Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:36

«Söküntü işləri aparanlar sahibkarın əşyalarını küçəyə töküblər»


Heydər Əliyev adına Sarayın arxasında Şəhər parkı salınacaq ərazidə evləri sökülən Şəmsi Bədəlbəyli və Füzuli küçələrinin 100-ə yaxın sakini etiraz etmək üçün küçəyə çıxıblar. Evlərinin sökülməsinin dayandırılması tələbi ilə küçəni bağlamağa cəhd edən sakinlərə polis imkan verməyib.

Qonşuların dediyinə görə, Füzuli 31 ünvanında yaşayan sahibkar hazırda Amerikada olduğundan evinin sökülməsindən xəbəri belə yoxdur. Özlərini Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri kimi təqdim edənlərin nəzarəti altında söküntü işlərini aparanlar sahibkarın bütün əşyalarını küçəyə töküblər. Qonşuları iddia edirlər ki, onun qiymətli əşyaları, o cümlədən, zinət əşyaları oğurlanıb. Ərazidə olan səlahiyyətlilər isə bunu inkar edirlər.

Hazırda adı çəkilən küçələrdə söküntü işləri davam edir. Bu ərazidə yaşayan əhalinin bir hissəsi köçürülüb. Köçürülməkdə olan digər sakinlər isə onlara mənzillərinin hər kvadratmetrinə görə təklif olunan 1500 manatla razılaşmırlar, bazar qiymətinə uyğun vəsait ayrılmasını tələb edirlər. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qəbulunda olan sakinlərə təklif olunan məbləğin artırılmayacağı deyilib.
XS
SM
MD
LG