƏ RƏVA BİLƏCƏKLƏR?

Görəsən onlar sərbəst bazarın qaydaları ilə nə vaxt oynamağa başlayacaqlar ki, adlarını professional qalereyalardan, ciddi auksionlardan eşidək? Onlara mane olan nədir?

Maraqlı olduğu qədər təəccüblü bir faktdır ki, Azərbaycanın İstanbuldakı Baş konsulu hörmətli Səyyad Aranın sənət sahəsindəki “fikir müşavirliyi”ni də son kateqoriyaya daxil olan adamlar yapır.

Bəlkə də təəccüblü deyil.

Çünki hörmətli Baş konsulun 2007-ci ildə İstanbulun Ümraniyə səmtində açılan və azərbaycanlı rəssamların əsərlərinin nümayiş etidirildiyi sərginin kataloquna yazdığı Ön sözü oxuyanda təəccüb hisslərinin yerini təəssf hissləri alır.

Hələlik sözü burada kəsib noyabr ayındakı auksionda “Mavi simfoniya” adlı tablosu 1.5 milyon dollara satılan rəssam Burhan Doğançayın şəxsi muzeyindəki görüşünə gedirəm.
XS
SM
MD
LG