Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:16

«Azərsu» kəndlilərə divan tutur


Oğuz-Qəbələ-Bakı su kəmərinin təməlqoyma mərasimi, 2007
Oğuz-Qəbələ-Bakı su kəmərinin təməlqoyma mərasimi, 2007
«Bizim yol»:

«Azərsu» kəndlilərə divan tutur

Oğuz-Qəbələ su kəməri bölgələrdə yaşayan insanlara ziyan vurur. Kəmərin çəkilişi zamanı kəndlilərin nəinki mülkiyyət hüquqları pozulur, hətta əkib-becərdikləri məhsullara da zərər yetirilir. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının apardığı monitorinqlər də deyilənləri təsdiqləyir.
Kənd sakini Kamal Zülfüqarovun 220 ədəd bar verən ağacı kökündən çıxarılıb. Ağacların qırılması haqqında yerli icra hakimiyyəti və bələdiyyə orqanın aktları mövcuddur. Digər kənd sakini Seyran Zülfüqarovun da torpağı alınıb, üstəlik 7 min şitili məhv edilib. Boru kəməri onun həyətini iki yerə bölür, həyətin bir hissəsi kəmərdən kənarda qalır. Onun yaşadığı ev kəmərin keçəcəyi yerin kənarında yerləşir və tikintinin onun evinə təsirləri qaçılmazdır. Onda da ağacların qırılması haqqında yerli icra hakimiyyəti və bələdiyyə orqanın aktları var. Əvəz Fərəcov adlı kənd sakininin isə 23 sot torpaq sahəsi kəmərin təsiri altına düşüb, 220 ədəd bar verən nar ağacı məhv edilib.

«Azadlıq»:

İlham Əliyevə gənclərdən istefa çağırışı

«Vaşinqton Post» qəzetinin Əliyevlərin Dubaydakı 75 milyon dollarlıq mülki barədə məqaləsi dünən bir qrup yazarın və müxalifət partiyalarının gənclər qurumlarının müzakirə mövzusu oldu.
Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Tural Abbaslı bildirdi ki, 11 yaşlı Heydər Əliyevin 44 milyon dollara mülk alması və bu hala Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun «gülünc və bəsit əsaslandırma» verməsi gənclərdə böyük hiddət yaradıb. Milyonlarla Azərbaycan vətəndaşının gündəlik qazanc üçün ağır məhrumiyyətlər yaşadığı təqdirdə Əliyevlərin xaricdə bahalı imarətlər alması, Tural Abbaslının fikrincə, rejimin istismarçı və talançı xarakterindən irəli gəlir.
AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı isə məşhur Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin «Bir gəncin manifesti» əsərindəki Bahar obrazı üzərində fikirlərini cəmləşdirərək dedi ki, 12 yaşlı Bahar daş qəlbli və vicdansız insanların laqeydliyi ucbatından soyuqda qalıb donduğu kimi, bu gün də minlərlə baharlar eyni aqibətlə üzbəüz qalıb: «Belə bir şəraitdə Mir Cəlal müəllimin 11 yaşlı nəticəsinin 44 milyonluq mülk alması daha dəhşətli və xoşagəlməzdir».

«Yeni Azərbaycan»:

Dövlət Departamentinin hesabatında qərəzli məlumatların yer alması ABŞ-ın obyektivliyinə şübhə yaradır

Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın son illərdə əldə etdiyi inkişaf bir sıra ölkələri narahat etməyə başlayıb. Bununla yanaşı, ölkəmizin beynəlxalq arenada ildən-ilə öz mövqeyini gücləndirməsi, böyük dövlətlərin bizimlə əməkdaşlığa can atması, o cümlədən, dövlətin xarici və daxili siyasət sferasında müstəqil qərarlar qəbul etməsi, milli maraqlar çərçivəsində hərəkəti bədxahların Azərbaycana qarşı qeyri-obyektiv yanaşma sərgiləməsinə yol açır. Bu isə nəticə etibarı ilə hər zaman olduğu kimi, ölkəmizə qarşı ikili standartlar çərçivəsində yanaşılmaya, qeyri-obyektiv bəyanatlara səbəb olur.
Belə qeyri-obyektiv yanaşmalardan biri də ABŞ Dövlət Departamentinin «Narkotiklərə Nəzarət Strategiyası 2010» və 2009-cu ildə dünya ölkələrində insan haqlarının vəziyyəti ilə bağlı son hesabatlarında əks olunur. Bu sənədlər qətiyyən reallığı əks etdirmir və qeyri-obyektiv, mənbəyi bəlli olmayan məlumatlar əsasında hazırlanıb. Sənədlə tanış olarkən bu fakt aşkar şəkildə üzə çıxır.

«Azərbaycan»:


İki ayda ümumi daxili məhsul istehsalı 5,6 faiz artıb

2010-cu ilin ilk iki ayında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 5,6 faiz və yaxud müqayisəli qiymətlərlə 236,7 milyon manat artaraq 6,1 milyard manata çatıb. Onun əhalinin hər nəfərinə düşən həcmi isə 689,6 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən aldığımız bu məlumatda deyilir ki, iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz, qeyri-neft sektorunda isə 4,2 faiz artıb. ÜDM-in 67,4 faizi istehsal sahələrində, o cümlədən 60,3 faizi sənayedə, 5,5 faizi tikintidə, 1,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 25,7 faizi isə xidmət sahələrində yaradılıb.
XS
SM
MD
LG